H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə7/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Axtarış və kəşfiyyat üsulları

Qravimetrik üsul.

Bu üsul yer qabığının təbii ağırlıq qüvvəsinin öyrənilməsinə əsaslanır. Süxurların təbii ağırlıq qüvvəsi isə onların sıxlıqları hesabına yaranır. Müxtəlif tip (qrup) süxurlar müxtəlif sıxlığa malikdir. Ağırlıq qüvvəsi qravimetrlə ölçülür. Ölçü vahidi qaldır. Adətən, təcrübədə milli qal (mql) işlədilir. Ağırlıq sahəsi dərinliyin tektonikasını əks etdirir. Əksər sahələrdə müsbət iri strukturlar ağırlıq qüvvəsinin maksimum qiymətinə, mənfi iri strukturlar isə minimum qiymətinə uyğun gəlir. Qeyd etmək lazımdır ki, bəzi rayonlarda yuxarıda göstərdiyimizin əksi müşahidə olunur. Bu da süxurların petroqrafik tərkibi və bünövrənin dərinlik quruluşunun ağırlıq qüvvəsinin xarakterinə təsiri ilə müəyyən olunur. Məsələn, turş tip maqmatik süxurlar əsasi tip süxurlara nisbətən kiçik qiymətli anomaliyalar verir. Çünki sonuncular daha böyük sıxlığa malikdir. Ona görə də bəzi rayonlarda ağırlıq qüvvəsinin minimum və maksimum qiymətlərinə uyğun gələn struktur formalaşır. Belə rayonlarda qravimetrik tədqiqat işlərinin nəticələri əlavə məlumatlarla (quyu və seysmik məlumatlarla) yoxlanılmalıdır. Qravimetrik tədqiqat üsulu neft-qaz axtarışı işlərinin həm regional, həm də mükəmməl mərhələlərində tətbiq edilir. 1. Neftlilik-qazlılıq baxımından perspektivli olan regional ərazilərin geoloji quruluşunun tədqiqi. 2. Qırışıqlı bünövrə quruluşunun geotektonik rayonlaşdırılması və iri struktur elementlərinin tədqiqi.

3. Platforma vilayətlərində çökmə qatın quruluşunda iştirak edən iri strukturların izahı. 4. Rifəmələgəlmələri və duz günbəzləri ilə əlaqədar olan strukturların tədqiqi. 5. Regional qırılmaların müəyyən edilməsi. Son vaxtlar bəzi rayonlarda yüksək dəqiqlikli qravimetrlərin tətbiqi ilə lokal strukturlar da öyrənilmiş və axtarış qazmasına hazırlanmışdır. Qravimetrik tədqiqat işləri hazırda dəniz və okeanlarda geniş tətbiq edilir. Dəniz və okeanlarda dərinlik qravimetrindən istifadə olunur. Müxtəlif tektonik quruluşa malik rayonlarda qravimetrik tədqiqat işlərinin geoloji effektivliyi müxtəlif olur. Platforma sahələrində fleksura quruluşlu strukturlar inkişaf edən zonalarda qravimetrik üsul yaxşı nəticələr verir. Çünki belə zonalar bünövrənin qırılma sahələrinə uyğun gəlir. Kənar çuxurlarda dağarası və dağqarşısı çökəkliklərdə bünövrə dərində yerləşdiyindən ümumi fonda ağırlıq qüvvəsinin minimum qiyməti ilə xarakterizə olunur. Qırışıqlı və keçid vilayətlərdə lokal strukturlar platforma sahələrində inkişaf edən lokal qırışıqlara nisbətən qravimetrik tədqiqatda daha yaxşı əks olunur. Qırışıqlı və keçid vilayətlərdə intişar edən qalxım zonaları, ayrı-ayrı lokal strukturlar ağırlıq qüvvəsinin maksimum qiymətinə uyğun gəlir. Məsələn, respublikamızın ərazisində yerləşən Gəncə və Kürdəmir rayonlarında qravimetrik tədqiqatla bir neçə müsbət lokal strukturlar öyrənilmişdir (Mirbəşir, Dəliməmmədli, Muradxanlı və s.). Bu cür uyğun tədqiqat işləri Qroznı və Qərbi Türkmənistan neftli-qazlı ərazilərində də aparılmış və müsbət nəticə alınmışdır. Qeyd etmək lazımdır ki, bəzən lokal müsbət strukturlar ağırlıq qüvvəsinin minimum qiymətinə uyğun gəlir. Lokal strukturların qanadlarında yerləşən layların yatımı 500 -dən çox olarsa onlar qravimetrik tədqiqatlarda ağırlıq qüvvəsinin maksimum qiyməti ilə göstərilə bilər. Bu səbəbdən

də qırışıqlı və keçid vilayətlərdə inkişaf edən lokal strukturlar daha yaxşı tədqiq olunur (qanadların yatım bucaqları böyük olduğu üçün). Göstərildiyi kimi Azərbaycanın ərazisində qravimetrik axtarış üsulu geniş tətbiq olunmuş və müsbət nəticələr əldə edilmişdir. Qravimetrik üsul göstərmişdir ki, Kürdəmir-Saatlı qalxımı zonasında qırışıqlı bünövrə yer səthinə yaxın yerləşir. Duz strukturlarının axtarışında da qravimetrik üsulun tətbiqi xüsusilə effektli hesab olunur. Duz günbəzləri ağırlıq qüvvəsinin minimum qiymətinə uyğun gəlir və duz günbəzlərinin ölçüsündən, dərində yerləşməsindən, qalınlığından və litologiyasından asılıdır. Rif massivləri də bu üsulla yaxşı öyrənilir və maksium qiymətlə göstərilir. Qravimetrik planalma sahə, marşrutlar üzrə aparılır. Regional qravimetrik planaalmada müşahidə nöqtələri tektonik elementlərin uzanmasına perpendikulyar keçirilən profil xətləri üzərində bərabər məsafələrdə verilir. Bu halda orta hesabla 4-10 km2 sahədə bir müşahidə nöqtəsi seçilir. Bu axtarış üsulu digər geofiziki üsullarla (xüsusilə maqnitometrik və elektrometrik) birlikdə tətbiq olunduqda daha yaxşı nəticələr verir.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin