Qəddarlıq ən nifrətəlayiq qüsurdur
Qüsurlar insan xarakterinin nöqsanlı cəhətləri olmaqla, onun sahibini etibarsız
edir, şəxsiyyət kimi tanınan adama isə ciddi ziyan vurmamış ötüşmür. Qüsurlardan
bəziləri onun daşıyıcısının əsəbinin, ümumilikdə sağlamlığının əleyhinə işlədiyi halda,
əksəriyyəti isə bilavasitə əhatə edənlərə xətər toxundurur. Onu görə də belə adamlara
yönələn nifrət, kin uzun müddət nəinki sıradan çıxmır, heç zəifləmir də. Qəddarlıq
adlanan qüsur adətən başqasına istiqamətlənir, istənilən hədəf seçildikdə ona ağır zərbə
vurmaqla da kifayətlənyməyib, bəzən həmin hədəfin məhvinə də səbəb olur.
Qəddarlıq həm də möhkəm qorxu mühiti yaradır, hər kəs bu eybəcər zərbənin
onu haqlayacağından qorxub, qəddarlıq mənbəyindən çəkinməyə, könüllü surətdə,
əlbəttə ki, əlacsızlıqdan ona dözməyə, çarə qalmayanda isə tabe olmağa başlayır. Stalin
depressiyası dünyanın ən böyük ölkəsinin bütün ərazisinə xof toxumu səpmişdi. Acı
təcrübə göstərir ki, böyük səlahiyyət sahibləri qəddar olduqda, bu cəmiyyətə ağır
yaralar vurur, təqib və repressiyalar, guya qanın adından törədilən qətllər baş alıb
gedir.
Tarix adlanan bəşər yaddaşı ləyaqətli hökmdarlardan yüz, bəlkə də min dəfələrlə
çox olan qəddar çarlara, krallara, imperatorlara, şahlara, sultanlara, inqilab rəhbərlərinə
malik olmuşdur. Bir qayda olaraq onlar qətllərdən, iri miqyaslı qırğınlardan həzz alır,
insanlara əzab, işgəncə və dərd payı verməkdə öz taxt-taclarının və ya vəzifə
kürsülərinin qorunub saxlanmasının, guya əbədiləşməsinin ən səmərəli vasitəsi hesab
edirlər. Canavar əgər xəstə, zəif heyvanları yeməklə fauna üçün sanitar rolunu
oynayırsa, qəddar hökmdar əslində qurbanlarının tərkibinə o qədər də əhəmiyyət
vermir. Bəziləri isə cəmiyyətin nəcib adamlarının qəsdinə durur, özləri üçün onları
165
təhlükə mənbəyi hesab etdiklərindən, bu sıranı zəiflətmək üçün istənilən vasitəyə əl
atmaqdan da çəkinmirlər. XVI əsrdə Varfolomey gecəsi qırğınından (1572-ci ilin
avqustunda baş vermişdi) sonra, huqenotların ölkəni kütləvi surətdə tərk etməsi ilə
Fransaya ağır iqtisadi zərbə vurulmuşdu. Kral XIV Luinin kübarlara vurduğu başqa
zərbə öz ziyanlı izini sonralar daha dəhşətli şəkildə göstərmiş, Fransa ilk ən böyük
dağıdıcı inqilabla üzləşmişdi. İngiltərə inqilabının başçısı Oliver Kromvel irland şəhəri
Droqhedanın qarnizonlarını qırğına məruz qoymaqla, şəhəri bütünlüklə qan gölünə
döndərmişdi.
Qəddarlıq ən təsirli vasitə hesab edildiyindən tabe etmək alətinə çevrilməklə
eybəcər ənənənin meydana gəlməsinə səbəb olur. Ona görə də qəddarlar
“panteolunda” uyuyanların sayı-hesabı yoxdur. Qəddar heç vaxt öz əməllərindən
nəinki xəcalət çəkmir, əksinə, bu insanlıqdan kənar olan əllaməlikləri barədə daim
iftixarla danışır, öz biabırçı “igidlikləri” barədə söhbət açmaqdan da həzz alır. Onların
iyrənc etirafları bu əməllər barədə daha geniş və “maraqlı” mənzərə yaradır, çünki
başqalarının hekayətlərində bəzən mühüm detallar unudula, həm də şişirtmələrə və ya
hansısa qərəzliliyə yol verilə bilər.
Tarixçilər də belələri haqqında bol məlumatlar verirlər. Axı adətən onların
yazılarında sadə insanların güzəranı, ehtiyacları, çətinlikləri, bədbəxt taleləri barədə çox
az söhbət açılır, bəzən cəmiyyətin bu qalın plastı, ən böyük təbəqəsi, ümumiyyətlə,
tədqiqatçıların diqqətini cəlb etmir. Lakin taxt-tac sahiblərinin məişətindəki və ya
sağlamlığındakı, xarakterindəki problemlərlə yanaşı, arvadlarının, məşuqələrinin,
kraliçaların isə məşuqlarının özlərini necə aparması, şıltaqlıqları ən yağlı boyalarla
təsvir edilir. Onları qınamaq da düzgün olmazdı, axı hökmdarlar özləri ilə yanaşı, həm
də ölkəni, xalqı, təbəələrini təmsil edən baş qəhrəman qiyafəsində səhnəyə çıxırlar,
onlar öz davranışları ilə cəmiyyətdəki mənəvi mühitin hansı hərarətdə olmasını
müəyyən etməklə kifayətlənməyib, həm də cəmiyyət üzvlərinə güclü təsir göstərir, pis
nümunələri ilə güclü deformasiyaların meydana gəlməsinə səbəb olurlar. Həm də onlar
xalqı, ölkəni tez-tez müharibələrə, sarsıntılara cəlb etməklə daim diqqət mərkəzində
olurlar. Hökmdarın sevdiyi bir qadına yiyələnməsi üçün və printsə malik olmaq
naminə arvadını boşaması da siyasi əhəmiyyət kəsb edən bir məsələyə çevrilir,
arvadlarını qətlə yetirmək isə onun heybətliliyindən qorxu hissini daha da artırır.
Böyük Karlın, VIII Henrinin və Napoleonun arvadlarını boşaması və yeni izdivacları
əslində həm də böyük siyasi hadisə xarakteri daşıyırdı. İngilis kralının timsalında isə,
onun sevdiyi Anna Boleynlə evlənməsi üçün birinci arvadını boşaması İngiltərə
kilsəsinin Roma Papası ilə münasibətlərinin tamamilə kəsilməsi, ölkənin katolik
məzhəbindən uzaqlaşmaqla protestantlığa keçməsi hesabına geniş dini münaqişənin
meydana gəlməsinə səbəb olmuşdu.
Milyonlarla sadə adamın nikaha girməsi və ya nikahını pozması isə heç toyuq
hinindəki qədər də səs-küy yaratmırdı. İngiltərə limanlarında isə dənizçilərin bir
günlük nikahı adi qaydaya çevrilmişdi. Ona görə də tarix salnamələrində hökmdarların
pozğun əxlaqlarının anatomiyası, əslində patologiyası da geniş təsvir mövzusu rolunu
oynayırdı.
Qədim Roma tarixçiləri Tatsit və Svetoni bu antik dövlətin imperatorlarının
dözülməz qüsurlarını qələmə almaqla, Tatsitin özünün dediyi kimi “Sine ira et studio” –
166
“qəzəbsiz və qərəzsiz,” yəni təhrifə yol vermədən hadisələrin sadəcə olaraq təsviri kimi
bir vəzifəni həyata keçirirlər. Tatsit inanırdı ki, tarix əxlaqi niyyətə malikdir: “Bu, mənə
belə görünür ki, tarixçinin başlıca vəzifəsi buna əmin olmaqdır ki, o, ləyaqəti çatdırır və
gələcəkdə məhkum ediləcəyindən qorxuya görə şər əməllərə və sözlərə qarşı çıxır”.
Onsuz da onların qələmə aldıqları həmin dövrdə və xeyli sonralar də xalqa
məlum idi, axı hökmdarın istər nəcib, istərsə də çox sayda olan eybəcər əməli və ya
əxlaq nümunələri dillərə düşür, tarixçilərin isə xidməti ondan ibarətdir ki, onlar bu
həqiqətlərin sonrakı nəsillərə çatdırılması kimi bir xeyirxah işi görürlər. Qəddarlıq bu
imperatorların, müasir dillə desək, elə bil ki, DNK-larına (DNT-lərinə) yazılmışdır.
Məgər tarixçilər qələmə almasaydılar da, Kaliqulanın, Neronun, Kommodun,
Karakallanın, Eloqabalın qəddarlıqları və dözülməz əxlaq pozğunluqları bir sirr olaraq
qalacaqdımı? Roma əhalisinin əksəriyyəti bundan hali idi və onların şahidi olmaq
qismətini yaşamışdılar. Hökmdarların həyatı nə qədər qalın divarlar arxasında
gizlədilsə də, onların barəsində söhbətlərin dolaşmasını qadağan etmək mümkün
olmur, kütlənin hamısını isə həbs etmək, qalalara saldırmaq, qətlə yetirmək olduqca
müşkül məsələdir.
Hökmdarın süqutundan və ya ölümündən sonra onun barəsindəki söhbətlər
təfərrüatlara yiyələnməklə genişlənir, bəzən hətta bir qədər şişirdilmiş qaydada gedir.
Axı insanlar hətta eybəcərliyi də qövsü-qüzeh rəngarəngliyində müşahidə etməyə meyl
edir, öz baxışlarını nəsillərdən nəsillərə ötürürlər.
Yazıçılar da tarixin daha böyük maraq obyektinə çevrilməsi üçün öz dühalarını,
istedadlarını əsirgəmirlər. Uilyam Şekspirin pyesləri vasitəsilə Qədim Roma və
İngiltərə tarixinin, təsvirində dəqiqliyi təəccüb doğuran xeyli səhifələrinə bələd olmaq
imkanı tapırsan. Valter Skott ingilis sarayının xəyanətlə dolu olan həyatını təsvir edir.
Aleksandr Dyuma (ata), Viktor Hüqo və Lev Tolstoyun əsərlərində tarixin dəhşət dolu
səhnələri istedadlı rəssam ustalığı ilə göstərilir. Onların yaratdıqları nəhəng
panoramalara hansısa rəngin qatı və ya zəif olduğu da xələl gətirə bilmir.
İnsan dünyaya gələndən xatarkterində ləyaqətlər kimi qüsurları da daşımağa
başlayır və onlar getdikcə inkişaf edir və ya zəifləyir. Min illər keçsə də, həyat,
cəmiyyətlər, mühit dəyişsə də, bədbəxtlikdən qüsurlar nəinki yoxa çıxmır, əksinə, daha
çox şəkillər alır və şaxələnir. Sivilizasiyalanmış insanın mənfi məziyyətləri cəmiyyətin
özü kimi yaxşı və pis tərəflərə dəyişməsindən asılı olmayaraq, getdikcə inkişaf edir,
yeni formalarda meydana çıxır. İnsanın mənəviyyatına mədəniyyət, yaradıcı
şəxsiyyətlər təsir göstərsələr də, onun vicdanına çoxlu çağırışlar və müraciətlər edilsə
də, həyatın özü daha güclü təsir göstərməkdə davam etdiyindən çoxlarının daxili
aləmində elə bir müsbət dəyişiklik əmələ gəlmir. Bədbəxtlikdən, sivilizasiyalanmış
dəyərlər sıradan çıxmağa başlayır. Daha pis cəhət orasındadır ki, ən iyrənc qüsurlar
daha da böyüyür, şişir, eybəcərliyi ilə rəmzə çevrilərək, tarixin səhifələrini işğal etməyə
başlayır.
Qəddarlıq, adamları əzaba düçar etmək vasitələri də zənginləşirdi. Misir
piramidaları nəhəng tikililər olmaqla ən faydasız obyektlər hesab olunur, çünki
ağlasığmaz zəhmət sərfi, daha doğrusu israfı hesabına başa gələn bu ehramlar faraonun
cəsədini qoruyan sərdabə rolunu oynamalı idi. Onları əsasən mövsümi işçilər tikirdilər.
Yay aylarında Nil çayı daşanda əkinçilər özlərinin kənd təsərrüfatı iqtisadiyyatına
167
ziyan vurmadan bu tikintilərdə çalışırdılar. 25 milyon ton ağırlığındakı daş blokların
daşınmasından və ucaldılmasından əmələ gələn bir neçə nəhəng piramidanın
tikintisinə bir əsrə qədər vaxt lazım gəlirdi. İnşaatçıların əksəriyyəti öz zəhmətlərinin
nəticəsini görmürdü. Guya bu piramidalarda uyuyanlar həmin sərdabələrdən əbədi
həyata qalxa bilərdilər, axı onlar allah hesab olunurdular. Əgər faraonlar əbədi bir
şərəfdə səyahət etsəydilər, guya yer üzərindəki həyat da çiçəklənəcəkdi.
Qədim dünya ümumiyyətlə, insanın gözləri qarşısında qəddarlıqlar səhnəsi,
qırğınlar mənzərəsi kimi canlanır.
Köhnə Babilistan imperiyasının banisi və heç şübhəsiz, ən böyük amorit
hökmdarı olan Hammurabi (b.e.ə. 1792-1750-ci illərdə çarlıq etmişdi) öz qəddarlığını
məğrurluqla bəyan edirdi: “Mən yuxarıda və aşağı ərazidə düşməni kökündən məhv
etdim”. Həqiqətən də o, hökmranlıq etdiyi dövrdə öz ölkəsinin ərazisini müharibələr,
məkrli ittifaqlar və asılılığa salan müqavilələr vasitəsilə doqquz dəfə böyütmüşdü.
Lakin Hammurabi tarixə öz işğallarına görə deyil, daha çox dünyada ilk və böyük
hüquqşünaslıq sənədi olan qanunlar toplusuna – “Hammurabi kodeksi”nə görə daxil
olmuş və bütün dövrlər üçün məşhurluğa qovuşmuşdu. Napoleonun da dühasının irsi
kimi qələbələrinin izi deyil, məhz “Mülki kodeksi” qalmışdır və bu sənəd çox sayda
dövlətlərin qanunlarının binövrəsi rolunu oynamışdır. Hammurabi özünün bu məşhur
işini “dinat misarim” – “ədalətli qaydanın verdiktləri” adlandırmışdı, özü isə daim məhz
“ədalətli çar” adlanmağını arzu edirdi.
B.e.ə. 1225-ci ildə Assuriya çarı Tikultu-Minutra Babili tutub, öz salnaməçilərinə
göstəriş verdi ki, bu barədə belə məlumat versinlər: “Mən Babilistan çarını əsir
götürdüm və onun məğrur boynu ilə ayaqyolu oturacağı kimi davrandım. Beləliklə,
mən bütün Şumerin və Akkadın ağası oldum və öz səltənətimin sərhədini Aşağı
dənizin üstündə qoydum”.
İsrail çarı David (b.e.ə. 1000-970-ci illərdə hökmranlıq etmişdi) bir neçə
işğalından sonra təslim edilmiş xalqlarla olduqca sərt davranmışdı. Bibliyada
“Semyuelin ikinci kitabı”nda deyilir ki: “Sonra David Moabitləri məğlub etdi. O, əsirləri
torpağın üstünə uzandırdı və hər üçündən ikisini ölümə məhkum etdi. Beləliklə
Moabitlər onun təbəəsi oldular və ona vergi verirdilər.” Həmin kitabdakı “Davidin
qələbə şərqisi” fəslində isə onun öz dilindən deyilir ki, “Mən onları (düşmənləri-
müəllif) tarmar etdim və onlar toza çevrildilər, / Mən onları palçıq kimi tapdaladım.”
B.e.ə. 883-859-cu illərdə Assuriyada çarlıq etmiş Aşşurnasirpal Şimali
Mesopotamiyanı, Şimali Suriyanı və Finikiyanı işğal etmişdi. Məğlub etdiyi
düşmənlərini lovğalıqla belə xatırlayır: “Mən onların döyüşçü qruplarından 3000-ni
silahla doğradım… Onlardan götürdüyüm çox sayda əsirləri odda yandırdım. Çoxlarını
diri ələ keçirdim, onlardan çoxunun əllərini biləkdən kəsdim, digərlərinin burunlarını,
qulaqlarını və barmaqlarını kəsdim, çox sayda əsgərlərin gözlərini çıxartdım… Onların
cavan kişilərini və qadınlarını ölüncəyə qədər odda yandırdım”.
Üç əsr keçməmiş İsrail çarı Davidin öz ölkəsi yadellilərin işğalına məruz qaldı.
B.e.ə. VIII əsrin sonunda Assuriya çarı Sennaxerib Yerusəlimi mühasirəyə aldı.
Sennaxerib (b.e.ə. 704-681-ci illərdə hökmranlıq etmişdi) Yerusəlimin b. e. ə. 701-
ci ildə baş verən mühasirəsini belə qeyd edir: “Yəhudilər mənim zülmümə tabe
olmadıqda, onların güclü şəhərlərindən 46-nı mühasirəyə aldım… Mən onlardan
168
200.150 adamı, cavanları və qocaları, kişiləri və qadınları ölkədən kənara qovdum,
həmçinin saysız-hesabsız atlarını, qatırlarını, eşşəklərini, dəvələrini qənimət götürdüm.
Özümü Yerusəlimdə saray iqamətgahında qəfəsdə olan quş kimi əsir etdim. Onları
(şəhərləri – müəllif) ilə torpaq işləri ilə mühasirəyə aldım ki, öz şəhər qapılarını tərk
edənlər cana doysunlar”.
Yalnız hücum edən qoşun arasında baş verən qorxulu epidemiya ona böyük
ziyan vurduqda, Sennaxerib şəhəri tutmaq məqsədindən vaz keçdi. Yəhudilərin
şişirtməsinə görə, guya 185 min assuriyalı döyüşçü xəstəlikdən qırılmışdı. Necə olsa da,
yəhudilərin lənəti öz işini görməkdə davam etdi və b.e.ə. 681-ci ildə Sennaxerib Minutra
allahının məbədində öz oğlanları tərəfindən qətlə yetirildi.
B.e.ə. 669-633-cü illərdə Assuriya çarı olmuş Aşşurbanipal isə işğal etdiyi Babillə
necə davrandığını belə təsvir edir: “Mən (haqqımızda) böhtan danışanların dillərini
boğazından çıxardım… Mən onları qəti olaraq məğlub etdim. Digərlərini diri-diri,
himayəçi ilahələrimizin heykəllərini dağıtdıqları qaydada əzdim, necə ki, mənim
babam Sennaxerib onları əzmişdi, – indi mən nəticədə onun ruhuna gecikmiş də olsa,
dəfn qurbanı verirəm. Mən onların cəsədlərini kiçik parçalara bölüb, itlərə, donuzlara,
… quzğunlara, göydə uçan quşlara, həmçinin dənizlərdəki balıqlara yedirtdim.
Bunlardan sonra böyük allahlarımızın, mənim ağalarımın ürəklərini yenidən
sakitləşdirdim. Taundan ölənlərin cəsədlərini itlər və donuzlar yeyib doyduqdan sonra,
kənara uzaqlaşdırdım. Onlar, həm də dəhşətli aclıqdan həyatlarını itirənlər Babilin
küçələrində hərəkətə mane olurdu, Babilin sarayları cəsədlə dolmuşdu”.
Assuriya imperiyası tarixdə bəşəriyyət üçün lənət simvolu sayılan ilk imperiya
idi. Assuriyalılar əsirləri qullara çevirirdilər. İşğal edilmiş ərazilərdə adamlar
müqaviləni pozduqda, hətta ən xırda xətalara görə ən sərt cəzalara məruz qalırdılar.
Orta əsrlər Yaponiyasında da dəhşətli amansızlıq hökm sürürdü, ölüm hökmündən
başqa bir cəza yox idi. Cəzanı çəkmək üçün məhbəslər də yox idi. Dustaqxanalar yalnız
ölüm cəzasını gözləyənləri saxlamağa xidmət edirdi. Assuriyadakı həmin cəzalara isə
oğlunu qurban vermək və ya bir girvənkə yun yemək və çox miqdarda su içmək daxil
idi. Axırıncı cəza sonra əzablı ölümlə nəticələnirdi.
Assuriyanı tarix səhnəsində varis kimi əvəz edən Yeni Babilistan hökmdarları da
qəddarlıq prinsipindən, qan tökmə rasionundan uzaqlaşmırdılar. Ən məşhur hökmdar
olan II Nabuhadonosor b.e.ə. 604-cu ildə hökmranlığa başlamamışdan əvvəl misirliləri
qəddarlıqla müşayiət olunan qanlı müharibədə tar-mar etdikdə, atasının ölüm xəbərini
eşidib Babilə qayıdaraq, taxt-taca sahib olmuşdu. O, 597-ci ilin martında Yerusəlimin
işğal etdi və çarları ilə birlikdə 3 min nəfər yəhudi Babilistana sürgün edildi. Səkkiz il
sonra İudeya qiyam qaldırdıqda Yerusəlim 18 ay mühasirədə qalıb, nəticədə təslim
oldu və bütünlüklə dağıdıldı. Minlərlə yəhudi “Babilistan əsirliyinə” göndərildi. İki
min altı yüz il sonra belə, yəhudilər “Babil” kəlməsini yalnız böyük nifrət və qəzəblə
dillərinə gətirirlər. Çar David duşmənlərini məhv etməklə öyünürdü, ancaq onun
ölkəsinin və xalqının başına dəfələrlə daha dəhşətli bəlalar gəldi. O, oğlu Solomon kimi
müdrik olmasa da, taleyin üzünün dönməsi ehtimalının mövcudluğunu yaddan
çıxarmamalı idi.
Bir neçə əsr sonra böyük və gözəl Karfagen şəhərini romalılar b.e.ə. 146-cı ildə
işğal edib yandırmaqla, eyni adlı dövlətin varlığına da son qoydular. Qalib Roma
169
sərkərdəsi Kiçik Stsipion Emilian məhz belə bir dəhşətin Romanı da haqlayacağını
uzaqgörənliklə hiss etmişdi. O, şəhərin viran qoyulmasının dəhşətli səhnəsini müşahidə
etdikdə göz yaşları axıtmış və düşmənin taleyinə açıqca ağlamışdı. Bu mənzərə bir
vaxtlar məğrur şəhər olan Troyanın, assuriyalıların, midiyalıların, böyük Persiya
imperiyasının talelərini yada salırdı. Tarixçi Appianın yazdığına görə, Stsipion
təsirlənib Homerin “İliada”sından Troyanın bütünlüklə məhv olması barədəki
sətirlərini söylədi. Onun müəllimi və dostu olan görkəmli tarixçi Polibi bu sözlərlə nəyə
işarə etdiyini soruşduqda, o, tərəddüd göstərmədən öz şəhərinin adını çəkdi, insan
işlərinin dəyişkən olduğunu güman etdiyindən, Romanın taleyinə görə qorxduğunu
söylədi.
David isə taleyin daim onun xalqına himayə göstərəcəyini güman etdiyindən,
onun mümkün dolanbaclarına göz yummuşdu. Babilistan əsarəti qədim yəhudiləri
dəhşətli sınağa çəkmişdi. Peyğəmbər Yeromiya Yerusəlimin işğal edilməsinin və
dağıdılmasının şahidi olmuşdu. Bibliyanın “Ağılar” kitabında şəhərin bədbəxtliyinə
bəslənən kədər və hüzn, onun acı dərdləri tükürpədən cizgilərlə təsvir edilir:
“Müharibədə həlak olmaq sonra ölməkdən yaxşı idi, çünki adamlar aclıqdan yavaş-
yavaş ölürdü, onları saxlamaq üçün heç bir qida yox idi. Xalqımın üstünə gələn
bədbəxtlik dəhşət doğurur; sevən analar qida əvəzinə öz uşaqlarını isti suda qaynadıb
yeyirdilər”.
“Babil əsirliyi” dövrü həm də yəhudi dininin- iudaizmin və onun sərt
qanunlarının formalaşması üçün həlledici əhəmiyyətə malik oldu. Bu din yad xalqların
əhatəsində yəhudilərdə vahid bir xalqa məxsusluq hissini qoruyub saxlamağa kömək
etdi. B. e. ə. 445-ci ildə müqəddəs mətnlər olan Tora tərtib olundu, bu toplu iudaizm
ardıcıllarının bütün həyatını tənzim edən göstərişlərdən ibarət idi.
Bizim eranın 70-ci ilində isə Roma imperatoru Vespasianın sərkərdə oğlu,
gələcək imperator Tit yəhudi üsyanını rəhmsizcəsinə yatırdıqda, bu vaxt Yerusəlimdəki
Solomon Məbədi yandı və bir daha bərpa olunmadı, ondan yadigar kimi yalnız
“Ağlama divarı” adlanan Qərb divarı qalır.
Palestina romalılar tərəfindən imperiyaya anneksiya edildi və yəhudilər tədricən
Roma imperiyasının digər hissələrinə yayıldılar. Əsrlər ərzində yəhudilərin bir ölkədən
başqasına keçməsi və ya diaspora bu əzabkeş xalqın mövcudluğunun mərkəzi faktına
çevrildi. Davidin düşmənlərinə qarşı amansızlığı daha böyük miqyasda öz xalqına qarşı
tətbiq edildi. XV əsrin sonunda sefard yəhudilər kütləvi şəkildə İspaniyadan
qovulduqda, onlara daha çox sığınacaq verənlərdən biri Osmanlı imperiyası oldu. XX
əsrin 30-cu və 40-cü illərində isə antisemitizm Hitler diktaturası dövründə genosid
siyasətinə və praktikasəna çevrildi. Yəhudilərə qarşı aparılan Holokost tarixin ən
dəhşətli epizoduna çevrildi, 6 milyona qədər yəhudi öz həyalarını natsistlərin ölüm
düşərgələrində, həmçinin aclıqdan və xəstəliklərdən qurban verməli oldu.
Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) böyük qələbələri ilə yanaşı heç də az
əhəmiyyət daşımayan xidməti yunan sivilizasiyasının xilas etməsi idi. Çünki o, b.e.ə.
334-cü ildə Asiyaya yürüşünü başlayanda Ellada zəifləmiş, Persiya güclənmişdi. Lakin
Aleksandr şöhrətpərəst olduğu kimi, həm də qəddar idi. Avropada vuruşarkən qonşu
Fivanı təslim etdikdə və viran qoyduqda, kiçik bir istisna nəzərə alınmasa, şəhərin
sakinlərini qul olmağa satmışdı. Bununla o, digər yunan dövlətlərini qorxutmaq
170
istəyirdi. Asiya işğalları vaxtı isə, b.e.ə. 332-ci ildə Finikiya şəhəri olan Tiri altı ay
mühasirədə saxladıqdan sonra, donanması olmadığından adadakı şəhəri tuta bilmirdi,
şəhərlə materiki birləşdirmək üçün bənd zolağı çəkdi. Böyük qurbanlar verən şəhər
təslim olmağa məcbur oldu. Aleksandr sakinləri qul olmağa satdı, bəziləri isə çarmıxa
çəkdirildi. O, Persiyadakı gözəl Persepolis sarayını yandırıb, xaraba qoydu ki, Afinanın
perslər tərəfindən yandırılmasının qisasını alır.
O, öz dostlarına və silahdaşlarına qarşı da qəddarlıq edirdi. Marakanda
qalasındakı ziyafətdə uşaqlıq dostu Klit yerli perslərin yanında, Makedoniya qoşun
rəislərini lağa qoyan mahnılar oxunması ilə onlara istehza edilməsindən hiddətlənib,
Aleksandrla sözləşdi. O, Kliti qorxaqlıqda ittiham etdikdə, dostu Qranik döyüşündə
onu ölümdən xilas etdiyi hadisəni yada saldı. Qəzəblənən Aleksandr mühafizəçisinin
nizəsini qapıb, uzun illər dostluq etdiyi və həqiqi xilaskarı olan bir adamı qətlə yetirdi.
Sonra o, sərkərdə Parmenionu, oğlu Filotu edam etdikdən sonra onun qisas
alacağından qorxub qətlə yetirtdirdi.
Tsin Şi Huan-di b.e.ə. 221-ci ildə Çinin birləşməsinə və mərkəzi dövlət
yaranmasına nail olanda “hökmdar” mənasını verən “van” titulundan imtina edib, ilk
dəfə “huan-di” – imperator adına yiyələndi. Bundan əvvəl kiçik dövlətə başçılıq edəndə
isə o, İn Çjen kimi tanınırdı. İmperator olduqdan sonra isə yüksək hakimiyyətin və
qüdrətin yeganə mənbəyi hesab olunurdu. Şi Huan-di ifadəsindəki şi – “birinci”
mənasını verməklə onun ilk imperatorluğuna işarə idi, di – “Qütb ulduzu” demək idi,
huan-di isə “parlayan qütb ulduzu” ifadəsi olmaqla, həm də imperator mənasını
verirdi. Deməli, Yer üzərindəki hökmdar səma cismi ilə eyni qaydada adlanırdı. Tsin
isə sülaləsinin adı idi. O, sərhəd boyu mövcud olan divarların, məşhur Çin səddinin
birləşdirilməsi və möhkəmləndirilməsi işinə sayı yüz minlərlə ölçülən işçi qüvvəsi cəlb
etmişdi. Bu tikintilərdə on minlərlə adam ailəsindən uzaqlarda həyatını itirirdi.
Ümumiyyətlə, o, nəhəng layihələr pərəstişkarı idi. Çinin bütün ərazisindən keçən kanal
çəkdirmək istəyirdi, lakin bu layihə həyata keçmədi.
Şi Huan-dinin hökmdarlığı dövründə adamlar təqiblər vasitəsilə nəhəng tikinti
işlərinə cəlb edilirdi, onların çoxu da tikinti yerinə gələndə yollarda ölürdü, bir hissəsi
isə qaçmaqla canını qurtarmaq istəyirdi. Belə bir hadisə 1849-cu ildə Kaliforniyada qızıl
tapıldıqdan sonra əmələ gələn ağlasığmaz “qızıl həyəcanı” vaxtı da baş vermişdi.
Ölkənin hər tərəfindən bir andaca varlanmağa can atanlar evlərini, işlərini atıb, dəli
kimi bura tələsirdilər. Hakimlər mühakimələrini yarımçıq qoyub, məmurlar iş yerlərini
tərk edib bu macərada iştirak etməyə yollanırdılar. Çoxları yollarda xəstəliklərdən
ölürdü, əksəriyyətinin isə Kaliforniyada arzularının puç olması və ümidlərinin
dağılması ilə həyatın acı davamı gözləyirdi. Çoxları qızıl tamaq əvəzinə, bütün var-
dövlətlərini, nəhayət, həyatlarını itirməli olurdular. Çindən fərqli olaraq adamlar buna
məcbur edilmirdilər, özləri könüllü surətdə bu ağılsızlığa gedirdilər.
İmperator Şi Huan-diyə gəldikdə, o, qəddarlığını tez-tez işə salırdı, onun
siyasətini tənqid etdiyinə görə yüzlərlə ziyalı öldürülmüşdü. Hüquqa həsr
olunanlardan savayı başqa mövzularda olan bütün kitablar, hətta bağçılığa və bitki ilə
müalicə dərmanlarından bəhs edənlər də ictimai dövriyyədən təcrid edilirdi. Səbəb isə
ondan ibarət idi ki, imperator bu bitkiləri təhlükəli və qaydanı pozan hesab edirdi. O,
Konfutsinin kitablarını yandırtmışdı. Qay Yuli Sezar b. e. ə. 48-ci ildə Aleksandriyada
171
hərbi tələ qurmaq məqsədilə öz gəmilərini yandırdıqda, yanğın məşhur Aleksandriya
kitabxanasına da keçib, onu məhv etmişdi. 639-cu ildə xəlifə Ömər Misiri işğal edərkən
Quranda yazılanların vahid və hərtərəfli elm olduğunu əsas götürərək, Aleksandriya
kitabxanasını yandırmağı əmr etmişdi.1258-ci ildə isə Çingiz xanın nəvəsi olan monqol
sərkərdəsi Hulaqu Bağdadı tutduqda şəhəri qarət edib, Müdriklik evini dağıtmış, onun
zəngin kitabxanasının bütün kitablarını Dəclə çayına atdırmışdı. Qəzəbi soyumayan
monqol xanı xəlifə ilə birlikdə şəhərin 800 mn sakinini öldürtmüşdü. Yəqin ki, Hitler də
1938-ci ildə Nyurnberqdə kitab tonqallarına yol açanda bu ideyanın köhnə müəllifinin
bədnam irsinə əsaslanmışdı.
Karfagen sərkərdəsi Hannibal (b.e.ə. 247-183-cü illər) cəsur olduğu qədər, həm
də qəddar idi. İspaniyada Romanın himayəsində olan Saquntu zəbt etdikdə, o, bütün
şəhər sakinlərinin öldürülməsini əmr etmişdi.
Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 132-63-cü illər) Romaya qarşı intiqam
hissinə görə Kiçik Asiya şəhərlərində yaşayan bütün romalıların bir gün ərzində
qırılmasına göstəriş vermiş və həmin gün 150 min adam qətlə yetirilmişdi.
B.e.ə. 82-ci ildə Roma sərkərdəsi Sulla ona qarşı guya haqsızlıq edildiyinə görə
ordusu ilə birlikdə, qanun isə buna icazə vermirdi, Romaya daxil olub, şəhəri tutdu və
paytaxtda görünməmiş terror başlandı. “Terror” latın dilində “dəhşət” deməkdir.
Romanı bu vaxt əsl dəhşət bürüdü. Əgər quldarla qul arasındakı antaqonizmə görə qul
ağasının potensial düşməni hesab olunurdusa, Sulla şübhələndiyi adamların hamısını
öz gözündə düşmən kimi görürdü. O, cəzalandırmaq istədiyi adamların siyahısını
tutdururdu. Proskriptsiya adlanan bu siyahıya düşənlər qanundan kənar elən
edilməklə qətlə yetirilirdi, həm də bu eybəcər tədbir təkcə Romada deyil, İtaliyanın
digər şəhərlərində də tətbiq olunurdu. Humanistlik edib, özünü xilas etmək istəyənlərə
evində sığınacaq verənləri də ölümlə cəzalandırırdı. Bu vaxt qardaş qardaşı, oğul atanı,
ata oğulu bu siyahılara saldırmağa can atırdı ki, onların mülkiyyətinə sahib
olsun.Yalnız arvadlar ərlərinə qarşı öz sədaqətlərini qoruyub saxlamaqla, belə cinayətə
nisbətən az gedirdilər. Bu adamları qətlə yetirənlərə hətta mükafat verilirdi, çoxları
pulunun, sərvətinin qurbanı olurdu. Sulla bir şəhərdə yaşayan 12 min adamın hamısını
bir yerə yığdırıb onları qırmağı əmr etmişdi.
Sulla istədiyi adama – gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara bütöv
xalqların torpaqlarını və şəhərlərin bütün gəlirlərini bağışlayırdı. Başqalarının
arvadlarını yaxın adamlarına bəxşiş kimi verirdi. O, 40 senatoru və 1600 atlını (onlar
yuxarı sinflərə mənsub olanlar idilər) ölüm cəzasına məhkum etmişdi. Onun apardığı
müharibələrdə isə ölkənin 100 min nəfərdən artıq ümid verən vətəndaşı həlak olmuşdu.
O, Roma tarixində ilk dəfə olaraq dövlət terrorunu həyata keçirmişdi. Sulla lənətinə
gəlmiş Roma bu ağır xəstəlikdən sonralar da dəfələrlə əziyyət çəkməli oldu. Onun
təcrübəsi bir daha göstərdi ki, despotiyanın fəsadları sağalmaz olur.
Qay Yuli Sezar b.e.ə. 49-cu ilin yanvarında Sulla qaydasında ordusu ilə Rubikon
çayını keçməklə, Qalliyadan Roma ərazisinə ayaq basdıqda, özünə məxsus qaydada:
“Alea jacta est” – “Püşk atılmışdır” sözlərini söyləmişdi. O, yaxşı başa düşürdü ki, bu
hərəkəti ilə Romada vətəndaş müharibəsinə start verir, çünki o, öz dövlətinin
qanunlarını tapdalamaqla bu addımı atmışdı. Vətəndaş müharibəsi isə bütün
müharibələr içərisində ən iyrəncidir, çünki qardaş qardaşı öldürməli olur, hamı üçün
172
vahid olan vətən iki cəbhəyə bölünür. Bu dəfə də vətəndaş müharibəsi Romaya ağır
başa gəldi. Çünki müharibədə adətən qanunlar susursa, vətəndaş müharibəsində əks
tərəfə münasibətdə ümumiyyətlə heç bir qanun yada düşmür.
Sezar artıq çar olmaq fikrinə düşmüşdü, onun bütün xüsusiyyətlərinə
yiyələnmişdi, təkcə formal qaydada elan olunması qalırdı. B.e.ə. 44-cü ildə ömürlük
diktator elan edilən Sezara qarşı sui-qəsd baş tutdu və o, senatda öldürüldü, cəsədi
Pompeyin büstünün kürsüsünün yanına düşdü.
Sezarın qətli gözlənilənin tam əksi olan bir nəticəyə gətirib çıxardı, yeni vətəndaş
müharibəsinin başlanması üçün siqnal rolunu oynadı və Sezar tərəfdarları
Yunanıstandakı Filippi döyüşündə sui-qəsdin təşkilatçıları olan respublikaçılar
ordusuna qalib gəldilər. Romada meydana gələn ikinci triumviratın törətdiyi qırğının
qurbanlarının sayı isə hesaba gəlmirdi. Tarixçilər 300 senatorun və 20 min atlının
öldürüldüyunu xəbər verirlər. Ona görə də Tsisteronun Sezarın qətli barədə az sonra
söylədiyi sözlər çox müdrik olmaqla, həqiqəti əks etdirirdi: “Mart idiləri” (Sezarın
öldürüldüyü 15 mart günü- müəllif) ilə özünə təskinlik vermək axmaqlıqdır, axı biz kişi
igidliyi ilə yanaşı, ağıl barədə isə əsl uşaqlıq göstərdik. Ağac kəsilmişdi, lakin kökündən
çıxarılmamışdı, ona görə də bilmirik ki, o hansı zoğlar verəcəkdir”. Onun sözləri
gerçəkliyə çevrilməklə təsdiqini tapdı, çoxlu qurbanlarla yanaşı, böyük filosofun
özünün də həyatına qətl vasitəsilə son qoyuldu.
Avqustdan sonra gələn Roma imperatorları isə böyük dövlətin başçılarından
daha çox əcaib klounları xatırladıb, karikatura effekti yaratmaqla yanaşı, elə bil ki,
qəddarlıqda bir-birləri ilə yarışa girmişdilər. Roma imperatoru Tiberi (b.e.ə. 42 - b.e. 37-
ci illər) ömrünün son illərində Kapridə əylənmək üçün adamları qayadan dənizə
atdırır, orada qayıqda keşik çəkənlər onları avarla vurub öldürürdülər. O, öz varisi
olacaq gələcək imperator Kaliqula (b.e.12-21-ci illəri) haqqında isə demişdi ki, “Mən
Romanın döşündə gürzə bəslənmişəm”. Tezliklə Kaliqulanın qəddarlığı da üzə çıxdı, öz
qardaşını edam etdirdi. Osmanlı imperatorları da kişi cinsindən olan öz yaxınları
barədə belə iyrənc irsi davam etdirirdilər. Kaliqula bəzi senatorları öz arabasının
dalınca uzun məsafələrə qaçmağa məcbur edirdi. Onun vəhşiliyi hədd tanımırdı. Vəhşi
heyvanlara verilən ət bahalaşanda (qladiator döyüşləri üçün çox sayda yırtıcı heyvan
saxlanırdı), o, cinayətkarları diri-diri onların qabağına atdırırdı. Hörmətli adamları
qəfəsə saldırıb, heyvan kimi əllərinin və ayaqlarının üstündə dayanmağa məcbur
edirdi. O, Homerin poemalarını məhv etməklə tanımadığı Şi Huan-dini təqlid etmək
istəyirdi. Onun ağılsız idarəçiliyi adamları boğaza yığdığından, 29 yaşında qətlə
yetirilməklə həyatla vidalaşmalı oldu.
Kaliqula yalnız insanlara nifrət edirdi, heyvanları isə olduqca xoş münasibət
bəsləyirdi. Atına mərmərdən tövlə, fil sümüyündən axur tikdirmişdi, öz ölümü mane
olmasaydı atını konsul edəcəkdi (Roma respublikasında seçilən iki konsul dövlətin ən
böyük icra hakimiyyəti idi).
Neron (37-68-ci illər) 17 yaşında imperator səlahiyyətlərinə yiyələndikdən sonra
həyasızlığı, qəddarlığı ilə ad çıxarmağa başladı. Bu onun təbiətindən irəli gəlirdi. O,
kimi istəsə edam etdirirdi, anasını özünü öldürməyə məcbur etmişdi, arvadlarını qətlə
yetirirdi. Müəllimi, böyük filosof Senekanı, özünü intihar etməyə vadar etmişdi. 64-cü
ildə Romanı açıq şəkildə yandırtdı, altı gün davam edən yanğının dəhşətli mənzərəsinə
173
imperator tamaşa edib, həzz alırdı. Onu öldürəcəklərindən qorxub, 68-ci ildə
əlacsızlıqdan qılıncı boğazına soxmaqla özünü öldürdü, bu vaxt onun 31 yaşı var idi.
Atasından və qardaşından sonra imperator olan Domitsian (51-96-cı illər) da çox
tezliklə qəddarlığa və tamahkarlığa keçdi. Bir neçə konsulu və çox sayda senatoru
ölümə göndərdi. Ona qarşı artan nifrət sui-qəsdlə nəticələndi və 15 illik
hökmranlığından sonra onu öldürdülər. Bu dövrdə 12 Sezardan 7-si öz ömürlərini təbii
qaydada deyil, zorakılıq nəticəsində başa vurmuşdu.
211-217-cu illərdə imperator olan Karakalla öz əli ilə kiçik qardaşını öldürmüşdü.
Onun özünü də Şərqə yürüş vaxtı öldürdülər. Ümumiyyətlə, Avqustdan sonra və nəcib
imperatorlar istisna olmaqla, bu vəzifəni tutanlar çox tez-tez dəyişirdi, çünki bir qayda
olaraq öldürülürdülər. Bu da imperiyanın zəifləməsinə gətirib çıxarırdı, dövlət
eroziyaya uğrayırdı, parçalanır, tədricən dağılırdı.
III əsrdə yaşamış xristian icmasının yepiskopu, xristianları Nerondan başlayaraq
təqib etməklə məşğul olan imperatordan biri olan Valerian tərəfindən 256-cı ildə edam
edilmiş Kiprian öz biabırçı dövrünü amansızcasına məhkum etməklə təsvir edib,
yazırdı ki : “Hər yerdə müharibədir, hərbi düşərgələrdir, qanlı dəhşətlərdir. Bütün
dünya qarşılılıqlı qaydada tökülən qanlarla suvarılır və insan qətli yalnız ayrı-ayrı
adamlar tərəfindən törədildikdə cinayət hesab olunur, əgər bu açıq şəkildə həyata
keçirilirsə, igidlik adlanır. Xətalara görə cəzasızlıq cinayətin dəhşəti ilə təmin edilir.
Cinayəti nəinki edirlər, həm də onu etməyi öyrədirlər. Cinayət qanunlar qarşısında baş
verir, hüquqlar tapdalanır. Bir insan bədəninə, onun orqanlarının sayından çox cəza
tətbiq edilir. Hakimlər hökmləri ilə alver edirlər. Kim ki, cinayətin qarşısını almalıdır, o,
özü cinayət edir, günahsız müttəhimi məhv etmək üçün hakim özü də günahkara
çevrilir. Qanun qarşısında heç bir qorxu yoxdur. Nə satıla bilirsə, o da qorxu törədir”.
Bu yeni dinin mübariz xadimi vaxtilə, özündən üç əsrdən çox əvvəl Milonun
məhkəməsində müdafiəçi kimi çıxış edəndə “O tempera, o mores!” – “Ar olsun bizim
dövrə və onun qaydalarına!” sözləri ilə hayqıran Tsitseron kimi öz yaşadığı mühiti ifşa
etməklə, onun haqsızlıqlarına elə bil ki, ölüm hökmü oxuyur.
Qəddarlıq sağalmaz, bəlkə də xərçəng kimi ağır bir xəstəlikdir. Əksər hallarda
bu insan təbiətindən irəli gəldiyi halda, itaət etmək və qəddar hökmdara pərəstiş
qaydasındakı kölə münasibəti kimi münbit şərait də onun meydana gəlməsinə və
metastaz qaydada genişlənməsinə səbəb olur. Qay Yuli Sezar Katilina qəsdi müzakirə
edilərkən senatda çıxış etdikdə Afina tarixindən bir ibrətamiz misal gətirmişdi.
Afinalılar üzərində qələbə çaldıqdan sonra makedoniyalılar onların dövlətinin başında
otuz hökmdar qoydular. Onlar əvvəlcə hamının nifrətini qazanmış ən zərərli caniləri
məhkəməsiz edam etdilər, xalq isə bu hadisələrə sevinir və onları bəyənirdi. Sonra
hökmdarlar cəsarətlənib, fərq qoymadan, öz istəklərinə uyğun olaraq adamları
öldürməyə başladılar, başqalarını isə qorxudub vahimədə saxladılar. Beləliklə bütün
xalq köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi.
Təbabət inkişaf etdikcə bir az əvvəl əlacı mümkün olmayan xəstəlikləri öz
üsulları ilə müalicə etməyə müvəffəq olur. Siyasi və sosial məsələlərdə isə “təbabət”
gücsüz olaraq qalır. Siam əkizlərini, çox mürəkkəb və çətin cərrahiyyə əməliyyatı
vasitəsilə bir-birinə bağlı olan bu iki bədəni ayırmaq, aralamaq, həmin anadangəlmə
patologiyanı nisbətən aradan qaldırmaq mümkün olduğu halda, qəddarlığı onun
174
məxsus olduğu xarakterdən uzaqlaşdırmaq mümkün olmur, axı bu “Siam əkizləri” bir
ürəkdən keçən eyni qan dövranı timsalındakı vahid şüura və xarakterə malikdir. Ona
görə də bu patologiyanı müalicə etmək müşkül məsələdir. Qəddarlar islah olunmurlar,
onların bu dözülməz qüsurları yalnız təbiətin hökmü və ya hansısa bir hadisə
nəticəsində fiziki cəsədləri ilə birlikdə dünyanı tərk etməli olur. Axı yırtıcı vəhşi heyvan
da heç vaxt vegetariana çevrilmir. Qəddar şəxslər də fauna üçün deyil, cəmiyyət üçün
təhlükəli yırtıcı rolunu oynayır.
Qəddarlar uğursuzluğa düçar olduqda hökmən paranoyyaya meyl edirlər. Onlar
həzzlərdə çimməkdən də öz qəddarlıq ilhamlarını alırlar. Ona görə də eyş-işrət
qəddarlığı alovlandıran yanacağa çevrilir, odu alovlandıran əlavə oksigen
püskürdülməsi rolunu oynayır.
Qəddarlıq barədə çox sayda misallar gətirmək mümkündür. Lakin həmin faktlar
da onun eybəcər sifətinə nəsə əlavə bir cizgi bəxş etməyəcəkdir. Digər tərəfdən, keçmiş
ölmür, özünün xüsusiyyətlərini gələcək əsrlərə də ötürməyə çalışır.
Dostları ilə paylaş: |