Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə5/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   2   3   4   5   6   7   8   9   ...   105
Ləyaqət, tarixi şəxsiyyətləri heyranlıqla əhatə edir 

 

Ləyaqət, istər Konfutsi konsepsiyası prizmasından, istərsə də xristianlıq nöqteyi-



nəzərindən baxdıqda, istənilən insanı yüksəldir, hakimiyyətdə olanlara münasibətdə 

isə, onlara çox hallarda loyallıq, bəzən isə hətta məhəbbət bəxş edir. Axı ingilis tarixçisi 

lord Aktonun dediyi kimi: “Hakimiyyət adamları pozur, mütləq hakimiyyət isə mütləq 

dərəcədə pozur”. Mütləqiyyət monarxiyalarında və totalitar dövlətlərdə isə mütləq 

hakimiyyət hakim kəsilir. Digər quruluşlarda da ona keçmək o qədər də çətin olmur. 

Lakin bu heç də o demək deyildir ki, bu prinsip bütün hakimiyyətdə olanlara şamil 

edilməlidir. Elə nümunələr vardır ki, hakimiyyət burada daha çox ləyaqət təzahürü 

səhnəsinə çevrilir. Əlbəttə, onun pozucu təsirinə müqavimət göstərmək də asan məsələ 

deyildir, onu tapdalamağı, ona qalib gəlməyi bacaranlar isə xüsusi hörmətə nail olmağa 

haqqı olan insanlardır. Xalqı idarə etmək, hakimiyyəti qoruyub saxlamaq heç də asan 

məsələ deyildir, axı daxildən sarsıntı törətmək istəyənlərlə yanaşı, xaricdən olan təsirlər 

və təzyiqlər də az əhəmiyyət daşımır. Bir ailəni idarə etmək çətin olduğu kimi, yüz 

minlərlə, milyonlarla ailə timsalı olan dövlətin idarəçiliyini əldə saxlamaq bəlkə də 

mütənasib miqyasda olan çətinliklərlə əlaqədardır.  




153 

 

Böyük italyan filosofu Nikkolo Makiavelli (1469-1527-ci illər) özünün məşhur 



“Hökmdar” əsərində yazırdı ki, “Belə ki, hökmdarı sevməyin və ondan qorxmağın 

hansının yaxşı olduğu barədəki mübahisəyə qayıdaraq deyirəm ki, hökmdarı adamlar 

öz fərdi mülahizələrinə görə sevirlər, ancaq ondan hökmdarın öz mülahizəsinə görə 

qorxurlar, ona görə də müdrik hökmdar hansısa bir başqasından deyil, özündən asılı 

olana üstünlük verməlidir; mühüm cəhət isə odur ki, heç bir halda öz təbəələrinin 

nifrətinə tuş gəlməyəsən”.  

Ən qədim hökmdarların da əksəriyyəti hələ Makiavelli reseptindən çox-çox 

əvvəl xalqın məhəbbəti kimi ötəri dayağa malik olmaqdansa, çünki xalqın təbiəti 

dəyişkəndir, yaşıl ot küləyin təsiri ilə müxtəlif tərəflərə əyildiyi kimi, şəraitdən asılı 

olaraq öz mövqeyini və münasibətini asanlıqla dəyişir, daha möhkəm dayaq kimi 

qorxuya üstünlük verirdi. Qorxu elə bir silahdır ki, istənilən vaxt təbəələrə yara 

vurmağı bacarır və bir çox xalqlar bu zədədən, xəstəlikdən uzun müddət sağala bilmir.  

Lakin müəyyən ölçüdə müdrikliyə və mərhəmətliliyə malik olanlar onsuz da 

nəhayətsiz olan hakimiyyətlərindən quduzcasına istifadə imkanlarını bütünlüklə inkar 

etməklə, bunun cavabı kimi xalqın hörmətini, ürəkdən gələn ehtiramını qazanırlar. 

Qədim dövrlərdə nə güclü təbliğat maşını, nə onun şüuraltına təsir göstərən vasitələri, 

nə də Göbbels kimi yalan bütünə sitayiş edən informasiya nazirləri yox idi ki, 

adamların şüuruna həmlə etməklə, zorla Hitlerə bənzəyənlərə bu saxta məhəbbət 

hissini təlqin etsinlər. Ona görə də xalq özünə bəslənən münasibətə, hökmdarın 

davranışına daha düzgün qiymət verməyi bacarırdı, əsasən səhvə yol vermirdi, 

tarixçilər isə söykəndikləri əsaslara uyğun olaraq, bunun həqiqət olduğunu yazırdılar.  

Ayrı-ayrı dövlətlərin, imperiyaların başçıları arasında belə nadir nümunələri 

tapmaq mümkündür. Onlardan bəziləri heç tarixi deyil, əslində əfsanəvi 

şəxsiyyətlərdir, lakin belə çarlar xalqın yaddaşına məhz öz müsbət obrazlarını həkk edə 

bilmişlər. Min illər keçsə də, onlar müdrik və ədalətli idarəetmə üsulları ilə heyranlıq 

obyekti kimi qalmaqda davam edirlər. 

 

Romul, Numa Pompili və Böyük Kir 



  

B.e.ə. 753-cü ildə Apennin yarımadasında, Tibr çayının sahilində Romul Roma 

şəhərini salmaqla, yeni bir sivilizasiyanın yaranmasına start verdi. Çünki xeyli müddət 

ərzində şöhrəti solan Yunanıstanın yerini tədricən Romanın böyüklüyü tutmalı idi. 

Antik dünyanın gələcək paytaxtı onun adı ilə adlansa da, Romul heç də müdrik

sülhsevər çar kimi tanınmadı. İlk əvvəllərdə doğma qardaşını öldürən bu adam öz 

qonşuları olan tayfalarla da çoxlu müharibələr aparırdı. Hətta cavan şəhərin gənc 

sakinlərinin ailə qurmaq problemini də hiyləgərlik hesabına həll etmişdi. O, 

qonşuluqda yaşayan sabinliləri bayramlarına qonaq dəvət etməklə, şənliyin qızğın 

vaxtında onların cavan qızlarını götürüb qaçırılmasına nail olmuş, yaranan düşmənçilik 

yalnız sabinli qızların ağıllılıqları hesabına xeyli müddət sonra həll edilmişdi. Onun 38 

il davam edən çarlığı təbiətin müdaxiləsi ilə başa çatdıqdan sonra, çar kürsüsünə 

namizəd məsələsi sabinli Numa Pompilinin üzərində dayandı. Bu müdrik və təvazökar 

insan çox etiraz etsə də, axırda təklifə razılıq verməli oldu.  




154 

 

Numanın dövründə müharibələrə son qoyuldu, bunun əlaməti kimi şəhərdəki 



Yanus məbədinin qapıları həmişə bağlı saxlanırdı. Bu, hələlik yarım əsrlik tarixi olan 

dövlətin xeyli möhkəmlənməsinə səbəb olmuşdu. Romalılar və sabinlilər arasında ayrı-

seçkiliyə son qoymaq üçün o, əhalini məşğuliyyət növlərinə görə gildiyalara, sexlərə 

böldü. Torpaqları kasıblara payladı, bununla o, həm yoxsulluğun, həm də 

cinayətkarlığın kökünü kəsmək istəyirdi, axı yoxsulluq daim cinayətkarlığı 

qidalandırır. Numa həm də əkinçi əməyinə yüksək qiymət verirdi. Bir qayda olaraq 

əkinçi əməyi adamlara vətəni müdafiə etmək hissləri aşılayırdı. Sonralar Böyük Katon 

bu fikri təsdiq edərək deyirdi ki, ən yaxşı döyüşçülər məhz əkinçilər arasından çıxır. 43 

il ərzində çarlıq edən Numa Pompilinin adamlara sarsılmaz mənəvi dəyərlər təlqin 

etməsi və sülhsevərliyi ilə xatirələrdə yaşamaqda davam etdi. 

   B.e.ə.559-530-cu illərdə Persiya çarı olmuş Böyük Kir geniş ərazisi olan bir 

imperiya yaratmışdı. Əvvəlcə Kiçik Asiyadakı yunan şəhər-dövlətlərini, İran 

yüksəkliyinin şərq sərhədlərini işğal etdikdən sonra b.e.ə. 539-cu ildə Mesopotamiyaya 

daxil olaraq Babili işğal etmişdi. Onun Babilistanla davranışı əsl təmkinlilik və 

müdriklik nümayiş idi. Bu ərazi Persiya satrapı tərəfindən idarə edilən əyalətə çevrilsə 

də, əvvəlki hökumət qulluqçularının çoxu öz vəzifələrini saxladılar. O, bu ölkə 

sakinlərinin loyallığını qazanmışdı. Bir qədər əvvəl sürgün olunmaq qaydasında Babilə 

gətirilmiş yəhudilərə Yerusəlimə qayıtmağa və orada Solomon Məbədini bərpa etməyə 

icazə verən edikt imzaladı.  

    Müasirlərinin düşüncəsində Kir özünün adlandığı “Böyük” epitetinə layiq idi. 

Yunan tarixçisi Herodot yazır ki, persiyalılar ona “ata” kimi, “alicənab və onları hər cür 

mallarla təmin edən hökmdar” kimi baxırdılar. Həqiqətən də, Kir öz dövrü üçün qeyri-

adi hökmdar idi, imperiyasının ərazi işğallarında və onun təşkilində xeyli müdriklik və 

mərhəmətlilik nümayiş etdirirdi. İşğal etdiyi ilk dövlət olan Lidiyanın paytaxtı Sardını 

tutarkən, qədim dünyada varlılığı ilə məşhur olan məğrur çar Krezi edam vaxtı, 

tonqalda yandırılanda əvf etmişdi. Əvvəlki Assuriya hökmdarlarından fərqli olaraq, o, 

mərhəmətli çar nüfuzu qazanmışdı. Midiyalılar, babilistanlılar və yəhudilər onu öz 

qanuni hökmdarları kimi qəbul edirdilər. Bir sıra xalqlar onu böyük lider və sülh 

yaradan kimi təsvir edirdilər. Yəhudi peyğəmbəri onu Allahın özünün yağ sürtdüyü bir 

çar kimi qiymətləndirirdi və Allahın bu sözlərini misal gətirirdi: “Mən Kir haqqında 

danışan Sahibəm (Allah adətən özünü belə adlandırırdı- müəllif). O, mənim çobanımdır 

və mənə xoş olan hər şeyi edəcəkdir”. Yəhudilərin Allahının yadelli, lakin onun xalqını 

zülmdən xilas edən hökmdara belə yüksək qiymət verməsi təsadüfi deyildi, əslində 

daha çox qədim yəhudilərin minnətdarlıq hissi ilə dolu olan real rəyini əks etdirirdi.  

Kir öz saraylarının tikintisində çox sayda xalqların təcrübəsindən istifadə 

etməklə də qədim sivilizasiyalara həqiqi hörmətlə yanaşdığını göstərirdi. O, inanırdı ki, 

qədim və hörmət bəslənən ənənələrə və institutlara malik olan xalqlardan “yeni 

imperiya” yaratmışdır. Təsadüfi deyildir ki, mifik qəhrəmanlara və böyük şəxsiyyətlərə 

hörmətlə yanaşan Böyük Aleksandr Persiya imperiyasının banisi Böyük Kirin öz 

makedoniyalıları tərəfindən dağıdılmış sərdabəsini ona hörmət əlaməti olaraq bərpa 

etmişdi, bu vaxt Persiya imperatorunun həlak olmasından iki əsrə bərabər bir vaxt 

keçmişdi. 

 



155 

 

 



    Qədim yunanlarda və romalılarda ləyaqət nümunələri 

 

       Qədim yunanlara görə insan nəcib məxluq, özünü aparmağı bacaran, 



həyatdan və ölümdən dəhşətə gəlməyən, qorxmaz, həm də özünün və hissiyyatının 

ağası olmalı idi. Yunanlar ideal mülayimlik və “qızıl orta vəziyyət” dayaqları üzərində 

yaşamağı üstün tuturdular. Onlar qaydanı, tarazlığı, simmetriyanı, mərhəmətliliyi və 

nəzarəti qiymətləndirirdilər. Yunan filosofları yunanların özlərini realizə etmələri 

naminə yaratdıqları miflərin toruna tənqidi yanaşırdılar. Əsatirlərə görə qüdrətli 

məxluqlar olan allahlar dağlar üstündə, uzaq yerlərdə yaşayırdılar, aşağıda isə Yer səthi 

və ya ölümlə nəticələnən həyatı qucağında saxlayan dünya var idi.  

Yunan dilində “yaxşı” “aristoy” kimi tələffüz olunurdu, buradan da 

“aristokratiya” ifadəsi yaranmışdır. Homerin anlamında təbii aristokrat istənilən adi 

adamdan həm əqli, həm də fiziki xüsusiyyətlərinə görə bir baş yuxarıda dururdu. 

Aristokratlar cəmiyyətdəki imtiyazlı vəziyyətlərini guya ilahi mənşəyə mənsub 

olmaları ilə əlaqələndirirdilər. Ona görə də Homer onları bəzən “ilahiləşmiş” və ya 

“allaha bənzərlər” adlandırırdı.  

Yunan polislərində (şəhər-dövlətlərində) yeni dəyərlər sisteminin əsas 

parametrləri yunan idrak rasionalizmindən, insan şəxsiyyətinin qiymətini dərk 

etməkdən, təbiətlə mübarizədə insanın fəallığını, cəsarətini və qabiliyyətini 

şərəfləndirməkdən, vətəndaşla polisin qırılmaz əlaqəsi hissindən, azadlığı ən yüksək 

kateqoriya kimi anlamaqdan ibarət idi. Bu dövrdə meydana gələn qədim yunan 

mədəniyyəti də dərin orijinallığı ilə seçilirdi. Yunanların allahları da insana yaxın idi, 

onlar insana öz zəif cəhətində kömək etməli idilər. Başqa dinlərdə isə adamların allaha 

xidmət etməsi bir borc sayılırdı..  

     Spartanın özündə də hər kəs ləyaqətə məhəbbət bəsləyirdi, qüsurları isə 

(onların düşüncəsində mövcud olan növlərə) nifrət edirdilər. Qanunverici Likurq öz 

ölkəsində əcnəbilərin qüsurları öyrədən müəllimlərə çevrilə biləcəyindən qorxub, onları 

Spartadan qovurdu. O, tövsiyə edirdi ki, onun doğma şəhəri yoluxucu xəstəliklərdən 

daha çox, məhz belə pis xəstəliklərdən qorunmalıdır.  

    Spartalılar daim döyüşə hazır olmaq üçün öz fiziki sağlamlıqlarına ciddi fikir 

verir, çox məşq edirdilər. Bu həm də mənəvi sağlamlığa da müəyyən təsir göstərirdi. 

Onlarda vətənpərvərlik hissi yüksək olduğundan bir-birlərinə qarşı qısqanclıq hiss 

etmirdilər. Pedaret adlı bir lakedemonlu 300-lər Şurasının üzvlüyünə düşmək istəyirdi, 

lakin namizədliyi rədd olunmuşdu. Evinə qayıdanda sevinirdi ki, nə yaxşı ki, ondan 

daha ləyaqətli olan 300 adam vardır. 

    Spartada döyüşdə qələbə ali sevinc mənbəyi hesab olunurdu, ən ağır dərdin 

də üzərindən xətt çəkirdi. Bir spartalı qadın beş oğlunu müharibəyə yola salmışdı və 

döyüş səhnəsindən xəbər gözləyirdi. Bir hilot gəlib çıxanda, qadın səbrsizliklə vuruş 

meydanında nə baş verdiyini sorşdu. “Sənin beş oğlunun hamısı həlak oldu.” Qadın 

hirsləndi: “Mənfur qul! Məgər mən səndən bunumu soruşuram?” Bu vaxt hilot cavab 

verdi: “Biz qalib gəldik.” Bunu eşidən qadın məbədə yollanıb, ən böyük arzusu həyata 

keçdiyinə görə allahlara öz minnətdarlığını bildirdi. Onun üçün Vətəninin düşmən 

üzərindəki qələbəsi oğlanlarının həyatından da əziz idi. 




156 

 

 Afina qanunvericisi Solon isə hər cür dəbdəbələrə və qeyri-məhsuldar xərclərə 



qarşı mübarizəni gücləndirmək məqsədilə bahalı dəfn mərasimlərini, çox miqdarda 

məqsədsiz mal-qara qurbanını, dəbdəbəli sərdabələr tikməyi qadağan etmişdi. 

Afina vətəndaşı ondan alına bilinməyən siyasi hüquqlar məcmuuna malik idi. 

Bu şəhər-dövlətdə vətəndaşın əxlaqi dəyərləri, vətənpərvərlik hissi xüsusi yer tuturdu. 

Qədim Afinanın görkəmli xadimləri arasında şəhərə “qızıl dövr” bəxş etmiş Perikl 

(b.e.ə. 495- 429-cu illər) xüsusi ilə seçilir. Perikl b.e.ə. 443-429-cu illərdə strateq seçilmiş, 

demokratik qruplaşmanı rəhbəri kimi bir sıra qanunvericilik aktlarına müəlliflik 

etmişdi. Bu tədbirlər Afina demokratiyasının çiçəklənməsinə şərait yaratmışdı. O, 

Parfenon məbədinin, Odeon teatrının tikintisinin təşəbbüskarı olmuşdu. Perikl həm də 

əla natiq idi, böyük tarixçi Fukididin zəhməti hesabına onun peloponneslilərlə döyüşdə 

həlak olmuş afinalıların dəfn mərasimindəki məşhur nitqi bizim dövrümüzə gəlib 

çatmışdır. Bu çıxışında Perikl afinalıların həyatının bir sıra cəhətlərinə böyük iftixar 

hissi ilə toxunur. O, qeyd edirdi ki, “Öz həyatımızda zülmün nə olduğunu 

tanımadığımızdan, biz ictimai həyatda qanunsuzluqlardan dəhşətə gəlməyi bacarırıq”. 

Deməli, Afinada demokratiya qanunun alililiyinə əsaslanırdı. O, öz xalqının 

zəhmətsevərliyindən cuşə gələrək qeyd edir ki, “Biz kasıblığımızı da etiraf etməkdən 

utanmırıq, ondan zəhmət vasitəsilə qurtulmamağa görə utanmaq lazımdır”. Şəhər-

dövlətin öz imkanları hesabına güclənməsini də razılıqla yada salır: “Biz öz gücümüzlə 

müasirlərimiz və övladlarımız üçün heyrət mövzusu olacağıq”. O, hər şeyi 

peyğəmbərcəsinə düzgün görməyi bacarırdı. Həlak olanların tabutlarını göstərərək 

Perikl deyir ki, “Mənə belə gəlir ki, kişi igidliyindən ötəri birinci əlamət və axırıncı 

təsdiq məhz belə sonluq olur. Çünki nöqsanları olan insan vətən uğrunda müharibədə 

onları namusla tarazlayır; burada xeyir vasitəsilə şər silinir, ümumi fayda isə hər kəsin 

ayrılıqda vurduğu ziyanı kölgədə qoyur”. Həlak olanları ehtiramla yad edərək, qeyd 

edir ki, “Onların hər biri özləri üçün köhnəlməyən tərif və ən şanlı qəbir qazandılar – 

özü də indi uyuduqları qəbirləri deyil, ən başlıcası o qəbiri ki, onda onun şöhrəti 

yaddaşlardan silinmədən qalacaqdır – bu gələcək nəslin sözü və işidir. Məşhur 

adamlara qəbir – bütün Yer üzüdür”.  

Periklin həmin sözlərini birbaşa onun özünə də aid etmək olar. İki min beş yüz 

ildən sonra da bəşəriyyətin böyük bir hissəsi onun adını azalmayan bir məhəbbətlə yad 

edir, çünki o, təkcə qəbiri ilə deyil, əməlləri və ideyaları ilə bütün Yer üzünə, 

bəşəriyyətə məxsusdur.  

Perikl həlak olanlar barədə, onların həyatına və ölümünə sitayiş qaydasında 

deyir ki, “Axı bu da bir xoşbəxtlikdir ki, xoş həyata xoş da ölüm uyğun gəlir”. Həlak 

olan gənclər Afina üçün yaşamış və onun yolunda da həyatlarını qurban vermişdilər.  

Koloritli, maraqlı şəxsiyyətlərlə zəngin olan Qədim Roma iki böyük siyasətçisi və 

sərkərdəsi ilə öyünürdü. Onlardan biri b.e.ə. V əsrin ortalarında konsul və diktator 

olmuş (axırıncı vəzifə digər adəti diktatorlardan tam fərqli olmaqla, çətin hərbi şərait 

mövcud olduqda, qısa müddətə – 6 aylığa orduya komandanlıq etmək üçün verilirdi) 

Kvinkti Tsinsinnat idi. O, igidliyinə və vətəndaşlıq borcuna sədaqətinə görə ən məşhur 

şəxsiyyətlər qalereyasına daxil olmuşdu. O, Vatikandakı dörd yügerlik (müasir ölçüdə 

1 hektarlıq) sahəsini kotanla becərməklə məşğul olanda, müharibə başlanan kimi 

romalılar onu diktator seçirdi. Müharibəni zəfərlə başa vurduqdan sonra Tsinsinnat 



157 

 

könüllü olaraq diktatorluqdan imtina edib, atasından qalmış həmin torpaq sahəsini 



yenidən becərməyə qayıdırdı. Amerikanlar ona ehtiram əlaməti olaraq şərqdəki 

şəhərlərindən birinə Tsinisinnati adını vermişlər.  

Bu böyük insanın təvazökarlıq ənənəsinə tarixin sonrakı dövrlərində də rast 

gəlmək mümkündür. Roma imperatoru Diokletian bizim eranın 305-ci ilində könüllü 

olaraq vəzifəsindən istirahətə yollanmış, tərəvəz becərməklə məşğul olmuşdu. O, 

becərdiyi kələmi iftixar hissi ilə nümayiş etdirərək, öz sonrakı fəaliyyətinin heç də az 

sevinc gətirməyən bir iş olduğunu bildirmişdi.  

B.e.ə. IV əsrin əvvəllərində hərbi tribun vəzifəsi ali hakimiyyətə yiyələndikdə, 

onu icra edən Mark Furi Kamill də böyük şöhrətə yiyələnmişdi. Romalılar Etruriyanın 

ən gözəl şəhəri sayılan Veyiyə qarşı müharibənin onuncu ilində Kamilli diktator 

seçdilər və o, yeraltı lağım qazmaq yolu ilə uzun dövr ərzində mühasirədə olan şəhəri 

tuta bildi. Faleriya şəhərini mühasirədə saxlayanda isə qeyri-adi bir hadisə baş verdi. 

Bir müəllim öz şəhərinə xəyanət edərək, dərs dediyi uşaqları gəzmək bəhanəsi ilə şəhər 

qapısından çıxarıb, Kamillə girov kimi təhvil vermək istəyəndə, sərkərdə müəllimi 

cəzalandırıb, uşaqları geri, valideynlərinin yanına qaytardı. O, bildirdi ki, müharibə 

şərdir. Onu ədalətsizliyin və zorakılığın köməyi ilə aparırlar, lakin namuslu adamlar 

üçün müharibədə də bəzi qanunlar vardır. Qələbənin faydası alçaqlıq və cinayət yolu 

ilə əldə edilirsə, ona can atmaq olmaz. Bu sözləri o, həmin alicənablıq hisslərini 

ətrafındakılara da təlqin etmək üçün deyirdi. Şəhər sakinləri uşaqlarını salamat 

gördükdə və hadisədən hali olduqda Kamilli özlərinin xilaskarı adlandırdılar və elçiləri 

vasitəsilə ona bildirdilər ki, təslim olurlar. Kamill qan axıtmadan zəfər çaldı və həm də 

şəhəri qarət etməyə, oradan qənimət götürməyə icazə vermədi.  

Kamill iki dəfə Romanı – əvvəlcə qallardan, sonra isə qaragüruhun anarxiyası 

təhlükəsindən – xilas edəndə böyük cəsarət və iradə nümayiş etdirmişdi. Romalılar 

şəhəri qallara təhvil vermək barədə danışıqlar aparanda, özünü yetirən Kamill bir 

diktator kimi düşmən tərəfin nümayəndələrinə çıxıb getməyi əmr etdi. Sonra qallara 

döyüşdə qalib gəlib, Romanı biabırçı işğaldan xilas etdi.  

Bir qədər sonra qaragüruh xalqda vahimə yaradıb, Forumda iğtişaşlar 

törədəndə, yenidən hərbi tribun seçilən Kamill onların azğınlaşmış başçısı Mark 

Manlini məhkəməyə verdirdi və o, təqsirkar elan edilərək, edam qaydasında 

Kapitolidəki qayadan atıldı. Vaxtilə o, bu təpə qallardan müdafiə olunanda böyük 

xidmətlər göstərmişdi.  

Beləliklə, Kamill iki dəfə Romanı məhvedici təhlükədən xilas etmişdi, bu 

xidmətlərinə görə o, “Romanın ikinci əsasını qoyan” titulunu almışdı. Quduz Manlilərə 

isə müasir həyatda da rast gəlinmişdir. 

 

  Hindistan çarı Aşoka və Şərq sivilizasiyalarında təhsilə, elmə qayğı 



  

    B.e.ə. 268-232-ci illərdə Hindistanda, Maqadxa imperiyasında Maurya 

sülaləsindən olan Aşoka çarlıq etmişdi. Onun dövləti demək olar ki, bütün Hindistan 

ərazisini və müasir Əfqanıstanın bir hissəsini tuturdu. Aşoka xeyli döyüşlərdən sonra 

müharibəyə nifrət etməklə, ondan birdəfəlik imtina etmişdi. Aşoka deyirdi ki, yeganə 

həqiqi qələbə öz üzərindəki qələbədir və drahmanın köməyi ilə adamların ürəyini fəth 




158 

 

etməkdir. Stalin isə qaliblər haqqında başqa fikir yürüdərək, 1944-cü ilin noyabrında 



Fransız Milli Azadlıq Komitəsinin lideri general Şarl de Qolla Moskvada görüşəndə, 

ona demişdi ki, bütün səylərdən asılı olmayaraq, axırıncı qalib ölümdür.  

Aşoka üçün drahma xeyirxah işlər görmək, cəmiyyəti yüksəltmək idi. Drahma 

terminində adətən insanın davranış qaydası və onun həyatının mömin obrazı başa 

düşülürdü. Dar mənada isə bu, buddist təliminin mənasını, doktrinanın özünü ifadə 

edə bilərdi.     

Aşokanın hökmranlığı dövründə Hindistanın dörd böyük universitet şəhərinə 

Çindən və Qərbi Asiyadan tələblər gəlirdi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır 

ki, Şərqdə universitetlər yarandıqdan min ildən də çox olan bir müddətdən sonra 

Avropada belə təhsil ocaqları yaranmağa başlamışdı.İlk Çin universitetinin əsası b. e. ə. 

124-cü ildə qoyulmuşdu. Bizim eranın 200-cü ilində isə burada 3 min tələbə yeddi il 

ərzində ali təhsil alırdı. 

    Erkən orta əsrlərdə (VII-XI əsrlərdə) elmin inkişafında aparıcı rolu Şərq 

oynayırdı. Hələ bundan da əvvəl Şərqi Roma imperiyasının imperatoru, məşhur 

Yustinian Kodeksinin meydana gəlməsinin təşəbbüsçüsü, Konstantinopolda möhtəşəm 

Aya Sofiyanı tikdirmiş I Yustinian (483-565-ci illər) 527-ci ildə Afinada fəlsəfi məktəbləri 

bağlayanda yunan alimləri Şərqə yollanmış, burada qədim yunan filosoflarının 

əsərlərini suriyalıların dilinə tərcümə etmişdilər. Sonralar yunan fəlsəfəsi tədricən islam 

həyatına daxil olmuşdu. Yalnız Səlib yürüşlərindən sonra, Şərqin ənənələrinin təsiri 

altında Avropada elm canlanmağa başlamışdı. Avropalılarda elmə və fəlsəfəyə maraq 

yarananda artıq Şərqdə elmlər öz çiçəklənmə dövrünü yaşayırdı.  

   Xəlifə Mamun (813-833-cü illərdə taxt-tacda olmuşdu) 832-ci ildə Bağdadda 

“Beytül hikmə”ni- “Müdriklik evi”ni yaratmışdı, onun zəngin əlyazmalar kitabxanası 

və rəsədxanası var idi. İslam sivilizasiyası özünün, ərəb sözündən istifadə etsək, 

zenitində olmaqla, dünyanın ən böyük sivilizasiyalarından biri idi və Qərbi bütünlüklə 

kölgədə qoyurdu. XI əsrdə Avropa sivilizasiyası ərəb sivilizasiyasının mədəni sərvətləri 

ilə təmasa girdi- elmi traktatlar ərəb dilindən Avropa dillərinə tərcümə edildi, bura 

Platonun, Aristotelin, Yevklidin, Arximedin, Ptolomeyin əsərləri daxil idi. 

     Avropanın Bolonya, Paris,Oksford, Monpelye kimi universitetləri təqribən XII 

əsrdə meydana gəlmişdi. 1155-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru, həm 

də İtaliya kralı olan I Fridrix Barbarossa Bolonya universiteti üçün imtiyazları təsdiq 

etmişdi. 

    Aşokaya gəldikdə isə, onun dövründə ölkədə həm də çox sayda buddizm 

monastırları yarandı. Aşokanın öz nümunəsi ilə adamlar arasında vegetarianlığın 

populyarlığına nail olundu. Hindistanın XX əsrin birinci yarısındakı görkəmli lideri 

Mahatma Qandi də ömrünün əksər hissəsində vegetarian olmuşdu. Lakin sonralar öz 

ölkəsinin qızmar istisində bunun bədənin müqavimət qüvvəsini zəiflətdiyini əsas 

gətirərək, ona riayətdən və bu pəhrizin təbliğindən uzaqlaşmışdı. Qandi bunu həm də 

bir sosial aspekt hesab edirdi.  

Aşoka 37 il hökmranlıq etdikdən sonra öldü. Ölümündən bir az əvvəl o, buddist 

rahibinə çevrilmişdi. O, deyirdi ki, “bütün adamlar mənim uşaqlarımdır”.  

Onun ediktlərində drahmanın başlıca prinsipləri olan zorakılıq etməmək, bütün 

sektalara və rəylərə dözümlülük, valideynlərə qulaq asmaq, din xadimlərinə hörmət, 



159 

 

dosta qarşı alicənablıq göstərmək təsbit edilirdi. İngilis yazıçısı Herbert Uells onun 



haqqında belə yazırdı: “Tarixin səhifələrindəki on minlərlə monarxların arasında 

Aşokanın adı, demək olar ki, tənha ulduz kimi işıq saçır. Volqadan Yaponiyayadək hər 

yerdə onun adı şərəflə əhatə olunmuşdur. Çin, Tibet, hətta onun təlimindən uzaqlaşan 

Hindistan onun böyüklüyü barədəki rəvayətləri unutmur. Onun xatirəsinə ehtiramla 

qoruyub saxlayan adamlar, kimdənsə eşitdikləri Konstantin və Böyük Karl barədə nəsə 

bilənlərdən sayca xeyli çoxdur.” Ancaq Hindistanda hinduizm dini yayıldıqca, vətəni 

sayılan və oradan Çinə, Yaponiyaya yayılan buddizm burada öz təsirini itirməyə 

başlamışdı. 

 

         Spartak və “nəcib imperatorlar” 



 

Qədim Romada b.e.ə. 74-71-ci illərdə qul üsyanına başçılıq edən Spartak özünün 

böyük igidlikdən xəbər verən mübarizəsində heç nəyə nail olmasa da, tarixdə 

görünməmiş şöhrət qazandı. Spartakın yandırdığı azadlıq məşəli bir sıra xalqların və 

milyonlarla insanların qəlblərinə işıq salıb, onları mübarizəyə çağırdı. Spartak frakiyalı 

qul olmaqla Kapuya şəhərindəki qladiator məktəbində qılıncla döyüş müəllimi idi və 

digər qullarla birgə hazırladığı qəsdin üstü açıldıqda, onlar qaçıb Vezuvi dağında 

özlərinə dayaq yeri düzəltmişdilər. Az müddətdə Spartakın ordusu 70 min quldan 

ibarət oldu və üsyan Cənubi İtaliyanı bütünlüklə bürüdü. Qul ordusu bir-birinin 

ardınca döyüşlərdə qələbə çalırdı. Lakin sonra ordu parçalandı.  

Spartak İtaliyanı tərk etmək üçün Şimala getsə də, oradakı təbii çətinlikləri də 

nəzərə alıb, geri qayıtmağı qərara aldı. Onun ordusunda artıq 120 min adam var idi. 

Cənuba gəlib çıxan Spartak ordusu Krassın qurduğu tələyə salındı. Son böyük döyüş 

b.e.ə. 71-ci ildə Apuliyada getdi və bu qızğın vuruşda Spartakın ordusu məğlub oldu. 

Əsir götürülən 6 min qul Kapuyadan Romaya gedən Appi yolu boyu çarmıxa çəkildi. 

Spartakın özü döyüşdə həlak olsa da, romalılar onun meyidini tapa bilmədi. O, 

qəhrəman olsa da, əvvəldən də böyük uğura ümid edə bilməzdi. Romanın qüdrəti 

qarşısında qul üsyanı zəif bir cəhddən o qədər uzağa getmirdi. Lakin tarixdə onun 

qalibi olan Krass elə bir şöhrətə sahib ola bilmədi, b.e.ə. 53-cü ildə isə parfiyalılarla 

vuruşda həlak oldu. Teatrda qədim yunan faciəsinin tamaşası göstərilərkən, onun 

kəsilmiş başı düşmənləri tərəfindən qələbə müjdəsi kimi səhnədə dığırlandırıldı. 

Spartak isə özünə ölməzlik haləsi, əbədi şöhrət qazandı. 

     Bizim eranın I əsrinin sonundan Qədim Romada beş imperatorun hakimiyyət 

illərini əhatə edən “nəcib imperatorlar” dövrü gəlir. Onlardan Trayan və Mark Avreli 

daha görkəmli şəxsiyyətlər hesab olunurlar. Bir çox tarixçilərə görə Pax Romana-ya 

(“Roma sülhünə”) bir əlamət kimi I əsrin sonu, II əsrin üç rübü ərzindəki imperiyanın 

inkişafı aiddir, bunlar Roma idarəçiliyinin başlıca faydalarından ibarət olmaqla, həmin 

“nəcib imperatorların” fəaliyyəti ilə bağlıdır. Bu hökmdarlar idarə edən siniflərə 

hörmətlə yanaşır, senatla əməkdaşlıq edir, edamlara əsasən son qoyur, imperiyada 

sülhü bərqərar edir və daxili siyasətdə çox hallarda imperiyaya xeyirli olanları 

dəstəkləyirdilər. Mütləq monarx olmalarına baxmayaraq, onlar öz tolerantlıqları və 

diplomatiyaları ilə fərqlənirdilər.  




160 

 

96-cı ildə hakimiyyətə gələn Nerva özünün qoca yaşda olduğunu nəzərə alıb, 



Kapitoliyə çıxaraq, qışqıra-qışqıra dedi: “Mənim ən yaxşı uğurum Roma senatına, 

xalqına və özümə xidmət etməkdir. Bununla yanaşı, mən Mark Ulpi Trayanı özümə 

oğulluğa götürürəm”. Onun özünün oğlu yox idi. Trayan 98-117-ci illərdə imperatorluq 

etmişdi. O, bacarıqlı bir adam olmaqla, ordu tərəfindən də yaxşı qəbul edilmişdi. Ən 

başlıcası isə o idi ki, özünə və başqalarına qarşı tələbkar idi. O, İspaniyada bir qədim 

Roma nəslində dünyaya gəlmişdi və İtaliyadan kənarda doğulmuş ilk imperator idi. 

Trayan Romaya qayıdıb, senatda imperator səlahiyyətlərini qəbul etmək əvəzinə, 

bir ilə yaxın müddətdə Reyn və Dunay çaylarının üstündə qaldı, Dakiyaya müdaxilə 

etmək kampaniyasına hazırlıq gördü. Şəhərlərin adətən yeni seçilmiş imperatora 

göndərdikləri qızılı İtaliyaya və əyalətlərə bağışladı. Onun ilk böyük işlərindən biri o 

vaxtlar hüquqi ittihamçı kimi çıxış edən çuğulçuların azğınlığına, soyğunçuluğuna son 

qoyması idi. Bu çuğulçulara müttəhimdən müsadirə edilən var-dövlətin bir hissəsi 

çatdığından, onlar saxta ittihamlara daha maraqla girişirdilər. Trayan onların hamısını 

yığdırıb, tələsik qayırılmış, sınıq-salxaq bir gəmiyə oturdub, dənizin quduz dalğalarının 

amansız sərəncamına buraxdı. Roma əhalisi son dövrlərin ən böyük qarətçilərindən bu 

yolla xilas olundu.  

Trayan İtaliya şəhərlərindəki kasıb ailələrin uşaqlarına yardım göstərilməsi 

sahəsindəki yeniliyin- ictimai fondların (alimenta-nın) yaradılması ideyasını irəli sürdü. 

Bu yeniliyi onun dostu Kiçik Plini ölkənin şimalındakı Komo şəhərində özəl qaydada 

öz yerliləri üçün həyata keçirmiş və Trayan da bu təşəbbüsü bəyənməklə, bütün ölkədə 

tətbiq etmək qərarına gəlmişdi. O, çox sayda binalar tikdirdi və bu, onun populyarlığını 

artırdı. Romanı əzəmətli tikililərlə gözəlləşdirdi. İtaliyanın magistral yollar şəbəkəsinə 

qayğı ilə yanaşmaqla Via Traiana adlanan yeni yol çəkdirdi və bu, qədim Appi yolunun 

yerini tutdu. Körpülər tikilir, şəhərin su təchizatı yaxşılaşdırılır, istifadəsiz torpaqlar 

dövriyyəyə qatılır, limanlar yaradılırdı. Romada yeni Forum ucalanda şəhərə yeni 

akvedukla su gətirildi. Ümumiyyətlə, Trayanın dövründə yaxın təpələrdən Romaya 11 

akvedukla gətirilən su şəhərin tələbatını artıqlamasilə ödəyirdi. Şəhərdəki meydanda 

Trayan sütunu yüksəlirdi, sonralar onun binövrəsi Trayanın cəsədinin külünü qəbul 

etdi.  

161-ci ildə isə MarkAvraeli öz sələfi, ilahiləhdirilmiş Antonini imperator kimi 

əvəz etdi. O, mərhum imperatorun arvadının qardaşı oğlu olmaqla, Romanın ən 

görkəmli ailələrinin bir necəsi ilə bağlı idi. Çox gənc yaşında varis elan edilsə də, yalnız 

40 yaşı olanda hakimiyyətə gəlmişdi. Bacarıqlı, mərd və ciddi düşünən bir adam 

olmaqla o, Stoik fəlsəfi məktəbinin etik filosofu olan Epiktetin “söhbətlərini” həvəslə 

öyrənmişdi və bu fəlsəfədə özünün ruhi qidasını tapmışdı. Roma tarixində ilk və yəqin 

ki, yeganə dəfə Platonun arzuladığı bir hadisə baş vermişdi, hakimiyyətə filosof, 

mütəfəkkir gəlmişdi. Mark Avrelini “taxt-tacda olan” filosof adlandırırdılar.  

Mark imperator səlahiyyətlərinə yiyələndikdə onun götürmə qardaşı da həm- 

imperator oldu və Roma imperiyası öz tarixində bu vaxt ilk dəfə olaraq iki qoşa 

imperatora malik idi.  

Mark Avreliyə dövlət işində ən yaxın olan sahə hüququn təkmilləşməsi idi. Bir 

sıra tədbirlər və hüquqa aid qərarlar qəbul etmişdi, onlar mülki qanunlarda olan 

çətinlikləri və qeyri-normallıqları yoluna qoyurdu. Az hörmət olunan zümrələrin – 



161 

 

qulların, dul qadınların, mədəndə çalışan adamların hüquqları yaxşılaşdırıldı və 



varislik sahəsində qan qohumluğu tanınmaqla, onun əsasında irəli sürülən iddialara 

baxılması qaydası təsbit edildi. Bunlar cəmiyyətin quruluşunun radikal şəkildə 

dəyişdirilməsindən daha çox, onun yaxşılaşmasına xidmət edirdi. Onun dövründə 

qulların ardıcıl olaraq təqib edilməsinə yol verilmirdi. Filosof imperator dövlətin 

beynəlxalq əlaqələrinə də ciddi qayğı göstərirdi. Çinlə birbaşa əlaqələr yaradılmasına 

cəhd etmiş və iki ölkə arasında elçiliklər mübadiləsi baş vermişdi. Ümumiyyətlə, 19 il 

ərzində Romanın imperatoru olan Mark Avreli Qərbin bir çox sonrakı nəsilləri üçün 

Roma imperiyasının qızıl dövrünü rəmzləndirir.  

Mark Avreli bir filosof kimi əsasən Stotsizmin təsirinə məruz qalmışdı və 

özünün əlli cildlik “Düşüncələr” əsərində stoik borcu idealını bir dini konsepsiya kimi 

təsvir edir. O, deyirdi ki, mən bir Antonin kimi Roma vətəndaşıyam, ancaq bir insan 

kimi dünya vətəndaşıyam. Qədim yunanlar bunu “kosmopolit” kimi ifadə edirdilər. 

Onun bir nəsihətinin qiymətini zaman da aşağı sala bilmir, o yazırdı: “Əgər nə 

haqq deyilsə, onu etmə, əgər nə düz deyilsə, onu danışma.” 

 

                   Dövləti idarə etmək elmi və Mahatma Qandi  



 

Dövlətin idarə edilməsi, yuxarıdakı misallardan da göründüyü kimi, heç də fəxri 

titulu daşımaq deyildir, bu mürəkkəb iş böyük ağıl, güclü iradə və ağır zəhmət tələb 

edir. Rus filosofu N. Q. Çernışevskinin dediyi kimi: “Tarix yolu Neva prospektinin 

səkisi deyildir.” Dövləti idarə edənlər isə ən azı tarix cığırı yaradırlar.  

Günəş Kral adlanan Fransa kralı XIV Lui 1661-ci ildən dövlətin idarə edilməsini 

öz əlinə götürdüyünü elan etdikdə, bunu onun öz doğma anası da inanmamaq əlaməti 

kimi istehzalı gülüşlə qarşılamışdı. Lakin XIV Lui vəzifəsinin icrasına elan etdiyindən 

də daha ciddi qaydada yanaşaraq, dövlət işləri ilə şəxsən özü, həm də çox dəqiqliklə 

məşğul olmuşdu. Öz ölümünə qədər olan 54 il ərzində hər gün 8 saat özünü bilavasitə 

dövlət işlərinə həsr etmişdi. Onun diqqətindən ən xırda detallar belə yayınmırdı. O, 

hətta dözülməz ağrı ilə müşayiət olunan (o vaxtlar anesteziya vasitəsi yox idi, həkimlər 

də müalicə etməkdən daha çox xəstələri öldürməklə məşğul olurdular) ağır cərrahiyyə 

əməliyyatından az sonra, axşam Dövlət Şurasının iclasına başçılıq etmişdi.  

Dövlət işlərilə belə vurğunluqla məşğul olmasına görə, özünü dövlətdən ayrı 

hesab etmədiyindən demişdi: “L`etat c`est moi!”- “Dövlət – mənəm!” Bəzi tarixçilər 

bunu dövlətə sədaqətlə xidmət etməyini əsas götürərək, nəsihət şəklində söylədiyi kimi 

izah edirlər.  “XIV Lui epoxası” ifadəsinin müəllifi, böyük fransız filosofu Volter onun 

hökmranlığını məşhur Roma imperatoru Avqustla müqayisə etmişdi. Onların hər ikisi 

həm güclü, həm də zəif cəhətlərə malik idi. Onun ən böyük qüsuru müharibələrə çox 

meyl etməsi idi. Ölüm yatağında olarkən özü etiraf etmişdi ki, “Mən müharibəni çox 

sevirdim”. Tətbiq etdiyi şirnikləndirmək vasitələri ilə kübarları tabe edə bilmədiyindən, 

təkcə 11 vətəndaş müharibəsinə start vermişdi. Aramsız müharibələr axırda Fransanı 

taqətdən salmışdı.  

     XIV Lui həyatının sonunda, XV Lui adı altında gələcək kral olacaq beş yaşlı 

nəticəsinə nəsihət verərək, ona özünün buraxdığı səhvləri təkrar etməməyi, qonşuları 

ilə sülh şəraitində yaşamağı məsləhət görmüşdü. Onun ən böyük səhvlərindən biri həm 



162 

 

də insan gücündən kənarda olan bir yükü- dövlətin bütün idarəetmə maşınını öz 



şəxsində mərkəzləşdirməsi idi.  

    Ləyaqətlilik standart, etalon kimi götürüldükdə, sadalanan liderlərin bir çoxu 

heç də onun bütün tələblərinə cavab verə bilmir, onlar müəyyən qüsurlardan da xali 

deyildilər. Fransa kralı XİV Lui və Prussiya kralı II Fridrix müharibəyə şərəf çələngi 

mənbəyi kimi baxdıqlarından öz ölkələrini belə pis siyasətin, sərt qaydada deyilsə, 

qurbanlarına çevirirdilər.Günəş Kraldan bir əsr sonra hakimiyyətə gələn həmin Böyük 

Fridrix öz sələfindən fərqli baxış nümayiş etdirərək, kralda “dövlətin birinci nökərini” 

görürdü.  

Habsburqlar sülaləsindən olan, 1780-1790-cı illərdə Avstriya kralı olmuş II İosif 

isə öz fikrini belə ifadə etmişdi: “Mən öz ölkəmdə qanun vermək fəlsəfəsini yaratmış, 

onun məntiqi tətbiqi Avstriyanı dəyişdirəcəkdir”. O, həqiqətən də nəcib tədbirlərə əl 

atırdı, təhkimçiliyi ləğv etmişdi və hamının qanun qarşısında bərabərlik prinsipini elan 

etmişdi. On illik hakimiyyəti dövründə II İosif Avstriyanı dəyişikliyə məruz qoymaq 

cəhdində 6 min dekret və 11 min qanun imzalamışdı. Ancaq özünün daim uğursuz 

olması düşüncəsi onun öz qəbir daşı üçün yazdığı epitafiyadan da açıq görünür: 

“Burada, etdiyi hər şeydə uğursuz olan II İosif uyuyur”. Bu sözlərdə həm də uzağa 

gedən bir həqiqət var idi. Taxt-tacdakı varisləri də onun islahat cəhdlərinin çoxunu 

məhv etdilər. 

İosifdən fərqli olaraq, bəziləri taeyin onları sınağa çəkəcəyini, məğrurluqlarına 

görə heç ağıllarına da gətirmirdilər. Belələri meydana çıxan siqnallara da məhəl 

qoymurdular. Napoleon Bonapart 18 bryumer çevrilişindən (1799-cu ilin noyabrında 

baş vermişdi) sonra Sen-Klu qəsrində lovğalıqla demişdi: “Mənim arxamca Qələbə 

ilahəsi və Uğur ilahəsi addımlayır.” Bu sözləri deyəndən sonra onun ürəyi getmişdi. 

Lakin o, bu ibrətamiz hadisədən də nəticə çıxarmadı. Rusiya yüryşündə və Vaterloo 

döyüşündə artıq onu Məğlubiyyət ilahəsi, Müqəddəs Yelena adasında isə məhvedici 

Bədbəxtlik ilahəsi izləyirdi. 

 XX əsrin ən böyük mübarizlərindən və ən nəcib şəxsiyyətlərindən biri olan 

Mahatma Qandi (1869-1948-ci illər) Hindistanın atası hesab edilir. Mohandas Kramçand 

Qandiyə xalq tərəfindən “Mahatma” və ya “Böyük Könül” adı verilmişdi. İlk dəfə onun 

haqqında bu titulu Rabindranat Taqor hələ 1915-ci ildə işlətmişdi. Bütün liderlərdən 

onu fərqləndirən, Britaniya ağalığına qarşı mübarizəsində yeni, Satyaqraha adlanan, bu, 

hərfi mənada “həqiqətdə səbat göstərmək” demək idi və zorakı olmayan bir taktikanı 

seçməsi idi. Onun zorakılıq etməmək fəlsəfəsi (Catyaqraha) dinc dəyişiklilər 

tərəfdarlarının hərəkatına böyük təsir göstərdi. 

      O, Londonda hüquqşünas təhsili almış, Cənubi Afrikadakı Natalda ağlar 

tərəfidən pis münasibət bəslənən hind immiqrantlarının mənafeyini müdafiə etmişdi. 

Burada Satyaqraha adlanan passiv müqavimət bir sıra siyasi uğurlar gətirmişdi. 1914-

cü ildə Hindistana qayıdıb, beş il sonra Britaniya hökumətinə qarşı Satyaqraha 

hərəkatını təşkil etmişdi, yerli sənətləri, istehsalı və siysi müstəqilliyin (suarac) əldə 

edilməsini təbliğ edirdi. Onun  siyasəti Britaniya mallarının ümumi boykotu və Mopla 

qiyamı ilə nəticələndi. 1925-ci ildə Hindistan Milli Konqressinin sədri seçildi. Bundan 

əvvəl iki il məhbəsdə yatmışdı. Sonra yenidən həbs olundu. 1931-ci ildə sülh bağladı və 

Londondakı Dəyirmi Masa konfransında iştirak etdi. 1932-ci ildə “toxunulmazlara” 



163 

 

qarşı olduqca pis münasibətə etiraz edərək, aclığa başladı və onların xeyrinə müqavilə 



bağlanmasına nail oldu. Britaniyanın geri çəkilməsini tələb etdiyinə görə 1942-ci ildə bir 

daha həbs edldi. Müstəqil Hindistan dövlətinin yaradılması üçün danışıqlar apardı. 

    Hindistanın müstəqillik qazanması təntənələrində iştirak etmədi, bunun 

əvəzinə o, Kəlküttəyə yollanıb, hinduistlərlə müsəlmanlar arasındakı qanlı münaqişəni 

yatırmağa calışdı. Ölüm təhlükəsi altında olsa da buna nail ola bildi.1948-ci ilin 

əvvəlində axırıncı aclıq aksiyasına başladı və bu öz həyatını qurban vermək aksiysı 

cəmiyyətə xeyli təsir göstərdi, əks qütbdə olanlar kompromissə getməklə, Dehlidə 

millətlərarası münaqişə dayandırıldı. Həmin il yanvarın 30-da Qandi bir hinduist 

fanatik tərəfindən qətlə yetirildi. O, təkcə mübarizə dühası deyildi, həm də qeyri-adi bir 

humanist idi, öz mübarizəsində şərə zorakılıqla müqavimət göstəməməyi təbliğ edirdi. 

   Hindistanın baş naziri Cəvahirləl Nehru xalqa böyük liderin ölüm xəbərini 

radio ilə çatdıranda demişdi: “Bizim həyatımızın işığı söndü. Hər yeri qaranlıq bürüdü. 

Bizim sevimli rəhbərimiz Bapu (“ata” deməkdir- müəllif), necə ki, biz onu 

adlandırırdıq, artıq aramızda yoxdur.... İşıq sönmüşdür mən dedim, lakin bu səhvdir.. 

Çünki bizim ölkədə parlayan işıq heç də adi işıq deyildi.” 

  Bu zahirən kiçik adamın ideyalarının və ideallarının gücü, onlara pərəstişə görə 

elə böyükdür ki, qatilin güllələri onları məhv etməyə qadir deyildir. Qandi bütün 

bəşəriyyətin vicdanının ruporuna çevrildi. O, təkcə Hindistanda parlayan olmayıb, 

haqqı sevənlərin ürəyinə şüa salan bir işıq idi. Onun şəxsiyyətinə düha nişanı 

vurulduğunu çoxları etiraf edir, həm də onu da qeyd edirdilər ki, dahi adamlardan 

adətən yaxşı siyasətçi çıxmır, nadir istisna isə məhz Qandi idi. Bu fiziki cəhətdən zəif 

bir insanda polad kimi möhkəm, qaya kimi sarsılmaz olan nəsə bir şey var idi. Onu 

zorakılığa əl atmamaq apostolu sayırdılar. Albert Eynşteyn Qandinin 70 illik yubileyi 

münasibətilə söylədiyi nitqində demişdi ki: “Bəlkə də gələcək nəsillər sadəcə olaraq 

inanmayacaqlar ki, adi candan və qandan olan belə bir adam bu günahla dolu torpaq 

üzərində addımlamışdır.”  

 

   Onlar cəmiyyətin bəzəyidir  



 

Ləyaqətli şəxslər, ümumiyyətlə, cəmiyyətin, sotsiumun bəzəyinə çevrilir, ləyaqət 

nümayiş etdirən hökmdarlar isə onun üzvlərini əxlaqına, mənəviyyatına da ciddi təsir 

göstərməmiş qalmırlar. Onlar özlərindən əvvəlki və miras qalmış boğunuq, üfunətli 

havanı, nəcib əməlləri və davranışları ilə təmizləməyə müvəffəq olurlar. Bu isə 

cəmiyyətə bütünlükdə şəfqətli təsir göstərir. Ona görə də onlar haqqında ağız dolusu 

danışmaq lazımdır ki, nəinki unudulmasınlar, həm də nəcib nümunələri ibrət götürmək 

mənbəyinə çevrilsin.  

Belə bir əhvalat mövcuddur ki, bir dəfə iki dost sözləşdikdə, biri o birinə sillə 

vurdu. Bir az sonra acıqları bir qədər soyuyanda, onlar dənizdə çimməyə yollandılar. 

Alçaldılmış dost suya girməmişdən əvvəl qum üzərində nəsə yazırdı, onu incidən bu 

yazıda əvvəlki pis hərəkətinin nəql edildiyini gördü. Dənizdə birdən sillə dəyən özünü 

pis hiss etməyə və batmağa başladı. Dostu böyük çətinliklə onu sahilə çıxara bildi. Bir 

qədər sonra özünə gələn bu adam indi də daşın üstünə nəsə yazmağa başladı və dostu 

maraqlananda gördü ki, indi də özünün xilas edilməsini ifadə edir. Əvvəlki yazının 



164 

 

nəyə görə qumda, sonrakının daşda yazıldığı ilə maraqlandıqda, yazıların müəllifi dedi 



ki, kim nə vaxtsa bizim xətrimizə dəyirsə, onu qumda yazmalıyıq ki, küləklər bu yazını 

silə bilsin. Lakin kimsə nə vaxt yaxşılıq etmişdirsə, biz onu daşda nəqş etməliyik ki, heç 

bir külək həmin yazını silə bilməsin.  

Doğrudan da nəciblərə belə layiq olduqları münasibət göstərilməlidir ki, 

başqaları da onların mənəvi zənginliyindən hali olsun və nümunə götürsün.  

Böyük italyan filosofu, “Cinayətlər və cəzalar haqqında” məşhur əsərin müəllifi, 

ilk dəfə cəzanın cinayətə müvafiq olması ideyasını irəli sürən markiz Çezare Bekkariya 

(1738-1794-cü illər) yaxşı demişdi: “Əgər mən bir həyatı xilas etmək aləti olmağı 

bacarsam, onun xeyir-duası və göz yaşları, hətta bu gün bəşəriyyətin nifrəti 

müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olardı”. Bəzən yüzlərlə, minlərlə 

adama xoşbəxtlik bəxş edən, onların həyatını məhrumiyyətlərdən xilas edən nəcib 

adamlar üçün təsəlli payı daha böyükdür, ölçüyə sığmazdır. Yaxşı insan öz ətrafına, 

onu əhatə edənlərə işıq, hərarət hədiyyəsi verir, bunlar onun özünə qayıtmasa da, 

başqalarına çatır, onlara imdad əlini uzadır, deməli, birinci başlanğıcdan meydana 

çıxan xeyirxahlıq yerdə qalmır, hökmən öz davamını tapır. Ona görə də xeyirxahlıq, 

insanlara sevgi, nəciblik yüksək qiymətləndirilməlidir, belə mükafatda isə yaxşılığın 

müəllifinin obrazı, az qala müqəddəslərə mənsub olan bir halə şəklində canlanmaqla, 

həm də gələcək nəsillərə çağırış vasitəsinə çevriləcəkdir.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin