3. Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi.
Vergitutmanın əsas prinsipləri aşağıdakılardır: 1) Vergilər haqqında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhət-dən əsaslandırılmalıdır; 2) Vergi dərəcələri, vergi ödəyici-lərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla müəyyən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müxtəlif olduğuna görə onlar üçün vergi dərəcələri də müx-təlif olmalıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərəcələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairələrində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunvericiliklərində öz əksini tapmışdır; 3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edilməlidir. Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə dövriyyə vergisinin əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edilməsini misal göstərmək olar. Daha əyani olsun deyə, aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün avadanlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir zavod çuğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli, zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Sonrakı mər-hələdə prokat, başqa bir məhsula, deyək ki, maşın detalla-rına çevrilir və onların dəyəri arasındakı fərqə görə ƏDV ödənilir. Buradan aydın olur ki, ƏDV dövriyyə vergisinə nisbətən müəyyən üstünlüklərə malikdir; 4) Vergilər hökmən ödənilməlidir. Bunun üçün vergi sistemi elə hazırlanmalıdır ki, vergilərin ödənilməsinin labüdlüyü, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür olsun, heç bir şübhə yeri qalma-sın; 5) Vergi sistemi və onun ödənilməsi qaydası ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi cəhətdən əlverişli olmalıdır; 6) Vergilər onun ödəyiciləri arasında mövcud olan siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən olunmalı və ayrı seçkiliyə yol verilməməlidir; 7) Vergi sistemi çevik və dəyi-şən ictimai-siyasi tələbata asanlıqla uyğunlaşdırıla bilən olmalıdır; 8) Vergi sistemi, yaradılan ÜDM-in yenidən bölgüsünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi proqramlaşdırmanın ən səmərəli aləti olmalıdır.
Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanmasının qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.