Telman Orucov
İrqçiliyin eybəcər sifəti
Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün
Dara-filosof
Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam
olmayanlara
bölünürlər
Boris Şapiro-alman fiziki və
şairi
İrqi ayrı-seçkilik kiməsə onun irqinə və etnik mənsubiyyətinə görə xüsusi
qaydada münasibət göstərməkdir. Bu neqativ fenomen daha çox irqçilik adlanır,
beynəlxalq dildə isə rasializm və ya rasizm kimi ifadə olunur. Bu termin adətən tam
ayrı-seçkilik kimi başa düşülür, bu isə digər sosial qruplara nisbətən bir xalqın
nümayəndələrinə ziyan vuran qaydada münasibət bəsləməkdir. İrqi ayrı-seçkilik çox
vaxt adamları yaşayış yeri ilə və işlə təmin etməkdə özünü büruzə verir və bu, müasir
cəmiyyətlərin əksəriyyətində qanunsuz hesab olunur, baxmayaraq ki, qanun
məhkəməsində bunu sübut etməyin özü də bəzi hallarda çətin olur. İrq özü növlərin
başlıca bioloji fərqlərə görə bölünməsidir, bu vaxt irqlər kimi tanınanların arasındakı
fərqlər onların özlərinin içərisindəki müxtəliflikdən guya xeyli çox olur, indi isə elm
bunun əksini sübut edir. Çox saydakı bitkilərin və heyvanların arasında irqin çox vaxt
yarımnövlərə bölünməsinin təsviri faydalı olduğundan, bu nöqsanlar az əhəmiyyətə
malikdir və ya insanın bioloji rəngarəngliyini təsvir etməkdə heç bir mənfi rol oynamır.
Bu ona görədir ki, bəşər müxtəlifliyi nümunəsi barədə söhbət əsasən qrup daxilindəki
fərqlilikdən gedir. Beləliklə, qruplar arasında aydın sərhədlər çəkmək, təsvir etmək
mümkün deyildir.
Bəşər irqləri konsepsiyası uzun vaxt bundan əvvəl müəyyən olunmasına və öz
mövcudluğunu davam etdirməsinə baxmayaraq, bu, heç də aktual kateqoriyalar
təsnifləşdirilməsinə malik deyildir. Qruplar arasındakı bioloji fərqlər, meydana gələn
əhalilərin izolyasiyasının nəticəsidir, lakin bəşər qrupları arasında əlaqələrin
olduğunun şəhadəti ən azı Orta Pleystosen dövründən (0,6 milyon il əvvəldən)
məlumdur. Son 500 il ərzində ticarətin, müstəmləkəçiliyin və sairənin genişlənməsi ilə
181
çox dərəcəli kontaktlar xeyli artmışdır. Növ birləşməsi daim birinin digərində
əriməsində getmişdir və əhalilər arasında bioloji fərqlər əhəmiyyətsiz olmaqla, daxili
müxtəlifliyə bənzəməyə başlamışdır. Ənənəvi «irqçi» təsnifatlar adətən dərinin və ya
saçın növü kimi zahiri əlamətləri vurğulayır, lakin digər genetik ayrı-seçkilik qan
qruplarına və ya enzim (ferment) fərqlərə münasibət bəsləməklə, ciddi olmayan, səthi
xüsusiyyətlərə əsaslanan klassik kateqoriyaların yaxın bir yoluna meyl edir.
1995-ci ildə “irq” anlayışı ümumiyyətlə elmi dövriyyədən çıxarıldı. Bu barədə
beynəlxxalq antropoloji konqress qərar verdi və onu amerikan antropoloji cəmiyyəti
bütünlüklə dəstəklədi. Olduqca sadə qaydada izah edidi ki, irq daxilindəki genom
fərqlər müxtəlif genlər arasındakı fərqlərdən daha güclüdür. Beləliklə, irq deyilən şey
əslində yoxdur.
İrqçilik sxemləri isə adətən bunu əsas götürür ki, irqlər reallıqdır, ancaq irq elə
bir konsepsiyadır ki, müxtəliflik nümunələrini cəmləşdirməkdə heç də faydalı olmaya
bilər və irqin tanınmasında istifadə edilən xüsusiyyətlər seçmə qaydada əslində neytral
əhəmiyyət daşıyır, beləliklə bənzərlik və fərqlilik dərəcələri təkamül qaydasındakı
qohumluqda özünü büruzə verir. Bu bir faktdır ki, genetik əlaqələr və mühitin təsiri,
oxşar mühitlər əks halda qohum olmayan qrupların arasında bənzər xüsusiyyətlərin
müstəqil təkamülünü seçə bilər. Əvvəlki təlimlər bunu əsas götürürdü ki, bioloji irqlər
aydın şəkildə ayrıla bilər və irqi qruplar təkcə zahiri xüsusiyyətlərə görə deyil,
həmçinin qabiliyyətdə və şəxsiyyətdə olan xüsusiyyətlərə görə fərqlənirlər. Müvafiq
olaraq bir çox cəhdlərin əksinə, əhalilər arasında qabiliyyət və ya xarakter cəhətlərinə
görə nə bioloji cəhətdən müəyyən edilmiş fərqlərin olmasının, nə də mədəni sistemlərin
və ya institutların bununla hansısa sıx əlaqəsinin mövcudluğunun heç bir sübutu
yoxdur.
Xristofor Kolumbun kəşfindən sonra müstəmləkəçilərin Şimali, Mərkəzi və
Cənubi Amerikalarda yerli aborigen xalqların qırğınını həyata keçirməklə, xüsusən
Mərkəzi və Cənubi Amerikadakı sivilizasiyaları məhv etmişdilər. Şimali Amerikada
əvvəcə hindulara qarşı əsl genosid siyasəti aparılmış, paralel olaraq quldarlıq geniş
yayılmışdı. 1850-ci ildə ABŞ-da qaradərili qulların sayı 4 milyon nəfərdən çox idi.
Amerikanlar təkcə quldarlığa rəvac vermirdilər, milyonlarla zənci uzun müddət
ərzində irqçilikdən də əzab çəkmişdi və bu rudimentlər hələ də özünü biruzə
verməkdədir. ABŞ-da Ku-kukls-klan, Linç mühakimələri, seqreqasiya artıq tarixin
arxivinə verilsə də, irqçilik təzahürləri yenə də baş verir, əsassız şübhəsinə görə polis
qaradərili vətəndaşı çəkinmədən güllə atəşi ilə öldürür.
Müstəmləkəçilər Afrikada da eyni siyasəti həyata keçirərək, qitənin qərb
sahilindəki ölkələrdən qul ticarətinə başlamış, Afrikadan 25 milyon zənci qul kimi
satılmaq üçün çıxarılmışdı. Qul ticarəti dövründə Amerikaya 20 milyon zənci
gətirilmişdi. Əlcəzairin 1962-ci ildə ilk prezidenti seçilmiş Əhməd Ben Bella yazırdı ki,
“1492-ci illə 1800-cü illər arasında 100 milyon afrikalı öldürülmüşdür. Bu vaxt Böyk
Britaniyanın əhalisi 3 milyon, İspaniyanınkı isə 11 milyon nəfər idi.”
Birləşmiş Ştatların əsasını təşkil edən koloniyalar və sonra yeni dövlətin özü,
xüsusən Cənub ştatları çox sayda zəncilər – qara qullar məskunlaşan diyara çevrilmişdi.
Quldarlığın saxlanmasına çalışan cənubluların ölkəni Vətəndaş müharibəsinə cəlb
etməsinin əsas səbəblərindən ən mühümü məhz onların bu mənafeyi olmuşdu.
182
Avropanın özündə isə həm də XV əsrdə antisemitizm güclənməyə başlamış, XV əsrdə
yəhudilərin İspaniyada təqibi və ölkədən qovulması geniş miqyas almış, bu işi ingilis
kralı I Eduard ondan iki əsr əvvəl, dəqiq deyilsə 1290-cı ildə öz ölkəsində həyata
keçirərək, bütün ingilisləri İngiltərədən qovmuşdu.
XIX əsrdə Afrikanın müstəmləkəçi dövlətlər arasında bölünməsi gedəndə
avropalıların yerli əhaliyə qarşı irqçilik siyasəti daha böyük səviyyədə həyata
keçirilmiş, qitənin ekvatordan cənubunda bu proses daha eybəcər şəkillər almaqla,
əslində genosid xarakteri daşımışdı. Belçika kralı II Leopoldun Konqoda (indiki Zairdə)
törətdiyi vəhşiliklər bu gün də ən dəhşətli xatirələr oyadır.
İkinci Dünya müharibəsi ərzində almanların və yaponların irqçilik zəminində
törətdikləri cinayətlər tarixin ən eybəcər səhifələrindən biridir. Almanların və
yaponların müharibənin başlanğıcındakı qələbələri onlara imkan vermişdi ki,
Avropada və Asiyada yeni qaydalar yaratsınlar. Hər iki ölkə bu yeni qaydaları ictimai
məqsəd üçün müsbət imic kimi təqdim etsələr də, təcrübədə hər iki dövlət tabe edilmiş
xalqlar üzərində olduqca rəhmsiz siyasət aparırdı. Natsistlər bir millətin digər millət
üzərində rasional üstünlüyü ideyasını irəli sürürdülər.
Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra özünün nifrətdən qidalanan
siyasətinə başladı, bütün müxalifəti əzdi. Narazı olanların hamısı, xüsusən
kommunistlər və sosial-demokratlar Almaniyadakı Daxay həbs düşərgəsinə
göndərilirdi. Burada onlar birbaşa öldürülməsələr də, hər cür işgəncələrə və əzablara
məruz qalırdılar. O, digər əsl almanlara xidmət göstərməyə çalışdığı kimi, düşmən
hesab etdiklərinə, məsələn, yəhudilərə qarşı ardıcıl tədbirlərə başladı. Əvvəlcə onlara
boykot elən edildi. Sonra isə Holokostun elementlərinə start verildi. Hitler öz irqçi
siyasətini adamlara təlqin etməyi də bacarırdı, axı almanlar onu Messiya hesab
edirdilər, o isə özünü Almaniyanın ağası kimi aparırdı. Lakin ilk irqçi addımlar
atılanda, Hitler özünü kənarda qoymağa çalışırdı, yəhudilərə qarşı olan tədbirlər natsist
partiyasının rəhbərliyinin adı ilə elan edilirdi.
1938-ci ilin martında Avstriyanın anşlyusundan və 1938-ci ilin sentyabrındakı
bədnam Münxen sazişi nəticəsində Sudet vilayətinin Çexoslovakiyadan qoparılıb,
Almaniyaya birləşdirməsinə görə almanlar Hitleri “qan axıtmayan general”
adlandırırdılar. Axı bu ilkin işğallara döyüş lazım olmamışdı. Ancaq irqçilik siyasəti
ardıcıl olaraq aparılırdı və Hitler təkcə 6 milyon yəhudinin qırılmasına görə deyil, II
Dünya müharibəsində on milyonlarla insanın məhv edilməsinə, əslində Avropada qan
dənizi yaratdığına görə məsuliyyət daşıyırdı.
Almanların Avropadakı qələbəsindən sonra isə natsist təbliğatçıları bütün
millətlər üçün «bərabər şanslara» əsaslanan yeni Avropa qaydasının və birləşmiş
iqtisadi icmanın parlaq imicini yaratmışdılar. Bu, Yeni Avropa Qaydası heç də birbaşa
Hitler konsepsiyası deyildi. O, özü Avropanın alman ağalığının tabeliyində olmaq üçün
sadə qaydada işğal etdiyini görürdü. O, bir dəfə demişdi ki, yalnız almanlar «real
olaraq Avropanı təşkil edə bilərlər».
Natsist imperiyası qərbdə La-Manş boğazından, şərqdə Moskvanın
ətraflarınadək uzanırdı. Bu imperiya heç bir vəchlə ardıcıl qaydada təşkil olunmamış və
ya səmərəli idarə olunmamışdı. Bəzi ölkələr – İspaniya, Portuqaliya, İsveçrə, İsveç və
Türkiyə neytral və imperiyadan kənarda olaraq qalırdılar. Almaniyanın müttəfiqləri –
183
İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və Finlandiya öz müstəqilliklərini
saxlayırdılar, lakin müharibə qızışdıqca özlərinin artan qaydada
məhdudlaşdırıldıqlarını görürdülər. Qalan Avropa isə əsasən bir ya iki yolla təşkil
olunmuşdu. Qərbi Polşa kimi bəzi ərazilər birbaşa Natsist Almaniyasına anneksiya
edilmişdi və alman əyalətləri sırasına daxil olmuşdu. Avropanın əksər işğal olunmuş
əraziləri isə alman hərbi və ya mülki qulluqçuları tərəfindən inzibati qaydada idarə
olunurdu, bu, natsistlərlə əməkdaşlıq edən rejimlərin birbaşa olmayan müxtəlif nəzarət
dərəcələri ilə birləşirdi. İşğal olunmuş Avropadakı müxtəlif idarələrin hakimiyyətinin
rəqabət aparan xətləri alman işğalını qeyri-səmərəli edirdi.
İrqi baxışlar Natsist Yeni Qaydasında işğal edilmiş xalqlara necə münasibət
bəslənməsində mühüm rol oynayırdı. Alman mülki inzibatçılığı Norveçdə,
Danimarkada və Niderlandda qurulmuşdu, çünki natsistlər hesab edirdilər ki, bu
xalqlar aridirlər, irqi cəhətdən almanlara qohumdurlar və ona görə də daha yumşaq
münasibətə layiqdirlər. İşğal edilmiş fransızlar kimi aşağı latın xalqları isə hərbi
inzibatçılığa həvalə edilmişdi. 1943-cü ildən başlayaraq natsistlərin itkiləri artdıqca,
şimali və qərbi Avropanın bütün işğal edilmiş əraziləri Almaniyanın müharibə
ehtiyacları üçün mal və işçi qüvvəsi əldə edilməsindən ötəri rəhmsizcəsinə istismar
edilirdi.
Nasistlər həm də ari irqi üçün planlar cızırdılar. Şərqdə işğal edilmiş torpaqlar
alman ekspansiyası üçün yaşayış məkanı olduğuna və natsistlərin gözündə aşağı
sayılan slavyan xalqları tərəfindən məskunlaşdığına görə, Natsist inzibatçılığı bu
ərazilərdə xeyli dərəcədə daha rəhmsiz idi. Burada gedən müharibə də almanların
Qərbdə apardıqları müharibədən çox fərqlənirdi. Hitler 1941-ci ilin noyabrında
hərbçilərin müşavirəsində demişdi ki, Şərqdə ərazilərin işğalı onların sakinlərinin məhv
edilməsi ilə müşayiət olunmalıdır. Burada qəddarlıq xüsusilə vacibdir. O, bu sərsəm
ideyasını əsaslandırmaq üçün qeyd edirdi ki, biz onları məhv etməsək. kommunistlər
otuz il sonra yenə baş qaldıracaqlar.
Hitlerin irqçi ideyası və ari irqi üçün nəzərdə tutduğu imperiyasından ötəri
planları ondan ötəri elə əhəmiyyətli idi ki, özünün rəhbərliyi altında natsistlər irqçi
proqramlarını Polşa işğal edildikdən sonra tezliklə həyata keçirməyə başladılar. Henrix
Himmler Nasist irqi ideologiyanın möhkəm tərəfdarı və SS lideri olduğundan, onun
üzərinə Şərqdə almanların məskunlaşdırılması planlarını həyata keçirmək vəzifəsi
qoyuldu. Himmlerin vəzifəsi aşağı slavyan xalqlarını özlərinin doğma torpaqlarından
köçürmək və onların yerində almanları yerləşdirmək idi. Bu siyasət əvvəlcə Qərbi
Polşadakı torpaqlarda yaradılan yeni alman əyalətlərində tətbiq olundu. Bir milyon
polyak yurd-yuvalarından məhrum edildi və onlar cənubi Polşada istismar edildilər.
Yüz minlərlə etnik almanlar (xeyli illər əvvəl Almaniyadan Avropanın cənubunun və
şərqinin müxtəlif hissələrin miqrasiya etmiş almanların törəmələri) Polşadan kəsilmiş
ərazilərdə məskunlaşmağa həvəsləndirildilər. 1942-ci ildən 2 milyon alman etnik
mənşəli adam Polşada məskunlaşdı.
Sovet İttifaqına müdaxilənin əhəmiyyəti natsistlərin gözündə şərqdə
məskunlaşma niyyəti ilə şişib böyüyürdü. Hitler özünün yaxın ətrafına müharibədən
sonra baş verəcək sosial dəyişikliklərin nəhəng layihəsindən danışmışdı, bu layihəyə
görə polyaklar, ukraynalılar və digər sovet adamları qul şəklindəki işçi qüvvəsinə
184
çevriləcək və alman kəndliləri bu geniş torpaqlarda məskunlaşmaqla, onları da
almanlaşdıracaqdı. Natsistlər belə planlaşmaya bəşər dəyərlərindən agah olduqlarını
daxil edirdilər. Himmler SS zabitlərinin toplaşdığı yığıncaqda demişdi ki, baxmayaraq
ki, Almaniyanın Şərq planı üçün 30 milyon slavyanın məhv edilməsi əsas şərtidir, «bu
millətlərin rifahda və ya ölümcül aclıqda yaşaması mənə yalnız ona görə maraqlıdır ki,
biz onlara öz mədəniyyətimiz üçün qul kimi möhtacıq. Başqa cür isə onlar bizim üçün
heç bir maraq kəsb etmir».
Natsist Yeni Qaydası iqtisadi cəhətdən işğal edilmiş Avropanın resurslarının
rəhmsizcəsinə istismar edilməsi demək idi. Şərqi Avropada iqtisadi istismar birbaşa
olmaqla sərt idi. Almanlar xammalları, maşınları və ərzağı ələ keçirir, yerli xalqları
yalnız öz tabelik səviyyəsini daşımağı saxlamaqla kifayətlənmək vəziyyətində
qoyurdular. Hərbi ehtiyatlar və vacib xammallar açıqca götürülürdü. Natsist siyasəti
ciddi ərzaq, paltar və sığınacaq kasadlığı yaratdığından, çox sayda avropalı dəhşətli
qaydada əzab çəkirdi.
Almaniyada işçi qüvvəsinin çatışmaması bu ölkə üçün əcnəbi zəhmətkeşlərin
rəhmsizcəsinə səfərbər edilməsi siyasətinə aparıb çıxarmışdı. Sovet İttifaqına
müdaxilədən sonra almanlar tərəfindən əsir götürülən 4 milyon sovet əsgəri ağır
əməyin başlıca mənbəyinə çevrildi, onlardan pis istifadə olunduğundan 3 milyon nəfəri
baxımsızlıqdan öldü. 1942-ci ildə alman fermaları və sənaye müəssisələri üçün işçi
qüvvəsi toplamaq məqsədilə xüsusi iradə yaradıldı. 1944-cü ilin yayından 7 milyon
əcnəbi fəhlə Almaniyada işləyirdi və bu, ölkədəki işçi qüvvəsinin 20%-ni təşkil edirdi.
Həmin vaxt digər 7 milyon fəhlə öz ölkələrindəki fermalarda, sənaye müəssisələrində
və hətta hərbi düşərgələrdə işləməyə cəlb edilmişdi. Məcburi əmək çox hallarda qeyri-
məhsuldar olurdu. Ona görə də işğal edilmiş ölkələrdə iqtisadi xaos yaranırdı və
Almaniyaya kömək etməli ola bilən sənaye məhsullarını dağıdırdı. Alman işçi qüvvəsi
toplamaq siyasətlərinin qəddar xarakteri bəzən hətta almanların özü üçün pis olmaqla,
getdikcə daha çox adamların natsist işğal qüvvələrinə müqavimət göstərməsinə səbəb
olurdu.
Avropanın yəhudi əhalisinin kökünü kəsmək niyyəti Nasist Yeni Qaydasının ən
dəhşətli cəhəti idi. Hitler ideologiyasında irqi mübarizə açar elementi rolunu oynayırdı
və əvəzində ona açıq müxalifət münaqişəsini meydana gətirirdi. Guya bəşər mədəni
inkişafının yaradıcıları olan ariləri məhv etməyə çalışan parazitlər hesab edilən
yəhudilərə qarşı Nasist partiyasının 1922-ci ildəki yığıncağında Hitler bəyan etmişdi ki,
«Burada heç bir kompromiss ola bilməz – yalnız iki mümkün olan cəhət vardır: ya
arilərin qələbəsi və ya arilərin məhv edilməsi və yəhudilərin qələbəsi». Baxmayaraq ki,
Hitler sonralar partiyası parlamentə seçilmək üçün kütlənin seçki səsinin uduşuna
çalışanda öz antisemit mesajının tonunu xeyli aşağı salmışdı, ancaq 1933-cü illə 1939-cu
il arasında yəhudilərə qarşı qanunvericilik aktları dalğası meydana gəldi.
1939-cu ildə Natsist siyasəti diqqəti alman yəhudilərinin «mühacirətinin» inkişaf
etdirilməsinə yönəltdi. Elə bu vaxt Hitler Avropa yəhudiliyi barədə ümumi
xəbərdarlıqlar etdi. 30 yanvar 1939-cu ildə Almaniya Reyxstaqına müraciət etdikdə,
bəyan etdi ki: «Mən bəzən həyatda peyğəmbər oluram və buna ümumən gülürəm.
Hakimiyyət uğrunda mənim mübarizəm ərzində yəhudilər mənim bir gün dövlətin
liderliyini əldə edəcəyim barədəki peyğəmbərliyimi istehzalı gülüşlə qarşıladılar və
185
bütün xalqın köməyi ilə digər çox şeylərin arasında yəhudi problemini də həll etməyə
nail oldum… Bu gün mən yenidən peyğəmbər ola bilərəm: əgər Avropa daxilindəki və
xaricdəki beynəlmiləl yəhudi maliyyəsi bir daha xalqları dünya müharibəsinə salmaqda
uğur qazansa, onda nəticəsi dünyanın bolşevikləşməsi olmamaqla, yəhudiliyin
qələbəsi, yaxud da əksinə, Avropada yəhudi irqinin məhv edilməsi olacaqdır». Bu bir
başa həmin xalqın genosıidinə çağırış idi, baxmayaraq ki, bu ifadənin özü hələ
dövriyyədə deyildi.
“Genosid” (“xalqın qətli”) termini 1943-cü ildə əvvəlcə Polşada, sonra isə ABŞ-da
hüquqşünas işləmiş yəhudi mənşəli Rafael Lemkin tərəfindən icad edilmişdir. Bu
termin bütöv xalqın və ya onun bir hissəsinin məqsədyönlü qaydada məhv edilməsi
mənasını verir. Natsistlərin yəhudilərə qarşı həyata keçirdiyi genosid həqiqətən də bu
xalqı kökündən məhv etmək məqsədini güdürdü və Hitler bunu heç də gizlətmirdi.
Miqyasına görə də yəhudi genosidi- Holokost tarixdəki bu qəbildən olanlarla
müqayisəyə sığmır. Təəssüf ki, həmin termin bəzən düşmənçiliyi qızışdırmaq silahı
kimi istifadə olunur. Bir yüzilliyə bərabər dövr keçdikdən sonra da öz xalqının faciəli
taleyini hökmən genosid kimi qələmə verməyə çalışanlar, bu ifadənin istismarı ilə
bütöv bir xalqı az qala mənəvi çarmıxa çəkmək məqsədindən uzaqlaşmaq istəmirlər.
Mühitin, dövrün nəzərə alınmaması iddianin qum üstündə qurulduğuna dəlalət
etməklə, genosidin vəhşilik təbiətini də devalvasiyaya uğradır.
Hitler bu vəzifəni qoyan dövrdə mühacirət hələ də ən əlverişli siyasət idi. 1939-
cu ildə müharibə başlayanda yəhudi problemi adlanan məsələ yeni ölçülər aldı. Misal
üçün, Madaqaskar planı müzakirə edilirdi, ona görə yəhudilərin kütləvi qaydada
Afrikanın şərq sahillərindən kənarda yerləşən Madaqaskar adasına göndərilməsi
nəzərdə tutulurdu. Hərbi kontingent bu planı həyata keçirilməyən etsə də, hətta daha
ciddi təsir göstərə bilən siyasət üsulları barədə düşünülürdü.
Henrix Himmler və SS təşkilatı Adolf Hitlerin irqçi ideologiyasına yaxından
şərik idi. Yəhudi probleminin həllində natsistlər Son Həll adlanan işi məhz SS-ə həvalə
etmişdilər. Bu, yəhudi xalqının məhv edilməsi demək idi. Son Həll üçün SS-in mühafizə
xidməti isə inzibati məsuliyyət daşıyırdı. Onun başçısı Raynhard Heydrik əmr etmişdi
ki, yaratdığı xüsusi zərbə dəstələri bütün Polşa yəhudilərini həbs etməklə, onları
müxtəlif polyak şəhərlərində qurulmuş bir çox gettolarda cəmləsinlər.
1941-ci ilin iyununda həmin dəstələr mobil qətl birlikləri kimi yeni səlahiyyət
aldılar. Bu SS ölüm briqadaları Sovet İttifaqının içərilərinə irəliləyən nizami ordunun
arxasınca gedirdi. Onların işi yəhudiləri öz kəndlərində həbs edib, edam etmək və
həmin ölüləri kütləvi qəbirlərdə dəfn etmək idi. Bəzən bu bədbəxt qurbanların cəsədi
güllələnilməmişdən qabaq özlərinin qazdıqları nəhəng çalada basdırılırdı. Bu ölüm
briqadalarının başçılarından biri əməliyyatı necə apardıqlarını belə təsvir edir:
«Bu vəzifə üçün seçilmiş hərbi dəstə kəndə və ya şəhərə girib, mötəbər yəhudi
vətəndaşlarına əmr etməli idilər ki, bütün yəhudiləri guya yeni məskunlaşma
məqsədilə toplasınlar. Onlardan tələb edilirdi ki, özlərinin qiymətli şeylərini bu
dəstələrin başçılarına versinlər və edamdan bir az əvvəl üst paltarlarını soyunsunlar.
Kişilər, qadınlar və uşaqlar çox hallarda güllələnmədən əvvəl tank əleyhinə qazılmış
dərin xəndəyin yanına - qırğın yerinə gətirilirdilər. Sonra onlar diz və ya ayaq üstə
olmaqla güllələnirdilər və cəsədləri xəndəyin içinə atılırdı.”
186
Belə müntəzəm qətllər SS cəlladları arasında mənəvi problemlər yaradırdı. Axı
belə dəhşətli faciələr onu bilavasitə icra edənlərin hamısının vicdanını tamamilə
susdura bilməzdi. Alman əsgərləri bütünlüklə vəhşilərə çevrilə bilməzdi. Onların da
arasında bu eybəcərliyi qəbul etməyənlər ola bilərdi. Belələrinin də vicdanını yatırtmaq
lazım gəlirdi. Belorusiyanın paytaxtı Minskə səfəri ərzində SS lideri Himmler mənəvi
canlanmanı əldə etməyə çalışmaqla, bunu qeyd etmişdi ki, «əgər almanlar belə şeyi
sevinclə görsələr, bu onlara xoş gəlməyəcəkdir. Lakin onların vicdanına heç cür xətər
toxunmayacaqdır, çünki onlar əsgərdilər və əmrləri qeyd-şərtsiz yerinə yetirməlidirlər.
O, (alman əsgəri-müəllif) baş verən hər bir şey üçün yalnız Allah və Hitler qarşısında
cavabdehliyə malikdir… və o, bu əməliyyatın zəruriliyini dərindən başa düşməklə
hərəkət etmişdir».
Baxmayaraq ki, həmin ölüm dəstələri tərəfindən sayı 1 milyon olan yəhudi
öldürülmüşdü, lakin yəhudi probleminin həllinə bu yanaşma tezliklə adekvat olmayan
şəkil aldı. Bunun əvəzinə natsistlər Avropanın yəhudi əhalisinin xüsusi tikilmiş ölüm
düşərgələrində ardıcıl olaraq məhv edilməsi yolunu seçdilər. Plan çox sadə idi.
Almaniyanın işğal etdiyi ərazilərdən ( və ya Almaniyaya rəğbət bəsləyən ölkələrdən)
yəhudilər həbs edilməli və qaramal sürüsü kimi yük vaqonlarına doldurulub Polşaya,
buradakı həmin məqsədlə tikilmiş altı qırğın mərkəzinə gətirilməli idi. Onlardan ən
böyüyü və daha çox biabırçı şöhrətə malik olanı Auşvits-Birkenau idi (Sovet və sonrakı
rus ədəbiyyatında bu düşərgə daha çox yerin polyak adı olan Osventsim kimi tanınır).
Bu düşərgələrin tikintisinə T-4 proqramı ekspertləri texniki kömək göstərmişdilər,
həmin təşkilat isə 1938-ci illə 1941-ci il arasında Almaniyada ruhi və fiziki nöqsanlarına
görə irqi cəhətdən yararsız hesab edilən 80 min nəfərin məhv edilməsinin məsuliyyətini
daşıyırdı. Bu təcrübəyə əsaslanaraq tibb texnikləri B siklonunu (bu, hidrogen sianidin
kommersiya üçün olan adıdır) qaz kameralarında böyük sayda adamı sürətlə öldürmək
üçün daha səmərəli olan qaz kimi seçmişdilər. Bu qaz kameraları duş otaqlarına
bənzəyirdi və qurbanların böyük sayda öldürülməsini asanlaşdırırdı. Qaz verildikdən
sonra ölü cəsədləri bu məqsədlə tikilmiş krematoriyalarda yandırılırdı.
Son Həll üçün ümumi tədbirlər barədə natsist partiyasını və dövlət
qulluqçularının məlumatlandırmaq üçün Berlin yaxınlığındakı Vanzayda 20 yanvar
1942-ci ildə keçirilən konfransda Raynhard Heydrix «yəhudi məsələsini həll etmək»
üçün bu vaxt atılacaq yeni addımların konturlarını söyləmişdi. O, bu yolla Avropadakı
Son Həllin praktiki vasitəsinin “yəhudiləri qərbdən şərqədək darayacağı xəttinin» necə
olacağını izah etdi. Onlar « tranzit gettolar adlananlara ən uzaq şərqdən belə, qruplarla
daşınıb” gətirilməlidir.
1942-ci ilin yazından ölüm düşərgələri artıq fəaliyyətdə idi. Əvvəldən prioritetlik
Polşa gettosunun ləğvinə verilməsinə baxmayaraq, yaydan etibarən yəhudilər
Fransadan, Belçikadan və Niderlanddan gətirilirdilər. 1943-cü ildə burada paytaxt
şəhərləri olan Berlindən, Vyanadan və Praqadan, həmçinin Yunanıstandan, cənubi
Fransadan, İtaliyadan və Danimarkadan gətirilən yəhudilər var idi. 1944-cü ildə
Müttəfiqlər xeyli irəliləyiş əldə edəndə də Yunanıstandan və Macarıstandan yəhudilər
hələ də ölüm düşərgələrinə daşınırdı. Böyük hərbi ehtiyaclara baxmayaraq, yəhudiləri
ölüm düşərgələrinə daşımaq üçün dəmir yolu vaqonlarından istifadədə Son Həll
187
prioritet əhəmiyyətə malik idi. Hətta yəhudilərdən silah istehsalında istifadə edilməsi
kimi hərbi arqument də, onların kökünün kəsilməsi tələbi sayəsində rədd edilirdi.
Yəhudilər altı ölüm düşərgəsinə gəlib çıxanda onları əzabverici təcrübələr
gözləyirdi. Auşvits-Birkenaunun komendantı Rudolf Hess bunu belə təsvir edir: «Biz
dustaqları daşıyan nəqliyyatın gəlişini yoxlamağa borclu olan iki SS həkiminə malik
idik. Dustaqlar bir-bir həkimlərin qarşısında addımlamalı idilər, gəzişəndə həkimlər
onların eyibləri barədə qərar verməli idilər. İşə yarayanlar düşərgənin içərisinə
göndərilirdi. Digərləri isə birbaşa ölüm fabriklərinə aparılırdı. Yeniyetmə yaşında olan
uşaqlar işləməyə qadir olmamalarına görə fərqinə varmadan məhv edilirdilər.
Auşvitsdə biz qurbanları bu fikrə düşmək üçün aldatmağa başlamışdıq ki, onlar
müəyyən yoxlama prosesindən keçməlidirlər. Əlbəttə, çox vaxt onlar bizim həqiqi
niyyətimizi anlayırdılar və biz həmin faktı yerinə yetirmək üçün bəzən buntlarla və
çətinliklərlə üzləşirdik».
Auşvitsə gələnlərin 30 faizə yaxını əmək düşərgələrinə göndərilirdi, qalanları isə
qaz kameralarına yollanırdı. Onlar qazla boğulub öldürüldükdən sonra, bədənlər
krematoriyada yandırılırdı. Qurbanların malları və hətta onların bədənləri iqtisadi
fayda götürmək üçün istifadə edilirdi. Qadınların saçları qırxılır, yığılıb döşəyə və ya
parçaya çevrilirdi. Bəzi sakinlər həmçinin qəddarcasına və ağrılı «tibbi»
eksperimentlərə məruz qalırdılar. Almanlar 5-6 milyon arasında yəhudi öldürmüşlər,
onların 3 milyondan çoxu ölüm düşərgələrində həyatla vidalaşmışdır. Polşanın, Baltik
ölkələrinin və Almaniyanın yəhudilərinin faktiki olaraq 30 faizi məhv edilmişdi.
Bütövlükdə, Holokost hər üç Avropa yəhudisindən ikisinə yaxınının ölümünə görə
məsuliyyət daşıyır. Ona görə də Holokost dünya tarixində ən dəhşətli hadisələrdən biri
hesab olunur.
Holokostun digər növləri də mövcuddur. Natsistlər gülləməklə, ac qoymaqla və
ya taqətdən salan bir zəhmətə cəlb etməklə ən azı 9-dan 10 milyona qədər adamın
qəsdən ölümünə görə də məsuliyyət daşıyırlar. Çünki natsistlər həmçinin Avropa
qaraçılarını, yəhudilər kimi yad qan daşıyan irq hesab edirdilər, kökləri kəsilmək üçün
onlar ardıcıl olaraq həbs edilirdilər. Avropanın 1 milyon qaraçısından 40 faizə yaxını
ölüm düşərgələrində öldürülmüşdü. «İnsan olmayan» slavyan xalqlarının aparıcı
elementləri – keşişlər, ziyalılar, mülki liderlər, hakimlər, hüquqşünaslar və
kommunistlər həbs edilir və qəsdən öldürülürdülər. Güman edilir ki, üstəlik, 4 milyon
nəfər polyak, ukraynalı və belorus öz həyatlarını natsist Almaniyası üçün qul əməyi
nəticəsində itirmişlər və ən azı 3-dən 4 milyonadək sovet müharibə əsirləri əsirlikdə
öldürülmüşdülər. Nasistlər həmçinin homoseksualistləri təqib etmək üçün seçirdilər.
Onlardan minlərlə adam həmçinin həbs düşərgələrində həyatlarını itirmişdilər.
Natsistlər yəhudilərin Holokostunu həyata keçirməklə tarixdə görünməmiş bir
cinayət, əsl vəhşilik nümayiş etdirmişdilər. Lakin bu, başqalarının da günahını ört-
basdır etməməlidir. Bəzi xalqlar da öz mövqeyi və ya laqeydliyi ilə bu cinayətin
törənməsinə əslində kömək etmişlər. Məsələn, polşalılar özlərini Holokostun “lal
şahidləri” hesab edirlər, lakin bu heç də belə deyildir. Holokost baş verən dövrdə yüz
min polyak qarətçilərə çevrilmişdi. Axı Polşada yaşayan üç milyon yəhudinin əmlakı
heç də qeybə çəkilməmişdi, praktiki olaraq bütünlüklə qarət edilmişdi. Bu əmlakın
yalnız kiçik, ən qiymətli hissəsi Almaniyaya çatmışdı, qalan hər şeyi isə polyaklar
188
mənimsəmişdilər. Yəhudi dustaqlar cərgə ilə küçədə addımlayanda, onları müşahidə
edən polyak avaralar qışqırırdılar: “ Ayaqqabılarınızı bizə verin, onsuz da sizə lazım
olmayacaqdır.”
Hələ 1939-cu ilin sentyabrında Polşadakı varlı yəhudilər öz mülkiyyətlərinin
müsadirə edilməsindən qorxaraq, daşınmaz əmlaklarını, fabriklərini və dükanlarını
etibar etdikləri polyakların adına keçirirdilər. Bunların hamısı həmin adamlar
tərəfindən qəsb edildi. Yəhudi əmlakının mənimsənilməsi həmçinin, hər şeyin çörəyə
dəyişildiyi qara bazarda gedirdi, boşalan yəhudi məhəllələrində, ləğv edilən gettolarda,
həmçinin ölkənin iki şəhərində törədilən qırğınlarda baş verirdi.
Hər yerdə ölümün, müharibənin və dağıntıların hakim kəsildiyi dövrlər həm də
ciddi mənəvi pozğunluq əmələ gətirirdi. Yəhudilər əleyhinə banditizmin qanuniləşməsi
adamlarda soyğunçuluq yanğısı oyadırdı. Müharibəyə qədərki Polşa, kənd yoxsulluğu
və savadsızlıq diyarı idi. Cəmiyyətin düşkünlüyü və yoxsulluq polyak antisemitizmi
üçün qidalı mühitə çevrilmişdi. Holkostun eybəcər cinayəti isə onun iştirakçılarının
könlünü murdarlamışdı.
Rəhmsiz müharibənin gedişində baş verən milyonlarla insanın genosidi bütün
iştirakşıların və şahidlərin mənəvi orientirlərini dağıdırdı. Bu vəhşilik teatrından heç
kəs təmiz çıxmırdı, heç günahsız çıxan da yox idi.
Sionist hərəkatı da bu qırğının qarşısını almaq naminə elə bir səy göstərmirdi.
Onun rəhbərliyinə Holokost 1942-ci ildən məlum idi. Bu vaxt almanlar Polşadan
Britaniya-Fələstin vətəndaşlığına malik olanların birinci qrupunu Fələstinə buraxmışdı.
İsrailin tanınmış dövlət xadimi Şimon Peres Avropadaki yəhudi diasporasının taleyi
barədə sonralar tam soyuqqanlıqla demişdi: “Biz onların necə yaşadıqları ilə
razılaşmadığımız kimi, onların necə ölməsi ilə də razı deyildik.” Fələstin yəhudiləri öz
məhv edilən qardaşlarından daha çox, gələcəkdə quracaqları müstəqil yəhudi dövləti
barədə düşünürdülər. Holokostdan isə sionistlər 1948 ci- ildə meydana gələn İsrail
dövlətini yaratmaq üçün ən tutarlı və təkzib olunmaz bir arqument kimi istifadə etdilər.
Çünki əsrlərlə dünyaya səpələndikdən sonra Fələstində qədim dövlətlərini bərpa
etməyi, yeni dövlət yaratmağı sionistlər özlərinin müqəddəs vəzifəsi hesab edirdilər.
İkinci Dünya müharibəsinin faciələri bu məqsədi həyata keçirməyə əlverişli şərait
yaratdı. Bəlkə də Hitler, onun törətdiyi Holokost olmasaydı, yəhudilərin qədim
arzularının zəfər çalmasına beynəlxalq qüvvələr belə yaxından kömək göstərməzdi,
yeni İsrail dövləti belə tezliklə qurulmazdı.
Ona görə də Holkostun günahı hamının üzərində qalır, bu heç də alman
qatillərinin misilsiz cinayətini kiçiltmək cəhdi sayılmamalıdır. Onu yaddan çıxarmaq
olmaz ki, ölümə məhkum olanlar əslində tam təklikdə qalmışdılar, bütöv bir xalqın
aqoniyasına hay verən, ən azı mənəvi kömək əli uzadan da yox idi. Bədbəxtlikdən həm
də natsist cinayətkarları ona nail olmuşdular ki, bütün dünya bu cinayətə
səhlənkarcasına və laqeydliklə yanaşsın.
Holkosta görə hamı günahkardır, bir hissə öz əməlinə görə, digər hissə isə
fəaliyyətsizliyinə görə. Qoy günahkarlar özünə haqq qazandırmağa çalışmasın.
Natsistlərin cəlladlığına dolayısı ilə kömək edənlər də var idi. İsveçrə bankları
yəhudilərin qızıl dişlərini amerikan və ingilis valyutalarına dəyişirdilər. Vatikan
189
müharibədən sonra Hitler canilərinin Cənubi Amerikaya qaçması üçün “vatikan yolu”
təşkil etmişdi.
Yəhudilərin acı taleyini, natsistlərin bu ağlasığmayan cinayətini anlamaq
vacibdir. Ona görə anlamaq lazımdır ki, bu dəhşət bir daha təkrar olumasın.
Yaponlara gəldikdə, işğal edilmiş Avropadakı alman əsgərləri kimi, yapon hərbi
qüvvələri də özlərinə tabe olan xalqların həyatına bəzən olduqca çox az rəhm
bəsləyirdilər. Çində 1937-ci ildə Nankini işğal etdikdə yapon əsgərləri bir neçə günü
qətllərlə, qadınları zorlamaqla və qarətlə məşğul oldular. İkinci Dünya müharibəsi
illərində demək olar ki, 800 min koreyalı dənizin o tərəfinə göndərildi, onlardan çoxu
Yaponiya üçün məcburi işləməyə cəlb edildi. On minlərlə koreyalı qadın yapon
qoşunları üçün «rahatlıq qadınları» (fahişələr) kimi xidmət etməyə məcbur edilirdi.
Avropada isə işğal edilmiş ərazilərdə qadinlarin, qızlarin alman əsgərləri tərəfindən
zorlanması halları çox idi. Bəzən isə yerli qadınlar əsasən ehtiyacın təzyiqi ilə alman
zabitləri ilə intim yaxınlıq edirdilər. Fransada onları “uzanıqlı kollaboratsionistlər”
adlandırırdılar və Paris azad edildikdən sonra xəyanətlərinə görə bir cəza növü kimi
belə qadınların başlarını qırxırdılar. Beləliklə onların işğalçılara göstərdiyi “xidmətin”
şərəfsizlik əlaməti hələ xeyli müddət özünü biruzə verməkdə davam edirdi.
Müharibənin bədbəxtliklərinin təzahürü isə saysız-hesabsızdır. Müharibə illərində
təkcə torpaq, insanlar əsir düşmür, düşmənin ələ keçirdiyi ərazilərdə qızlar, qadınlar
ismətlərini itrmək məcburiyyətində qalırlar, bundan hansısa bir xilas imkanı tapa
bilmrlər. Bəzi hallarda ölüm dəhşətlərdən, əzablardan, namussuzluqdan son xilas yolu
kimi çıxış edir, şairin ifadəsilə desək ən sədaqətli dost rolunu oynayır.
Yaponlara gəldikdə, onlar öz hərbi cəhdlərinə kömək məqsədilə əsirlərdən, həm
də yerli adamlardan işçi qüvvəsi kimi ekstensiv qaydada istifadə edirdilər. 1943-cü ildə
Birma–Tailand dəmir yolu tikiləndə, misal üçün, yaponlar 61 min avstraliyalı,
britaniyalı və holland əsirlərindən, həmçinin demək olar ki, Birmadan, Malayyadan,
Tailanddan və Holland Şərqi İndiyalarından olan 300 min fəhlədən istifadə etmişdilər.
Dəmir yolun tikintisi başa çatandan sonra Müttəfiq qoşunlarından olan 12 min əsir və
90 min yerli fəhlə adekvat olmayan pəhrizdən və qeyri-sağlam iqlimin dəhşətli
şəraitindən ölmüşdülər.
İrqçiliyin törətdiyi dəhşətli cinayətlərin qısaca tarixçəsi onun gizləndiyi maskanı
yırtaraq, eybəcər sifətinin bütün cəhətlərini nümayiş etdirir. İrqçiliklə mübarizə heç
vaxt kəsilməməlidir, onun ən xırda təzahürünün qığlcımı hələ alovlanmağa macal
tapmamış söndürülməlidir.
İrqçilər təkcə ayrı-ayrı xalqlara deyil, bütün bəşəriyyətə qarşı ağır cinayətlər
işlədirlər və onlar adekvat cəzaya layiqdirlər. Bu cəzanı isə göylərdən ummaq
ağılsızlıqdır, dünyada insanlığı qoruyub saxlamaq istəyənlər birləşib, öz iradələri və
qüvvələri ilə Hitler natsizminə, yapon militarizminə və ya XX əsrin son rübündə
Cənubi Afrika Respublikasında aparteid siyasəti aparanlarına qarşı olan kimi uğurlu və
qəti cavab verməlidirlər. XX əsrin son rübündə CAR-dakı aparteidə, yerli zənci əhaliyə
qarşı zülmə dünyanın əksər ölkələri öz etiraz səsini qaldırdı. 1994-cü ildə ilk qara
adamın- Nelson Mandelanın prezident seçilməsi ilə bu dəhşətlərə əsasən son qoyuldu,
təkcə ağlar üçün deyil, bütün vətəndaşlar üçün demokratik respublika yaradıldı. Lakin
qara dərili əhaliyə edilən zülm, vəhşiliklər, təqiblər heç də izsiz qalmamışdır. Son
190
vaxtlarda Cənubi Afrika Respublikasını avropalılara qarşı ksenofobiya dalğası
bürümüşdür.
Əlbəttə, irqçilik bütünlüklə sıradan çıxmamışdır. İrqçilik kabusu dünyanı
dolaşmaqda davam edir. Antisemitizm təzahürləri də az deyildir. Avropanın bəzi
yerlərində yəhudiləri real təhlükə hədələyir. Bir sıra şəhərlərin küçələri yəhudiləri
ovlama məkanına çevrilmişdir, ona görə də bəzi yəhudilər qorxudan icma təşkilatlarına
və sinaqoqalara getməkdən çəkinir, hətta evindən kənara çıxmaqdan qorxurlar. ABŞ-da
irqçi polis zənciləri uydurma səbəb əsasında öldürür. Öz irqinin üstünlüyü barədə
şişirdilmiş hiss bir qayda olaraq əks tərəfdə cəmiyyətin aşağı təbəqələrinə xüsusilə
güclü nüfuz edir, marginalların və lümpenlərin şüurunda daha acı cücərtilər meydana
gəlir. ABŞ- dakı etiraz nümayişlərində irqçilik zəminindəki reliktlər yenə də özünü
biruzə verir, afro -amerikanlar mübarzə vasitəsi kimi vandalizmə də əl atırlar. Həm də
bəzi adamlarda, təəssüf ki, “fantom irqçilik” qalmaqda davam edir.
İrqçilər hökmən Assuriya çarı Sardanapalın taleyini yaşamalıdırlar. Düşmən
qoşunları tərəfindən mühasirəyə alınan və sağ qalacağına ümidini itirən Sardanapal
əmr etmişdi ki, onun hərəmxanasında olan qadınlar və özünün çox qiymətli atları
onunla birlikdə ölümə yollanmalıdırlar. Gecə mühafizəçilər çarın gözü qarşısında
xəncər zərbəsi ilə hərəmləri və atları öldürdülər. Sardanapal öz iyrənc xarakterinin
şıltaqlığına bu yolla son təsəlli tapmaq istəyirdi, lakin onun qəddarlıqdan və
vəhşilikdən xəbər verən şərti də özünün quduz həyatını qoruyub saxlamağa kömək
edə bilməzdi.
Sardanapalın üz döndərən taleyini, onun həyatının dramatik son anlarını dahi
ingilis şairi lord Corc Qordon Bayron qələmə almış və böyük fransız rəssamı Ejen
Delakrua şairin versiyasına əsaslanaraq özünün məşhur «Sardanapalın ölümü»
tablosunu yaratmışdır. Bu rəsm əsərində çarın gözləri qarşısında mühafizəçi hərəm
qadınlarından birinin kürəyinə xəncər soxmaqla onu öldürür. Digər hərəmlər və atlar
da belə dəhşətli sonluqlarını gözləyirlər. Lakin bu qurbanlar dəstəsi də Sardanapalın
həyatını xilas edə bilmir. Hər bir irqçi də Sardanapalın taleyini yaşayacağını
unutmamalıdır. Tək irqçi liderin özü deyil, onun əlaltıları və bu cinayətlərdə ona
xidmət edənlərin hamısı qanun əsasındakı ədalətli cəzadan yaxa qurtara bilməməlidir.
Əlbəttə bu bəşəriyyətin irqçilik kimi mənfur cinayət üzərində tam qələbəsi olardı. Axı
tarix ərzində bəşəriyyət ona ləkə gətirən çox sayda qüsurları ilə vidalaşmağı
bacarmışdır, irqçilik kimi eybəcərliyə də son qoyula bilər. Bu ümid isə nikbinlik hissləri
oyatmaya bilmir.
SON
Dostları ilə paylaş: |