Qanunların təcrübəsi: Uşaqlar oyun oynayarkən onların qanunları nə dərəcədə və necə diqqətə aldıqlarını müşahidə etmiş və bu müşahidələrinə görə qanunların yerinə yetirilməsinə xüsusi diqqət yetirmişdir, yəni müşahidə zamanı, uşaqların oyun ərzində davranışlarına əxlaqi yanaşma kimi göstərmişdir.
Qanunların dərki (qanun anlayışı): Uşaqların oynadıqları oyunun qanunlarına dair suallar vermiş və buradan onların qanunlara dair anlayışlarını (qanunlarını), dərk səviyyələrini müəyyən etmişdir.
J. Piaje üçün oyun qaydalarına dair dərketmə (düşüncə) və oyunun təcrübəsi və yerinə yetirilməsi (davranış) arasındakı əlaqə, əxlaqi gerçəklərin psixoloji xarakterini müəyyənləşdirmək üçün önəmlidir. Qanun anlayışı və qanunların yerinə yetirilməsinin diqqətə alınmasını araşdırarkən J. Piaje uşaqların qanunları necə yerinə yetirdiklərini müəyyənləşdirmək üçün onları təbii oyunları sırasında müşahidə etmiş və müşahidələrinə görə uşaqların qanunları yerinə yetirmə formalarını analiz etmişdir. 36
3.3. éxlaq tƏrbiyƏsindƏ rol ala bilmƏ (tƏmsil etmƏ) vƏ Empatiya haqqında
Uşaqların çoxu empatik qabiliyyətə sahibdirlər. Empatiya − insan, başqası zərər gördüyü anda özünü onun yerinə qoyduqda özü‐özünə ortaya çıxan prosesdir. Belə ki, uşaq başqasını incitdikdə, özünü onun yerinə qoyur, onun da incidilə bilməsi düşüncəsi əxlaqı sürətləndirir. O özünü zərər verdiyi insanın yerinə qoyur və özünü günahlandırır. Uşaqlar empatik qabiliyyətə sahib olmaqla yanaşı, zehni inkişafla bu qabiliyyəti işlədə bilir. İki yaşlı uşaqda təmsili düşüncə qabiliyyəti inkişaf edir. Bu zaman uşağın həm də öz dünyası olur. Bir tərəfdən uşaq əxlaqla bağlı məfhumları düstur halına gətirməyə çalışır, digər tərəfdən öz dünyası olduğu üçün qaydalarla davranışlar arasındakı əlaqəni başa düşə bilmir. Bu zaman o, qaydaları asanlıqla yox saya bilir.
Məktəb yaşına gəlincə, artıq uşaqlar öz dünyalarından tədricən uzaqlaşmağa başlayırlar. Fərqli insanlarla ünsiyyətdə olduqları üçün dünyaya baxışları da fərqli olur. Xəyali dünyayla gerçək aləmi ayırmağa çalışırlar. Məktəb yaşına çatmış uşaqlar həmyaşıdları ilə daha çox vaxt keçirir və bu zaman fərqli dünyagörüşünə sahib olurlar. Bu, əxlaqi inkişaf cəhətdən zəngin bir təcrübədir. Məktəbqabağı və məktəb çağındakı uşaqların əxlaqının inkişaf etməsində istifadə edilən yollardan biri də evdə və məktəbdə hekayələrin oxunmasıdır.
Hekayələr uşaqların xoşuna gəlməlidir və onların əxlaqının inkişafını dəstəkləyən olmalıdır. Qaydalar uşaqlar üçün məcazi məfhumdur. Sözlə ifadə edildikdə uşaqlar bunu başa düşməyə bilərlər. Ancaq hekayələrdə dil başadüşülən, sadə olmalıdır ki, uşaq bunu anlaya bilsin. Hekayələri oxuyan zaman fikir aydın deyilməlidir ki, uşaqlar qaydaları daha tez dərk etsin. Bu xüsusiyyətlərə görə hekayələr əxlaq təhsilinə canlılıq qata bilir.
Əxlaqın inkişafında ən vacib cəhət ailə şəraitinin yaxşı olmasıdır. Bu bölmədə əxlaqi inkişafda ailə vəziyyətinin mənfi və müsbət təsirinə toxunulacaq. Ailələrdən daha çox sevgi görən yeniyetmələr özlərini valideynlərinə qarşı daha yaxın və məsuliyyətli hiss edirlər. Halsteadın dediyi kimi, yeniyetmələr ən çox valideynlərini əhəmiyyətli hesab edirlər. Ailələr isə öz dəyərlərini uşaqlara ötürürlər. Digər tərəfdən, uşaqların da öz əxlaqlarını müstəqil inkişaf etdirmək haqları var. Ümumilikdə isə ailə şəraiti əxlaqi inkişaf üçün sağlam bir şəraitdir (Reimer, 1993). Ailə şəraitində təkcə əxlaq deyil, həyatın digər sahələri ilə əlaqəli söhbətlər də aparılmalı, yeniyetmələr də bu söhbətlərə qatılmalıdır. Bu, əxlaqi inkişafa öz müsbət təsirini göstərir. Yeniyetmələrin fikrini dinləyən ailələrdən fərqli olaraq, “görməməzlikdən gələn, mövzunu dəyişdirək” kimi yollara əl atan ailələr də var (Reimer, 1993). Amma ailələr yaşadıqları təcrübə əsasında uşaqlarına yol göstərən olmalıdır. Ailələr uşaqlarına şüurlu hərəkətləri ilə bərabər, şüursuz hərəkətləri ilə də təsir edirlər. Uşaqlar ailənin müsbət tərəflərini götürdükləri kimi, ailədə baş verən münaqişələri, təcavüzü, həddindən artıq qorumanı və təzyiqləri də müşahidə edirlər (Halstead, 1999).
Ana‐atanın əmr etməsi, qaydaların sıx‐sıx təkrarlanması bəzi mənfi hərəkətlərin sadəcə müvəqqəti aradan qalxmasına səbəb olur (Smetana 1999). Amma ana‐atanın təzyiqi aradan qalxdıqda və ya valideynlərdən uzaqda, uşaq yenə həmin hərəkətləri təkrar edir. İndi isə, mənfi əxlaqın aradan qalxması üçün valideynlərin seçmiş olduğu cəzanı açıqlayaq. Anaata arasında qarşılıqlı münasibət olmalıdır. Uşağın yaxşılığına görə qərar verən valideyn, onun üçün bundan başqa yolun olmadığına ilk əvvəl özü inanmalıdır. Daha sonra uşaq ata‐ananın onun yaxşılığını fikirləşdiyinə inanmalıdır. Belə olduqda verilən cəza məqsədinə çatar və övladla valideyn arasında qarşılıqlı münasibət qurular.
Veijersə (Weijers) görə (2000), verilən cəza zamanı yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Yaş artdıqca cəzalar azalmalıdır. Uşaq böyüdükdə ona verilən cəzaya görə utanır.39
Nəticə
Uşaqlar böyüklərin hərəkətlərini müşahidə etməklə öyrənir. Beləliklə, uşaqlarımızın necə davranmasını istəyiriksə, biz də elə davranmalı və yüksək əxlaqlı uşaqlar yetişdirməliyik.
Nağıl
Ata və ana maraqlı nağıllar və şirin əhvalatlar danışmaqla uşağı özünə cəlb etməlidir. Söylənilən əhvalat və nağıllar uşaq üçün çox maraqlı və cəzbedici olmalıdır. Belə ki, uşaqlar nağılı dinləyərkən öz oyunlarından əl çəkir, diqqətlə nağıla qulaq asır, hər şeyi unudurlar.
Nağıllar uşağın qəlbindəki qəzəb, düşmənçilik və nifrət hisslərini öldürməli, ona əxlaq dərsi verməlidir. Nağıllar, əsasən, qəhrəmanlıq, cəsarətlilik, qorxmazlıq xarakteri daşımalıdır. Kiçik yaşlı uşaqlara qəmli nağıllar danışılmamalıdır. Nəhayət, nağıllar, hekayələr, dastanlar uşağa yaxşı fikirləri təlqin etməli, milli psixologiyaya yaxın olmalı, əhval‐ruhiyyəsinə müsbət təsir göstərməlidir. İndi isə nümunə olaraq atanın övladlarına (qızına) söylədiyi gözəl bir nağılı nəzərinizə çatdırırıq. “Şahzadə və xallı ceyran”. Biri var idi, biri yox idi. Qədim zamanlarda bir şah var idi. Onun gözünün ağı‐qarası bir qızı var idi. Qız həm gözəl, həm də ağıllı idi. Şah bir gün qızına baş çəkərkən onu qəmli görür. “Ey mənim şahzadə balam, nə üçün belə qəmlisən?” – deyə şah öz ciyərparasını bağrına basır. Qız üzünü atasına tutaraq: ‐ “Ata, yaman darıxıram”, – deyir. Şah bunu eşitcək qızına deyir: “Mənim balam, qəm yemə, gedib rəfiqələrinlə çəmənlikdə, bulaq başında dincələrsən”. Qız sevincək atasının boynuna sarılıb, onun üz‐gözündən öpür. Yazın ən gözəl çağı idi. Hər tərəf yamyaşıl paltara bürünmüşdü. Gül‐gülü, bülbül‐bülbülü çağırırdı. Şahzadə öz rəfiqələri ilə bulaq başında çəmənlikdə güldü, oynadı, doyunca musiqiyə qulaq asdı. Yeməkdən sonra qızlar uzanıb dincəlməyə başladılar. Nədənsə, şahzadənin yuxusu gəlmirdi.
Buna görə də o, gülzarlıqda gəzməyə başladı. Birdən çəmənlikdə otlayan gözəl bir ceyran gördü. Ceyranın tükləri boz, qonur, məxməri, xalları isə ağ rəngdə idi. Günəşin parlaq şüaları altında ceyranın tükləri min bir rəngə çalırdı. Şahzadə qız bu gözəlliyə məftun olmuşdu. O, yavaş‐yavaş ceyrana yaxınlaşıb, onu tutmaq istədi. Ceyran onu görüb bir anın içində gözdən itdi. Bundan qüssələnən şahzadə ceyranın ardınca bir xeyli baxıb, geri qayıtdı. Evə qayıdarkən atası onu qəmli görüb, çox təəccüblənir, onu əzizləyərək soruşur: “Mənim ağıllı qızım, gözəl qızım, yenə nə üçün belə qəmlisən, gəzinti ürəyincə olmadı?” Qız yenidən atasının boynuna sarılıb, ceyranla bağlı hadisəni ona danışdı və əlavə etdi: “Ata, bilirsən necə gözəl ceyran idi, necə gözəl gözləri var idi!”. Şah gülümsündü: “Qəm yemə, mən bu saat əmr edərəm, o ceyranı tutub gətirərlər”. Şah əmr etdi: “Hey‐hey, igidlərim, atla‐nın, gedin, Almalı meşəsindəki xallı ceyranı tutub gətirin, ancaq elə edin ki, onun dırnağı da qanamasın”. İgidlər bir göz qırpımında atları minib, gözdən itdilər. Axşam şah qızını yanına çağırır. Şahzadə qız atasının yanına gələndə, gözlərinə inanmır. Həmin xallı ceyranı görür. Sevincini gizlədə bilmir, atasına təşəkkür edir və onun icazəsi ilə ceyranı öz bağçasına aparır. O gündən şahzadə qız qəmsiz, şən və mehriban yaşayır.