F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5.04 Kb.
PDF просмотр
səhifə4/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
 
II FƏSİL 
 
 
CƏMİYYƏT 
MÜRƏKKƏB SOSİAL-MƏDƏNİ FENOMENDİR 
 
 
1.
 
Cəmiyyət ən ümumi sosial sistem kimi 
 
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan 
mücərrəd bütövlük də deyildir. Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin 
xüsusi növüdür. Sosial-fəlsəfi axtarışlar cəmiyyətin tədqiqində ilkin metodoloji prinsipi üzə  çıxarmışdır: bu, 
cəmiyyətə sistem kimi yanaşılmasıdır. Elmdə, o cümlədən sosiologiyada müxtəlif mürəkkəbliyə malik olan 
təşəkkülləri tədqiq etmək üçün sistem yanaşmadan uğurla istifadə olunur. 
«Sistem» termini hələ Qədim Yunanıstanda işlənilsə də, XVII-XVIII əsrlərdə elmi dövriyyəyə daha geniş 
daxil olmuşdur; onun ilkin mənası  nəyinsə mürəkkəb və  rəngarəng vəhdətini ifadə etmişdir (məsələn, təbiətin 
sistemi, biliklərin sistemi, əlamətlərin sistemi və s.). XX əsrin ortalarından etibarən «sistem» termini daha dərin 
elmi məzmun kəsb etmişdir. Sistemlərin ümumi və xüsusi nəzəriyyələri meydana gəlmiş, sistem yanaşma biliyin, 
tədqiqatını xüsusi metodologiyası kimi etiraf olunmuşdur. Hazırda sistemlilik hər bir elmin mərkəzi 
kateqoriyalarından biri hesab edilir. 
Universal anlayış olan sistem həm maddi, həm də mənəvi aləmin mühüm xassələrini əks etdirir. Onun ən 
mühüm əlamətləri bütövlük, diferensiallıq, elementlərin əlaqəsidir. Elmi ədəbiyyatda belə bir cəhətə xüsusi diqqət 
yetirilir ki, fəaliyyət baxımından hər bir sistemi üç əlamət səciyyələndirir. 
Birincisi, davamlılıq - bu, sistemin həyat prosesində özünü qoruyub saxlaması qabiliyyətini ifadə edir. 
[37 - 
38] 
İkincisi, müvazinət - bu, sistemin saxlanılması naminə kompromis, qarşılıqlı güzəşt kimi başa düşülə bilər. 
Üçüncüsü,  əks  əlaqə - bu, fəaliyyətə olan təsirə  və onun sonrakı  dəyişilməsinə göstərilən reaksiyanın 
spesifikasını əks etdirir. 
Sistemin fəaliyyətinin bu əlamətləri homeostazis anlayışında birləşdirilə bilər. Həmin anlayış xarici mühitlə 
qarşılıqlı  təsir prosesində  cərəyan edən həyat fəaliyyətində sistemin özünü, öz əsas xassələrini və funksiyalarını 
qoruyub saxlamaq qabiliyyətini ifadə edir. 
Sistemlərin kifayət qədər müxtəlifliyi, rəngarəngliyi  şəksiz həqiqətdir. Elmi sistematologiyada onların 
müxtəlif təsnifatı təklif olunmuşdur. Məsələn, maddi və ideal, təbii və süni, bioloji və sosial, dinamik və statik, açıq 
və qapalı ifadə olunan və ifadə olunmayan, adaptiv, özünü təşkil edən, inkişaf edən və s. sistemləri fərqləndirirlər. 
Sistemlərin xüsusi tipi olan sosial sistemlər komponentlərinin çoxluğu, həmin komponentlər arasında, 
bütövlükdə sistemlə mühit arasında qarşılıqlı  əlaqələrin rəngarəngliyi ilə  səciyyələnir. Görkəmli sosioloq 
T. Parsons qeyd edirdi ki, sosial sistemlər ən əvvəl qarşılıqlı fəaliyyətdə, təsirdə olan fərdlərin sistemidir; fərdlər 
eyni zamanda həm canlı orqanizmlərdir, həm də şəxsiyyətlərdir və müəyyən mədəni sistemlərə mənsubdurlar. 
Sosial sistemləri genetik əlamət baxımından maddi və ideal sistemlərə ayırmaq olar. Maddi sosial sistemlərə 
kiçik sosial qrupları (ailə, peşə qrupları, partiya özəkləri); böyük sistemləri (dövlət, partiyalar, həmkarlar təşkilatları 
konfederasiyası və s.); mürəkkəb sistemləri (dövlətlər birliyi, hərbi-siyasi bloklar, iqtisadi ittifaqlar və s.) aid edilə 
bilər.  İdeal sistemlər insanın  ətraf aləmi dərk etməsi ilə bağlıdır. Bu sistemlər də kiçik (fərdi  şüur,  şəxsiyyətin 
mənəvi dünyası), orta (müəyyən fərdlər qrupunun baxışlar sistemi, etnik qrupların adət və  ənənələri), böyük 
(iqtisadi nəzəriyyə, sosiologiya elmi və s.), habelə universal (dünyagörüşü, mifologiya, din və 
[38 - 39] 
s.) 
sistemlərə ayrıla bilər. 
Formasına görə sosial sistemlər kiçik, orta, böyük və mürəkkəb sistemlər kimi təsnif oluna bilər. Kiçik 
sistemlərə ayrı-ayrı sosial obyektlər aiddir (məsələn, ailə, fərd, kiçik qrup və s.); onların daxili strukturu və 
fəaliyyəti nisbətən sadədir, onları  təşkil edən ünsürlərin qarşılıqlı  təsiri  əlaqələndirmə xarakteri daşıyır. Orta 
sistemlərin strukturunda ünsürlərin dəqiq ayırd edilmiş iki qrupu mövcuddur; onların arasında  əlaqələr 
subordinasiya xarakteri daşıyır (yerli hakimiyyətin strukturu, rayonun iqtisadi strukturu və s). Böyük sistemlər 
onları təşkil edən ünsürlər arasında mürəkkəb strukturla səciyyələnir (məsələn, dövlət, partiyalar, ölkənin iqtisadi 
sistemi). Mürəkkəb sistemlərə elə sistemlər aiddir ki, onların mövcudluğu alt sistemlərin daxili tənzimi ilə yanaşı 
çoxsəviyyəli xarakterə malikdir (məsələn, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı 
və s.). 

19 
 
Qarşılıqlı  təsirin xarakterinə görə sosial sistemlər açıq və qapalı ola bilərlər. Tam qapalı sistemlər adətən 
olmur, digər konkret sistemlərlə  məhdud  şəkildə qarşılıqlı  təsirlər özünü göstərir. Məsələn, dövlətdə islah 
(penitensiar) müəssisələr sistemi bu qəbildəndir. Açıq sistemlər xarici şəraitin təsirinə məruz qalır, özləri də həmin 
şəraitə müqabil təsir göstərirlər (məsələn, beynəlxalq idman assosiasiyaları). 
Sosial sistemləri öz qanunauyğunluqlarının xarakterinə görə ehtimal edilən və determinasiya olunan 
sistemlərə ayırmaq olar. Ehtimal olunan sistemlərdə onların komponentləri naməlum sayda variantların (məsələn, 
cəmiyyət mümkün müharibə  vəziyyətində) qarşılıqlı  təsirinə  məruz qalır. Determinasiya olunmuş sistemlər 
qarşılıqlı təsirlərin (məsələn, hüquqi, qanunverici və s. sistemlər) dəqiq məlum olan nəticələrini nəzərdə tutur. 
Sosial sistemlərin başlıca funksiyaları nizamı  və inkişafı  təmin etməklə bağlıdır. Lakin elə sosioloji 
nəzəriyyələr vardır ki, onlar sistemin potensiyalarını, yəni imkanlarını ön plana çəkir və müvafiq anlayışları 
formula edirlər. Bu halda 
[39 a 40] 
sistemin aşağıdakı imkanları qeyd olunur: 
- tənzimləyici (bu, fərdlərin və qrupların davranışının tənzimlənməsini təmin edir); 
- ekstraktiv (bu, resursların cəlb olunmasını nəzərdə tutur); 
- atributiv (bu, cəmiyyətdə müdafiənin təmin olunmasını nəzərdə tutur); 
- distributiv (bu, status mövqelərinin və maddi nemətlərin bölgüsünü nəzərdə tutur). 
Beləliklə, sosial sistem çoxölçülü və çoxaspektli təşəkkül olub, mürəkkəb tərkibə, tipologiya və funksiyalara 
malikdir. Cəmiyyət sosial sistemlərin bütün xarakteristikalarını əks etdirir, ona görə də cəmiyyət ən mürəkkəb və 
ümumi sosial sistem hesab olunur. 
 
2. Cəmiyyətin strukturu 
 
Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. 
Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan 
makrostruktur kimi təsəvvür oluna bilər: 
a) sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir; 
b) sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial 
rollarının (funksiyalarının) məcmusudur; 
c) mədəniyyət - fərdlərin davranışını  və  fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların 
məcmusudur. 
Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının 
rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, 
kənd, region və s.); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları  və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, 
etnik qruplar); sosial-əmək 
[40 - 41] 
birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar 
arasında qarşılıqlı  təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət.  İnsanların praktik 
fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün 
əhəmiyyətli olan davranışını  şərtləndirir. Müxtəlif subyektlər arasındakı sosial qarşılıqlı  təsir insanlar arasında, 
onlarla xarici mühit arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə cəmiyyətdə sosial 
münasibətlərin  əsasını  təşkil edir. İstənilən sosial birlik, cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar 
arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai həyatın 
təşkilinin, tənzimlənməsinin spesifık sistemini işləyib hazırlamışdır: bu, sosial institutlardır. Sosial institutlar 
əhalinin müxtəlif qruplarının ümumi mənafelərini  əlaqələndirmək, stabil inkişafı  təmin etmək mexanizmləridir. 
Münaqişəli situasiyaların çoxluğu, dərinləşməsi sosial institutların səmərəli işləmədiyini göstərir, onların 
yeniləşməsini və ictimai tələbatlara uyğunlaşdırılmasını zərurətə çevirir. 
Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən məqsədlərə nail olmaq 
üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağın etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, sosial 
təşkilatlar müəyyən sosial sistem hüdudlarında fərdlərin, sosial birliklərin, qrupların, təbəqələrin fəaliyyətini 
inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatların çox mühüm xüsusiyyəti onların ünsürləri arasında iyerarxik 
əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli təyinatı olan piramidayabənzər sosial sistemlərdir. Onların fəaliyyəti 
əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində  rəhbərlik - tabelikdə olanlar arasında spesifık 
münasibətlər qərarlaşır. Sosial təşkilatlarda ayrı-ayn fərdlərin, qrupların spesifık xüsusiyyətlərə malik olan 
fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin reallaşdırılmasını təmin edir. 
[41 - 42]
 
Aydın məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan olmalıdır ki, sosial statusların və 
rolların bölgüsü, fərdlərin, qrupların birgə  fəaliyyəti təmin edilsin. Təşkilati-hakimiyyət strukturları kollektivin 
daxili həyatına və  əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın sosial statusları  və 
rolları  nəzərdə tutan formal strukturu rəhbərlər - tabelikdə olanlar xətti üzrə  əmək bölgüsünü həyata keçirir, 
işçilərin fəaliyyətini optimallaşdırmağa səy göstərir. Lakin ən sərt təşkilati münasibətlər  şəraitində  də 
şəxsiyyətlərarası  və qruplararası münasibətlərin müəyyən spesifikası  təzahür edir; belə münasibətlərin  əsasını 

20 
 
sosial-psixoloji amillər təşkil edir. Ona görə  də kollektivlərdə qeyri-formal qrupların, liderlərin, spesifik 
submədəniyyətin meydana gəlməsi real faktlardır.  Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, 
müəyyən ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamları artır. 
Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanların praktik fəaliyyətində təsbit olunmuş sosial 
normaların və dəyərlərin sistemi kimi müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar 
əsasən sosial fenomendir. Məhz normalar çox müxtəlif prosesləri nizamlayır, başlıca olaraq onların inteqrasiyası 
funksiyasını yerinə yetirir. İnkişaf etmiş  cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, 
digər normaların, o cümlədən  əxlaqi normaların  əhənıiyyətini kiçiltməyə  əsas vermir. Dəyərlər sosial və  mədəni 
sistemlərin başlıca əlaqələndirici həlqəsidir. 
Cəmiyyətdə  mədəniyyət maddi predmetlərdə  və  mənəvi sərvətlərdə öz ifadəsini tapır, insanların 
tələbatlarını, onların inkişaf etmək, zənginləşmək səylərini əks etdirir. Sosiologiya cəmiyyətdə mədəniyyətin sosial 
roluna xüsusi əhəmiyyət verir: bu və ya digər sosial-mədəni sərvətlər ictimai münasibətlərin humanistləşməsinə, 
ahəngdar inkişaf etmiş  şəxsiyyətin formalaşmasına nə  dərəcədə kömək edir - bunlar çox ciddi 
[42 - 43]
  və 
düşündürücü suallardır. 
Mədəniyyət həmişə  həm  ənənələrin, həm də yeniliklərin ünsürlərini özündə birləşdirir.  Ənənələrin üstün 
olması ənənəvi mədəniyyətin formalaşmasını və müəyyən hüdudlarda təkamülünü şərtləndirir. Yenilik əsaslarının 
üstünlük təşkil etməsi isə həm mütərəqqi dəyişikliklərə, həm də keçmiş mədəniyyət nümunələrinin unudulmasına 
səbəb ola bilər. 
 
3. Cəmiyyətin sosial sistem kimi inkişafı 
 
Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə  səbəb olur. 
Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə 
malik olur. Bəzi cəmiyyətlər isə daxili münaqişələrə  və ya digər neqativ sapmalara elə  cəlb olunur ki, təkamül 
qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud dağılma meyllərinə  məruz qalır. 
Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə 
münasibətdə müxtəlif mövqelər özünü göstərir. 
Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə  əsas problem bütün 
cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə 
düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji, 
sosial-darvinist və s.) əsasını təşkil etmişdir. 
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun 
fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə 
səbəb olacaqdır.  İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və  tələbatların ödənilməsinin keyfıyyətcə 
yeni, başqa səviyyəsi demək olacaqdır. 
[43 - 44]
 
H. Spenser  cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd 
edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir 
yeni mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin 
müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət tərəfındən getdikcə daha dolğun 
ödənilməsinə səbəb olur. 
E. Dürkheym  təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onların ictimai funksiyaları qeyri-
yetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi 
nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanların vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və 
cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir. 
K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun 
fıkrincə, məhsuldar qüvvələrin inkişafı sosial inqilaba və istehsal üsulunun dəyişilməsinə  gətirib çıxarır.  İstehsal 
üsulunun dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-iqtisadi formasiyanın 
qərarlaşmasının əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində 
mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial 
inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir. 
Təkamülçülük konsepsiyası  cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə  əhəmiyyətli rol 
oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, cəmiyyətdəki proseslər geniş kontekstdə, 
böyük tarixi perspektivdə  nəzərdən keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi 
cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə bilmədi.  Əslində sosial prosesin 
obyektivliyi ideyası da müəyyən 
[44 - 45]
  qədər  şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin 
azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. Məlum 
olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan 

21 
 
silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə 
qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, 
fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi. 
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün 
qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik
 
inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və 
sosial inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir. 
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət 
kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda 
yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin 
fəaliyyəti və  təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» və 
bununla da öz sabitliyini bərpa edir. 
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə  və kibernetikaya əsaslanır. Struktur və 
onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və  mədəni sistem) 
«kibernetik iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən 
keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı  mədəni 
sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin 
öz əsasını da dəyişdirmir. Cəmiyyət 
[45 - 46]
 sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək 
qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz 
əksini tapır. Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, 
onun  əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə  bərpa olunur. Dəyişikliklər daxili 
dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə  dəyişilməz qalır. 
Sosial dəyişikliyin bu növü «müvazinətin dəyişilməsi» adlanır. 
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə  nəzərdə tutur ki, daxilən və  kənardan olan 
güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial 
altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş verir. 
Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül 
universaliləri» adlandırırdı. Sosial sistemdə  əvvəlcə dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi, 
qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul, 
bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. 
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit 
mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə 
qanunvericiliyin inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş  şəkildə  cəmiyyətin inkişafını  aşağıdakı «təkamül 
mexanizmlərinə» aid etmək olar: 
1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 
2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni 
kommunikasiya vasitələri) deməkdir; 
[46 - 47]
 
3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, 
etnik mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir; 
4. Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə 
daha az dərəcədə  məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları  və idealları 
(məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır. 
T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və 
altsistemlərlə bağlıdır. Cəmiyyətin  ən mühüm altsistemlərinin  əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir. 
Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə  həmin vasitələr sosial münasibətlərə  fəal təsir göstərir (məsələn, 
sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması  həm onun struktur 
yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin 
cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin 
anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. 
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. 
Ona görə  də  cəmiyyətin inkişafı, təkamülü barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması  təbii 
sayılmalıdır. 
 
4. Cəmiyyətin əlamətləri 
 
Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd edilməsinə, araşdırılmasına 
xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər. 

22 
 
Cəmiyyətin  əlamətləri sırasında  ən  əvvəl  ərazinin olmasını 
[47 - 48] 
qeyd etmək olar. Sosial əlaqələrin 
konsolidasiyası  məhz məlum  ərazidə baş verir. Ərazi sosial məkanın  əsasıdır: fərdlər arasındakı münasibətlər, 
qarşılıqlı təsirlər burada təşəkkül tapır və inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. 
rəngarəngliyi, zənginliyi insanların həyati tələbatlarını ödəməyə imkan verir, onların həyat fəaliyyətinə 
təkrarolunmaz xüsusiyyətlər bəxş edir. 
Sosial strukturun, yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlaməti hesab edilə bilər. Məhz həmin 
əlaqələr sayəsində daxili sosial qarşılıqlı təsirlərin yüksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti 
tarixinin ilk mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı  təsirlər (qonşuluq, 
qohumluq telləri) hesabına təmin olunurdu: icma münasibətləri qərarlaşmışdı. Cəmiyyətin inkişafının sonrakı 
mərhələlərində qarşılıqlı  təsirlərin bu prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca 
sabitləşdirici amillər kimi rolu daha aydın təzahür edirdi: sosial institutların, sosial birliklərin rolu etiraf olunurdu. 
İndi cəmiyyəti sosial strukturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir struktur həyat fəaliyyətinin və 
qarşılıqlı əlaqənin müəyyən növlərini tənzimləyir və təkraristehsal edir. Məsələn, pul institutu əmək mübadiləsini, 
ailə institutu nikah münasibətlərini, sosial peşə birlikləri  əmək bölgüsünü nizamlayır. Bunların hamısı birlikdə 
cəmiyyətdə varisliyi (bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün deyildir) təmin edir. 
Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət kənardan müdaxilə olmadan 
öz  əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara həyat təşkilinin elə formalarını  təklif etməlidir ki, həmin 
formalar onların öz şəxsi məqsədlərinə çatmasına imkan yaratsın.  İnsan ancaq cəmiyyətdə sosial karyeraya 
yiyələnə bilər, zəruri biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə məşğul ola bilər, öz tələbatlarını 
ödəyə bilər. Cəmiyyət özünütənzimləmək qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər 
[48 - 49]
 
əsasında sosial prosesləri, institutların, təşkilatların fəaliyyətini nizamlamalı  və idarə etməlidir. Özyetərlilik 
cəmiyyətin muxtarlığını  təmin edir; bu, xarici idarəedici impulslar olmadan fərdlərin özinkişafı, öztənzimi üçün 
zəruri şərait yaratmaq qabiliyyətini ifadə edir. 
Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir; bu, insanların hər 
bir yeni nəslinin sosiallaşmasında  əvəzsiz rol oynayır, onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, 
ümumən qəbul olunmuş norma və qaydalara tabe edir. Mədəniyyətin ümumiliyi cəmiyyətdə  mənəvi vəhdətin 
təkrarsız iqlimini yaradır, mənlik şüurunu fəallaşdırır (xüsusən dil, mənşə, davranış nümunələri, əxlaqi dəyərlər və 
s. ümumiliyi vasitəsilə). Nəticədə cəmiyyətin inkişafında varislik və yeniləşmə təmin olunur. Dini, milli, iqtisadi və 
s. ideyalar qüdrətli inteqrasiyaedici qüvvəyə malik olan sosial fenomenlərə konkret misal ola bilər. 
Deməli, cəmiyyət sosial əlaqələrin və sosial qarşılıqlı  təsirlərin təşkilinin universal üsulu olub, insanların 
bütün  əsas tələbatlarını ödəməyi təmin edir; o, özünütənzimləmə, özünü təkraristehsal qabiliyyətinə malikdir. 
Xüsusi institutlar, təşkilatlar, normalar, dəyərlər vasitəsilə sosial əlaqələrin möhkəmlənməsi, yeniləşməsi və 
zənginləşməsi onun fəaliyyətinin aparıcı istiqamətini təşkil edir. 
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə