Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri və s



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri və s. ola bilər.  
Sərnişin və malların beynəlxalq daşımalarından istifadə olunan, konteyner və digər nəqliyyat avadanlığı 
da daxil olmaqla bütün vasitələr - nəqliyyat vasitəsi kimi gömrük nəzarətinin obyekti olur.  
Digər məqsədlər üçün gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri əmtəə kimi gömrük nəzarətinə 
cəlb edilir.  
Gömrük orqanlarının vəzifəsi gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarəti təşkil 
etməkdir. Gömrük nəzarəti predmetinin spesifikası bəzi hallarda gömrük nəzarətinin özünün təşkilində mühüm 
əhəmiyyətli xüsusiyyətləri  şərtləndirir. Belə ki, valyuta və valyuta qiymətlilərinin gömrük sərhədindən 
keçirilməsinə  nəzarət edərkən, gömrük orqanları qanunvericilikdə  nəzərdə tutulmuş digər orqanlarla birlikdə 
dövlət valyuta nəzarətinin həyata keçirilməsində iştirak edir.  
Xarici ticarət obyekti olan bəzi spesifik malların gömrük nəzarətinə  cəlb edilməsi əlahiddə yanaşılma 
tərzi tələb edir. Məsələn, xam neft, qaz, neft və qaz məhsulları, enerji və s. Belə hallarda gömrük nəzarəti 
mexanizmi nəinki malların xüsusiyyətlərini, həmçinin nəqletmə üsullarını da nəzərə almalıdır.  
Bunun üçün gömrük orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki qüvvə, müxtəlif texniki 
vasitələr, odlu silah və digər vasitələr tətbiq edə bilər.  
Gömrük nəzarəti altında olma müddəti nə qədər olmalıdır? 
Bir qayda olaraq, mal və  nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş 
gömrük rejiminə uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir. Başqa sözlə mal və nəqliyyat 
vasitələrinin gömrük nəzarəti altında yerləşməsi müddəti bilavasitə seçilmiş gömrük rejimindən asılıdır.  Əgər 
mallar sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilirsə bu müddət günlərlə ölçülür, əgər misal üçün gömrük 
anbarı rejimi altında bəyan edilirsə bu müddət üç ilə qədər ola bilər. Bu halda gömrük nəzarətinin müddəti də 
rejim başa çatana qədər uzadılmış olur.  

41 
 
Mal və  nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Azərbaycan 
Respublikasının gömrük sərhəddini keçdiyi an hesab edilir. Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması 
zamanı gömrük nəzarəti – gömrük bəyannaməsinin təqdim edildiyi andan başlanır.  
Gömrük nəzarətinin bitmə vaxtını Gömrük Məcəlləsinin müvafiq bəndləri müəyən edir. Bu məcəllədə 
nəzərdə tutulan hallar istisna edilməklə, mallar və nəqliyyat vasitələri buraxıldığı andan gömrük nəzarəti başa 
çatır. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və  nəqliyyat vasitələri 
buraxılarkən, onlar Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan gömrük nəzarəti başa çatır.  
Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minimum müddətlərinin müəyyən edilməsi Dövlət 
Gömrük Komitəsinin səlahiyyətinə daxildir. Bu barədə texniki və texnoloji xarakterli qərarlar qəbul edilərkən 
aşağıdakı mühüm ictimai-hüquqi prinsiplər nəzərə alınmalıdır:  
- dövlət təhlükəsizliyinin təmin edilməsi;  
- qanunun aliliyi;  
- insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsi.  
Təqdim edilmiş gömrük bəyannaməsinin, mal və  nəqliyyat vasitələrinə gömrük nəzarəti üçün tələb 
olunan digər sənədlərin yoxlanılması üçün mövcud qanunvericilik maksimum müddət olaraq on gün müəyyən 
edir. Bu müddətin başlanğıcı olaraq gömrük bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim 
olunduğu gün hesab edilir.  
Əgər gömrük rəsmiləşdirilməsi prosedurası mal və  nəqliyyat vasitələrinin təqdim edilməsini nəzərdə 
tutursa, onda bu müddət təqdimetmə anından başlanır.  
Gömrük nəzarətindən azadetmə həm daxili qanunvericiliyə, həm də beynəlxalq konvensiyalara uyğun 
olaraq həyata keçirilir.  
Gömrük Məcəlləsiə görə aşağıdakı şəxslər gömrük yoxlamasından azaddırlar:  
1) Azərbaycan Respublikasının prezidenti və onun ailə üzvlərinin şəxsi baqajı;  
2) öz deputat və xidməti vəzifələrinin icrası ilə  əlaqədar gömrük sərhəddini keçən Azərbaycan 
Respublikası Milli Məclisinin deputatlarının şəxsi baqajları;  
3) Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları.  
Xarici hərbi gəmilər hərbi və  hərbi - nəqliyyat hava gəmiləri, hərbi texnika ancaq dövlətlərarası 
müqavilə əsasında gömrük yoxlamasından azad edilə bilər.  
Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşlarına, habelə digər xarici şəxslərə Azərbaycan 
Respublikası Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq gömrük güzəştləri nəzərdə tutulmüşdür. 
Əvvəlcə, gömrük güzəştlərini vacib edən beynəlxalq konvensiyaların şərtləri ilə tanış olaq. 
Diplomatik orqanlara gömrük güzəştləri verilməsi qaydalarının hüquqi tənzimlənməsinin  əsas 
xüsusiyyəti beynəlxalq-hüquqi (konvension) normaların üstün tutulmasıdır. Belə universal konvensiyalara 
diplomatik münasibətlər barədə 1963-cü il Vyana Konvensiyası, universal xarakterli beynəlxalq təşkilatlarda 
dövlətlərin təmsilçiliyi barədə 1975-ci il Vyana Konvensiyası, xüsusi missiyalar barədə 1969-cu il 
Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının üstünlük və immunitetlər barədə 1946-cı il Konvensiyası, 
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış  təşkilatlarının üstünlüyü və immunitetləri barədə 1947-ci il 
Konvensiyası aiddir.  
Universal konvensiyalardan başqa hüquq mənbəyi kimi digər beynəlxalq təşkilatların üstünlüyü və 
immunitetləri barədə konvensiyalar, diplomatik münasibətlərin yaranması  və  təmsilçiliklərin təsis edilməsi 
barədə ikitərəfli müqavilələr də götürülə bilər. Ayrı-ayrı dövlətlər öz aralarında diplomatik üstünlüklər və 
immunitetlərin qarşılıqlı olaraq genişləndirilməsi barədə xüsusi sazişlər də imzalaya bilərlər.  
Diplomatik münasibətlər barədə 1961-ci il Vyana Konvensiyasında diplomatik nümayəndəliklərin 
başçılarının təsnifatı verilmişdir. Xarici ölkələrin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri 
diplomatik immunitetin bir növüdür.  
Diplomatik orqanlara aşağıdakılar aiddir:  
- dövlətlərin diplomatik nümayəndəlikləri;  
- beynəlxalq diplomatik qurultaylarda, beynəlxalq təşkilatlarda, konfrans və müşavirələrdə 
iştirak edən nümayəndələr;  
- ümumi siyasi-universal xarakterli, siyasi xarakterli müxtəlif beynəlxalq komissiyalarda, dövlət 
təntənələrində və s. iştirak edən müvəqqəti nümayəndələr, habelə xüsusi missiyaların və komissiyaların 
üzvləri.  
Prinsip etibari ilə siyasi vəzifələr daşımayan, adətən, siyasi nümayəndəlik xarakterində olmayan, 
immunitetdən istifadə etməyən və ya ondan məhdud istifadə edən orqanlar qeyri-diplomatik orqanlar hesab 
olunurlar. Konsul nümayəndələri, müxtəlif texnika və  mədəniyyət, radio, nəqliyyat, poçt, teleqraf, səhiyyə, 
ədliyyə və s. sahələr üzrə beynəlxalq saziş və müqavilə bağlamaq məqsədilə keçirilən konfrans və qurultaylara 
göndərilən nümayəndələr, habelə beynəlxalq sərgi, pavilyon və yarmarkaların komissarları qeyri-diplomatik 
orqanlara aiddirlər.  

42 
 
Müəyyən konkret diplomatik və qeyri-diplomatik tapşırıqla, adətən, qısa müddətə xaricə göndərilən 
nümayəndəliklərə müvəqqəti orqanlar deyilir. Belə orqanlardan həm diplomatik, həm də qeyri-diplomatik 
xarakterli beynəlxalq qurultaylara, konfranslara və müşavirələrə göndərilən, müxtəlif beynəlxalq 
komissiyalarda, dövlət təntənələrində və s. iştirak edən nümayəndələri göstərmək olar.  
Müəyyən olunmuş qaydada başqa dövlətlərə göndərilib, orada öz dövlətini təmsil edən, öz ölkəsinin 
vətəndaşlarının hüquq və mənafelərini qorumaq məqsədilə xarici münasibət məsələləri ilə məşğul olan orqana 
diplomatik nümayəndəlik deyilir.  
Beynəlxalq hüquqda məlum olan immunitetin mühüm növlərindən biri də diplomatik immunitetdir. 
Buna əsasən, diplomatlara, öz vəzifələrinin həyata keçirilməsini təmin etmək üçün, yerləşdiyi ölkənin ərazisində 
bir sıra xüsusi hüquq və üstünlüklər verilir. Diplomatik immunitet və üstünlüklərin təsnifində diplomatik 
nümayəndəliyin, onun başçısının və qalan diplomatik heyətin immunitet və üstünlükləri fərqlənir.  
Diplomatik nümayəndəliyin immunitet və üstünlüklərindən aşağıdakıları göstərmək olar:  
a) xidmət binasının toxunulmazlığına  əsasən, nümayəndəlik başçısının xahişi və ya razılığı 
olmadan həmin binalara yerli hakimiyyət orqanlarının nümayəndələri daxil ola bilməz. Həmin binaların 
mühafizəsi də yerli hakimiyyət orqanlarının vəzifəsidir. Bu binalar, oradakı  əşyalar, habelə  nəqliyyat 
vasitələri toxunulmazdır. Bu binalarda axtarış, həbs və s. əməliyyat keçirilə bilməz;  
b) fiskal immunitetə əsasən nümayəndəliyin bütün binaları, o cümlədən kirayə alınmış binalar da, 
dövlət vergilərindən və yerli vergilərdən, hər cür rüsumlardan və xərclərdən azad olunur;  
c) yerindən asılı olmayaraq, bütün arxiv və sənədlər toxunulmazdır;  
ç) maneəsiz  əlaqə saxlamaq hüququ. Buna əsasən məxfi yazışma (şifr), məktub göndərilməsinə 
nəzarət edilməməsi, diplomatik kuryerin toxunulmazlığı təmin olunmalıdır.  
Şəxsi diplomatik immunitet aşağıdakılardan ibarətdir:  
1. diplomatik nümayəndənin şəxsi toxunulmazlığı;  
2. onun şəxsi mənzilinin toxunulmazlığı;  
3. məhkəmə immuniteti, yəni diplomatik nümayəndənin yerli məhkəmə aidiyyətindən kənar 
olması;  
4. maliyyə immuniteti, yəni onun vergi, gömrük və digər rüsumlar verməkdən azad edilməsi;  
5. məxfi yazışma (şifr) və s. istifadə edərək, maneəsiz əlaqə saxlamaq hüququ, diplomatik yazışma 
və göndərişlərin toxunulmazlığı.  
Maliyyə toxunulmazlığına  əsasən diplomatik nümayəndəliklər yerləşdiyi ölkədə müxtəlif vergi və 
rüsumlardan, habelə qarşılıqlı prinsiplərə əsasən gömrük xərclərindən azad olmurlar.  
Diplomatik kuryerin müşayiəti ilə göndərilən diplomatik poçt toxunulmazdır. Bu poçt, yük və kuryerin 
daşınması üçün haqq verilməsi şərti ilə, sərhədlərdən azad buraxılmalıdır.  
Diplomatik nümayəndələrin hüquqi vəziyyəti beynəlxalq hüquq, beynəlxalq adətlər və daxili 
qanunvericilik aktları əsasında nizama salınır.  
Azərbaycan Respublikası  ərazisinə  gətirilən və ya bu ərazidən aparılan diplomatik nümayəndəliklərin 
rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar gömrük ödəncləri ödənilməsindən azad edilir. Avtonəqliyyat 
vasitələri, mebel, ofis texnikası, tikinti materialları, dəftərxana ləvazimatı  və s. belə mallara aid edilir. Bu 
malların təyinatı diplomatik nümayəndəlik başçısının rəsmi məktubu ilə müəyyən olunmuş qaydada təsdiq 
olunmalıdır.  
Malların təyinatı müqavilədə  və ya başqa bir yolla da göstərilə bilər. Diplomatik nümayəndəliklər 
tərəfindən gətirilməsinə icazə verilən avtomobillərin miqdarı adətən Xarici İşlər Nazirliyi tərəfindən müəyyən 
edilir.  
Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan mallar adi 
qaydada gömrük rəsmiləşdirilməsindən keçir.  
Diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün gətirilən mallar gömrük nəzarətindən azad edilmir. 
Gömrük güzəştləri yalnız gömrük ödənclərinin ödənilməsindən azad etməkdən ibarət olur. Lakin bu halda da 
aşağıdakılar ödənilməlidir: 
1) saxlanca görə gömrük yığımı;  
2) gömrük orqanlarının müəyyən edilmiş  iş yerindən kənarda və ya iş vaxtından kənarda gömrük 
rəsmiləşdirilməsi üçün gömrük yığımı;  
3) məlumatlandırma və məsləhət verməyə görə, ilkin qəbul edilmiş qərara görə ödənclər.  
Diplomatik nümayəndəliklərə gömrük güzəştləri Azərbaycan Respublikasının gömrük sərhədindən 
keçərkən mövcud qanunvericiliyə tam əməl edildliyi təqdirdə verilir.  
Diplomatik güzəştlərdən qazanc məqsədi ilə istifadə olunmasına yol verməmək üçün diplomatik 
təmsilçiliyin kommersiya fəaliyyəti ilə bir araya sığmazlığı prinsipindən (1961-ci il Vyana Konvensiyasının 42-
ci maddəsi) çıxış edərək, Gömrük qanunvericiliyi diplomatik təmsilçiliklərin rəsmi istifadəsi üçün nəzərdə 
tutulan bəzi mallara görə məhdudiyyətlər müəyyən edə bilər.  

43 
 
Diplomatik heyətin üzvləri müvafiq təmsilçiliyin diplomatik dərəcəsi olan üzvlərinə deyilir. Müşavirlər, 
ticarət nümayəndələri, hərbi, hərbi-dəniz, hərbi-hava, gömrük attaşeləri, birinci, ikinci, üçüncü katiblər, 
diplomatik attaşelər, təsərrüfat sahələri üzrə attaşelər, arxivçi-katiblər diplomatik dərəcəsi olan heyət hesab 
edilir.  
Diplomatik heyətin tərkibinə həmçinin ticarət nümayəndələrinin müavinləri, attaşelərin köməkçiləri də 
daxildirlər.  
1961-ci il Vyana Konvensiyasının “diplomatik agent” termini diplomatik təmsilçiliyinin başçısı  və 
üzvlərini nəzərdə tutur.  
Gömrük Məcəlləsinə görə gömrük güzəştləri diplomatik təmsilçiliyin başçısının və diplomatik heyət 
üzvlərinin ailə üzvlərinə də şamil edilir. Bu hüquqi norma 1961-ci il Vyana Konvensiyasının 37-ci maddəsinin 
1-ci bəndinə uyğun gəlir: “Diplomatik agentin onunla birlikdə yaşayan ailə üzvləri, əgər onlar qaldıqları 
ölkənin vətəndaşı deyillərsə, diplomatik agent üçün nəzərdə tutulmuş 29-36-cı maddələrdə göstərilən 
üstünlük və immunitetlərdən istifadə edirlər”.  Ailə üzvləri dedikdə arvad (ər), həddi-büluğa çatmamış 
uşaqlar və öhdəsində olan digər şəxslər başa düşülür.  
