ƏHLİ-SÜNNƏ VƏ camaatin rəHBƏr və başÇilari



Yüklə 1,13 Mb.
səhifə19/25
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5115
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

SƏHABƏ HAQQINDA SON SÖZ


Şübhəsiz ki, səhabələr də digər insanlar kimi məsum və günahsız olmayıb xətaya uğramışlar. Adi insanlara vacib olan məsələlər onlara da vacib olmuşdur və digər insanlarla eyni hüquqa malikdirlər.

Onların başqa insanlara olan fəzilətləri, yalnız Peyğəmbərlə eyni zamanda yaşamaları idi. Əlbəttə, bunu o zaman fəzilət saymaq olar ki, Peyğəmbərə ehtiram göstərib onu əksinə çıxmasınlar. Əks təqdirdə, onların əzabı ikiqat çoxdur. Çünki Allahın ədalət məhkəməsi tələb edir ki, Peyğəmbərin dövründə yaşamayan insanlara o Həzrətlə oturub duran şəxslər qədər əzab verməsin. Peyğəmbərin buyruqlarını yaxından eşidən, nübüvvət nurunu və möcüzələri görən şəxslərin hesabı Peyğəmbəri görməyən və ondan sonrakı dövrlərdə yaşayan insanlarla fərqlənməlidir.

İnsanın əqli və vicdanı müasir dövrdə yaşayıb Allahın Kitabına, Peyğəmbərin sünnəsinə ehtiram göstərən, onların göstərişlərinə əməl edən şəxsi Peyğəmbərlə birgə və eyni dövrdə yaşayıb əvvəldə iman gətirməyən, sonradan çarəsizlik üzündən İslamı qəbul edən, o Həzrət dünyadan gedəndən sonra dindən çıxan səhabədən üstün olmasına hökm edir.

Bu, Quranın, Peyğəmbər sünnəsinin, əql və vicdanın qəbul etdiyi bir həqiqətdir. Quran və sünnəni tanıyan hər bir kəs bu həqiqət barəsində heç bir şəkk-şübhə etmir. Aşağıdakı ayəni buna misal göstərmək olar:



يَا نِسَاء النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا

Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır.”1

Səhabələr arasında həm mömin, həm də imanları zəif, həm təqvalı, həm də təqvasız, həm adil, həm də zülmkar, həm haqtələb, həm də üsyankar, həm öz elminə əməl edən alim, həm də bidət qoyan və nadan, həm ixlaslı, həm də ikiüzlü və əhd-peymanlarına sadiq qalmayan şəxslər var idi.

Əgər Qurani-Kərim, Peyğəmbərin sünnəsi və tarix bunları qəbul etməyib onu açıq-aşkar bəyan etmişdirsə, onda sünnülərin “səhabələrin hamısı adildir” – dedikləri söz puç və əsassızdır. Çünki Quran və sünnə ilə müxalifdir, tarix, ədalət və insanın vicdanı ilə uyğun gəlmir, təəssübkeşlikdən, nəfsi istəklərdən, əsassız sözlərdən başqa bir şey deyildir.

Bəzən əhli-sünnətin bu məsələlərlə əlaqədar olan əqidələri ilə rastlaşanda insanı təəccüb bürüyür ki, nə üçün əql, sünnə və tarix ilə uyğun gəlməyən şeylər haqqında mübahisəyə girişirlər? Lakin bu əqidəni möhkəmlətmək üçün əməvilərin planlarını və abbasilərin üslublarını (yəni səhabələrə ehtiram edərək onlardan irad tutmamağı və onları adil bilmələrini) gördükdə, onun təəccübü aradan qalxır və heç bir tərəddüdü, şəkk-şübhəsi olmadan başa düşür ki, səhabələrdən söhbət açılıb onlara irad tutmağın qadağan edilməsinin səbəbi, onların gördükləri çirkin işlərin, eləcə də İslamın, Peyğəmbərin və onun ümmətinin haqqında törətdikləri cinayətlərin üstünün açılmasıdır.

Əgər Əbu Süfyan, Müaviyə, Yezid, Əmr As, Mərvan ibni Həkəm, Müğeyrə ibni Şöbə və Bəsr ibni Ərtat səhabələrdən, möminlərin hakimlərindən və sərvərlərindən sayılsalar, nə üçün səhabələrə irad tutmağın qarşısını almasınlar? Nə üçün onların ədaləti, fəzilətləri haqqında hədis düzəltməsinlər və nəticədə heç kəsin onların pisliklərinin üstünü açmağa və onları tənqid etməyə cürəti olmasın?! Müsəlmanlardan hər bir kəs belə bir işlər görsə, onu “kafir” adlandırır, onun öldürülməsinə, qusulsuz – kəfənsiz basdırılmasına və ağacdan düzəlmiş tabut içərisində qəbrə qoyulmasına dair fətva verirlər. Onlar hər vaxt şiələri təhqir etmək istəyirlərsə, səhabələri söyməkdə ittihamlandırırlar. Onların əqidəsinə əsasən, səhabələri söymək onlardan irad tutmaq deməkdir. Bu, həmin şəxsi öldürmək və bədbəxt etmək üçün kifayətdir.

İş o yerə çatmışdır ki, hər kəs bir hədisin mənasını soruşmaq istəsə, onun canını almaq üçün əllərindən gələni əsirgəmirlər. Müddəamıza dəlil gətirmək üçün bu hadisəni qeyd edirik:

Xətib Bağdadi öz tarixində belə yazmışdır: Harun Ər-rəşidin yanında bir şəxs başqasından soruşdu: Əbu Hüreyrənin dediyi “Musa Adəmi görüb ona dedi: Sən bizi behiştdən çıxaran Adəm deyilsənmi? Qüreyş tayfasından olan bir şəxs: Musa Adəmi harada gördü?” – deyə hədisin mənasını soruşduqda, Harun qəzəblənib dedi: Qılıncı gətirin, bu kafir Peyğəmbərin hədisinə irad tutmaq istəyir!!!1

Əgər bir şəxs Harunun məclisində bir suala görə ölümə məhkum olunursa, Əbu Hüreyrəni yalançı sayan şiə ilə nə edəcəklərini Allah bilir! Bu müddəa üçün şiənin dəlili vardır və bu haqda səhabələrin sözlərinə, o cümlədən onların rəhbəri sayılan Ömər ibni Xəttaba istinad edirlər. Buradan başa düşülür ki, hədislərdə mövcud olan bu ziddiyyətlərin, ixtilafların, qeyri-mümkün olan mətləblərin səbəbi nədir. Onlar belə hədislərin düzgünlüyünü, onlara pak don geyindirərək müqəddəs gözlə baxmaqlarını necə yazırlar?

Bunların səbəbi səhabələrdən irad tutmağın qadağan olması, nəticədə irad tutanların ölümə məhkum edilməsidir. Bəzi sözlərin mənasını öyrənib həqiqətə çatmaq istəyən şəxsi öldürürlər ki, başqalarına ibrət dərsi olsun və bu haqda danışmağa cürət etməsin!

Onlar camaatı məcbur etdilər ki, əgər bir kəs Əbu Hüreyrənin və yaxud digər bir səhabənin hədisinə irad tutsa, sanki Peyğəmbərə irad tutmuş olar. Peyğəmbərdən sonra bəzi səhabələrin vasitəsilə düzəldilmiş belə hədislərə müqəddəs gözlə baxıb onları dinin şübhəsiz məsələlərindən saymışlar.

Bir çox vaxtlarda mən öz alimlərimizə dəlil gətirirdim ki, səhabələr bu cür müqəddəsliyi qəbul etmir, bəzən bir-birlərinin nəql etdikləri hədislərdə şəkk-şübhə edirdilər. Bu o zaman baş verirdi ki, onlardan birinin hədisi Quranla müxalif olurdu. Ömər ibni Xəttab Əbu Hüreyrəni yalan hədis deməsi ilə ittihamlandıraraq qırmancla vurur və hədis deməkdən çəkindirirdi. Onlar həmişə deyirdilər ki, səhabənin bir-birlərinə qarşı hər nə etməklərinə haqları vardır. Lakin biz onların sözlərini inkar etmək və onlara irad tutmaq əzmində deyilik.

Mən deyirəm: Ey Allahın bəndələri! Onlar bir-birləri ilə vuruşmuş, bir-birlərini kafir bilmiş və öldürmüşlər. Deyirlər: Onların hamısı müctehid olmuşdur, düzgün fikirləşənin ikiqat, əyri fikirləşənin isə bir savabı vardır, bizim onların işlərinə dəxalət etməyə haqqımız yoxdur.

Şübhəsiz ki, onlar bu əqidəni öz ata-babalarından irs aparmış, kor-koranə və bu barədə fikirləşmədən onu təkrar edirlər.

Sünnülərin rəhbəri Qəzzali də bu əqidədə olub onu camaatın arasında yaymışdır. Belə ki, özünün “Əl-müstəsfa” kitabında belə yazmışdır: “Bu ümmətin keçmiş qabaqcılları və onlardan sonrakı nəsillər səhabələrin ədalətinin aydın bir məsələ olmasını qəbul etmişlər; çünki Allah onları adil saymış və Öz Kitabında onları mədh etmişdir. Bu, bizim onlar haqqında olan əqidə və nəzərimizdir.”

Mən Qəzzaliyə və bütün sünnülərə təəccüb edirəm ki, səhabələrin ədalətini isbat etmək üçün Qurana necə istinad edirlər? Halbuki Quranın heç bir ayəsində bu məsələyə toxunulmamışdır, əksinə Quranda səhabələrin ədalətli olmasını inkar edən, onların içüzlərini və ikiüzlüklərini açıqlayan çoxlu ayələr vardır.

“Biz “Agahlardan soruşun” adlı kitabımızda bu barədə ayrıca bir fəsildə söhbət etmişik. Təhqiqatçılardan istəyirik ki, həmin kitaba müraciət edib, Allahın və Peyğəmbərin bu haqda olan sözlərini araşdırsınlar və bilsinlər ki, əhli-sünnətin səhabələr barəsində düzəltdikləri məqam və fəzilətləri, onlar yuxuda belə görə bilmirdilər. Tarix və hədis kitablarını oxumağın heç bir zərəri yoxdur; çünki orada onların çoxlu çirkin əməlləri, bir-birlərini kafir hesab etdikləri açıq şəkildə qeyd olunmuşdur. Hətta onlardan bəziləri özlərinin münafiq olub-olmamasında belə, şəkk edirdilər!

Buxari özünün “Səhih” kitabında belə yazmışdır: İbni Məleykə Peyğəmbərin səhabələrindən otuz nəfəri gördü ki, ikiüzlülük sifətinə düçar olacaqlarından qorxurdular və heç biri, məsələn Cəbrail kimi imanlı olmalarını elan etməyə hazır deyildirlər!1

Qəzzali öz kitabında yazmışdır ki, Ömər ibni Xəttab Hüzeyfə ibni Yəmandan soruşdu ki, Peyğəmbər onun münafiqlərin sırasında olduğunu demişdir ya yox?2

Görəsən “münafiqlər səhabələrdən deyildir” deyənlərin sözlərinə etina etmək lazımdırmı? Sünnülərin əqidəsinə əsasən, bəli! Bunu onların nəzərində səhabənin hansı mənanı ifadə etməsindən başa düşdük. Çünki onların nəzərinə əsasən, hər kəs iman gətirdiyi halda Peyğəmbərlə bir yerdə oturub həmsöhbət olmasa da belə, o Həzrəti görsə, səhabələrdən sayılır.

Onların “Peyğəmbərə iman gətirdiyi halda” dedikləri sözlər də zorakılıqdan başqa bir şey deyildir, çünki o Həzrətlə birgə olan hər bir kəs, “kəlmeyi-şəhadəti” qəbul etmişdi.

Peyğəmbəri-Əkrəm onların zahiri imanlarını qəbul etmişdi. Belə ki, buyurur: “Mənə əmr olunmuşdur ki, insanların zahiri əqidəsinə əsaslanam, onların batini işləri Allaha aiddir.”

O Həzrət öz həyatında onların heç birinə “sən münafiqsən və sənin İslamını qəbul etmirəm!” – deyə buyurmamışdı.

Məhz buna görə də görürük ki, Peyğəmbər münafiqləri “öz dostları” kimi qələmə verir, halbuki onların nifaqlarından agah idi. Buxarinin bu sözünü dəlil kimi buna misal göstərmək olar: Ömər ibni Xəttab Peyğəmbərdən münafiq olan Abdullah ibni Übəyyin boynunu vurmasını icazə istəyib dedi: Ey Allahın Peyğəmbəri! İcazə verin, bu münafiqin boynunu vurum. Peyğəmbər buyurdu: Onu burax, yoxsa camaat deyər ki, Mühəmməd öz səhabəsini öldürdü!3

Bəzi sünnü alimləri bizi inandırmaq üçün deyirlər ki, Peyğəmbərin dövründə münafiqlər tanınırdı və onları səhabələrlə qarışdırmaq olmaz. Əlbəttə, bu, qeyri-mümkün bir məsələdir. Çünki münafiqlər də səhabələrdən sayılırdı ki, yalnız Allah onların batinindən xəbərdar idi. Onlar namaz qılır, oruc tutur, Allaha ibadət edirdilər və hər bir vasitəyə əl ataraq özlərinin Peyğəmbərin tərəfdarlarından olduqlarını göstərmək istəyirdilər.

Aşağıdakı dəlili buna misal göstərmək olar: Buxari özünün “Səhih” kitabında qeyd etmişdir ki, Ömər ibni Xəttab Peyğəmbər (s)-dən, başqa bir dəfə də Zil-Xuveysərənin boynunu vurmaq üçün icazə istəyib o Həzrətə dedi: Ədalətlə rəftar et! Peyğəmbər (s) isə Ömərə buyurdu: “Onu burax; çünki onun elə dostları vardır ki, sizin hər birinizin namazı və orucu onun namazı və orucu qarşısında heç nədir. Onlar Quran oxuyurlar, lakin qəlblərinə heç bir təsir bağışlamır və oxun kamandan çıxdığı kimi dindən çıxırlar.”1

Əgər mən səhabələrin çoxunun nifaq və ikiüzlülüklə az fasilə olduğunu desəm, heç də mübaliğə etməmişəm. Çünki bunu, Qurani-Kərimin çoxlu ayələri və Peyğəmbər (s)-in hədisləri vasitəsilə isbat etmək olar. Bu barədə əvvəlcə Qurani-Kərimdə olan ayələri gətiririk:

a)


بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ

Peyğəmbər onlar üçün haqq (Quran) gətirdi, lakin onların əksəriyyəti haqqı xoşlamır.”2

b)

الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا

Bədəvi ərəblər küfr nifaq baxımından daha pisdirlər.”3

v)

وَمِمَّنْ حَوْلَكُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ

Ətrafınızdakı bədəvi ərəblər Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır.”1

Qeyd etmək lazımdır ki, əhli-sünnətin bir çox alimləri həqiqəti gizlətmək üçün əllərindən gələni əsirgəməmişlər. Məsələn, ayədə qeyd olunun “ərab” (ərəblər) sözünü onların səhabələrdən olmamasına təfsir etmişlər! Halbuki onlar Peyğəmbər (s)-in dövründə Ərəbistan yarımadasının hər bir nöqtəsində yaşayırdılar.

Lakin Ömər ibni Xəttabın ölümü yaxınlaşdıqda, görürük ki, özündən sonrakı xəlifəyə vəsiyyət edərək deyir: “Sifariş edirəm ki, səhrada yaşayan bədəvi ərəbələrə hörmətlə yanaşsın; çünki onlar ərəblərin kökü, İslam dinini qəbul edən ilkin şəxslərdəndirlər.”2

Əgər ərəblərin kökü, əsl-nəsəbləri və İslamı qəbul edən bədəfi ərəblər küfr, nifaq, Allahın əhkamını, hüdudlarını bilməyib Peyğəmbərə göndərilən göstərişlərə əməl etməmək sifətləri ilə tanınırsa, onda sünnülərin “bütün səhabələr ədalətlidirlər” – dedikləri sözlər əsassızdır.

Bu barədə əlavə məlumat vermək üçün deyirik: “Ərab” (ərəblər) səhabələrin hamısına şamil olurlar. Çünki Qurani-Kərim ərəblərin küfrə yol verib nifaq sifətindən möhkəm yapışdıqlarını açıqladıqdan sonra buyurur:



وَمِنَ الأَعْرَابِ مَن يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللّهِ وَصَلَوَاتِ الرَّسُولِ أَلا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ سَيُدْخِلُهُمُ اللّهُ فِي رَحْمَتِهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Bədəvi ərəblər içərisində elələri vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz rəhmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayan rəhm edəndir.”3

Lakin Peyğəmbəri-Əkrəmin şərif sünnəsində belə oxuyuruq: “Mənim səhabələrimi cəhənnəm odunun yaxınlığına gətirəndə, mən deyərəm: İlahi! Onlar mənim səhabələrimdir! Cavab verilər: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər! Sonra mən deyərəm: Məndən sonra (müsəlmanlara hakim olan) vəziyyəti bir-birinə vurub ixtilaf yaradanlar nabud olsunlar. Onlardan yalnız qoyun sürüsü qədəri nicat tapacaqlar (qalanları isə cəhənnəm əhlidir).”1

Qeyd etdiyimiz kimi, bu barədə çoxlu hədislər vardır, lakin biz qeyd etdiklərimizlə kifayətlənirik. Bizim məqsədimiz səhabələrin həyatı haqqında danışıb ədalətlərinə irad tutmaq deyildir. Tarix bu işi bizim üçün görmüş və sabit etmişdir ki, səhəbələrdən bəziləri zina etmiş, şərab içmiş, yalandan şəhadət vermiş, dindən üz döndərmiş, günahsız insanların haqqında ağır cinayətlər törətmiş və İslam ümmətinə qarşı xəyanət etmişlər. Biz isə demək istəyirik ki, səhabələrin hamısının ədalətli olması əhli-sünnətin yaratdıqları xurafatdan başqa bir şey deyildir. Məqsədləri də öz rəhbərlərinin, qabaqcıllarının, yəni Allahın dinində, hökmlərində dəyişiklik yaradıb, bir sıra bidətlər qoyan səhabələrin abır-heysiyyətlərini qoruyub saxlamaqdan ibarətdir.

Bir sözlə, sünnülər səhabələrə irad tutmağı öz ardıcıllarına haram etmiş, ictihad qapısını onların üzünə bağlamış, bu işi Əməvi xəlifələrin, müxtəlif məzhəblərin yarandığı dövrdən başlamış, tərəfdarları və övladları da bu əqidəni onlardan irs aparmış, nəsildən-nəslə ötürərək indiki dövrə qədər çatdırmışlar. Onlar həmişə Allahdan səhabələr üçün razılıq və rəhmət diləmiş və onlardan irad tutan hər bir şəxsi kafir saymışlar.

Şiələr isə Əhli-beyt imamlarına itaət edir və layiqli və təqvalı səhabələrə yüksək dərəcədə ehtiram bəsləyib, onlar üçün Allahın razılığını diləyirlər, eləcə də Allahın və Peyğəmbərin düşmənləri sayılan fasiqlər və münafiqlərə öz nifrətlərini bildirirlər. Buna əsasən, Peyğəmbərin əsl sünnəsinə əməl edən və həqiqi əhli-sünnə sayılanlar, yalnız şiələrdir. Çünki səhabələr arasında Allahın, Peyğəmbərin sevdiyi hər kəsi onlar da sevir və müsəlmanların çoxunun inhirafa yuvarlanmasına səbəb olan Allah və Peyğəmbər düşmənlərinə öz nifrət hislərini bildirirlər.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin