O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.Bu baxımdan da ailə
cəmiyyətin mühüm təsisatlarından biri sayılır. Ailə
hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu
sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin
inkişafında mühüm rol oynayır.
Nikah isə
ailənin hüquqi əsasıdır. Nikah kişi ilə qadın arasında,
valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir,
müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir.
Ailənin cəmiyyətdə oynadığı mühüm rollardan biri onun şəxsiyyətin,
xüsusilə də uşaqların şəxsiyyətinin formalaşması ilə bağlıdır.
Şəxsiyyət amili vətəndaş cəmiyyətində diqqət yetirilən əsas
amillərdəndir. O cəmiyyət kamil vətəndaş cəmiyyəti
sayılır ki, orada azad şəxsiyyət yetişir və inkişaf edir.
Təcrübə göstərir ki, şəxsiyyətin formalaşmasında ailə
münasibətləri, onu əhatə edən insanların ona qayğısı müsbət rol oynayır.
Şəxsiyyətin inkişafına, xüsusilə kiçik və məktəb
yaşlı uşaqlara ailə mühiti güclü təsir göstərir. Ailə onların maraq və
tələbatlarının həyata keçməsi üçün əlverişli şərait yaradır. Şəxsiyyətin
əxlaqi və sosial keyfiyyətlərinin də əsası ailədə qoyulur.