UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
2.2. XasiyyƏt
Şəxsiyyətin formalaşmasında xarakterin öyrənilməsi kimi, onun xasiyyətinin də öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Təlim prosesi zamanı uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərində cəmləşən psixoloji xüsusiyyətlərin öyrənilməsi çox vacibdir. Yəni burada uşağın özünəməxsus təbiəti (tez əsəbiləşmək, sıxılmaq, sevinmək, kədərlənmək, darıxmaq, hirsli, sakit olmaq) nəzərdə tutulur.
Xasiyyət – insanların fərdi xüsusiyyətlərini öyrənmək, onları bir‐birindən fərqləndirmək, ümumi formada qiymətləndirmək üçün istifadə etdiyimiz ən populyar terminlərdən biridir. Xasiyyət, əsasən, insanların fəaliyyət və rəftarında ifadə olunan mürəkkəb psixoloji xüsusiyyətdir.
İnsanlar bir‐biri ilə hər hansı bir münasibətdə olarkən (ailədə, iş yerində, qohumları arasında, qonşuluqda, təhsil prosesində, istirahətdə olarkən və i. a. ) ilk növbədə bir‐birinin xasiyyətləri ilə qarşılaşır və ona müvafiq hərəkət etmək məcburiyyətində qalmalı olurlar. Bir həqiqət də vardır ki, yalnız xasiyyətləri uyğun adamlar konfliktsiz, əmin‐amanlıq şəraitində, uzun müddət bir‐biri ilə işləyib yaşaya bilirlər. Paxıl, xəbərçi, xəsis, qorxaq, qəlbitəmiz, əliaçıq, mərd və bu kimi digər ifadələrlə biz insanların ən xarakterik cəhətlərini – yəni xasiyyətini təqdim edirik. İnsanları xasiyyətinə görə xarakterizə edərkən onların təsadüfi hallarda etdiyi və ya məcburiyyət qarşısında baş verən hərəkətlərini o şəxsin xasiyyətinə aid etmək düzgün deyil. Xasiyyət şəxsiyyətin müəyyən yaş dövründə formalaşaraq, onun daimi dəyişilməz xüsusiyyətinə çevrilir. Bir çox hallarda xasiyyətinin pis cəhətlərini həmin şəxs gizlətməyə çalışır, özünü yüksək mənəvi keyfiyyətlərə malik bir adam kimi təqdim etmək istəyir. Bəzən o buna nail olur.26 Yuxarıda qeyd etdiyimiz “İnsan xasiyyətini dəyişə bilər, yoxsa yox?” sualına cavab axtaraq.
İnsan xarakteri dəyişməzdir, lakin aparılan müşahidə və təcrübələrə əsasən onu deyə bilərik ki, insan xasiyyəti dəyişə bilər. Belə bir mexanizm yalnız psixoloji cəhətdən mənəvi olaraq nəfsin istəklərinə qarşı çıxmaq deməkdir. Bir zamanlar nəfsi və şəhvani duyğulara düşgün olmuş insanın, müəyyən bir vaxt keçdikdən sonra, bu əməllərdən çəkilmiş olduğunu görürük. Bu cür kəskin dəyişmə, əks duyğu ilə həmin istəkləri islah etmək, müqəddəs Qurani‐Kərimin ifadəsi ilə desək, tövbə edib özünü qınamaq və
Allahı sevməklə mümkün olur.
Xasiyyət anlayışında isə irsi bir xüsusiyyətdən də danışmaq lazımdır. Hətta şəxsiyyəti səciyyələndirən xarakter, fərdin təbiəti əsas rol oynamaqla xarakterin ictimai və əxlaqi bir dəyər qazanmasında da böyük rol oynayır. Əsəbiləşmək, sevinmək, hirsli olmaq, soyuqqanlı olmaq kimi xüsusiyyətlər fərdlərdə irsi olaraq yaransa da, ictimai öyrənmə yolu ilə də qazanıla bilir. Təbiət, başqa bir ifadə ilə desək, fərdin romantik tarazlıq vəziyyətidir. Duyğularının meydana gəlməsində varislik və ətrafın qarşılıqlı təsirini ifadə etməməsiylə hər hansı bir fərd üçün deyilənʺ o daima şəndir, onu asanlıqla əsəbiləşdirə bilməzsinizʺ və ya ʺona nə etsəniz də, xoşbəxt edə bilməzsinizʺ şəklindəki ifadələr bu insanların xasiyyətləri haqqında məlumat verməklə, əslində, onların irsi xüsusiyyətləri və yaşadıqları cəmiyyət haqqında da bizə məlumat verir.