a) Ç.S.Pirs: “Şübhə-inam nəzəriyyəsi”. Pirsin baxışlarının formalaşmasına, onun dahi mütəfəkkir saydığı İ.Kant böyük təsir göstərmişdir. O da Kant kimi elm və xristianlığı barışdırmağa çalışmışdır. XIX əsrin sonlarında Çarlz Darvinin əsərlərinin dərcindən sonra dini mübahisələr kəskinliyi ilə seçilir: ilk baxışda belə görsənir ki, elm və din bir yerdə ola bilməz, elmin nəticəsi ateizmdir. Lakin Pirs bununla razılaşmamış, elmin ən yeni nəticələrinin nəzərə alındığı, bununla belə xristianlığa zidd olmayan fəlsəfi təlim yaratmışdır.
Darvinin təkamül nəzəriyyəsinə əsaslanan Pirs təfəkkürə orqanizmin uyğunlaşdırıcı funksiyasının növü kimi baxmışdır. Deməli təfəkkürün vəzifəsi dünyanın inikası yox, orqanizm və mühit arasındakı münasibətlərin tənzimlənməsidir. Dünyada yaşayan insan müxtəlif vərdişlər, ona xas fəaliyyət tipi hazırlayır. Onlar isə insanın instinktini əvəzləyir və dərk olunduğu üçün inancı (inamı) əmələ gətirir. Pirsə görə inam müəyyən tərzdə fəaliyyət göstərməyə hazırlıqdır. Əgər biz sabahın olacağına inanırıqsa, onda sabahkı günümüzü planlaşdırırıq. Əgər inanırıqsa ki, uçmağı bacarmırıq, üçüncü mərtəbədən enmək üçün balkondan tullanmayıb pilləkandan istifadə edirik və s. Lakin, həyat prosesində biz inancımıza zidd olan fakt və hadisələrlə toqquşuruq. Bu isə bizdə şübhə, şübhə isə psixoloji diskomfort, narahatlıq yaradır. Onda biz yaranmış situasiyanı tədqiq edirik, yeni inanc əldə etmək məqsədilə şübhənin dəf edilməsinə yönəlik səy göstəririk. Pirs belə hesab edir ki, tədqiqat və idrakın yeganə məqsədi inancın əldə edilməsi, şübhənin kənarlaşdırılmasıdır: “Fikrin fəaliyyəti şübhənin törətdiyi qıcıqla hərəkətə gəlir və inanc əldə edildikdə sona çatır, beləliklə inancın əldə edilməsi fikrin yeganə funksiyasıdır”.
Şübhənin dəf edilməsi üçün Pirs dörd metod təklif edir: 1) inadcıllıq metodu; 2) avtoritet metodu; 3) apriori metodu; 4) elm metodu.
Dostları ilə paylaş: |