Mövzu 8: Gənc ailənin çətinlikləri və onların aradan qaldırılması yolları
Plan:
1. Gənclərin ailə həyatına hazırlanmasının vacibliyi
2.Ailənin tərbiyə imkanları
Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə
alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer
tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz
əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata - ananın eyni
dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz - söhbət və
münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin
formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir, ana başqa cür,
nənə isə tamamilə fərqli yanaşır. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması
uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması
prosesini çətinləşdirir.
Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının
hesaba alınması sahəsində də ciddi nöqsanlar var. Məsələn, psixoloqlar
müəyyənləşdirmişlər ki, 5 - 6 yaşında uşaqlar dil öyrənməyə çox həssas
olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili öyrənə
bilərlər. Lakin təəssüflə, bildirməliyik ki, ailələr çox zaman bu böyük
imkandan səmərəli istifadə etmirlər.
Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə
çıxarılması sahəsində də ciddi nöqsanlara yol verilir. Onlar çox zaman
uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika
sahəsinə isə maraq yaratmırlar.
Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi
tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata - analar, hətta uşaqlar üçün
"peşə seçəndə" belə onun "maddi cəhətdən sərfəli" olmasına diqqət
yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi
kasadlığı istər - istəməz uşaqların dünya, ailə, insan haqqında
təsəvvürlərində əks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da
az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksnəsək olması da
diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti
sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter
daşıyır.
Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır.
Bu, bəzi hallarda valideynin iradəsindən asılı olmur. Həmin işdə məktəb,
ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludu.
Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və
ailədən gəzib - dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin,
küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların
əxlaqı həddi - buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları
arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir,
məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini
müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.
Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi
bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis
nəticələnir. O, məktəbdən yayınır, siqaret çəkməyə, içki içməyə,
yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır.
Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti var: valideynlərlə uşaqlar
arasında münasibətlər şəxsi - emosional xarakter daşıyır. Ana uşaqla
hisslərin dili ilə danışır. Ata məhəbbəti də şirindi. Övladların qəlbini
riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz
buradadı. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa,
hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata -
ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm
də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır.
Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü
göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and
içir, adi sözünə əməl edir, istəkləri həmin an yerinə yetirilir, bərkə-boşa
salinmır, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır...
Bir də xəbər tuturlar ki, uşağın iddiası yerə-görə sığmır. Artıq böyük
oğlandı, lakin ailənin dərdi-səri ilə maraqlanmır, yalnız özü haqda
fikirləşir.
Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta
valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da var. Onlarda
belə bir fikir yaranır : "Madam ki, ona hər şeyə icazə verilir, mane olan,
xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilərəm".
Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən
artıq əzizləndiyi zaman "çətin" olur. Uşağı tez-tez, özü də yersiz
tərifləmək, onun pis əməllərini alqışlamaq lazım deyil. Təəccüblü odur
ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı
həddindən artıq qayğı ilə bürüyürlər, çünki bu çox asan yoldur. Uşağı
əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək,
ona dil öyrətmək və s. isə çox çətindir. Çünki bu valideyndən təkcə vaxt
yox, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edilir. Biz hər hansı bir
qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla
onun sadəcə başını qatırıq. Əslində isə onu başımızdan etmiş, öz
ümidinə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq.
Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələbkarlıq göstərir,
cəzanın ədalətli olmasını gözləmirlər. Bir çox hallarda cəza müstəsna
dərəcədə sərt xarakter daşıyır, uşağı qorxudur, onda inamsızlıq hissi
yaradır. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə
uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi
yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa
düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz. Uşağı döymək,
onu təhqir etmək, ləyaqətini alçaltmaq, şəxsiyyətini tapdalamaq
deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz.
Cəzanın müxtəlif növləri var. Onların bir çoxu ailə tərbiyəsində də bu və
ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə
olmalıdı. Həm də uşağı addımbaşı danlamaq, utandırmaq və ya
hədələmək yaramaz. Düzgün əzalandırma valideyndən xüsusi məharət
tələb edir.
F. E. Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər.
Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd
olan tərzdə hərəkət etməyə vadar edirsə, o zaman müəyyən bir
müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların
üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab-
əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, "vicdanlı" adamlara
çevriləcək.
Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud
və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zəriflik və həssaslığı məhv
edir. Düzgün tərbiyə isə xoş rəftar və tələbkarlıqla yanaşı gedir.
Tələbkarlıq - uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona
etibar və hörmət zəminində olmalıdı. Valideyn ilk gündən öz uşağında
düzgün adət və vərdişlər formalaşdıra bilibsə, uşaq bircə sərt baxışdan
səhvini anlayacaq, yaxşı işi ilə "günahını" yumağa çalışacaqdır. Tutduğu
əməllərə görə uşaqda elə söhbətlər aparılmalı, elə təsir göstərilməlidir ki,
o həmin pis hərəkətin onun üzvü olduğu, kollektivə, valideynlərə,
ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər
vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli
nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün
isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür
etməlidir.
A.S. Makarenko göstərir ki, bəzi ailələrdə bu məsələyə daim
etinasızlıqla yanaşırlar:
"Valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar və valideynlər ümid
edirlər ki, hər şey öz-özünə qaydaya düşəcək. Belə valideynlərin nə
aydın məqsədi, nə də müəyyən proqramı var. Əlbəttə belə hallarda
tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra
təəccüb edirlər ki, nə üçün onların maraqları korlanıb? Nəyə nail olmaq
istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən.
Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir,
məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb yeri
zibilləyir və s. Ana isə üstəlik, irad tutan vətəndaşların, ictimaiyyətin
"acığına" oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq
ardına vursun.
Avtobusda yaşlı adamın ayaq üstündə durduğu halda uşağın özünü
görməməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait
yaratdıqda vəziyyət dözülməz olur. Valideyn, əvvəla, pedaqoji cəhətdən
düzgün hərəkət etmir. İkincisi, öz övladına etinasızlıq, saymazlıq və
laqeydlik kimi məni keyfiyyətlər aşılayır.
İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin
əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə
etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın.
O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv,
ümumiyyətlə xalq üçün ağır yük çevrilməsin.
Böyüməkdə olan nəslin tələbat - motivasiya sahəsinin, əxlaqi şüurunun
və s. formalaşmasına xüsusi diqqət yetirilməlidi. Uşaq da özü haqqında
aydın təsəvvür yaradılmalıdı. O, özünün müsbət və mənfi keyfiyyətlərini
düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə
məşğul olmalıdı. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər
sisteminə daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ünsiyyətini
dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini
genişləndirmək zəruridir.
A.S. Makarenko deyirdi:
"Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət
etmənizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil,
ailənizin, şəxsi və ictimai həyatınızın təşkilindən, aşağın həyatını təşkil
etməkdən ibarətdir".
|