Diplomatik təmsilçiliyin rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar kimi diplomatik agentin və onun 
ailə üzvlərinin  şəxsi istifadəsi və  həmçinin ilkin təsərrüfat üçün lazım olan mallar da daxil olmaqla, gömrük 
rüsumları  və  yığımlarından azaddırlar. Bu güzəşt saxlanc, gömrük orqanlarının iş yerindən və  iş vaxtından 
kənarda gömrük rəsmiləşdirilməsi, məlumatlandırma və  məsləhət verməyə görə  tələb olunan ödənclərə  və s. 
şamil edilmir.  
Diplomatik agentin şəxsi baqajı dedikdə diplomatın  şəxsi istifadəsi üçün əşyalar olan baqaj nəzərdə 
tutulur. Adətən belə baqaj diplomatik agentlə birgə  hərəkət edir. Şəxsi baqajın gömrük müayinəsindən azad 
edilməsi mütləq xarakter daşımır. 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə (2-ci bənd) görə 
diplomatın və onun ailə üzvünün  baqajında  şəxsi istifadə üçün nəzərdə tutulmayan və yaxud yerli 
qanunvericilikdə respublikaya gətirilməsi və ya aparılması qadağan edilmiş malların olduğunu güman etməyə 
kifayət qədər əsas varsa, həmin baqaj gömrük müayinəsinə cəlb oluna bilər.  
Gömrük orqanının səlahiyyətli  şəxsi nəinki sorğu-sual, həmçinin sərnişin bəyannaməsinin 
doldurulmasını təklif edə bilər. Eyni zamanda baqaj və əl yükünün gömrük müayinəsini keçirə bilər. Diplomatın 
şəxsi baqajına gömrük nəzarəti (müayinəsi) gömrükxana rəisi, yaxud onu əvəz edən  şəxs tərəfindən 
sanksiyalandırılır. Əgər gömrük nəzarəti nəticəsində gömrük qanunvericiliyinin pozulması faktı aşkar edilərsə, 
gömrük orqanının səlahiyyətli şəxsi xüsusi akt tərtib edir. Bu halda protokol tərtib edilmir, belə ki, diplomatik 
agent məhkəmə immunitetinə malikdir və qaldığı ölkənin qanunlarına görə hüquqi məsuliyyətə  cəlb oluna 
bilməz.  
Adətən Xarici İşlər Nazirliyi diplomatik agentin işlədiyi səfirliyə müvafiq təqdimat göndərir. Bu 
təqdimatda diplomatik statusdan sui-istifadə faktı göstərilir. Gömrük müayinəsi zamanı  aşkar edilmiş  şəxsi 
istifadəyə aid olmayan mallar geri göndərilməlidir. Qeyd etmək lazımdır ki, diplomatın şəxsi baqajı onun və ya 
səlahiyyətli nümayəndəsinin iştirakçısı olmadan gömrük baxışına (müayinəsinə) cəlb edilə bilməz.  
Beynəlxalq hüquq diplomatik və konsul poçtunun gömrük sərhədindən keçirilməsinin xüsusi xarakterini 
müəyyən edir. Diplomatik və konsul poçtu toxunulmazdır.  
Müasir beynəlxalq ictimai hüquqi ümumiliklə qəbul edilmiş bu prinsipi diplomatik təmsilçiliyin təmsil 
etdiyi ölkə ilə münasibətlərin sərbəstliyinin təmin edilməsinə  zəmanət verir. Diplomatik poçtun köməyi ilə 
xidməti istifadə üçün rəsmi yazışmalar, sənədlər və müxtəlif əşyalar çatdırılır. Onlar diplomatik valizə (çantaya) 
qablaşdırılır. Diplomatik valiz dedikdə müəyyən olunmuş qaydada bağlanmış, möhürlənmiş və ya plomblanmış, 
onun xarakterini göstərən gözlə görünə bilinən zahiri əlamətləri olan qab (kisə, çanta, paket, zərf və s.) nəzərdə 
tutulur. Diplomatik poçtun ayrı-ayrı subyektləri ölçülərinə  və  çəkisinə görə  məhdudlaşdırılmır. Qarşılıqlı 
razılaşmaya  əsasən diplomatik poçtun ümumi çəkisi məhdudlaşdırıla bilər. Tranzit diplomatik poçtun çəkisi 
məhdudlaşdırılmır. Diplomatik poçtun tərkibində yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş sənəd və mallar 
ola bilər.  
Hər diplomatik valiz diplomatik poçtun bir yeri sayılır və ünvana diplomatik kuryerin müşayiəti ilə, 
yaxud belə müşayiət olmadan adi rabitə kanalı ilə çatdırıla bilər.  
Əgər diplomatik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu 
müəyyən etməyə imkan verən  əlamətlərə malikdirlərsə, belə poçt açıla və ya yubadıla bilməz. Belə hallarda 
gömrük orqanının vəzifəli şəxsləri zahiri baxış keçirir və poçtun markalanmasının tələblərə və kuryer vərəqində 
yazılanlara uyğun olmasına nəzarət edir.  
Diplomatik poçtu məneəsiz göndərmək və almaq hüququ olanlar aşağıdakılardır.  
a) Azərbaycan Respublikasının diplomatik və konsul münasibətləri yaratdığı dövlətlərin xarici işlər 
nazirlikləri;  
b) Bu dövlətlərin üçüncü ölkələrdəki diplomatik və konsul təmsilçilikləri;  
c) Azərbaycan Respublikası ərazisindəki beynəlxalq təmsilçilikləri;  

44 
 
ç) Beynəlxalq təşkilatların Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə müəyyən edilmiş 
qaydada ölkədə yerləşən təmsilçilikləri.  
Azərbaycan Respublikasının diplomatik və konsul münasibətləri yaratmadığı dövlətlərin diplomatik 
poçtu ölkə ərazisindən tranzit qaydada maneəsiz keçmək hüququna malikdir.  
Konsul valizi məfhumunun açıqlaması Konsul münasibətləri barədə 1963-cü il Vyana Konvensiyasının 
35-ci maddəsində verilmişdir:  “Konsul təşkilatları yerləşdikləri yerdən asılı olmayaraq təmsilçisi olduğu 
ölkənin hökuməti, diplomatik və digər konsul təmsilçilikləri ilə mümkün olan bütün vasitələrdən, konsul 
valizi də daxil olmaqla, istifadə edə bilərlər”. 1963-cü il Vyana Konvensiyasının 35-ci maddəsinin 2-ci 
hissəsi müəyyən edir ki, konsul təşkilatının rəsmi yazışması toxunulmazdır.  
Diplomatik poçtun ünvanına çatdırılması tapşırılan  şəxslərə diplomatik kuryer deyilir. Diplomatik 
kuryer vəzifəsi 1961-ci il Vyana Konvensiyası, konsul kuryeri vəzifəsi isə 1963-cü il Vyana Konvensiyası ilə 
təsbit edilmişdir.  
Diplomatik (konsul) kuryerləri daimi və müvəqqəti (ad hoc), yalnız verilmiş diplomatik poçtun 
daşınması üçün təyin edilmiş ola bilərlər. Axırıncılara güzəştlər yalnız xidməti vəzifələrini yerinə yetirdikləri 
müddətdə şamil edilir.  
Diplomatik poçt bilavasitə mülki təyyarənin ekipajının komandirinə  həvalə edilə bilər. Bu halda 
diplomatik (konsul) təmsilçilik öz nümayəndəsini diplomatik (konsul) poçtun bilavasitə  və maneəsiz olaraq 
təyyarə komandirindən alınması üçün göndərə bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda təyyarə komandiri 
diplomatik kuryer sayılmır. Diplomatik kuryerin müvafiq statusa malik olduğunu təsdiq edən əsas sənəd kimi 
ona verilən kuryer vərəqi götürülür. Kuryer vərəqində diplomatik kuryerin statusu göstərilir və ona bu vərəqdə 
göstərilən qədər diplomatik poçtun maneəsiz keçirmə hüququ bildirilir.  
Kuryer vərəqinin doldurulması və təsdiq olunması qaydaları dövlətlərarası qarşılıqlı razılaşmaya əsasən 
müəyyənləşdirilir və bu barədə gömrük orqanları  xəbərdar edilir. Diplomatik (konsul) kuryerin şəxsi baqajı 
gömrük baxışından azad edilir. Lakin baqajda kuryerin şəxsi istifadəsi üçün nəzərdə tutulmayan mallar, yaxud 
gətirilməsi (aparılması) mövcud qanunvericiliklə qadağan edilən malların olması gümanına əsas varsa, o zaman 
kuryerin baqajı  həmin kuryerin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə gömrükxanada müayinə edilə 
bilər.  
Diplomatik agent üçüncü ölkə ərazisindən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı keçərkən bu 
ölkədən bütün immunitetləri alır. Bu normanın təsiri onun ailə üzvlərinə də şamil edilir.  
Maneəsiz tranzit keçidi hüququ diplomatik kuryerlərə və diplomatik poçta aid edilir.  
Beynəlxalq təşkilatların  əməkdaşları üstünlük və immunitetlər barədə çoxtərəfli və ikitərəfli 
müqavilələrə  əsasən, xidməti vəzifələrini yerinə yetirdikləri müddətdə funksional üstünlük və immunitetlərə 
malik olurlar. Bir qayda olaraq beynəlxalq təşkilatların rəhbər vəzifəli  şəxsləri diplomatik şəxslərə  bərabər 
üstünlük və immunitetlərə malik olurlar.  
İkitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri  əsasən aşağıdakı  təşkilatların və 
onların təmsilçiliklərinin heyəti, həmçinin onların ailə üzvləri üçün nəzərdə tutulur:  
- Birləşmiş Millətlər Təşkilatı 
- Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO) 
- Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Məsələləri Təşkilatı (UNIDO) 
- Beynəlxalq Valyuta Fondu  
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı  
- Beynəlxalq Maliyyə Korporasiyası  
- Beynəlxalq İnkişaf Assosiasiyası  
- Avropa Cəmiyyətləri Komissiyası  
- Avropa Yenidənqurma və İnkişaf Bankı  
- Beynəlxalq Elmi-Texniki Mərkəz  
- Beynəlxalq Miqrasiya Təşkilatı  
- Beynəlxalq Qırmızı Xaç Komitəsi  
- Elmi-Texniki İnformasiya Beynəlxalq Mərkəzi  
- Beynəlxalq İnvestisiya Bankı  
- Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı 
- digər beynəlxalq təşkilatlar. 
Qeyd etmək lazımdır ki, gömrük güzəştləri  şamil olunan digər beynəlxalq təşkilatları Azərbaycan 
Respublikası Nazirlər Kabineti müəyyən edir.  
 
6.2. Gömrük nəzarəti üçün tələb olunan sənədlər və onun həyata keçirilməsi prosesində gömrük 
orqanlarının rolu  

45 
 
Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən, yaxud gömrük orqanlarının nəzarət sahəsinə 
aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.  
Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından 
da ala bilərlər. Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrindən mal və  nəqliyyat 
vasitələrini gömrük sərhədindən keçirən  şəxslərin, gömrük brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına 
həvalə edilmiş sahələrdə fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesablarının vəziyyəti barədə 
arayış və məlumatlar almaq hüququ verir.  
Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır: 
1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura, spesifikasiya, invoys (qiymətlərin 
siyahısı), qablaşdırılma sənədləri və s. aiddir. Gömrük nəzarətinin həyata keçirilməsi üçün müqavilələrin hər 
hansı, o cümlədən faksimil surəti və  həmçinin, belə müqavilələrdən çıxarışlar da qəbul edilə bilər. Lakin 
müqavilələrin surətləri və onlardan çıxarışlar müqaviləni bağlayan təşkilatın rəhbərliyinin imzası  və bu 
təşkilatın möhürü ilə  təsdiqlənməlidir. Bununla belə  təqdim edilən sənədlərdə  məlumatların dəqiq olmadığını 
güman etməyə kifayət qədər əsas olarsa, gömrük orqanının vəzifəli şəxsləri müqavilələrin orijinal nüsxələrini 
tələb edə bilərlər. Müqavilə  tərəfləri barədə  məlumatların təsdiqi üçün, qeydiyyat və bank rekvizitləri 
göstərilmiş təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmiş məktub-ərizə qəbul 
edilə bilər.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin