242
qırxbuğum (yolotu, qızılçıq) xüsusi maraq doğurur. El təbabətində təzə (tər)
yarpaqlardan kəsik (cırıq, deşik) yaralardan axan qanı saxlamaq və dəri xəstəlik-
lərində (çiban, sızanaq, ekzema, dermatit) iltihabı (hovlama) aradan qaldırmaq
üçün təpitmə kimi istifadə edilir. Dəmlənməsi (həlimi, sıyığı) isə doğuşdan sonra
və balalığın qanaxmaları zamanı ən təsirli dərmanlardan geri qalmır. Müalicə
çalarları baxımından dovşandodaq, gicitkən, nərgizgülü, qambatı, su bibərindən
hazırlanan dava-dərmanların təsir dairəsinin bir qədər məhdud olmasına baxma-
yaraq tətbiqi kifayət qədər səmərəli sayılır.
Mənşəyindən və səbəbindən asılı olmayaraq demək olar ki, bütün xəstəliklər
zamanı ürək-qan-damar və sinir sistemi mütləq müəyyən təhdidlərə məruz qalır.
Odur ki, ürək-damar fəaliyyətini nizamlamaq naminə heyvana üskükotu, acıyonca,
inciçiçəyi dəmlənməsi içirdilir. Bədənin müxtəlif nahiyələrində əmələ gələn sulu
şişlərin çəkilməsi üçün ağcaqayın yarpağı, üskükotu, qatırquyruğu və cəfəri
kökünün dəmlənməsi məsləhət görülür. Sinir sistemində baş verən yorucu qıcıqları
aradan qaldırmaq məqsədilə adi damotu (şirquyruğu, şartlağan), pişikotu,
boyaqgülü dəmləmə və ya doğranaraq yem halında xəstələrə verilir.
Vitamin qıtlığı üzündən baş verən xəstəliklərin qarşısını almaqdan ötrü
vitamin, xüsusən yaşıl yemlərlə təminat daimi nəzarət altında saxlanılır. Xəstəliyin
müalicəsində yem payına əzilib xırdalanmış dərgil (itburnu), aloe (əzvay, maldili),
yerkökü həmçinin vitaminlərlə zəngin olan mətbəx qalıqları və sənaye
tullantılarının qatılması, yaranmış vəziyyətdən ən münasib çıxış yoludur.
Ancaq təbabətdən fərqli olaraq heyvandarlıqda ərik, incil, nar, üzüm, sitrus
bitkiləri, zeytun, alma, armud, qarpız, qoz ləpəsi, həmçinin bahalı ədvalardan
(zəfəran, zəncəfil, hil, darçın, mixək) istifadə iqtisadi cəhətdən baha başa
gəldiyindən sərfəli sayıla bilməz. İstisna hal kimi götürülərsə, həddindən artıq
bahalı dərmanlar yalnız ekzotik ev heyvanları və yüksək məhsuldar heyvanların
müalicəsində tətbiq sahəsi tapır. Təbii ehtiyatların azlığından tədarük üsullarının
çətinliyindən və maya dəyəri baxımından, hələlik dərman bitkilərinin geniş
miqyasda tətbiqi mərhələrlə həyata keçirilməlidir. Lakin aran bölgəsindən fərqli
olaraq dağətəyi və dağlıq ərazilərdə bitki örtüyünün zənginliyi, yaxın vaxtlarda
fermerlər üçün müəyyən dayaq bazaları yaradılmasına imkan verir. Fermer
təsərrüfatlarında ilkin maraq çərçivəsində körpələr arasında geniş yayılmış mədə-
bağırsaq və tənəffüs yollarının iltihabında, sınaqlarda özünü doğrultmuş vasitələrə
üstünlük verilməsi daha məqsədyönümlü sayılır. Bəzi ot, kol və ağac bitkilərinin
tərkibindəki saysız-hesabsız kimyəvi maddələr orqanizmdə toplanaraq, qismən də
olsa, qana, ətə və mənşəcə qanın təbii məhsulu olan südə keçə bilər. Odur ki,
gələcəkdə ətin, südün orqanoleptiki (iyi, tamı, rəngi) göstəricilərinə mümkün
təsirlərin qarşısı vaxtında alınmalıdır. Çünki quşçuluqda balıq yemlərinin,
heyvandarlıqda silosun, senajın, jmıxın, sənaye qalıqlarının uzun müddətli tətbiqi
heç də məqsədyönlü sayılmır.
Dostları ilə paylaş: