Türkiyə olayları. Saxta hökm verən hakimlər haradadır?
“Bəs hakimlər kimdir ?”
A. S. Qriboyedov. “Ağıldan bəla”
Türkiyədə bir neçə il ərzində «Ergenekon» və «Balyoz» adlanan iki geniş
miqyaslı cinayət işinə çox sayda yüksək rütbəli hərbi zabitlər və məşhur jurnarlistlər
cəlb edilmişdi. İttihama görə, guya onların hamısı dövlət çevrilişi qəsdində iştirak
etməklə, dövlətçiliyə və demokratik prinsiplərə böyük təhlükə əmələ gətirmişdilər.
Yuxarıların tapşırığı və ciddi nəzarəti altında aparılan cinayət işinin istintaqına
müstəntiqlər ordusu cəlb edilmişdi. Onlar hökumətin «etimadını» böyük canfəşanlıqla
yerinə yetirib, bütün məsələni terrorizm cəhdi kimi qiymətləndirərək, cinayət işini ağır
cəza müstəvisinə yönəltdilər. Saxta araşdırma bu «çevriliş hazırlayanları» az qala xalq
düşməni səviyyəsinə qaldırdı. Müstəntiqlərin və onların rəhbərlərinin aldıqları
140
göstərişə «sədaqəti», saxtakar hökmlər vermək tapşırığını almış hakimlərin də bu
məsələ üzrə vəzifələrini xeyli yüngülləşdirdi.
Müstəntiqlərin saxtakarlığını, biabırçı fəaliyyətini, nə qədər ollmasa da, ört-
basdır edən müəyyən vasitə və şərait də mövcuddur. Bu, cinayət işinin araşdırılmasının
məxfi qaydada aparılması, onların ictimai nəzarətdən uzaq olması ilə əlaqədardır.
Məhkəmələrin işinə isə məxfilik haləsi vermək mümkün deyildir. Hakimlərin
saxtakarlıq etməsini və ya qanunsuzluğa xidmətini gizlətmək olmur. Hakim qanunları
müdafiə etmək əvəzinə, yalnız onları pozmaq yolu ilə yuxarıdan verilən sifarişi yerinə
yetirə bilər. Ona görə də bu sifarişin reallaşdırılması üçün dəridən-qabıqdan şıxan
hakimlər daha iyrənc mənzərənin subyektinə çevrilirlər. Onlar son illərdə ədalətinə
şübhə bəslənən çox sayda hökmlər çıxarmışlar. Xalqın qızışan hiddəti ilə üzləşən
hökumət geri çəkilmək yollarını aradıqda, bu vaxt ömürlük həbs cəzasına məhkum
olunmuşların azadlığa buraxılmasına əl atdı. Bunda məqsəd xalqın qəzəbini
söndürməkdən başqa bir şey deyildi. Konstitusiya Məhkəməsi bir neçə ağır hökmləri
ləğv edib. ömurluk məhbusları dustaqxanadan buraxmaq barədə qərar verdi.
Deməli, göründüyü kimi, Konstitusiya Məhkəməsi də qanunlara deyil,
hökumətin tapşırığına itaət göstərmiş, guya ədaləti bərpa etməyə girişmişdir. Onda
sual olunur, üç ilə yaxın bir müddətdə niyə Konstitusiya Məhkəməsi bu biabırçılıqlara
nəzər yetirmirdi, niyə öz təşəbbüsü ilə kiçikcik bir addımı atmaqdan belə çəkinrmişdi.
Hökumət qarşısında diz çökmək adətən hüquq-mühafizə orqanlarını iflic
vəziyyətinə salır. Polis, prokurorluq, istintaq qrupları, hətta bilavasitə dövlətin
təhlükəsizliyi ilə məşğul olan digər orqan da öz üzərlərinə simfonik orkestrin
musiqiçiləri rolunu götürərək, hansısa qüdrət sahibinin dirijor çubuğunun işarəsi ilə
saxtakarlıq kakofoniyasını işə salmaqdan və səsləndirməkdən yayına bilməmişdilər. Bu
mənbədən qorxu və ya ona heç bir müqavimət göstərilmədən bəslənən itaət əslində
yüzlərlə səriştəli mütəxəssisi qanun pozuntusu biabırçılığına cəlb etmişdi, bu canlı
robotlar yuxarıdan verilən komanda altında əslində dövlətə xidəmətdən başqa heç bir
günahı olmayan adamları (deyəsən hökumət ona deyil, dövlətə, qanunlara xidməti də
həbs etdirdikləri adamların ən ciddi təqsiri kimi qiymətləndirirmiş) fiziki qaydada
olmasa da, mənəvi cəhətdən məhv etmək vəzifəsinin icrasına girişmişdilər. Dövlətin
dayaqlarında məsul vəzifələr tutan adamlar quzu vəziyyətinə salınıb, səlahiyyətlərini
iti canavar dişinə çevirən hüquq-mühvafizə orqanlarının hücumuna məruz qalmış,
özlərinin mühafizəsiz olduqları qənaətinə gəlmiş, qanunların müdafiəsinə bəslədikləri
ümidlərini də itirmişdilər.
Nüfuzlu generallara – türk Paşalarına mənəvi iztirab vermək, onları alçaltmaq
ölkədə ən böyük fayda gətirən bir məşğuliyyətə çevrilmişdi. Bəzi qüdrətli vəzifəlilər
yüksək hərbi rütbə sahiblərinə qarşı allergiya hiss etdiklərindən, onlara mənəvi zədə
vurmağı başlıca fəaliyyət məqsədinə çevirmişdilər. Otuz il əvvəl baş verən dövlət
çevrilişinə rəhbərlik etmiş və sonra yeddi il ərzində ölkə prezidenti olmuş, həmin
dövrdə demokratik islahatlara yol açmaqla dövlət rəhbərliyindən getmiş, nüfuzlu
general Kenan Evren də istintaqın qarşısında dayanmağa cəlb edilmişdi.1980-ci ildə baş
verən və Evrenin başçılıq etdii dövlət çevrilişi 20 il əvvəlki kimi repressiyasız
keçinməmiş, hakimiyyətə gələn hərbçilər kütləvi həbslərə başlamış, bu vaxt
haqsızlıqlar daşqını baş vermişdi. İnqilab qanla qidalandığı kimi, dövlət çevrilişi maşını
141
da əks qüvvələri təqib etmək yanacağı olmadan hərəkət edə bilmir, çünki onu meydana
gətirən səbəblər və anarxianı cilovlamaq sahəsindəki vəzifələr repressiyadan başqa bir
alternativ tanımır. Çevrilişdən sonra baş verən haqsızlıqlar tam vacib tədbirlərlə
birlikdə onun məntiqi davamı rolunu oynayır.
AKP hökuməti isə heç bir fövqəladə vəziyyət meydana gəlmədən, ona qarşı
hansısa ciddi təhlükə olmadan, bütünlükdə buna zərurət hiss edilmədən, yalnız
hakimiyyət kürsüsündə özünü daha rahat hiss etmək, əl-qolunu daha geniş açmaq
üçün repressiyalara əl atdı. Son dövlət çevrilişinin presendentinin mümkün təkrarının
qarşısını almaq məqsədini güdsə də, əslində bu, hökumətin, həyatın bütün sahələrini
inhisara götürmık cəhdindən başqa bir şey deyildi. Bu vaxt hər cür yalan köməyə
gəlirdi. Yaxşı məlumdur ki, siyasətçi çox hallarda yalansız ötüşmür, yalan apofeozu isə
olduqca ağır haqq verməyi tələb edir. Hökumət öz səbatsızlığına görə istənilən
potensial qüvvəni özünə təhlükə hiss etdiyindən, onların hamısını düşmən istehkamı
kimi hədəfə götürürdü.
İstintaqın işi cəza tətbiq etmək məqsədini reallaşdırdıqdan sonra, burada ən
yararlı vasitə saxtakarlıq ola blilərdi, cinayət işi məhkəmələrə təhvil verildikdə,
hakimlərin ilkin istintaqın cızdığı dairədən kənara çıxacağına heç bir ümid qalmırdı.
Məhkəmələr hökmünü verərkən çox hallarda nə qanuna, nə ədalətə məhəl qoymurdu,
istintaqın gəldiyi nəticəni guya araşdırıb təsdiqləməklə, başlıca mənbədən gələn və heç
bir düzəlişə uğramayan cəza ölçüsünü ştamplamaqla öz vəzifəsini yerinə yetirmiş
olurdu. Türkiyə məhkəmə sistemi özünün müstəqil olması barədə artıq heç bir iddia
irəli sürə bilməzdi, hökumətdən asılılıq ölkənin məhkəmə sistemini ağır xəstə
vəziyyətinə salmış, onu ədaləti və qanunları az qala tapdalayan bir orqana çevirmişdi.
Belə olan halda, əlbəttə ki, ədalətdən söhbət gedə bilməzdi, çünki hökumətə sədaqət
göstərmək, qanunlara hörmət etmək və onlara riayət etməkdən çox-çox yuxarıda
dururdu. Heç vaxt belə olmamışdı ki, bu qədər az sayda hakimiyyət pərəstişkarları bir
belə çox sayda insanlara bu qədər ağır zərbə vursunlar. Belə vəziyyətdə, məhz bu
səbəbə görə Turkiyə demokratik respublikadan daha çox totalitar cəmiyyəti
xatırladırdı.
Türkiyədə «Ergenekon» və «Balyoz» əməliyyatları miniatür qaydada, çünki
müqayisəli şəkildə götürdükdə miqyas xeyli kiçik və məhdud ölçülü idi, 1937-38-ci
illərdəki SSRİ-dəki mənzərəni xatırladırdı. SSRİ-də həmin dövrdə ordunun yüksək
rütbəli zabitlərinin 70 faizi repressiyaya məruz qalmışdı. Türkiyədə də bədbəxtlikdən
özünün Vışinskiləri və Ulrixləri meydana gəlmişdi. Görən xalq ayağa qalxmasaydı, türk
generallarının bir hissəsi bütün qalan ömürlərini məhbəsdə keçirməli olacaqdılarmı?
Onların müqəddəs xidmətlərindən – ordudan uzaqlaşdırılması məgər AKP-yə əbədi
hökmranlıq çələngi bəxş edəcəkdimi? Xeyli sayda general və jurnalist artıq azadlığa
buraxılmışdır və bu həmin adamların terrorda iştirakı barədə ittihamların büsbutun
saxta olduğunu göstərir. Lakin onlara vurulan mənəvi yara bəlkə də heç vaxt
sağalmayacaqdır. İspan linkvizisiyası istintaqa cəlb edilənləri alçaltmaq üçün onların
başlarına konusu andıran uzun papaq geyindirirdi ki, onun altında həmin adam daha
kiçik, daha cılız və fağır görünsün. Türkiyədə isə dövlət təbliğat maşını ittiham
olunanları, həbs olunanları biabırçılıq dirəyinə mismarlayırdı.
142
Kimi təqib etmək lazım olsa, ona «Ergenekon»da və «Balyoz»da iştirak damğası
vurulurdu. Bu damğa istənilən ən ləyaqətli vətəndaşı da ən azı mənəvi cəhətdən əlilə,
zəlilə çevirmək üçün kifayət idi. Yaxşı məlumdur ki, müstəqil informasiya kütləvi
təbliğata uduzur. Dövlət bu təbliğatı siyasətinin xidmətçisinə çevirdikdə isə bütöv xalq
kütləsi beyinlərin yuyulmasının qurbanına çevrilir. Ona görə də çoxları bu kütləvi
ittihamlara şübhə ilə yanaşmırdı, onları elan edilən kimi də həzm edirdi. Zamanın
sirrini anlamaq üçün bu hadisə heç də az köməyə gəlmir, axı belə əllaməliklər rəngi,
zövqü və iyi də dəyişir.
Saxta cinayət işlərini tərtib edən mustəntiqlər sərbəst olmadıqlarından, daim
təzyiq altında olduqlarından, onların təqsirinə haqq qazandırmaq mümkün olmasa da,
müəyyən bir izah tapmaq olar. Bəs saxta, kiminsə tapşırığı ilə hökm çıxaran
məhkəmələr, hakimlər necə olsun? Axı demokratik dövlətlərdə məhkəmə hakimiyyətin
üç müstəqil qanadından biridir. Bu müstəqillik qanunlardan, ədalətdən başqa heç bir
qüvvəyə tabe olmamaq, istinəlin hədələr qarşısında da öz mövqeyini qoruyub
saxlamaq mənasını verir. Hakim saxta hökmə imza atdıqda Faust kimi öz ruhunu,
vicdanını da satmış olur. Elələrindən insanlara, cəmiyyətə böyük ziyan dəyə bilər.
Məhkəmələr dövlətin hüquq sisteminin nə vəziyyətdə olduğunu nümayiş
etdirən guzgüdür. Əgər onlar tapşırıq əsasında işləyirlərsə, qanuna yad bir cisim kimi,
faydası olmayan ehkam kimi baxırlarsa, deməli, insanların taleyi qanunlara deyil,
kiminsə iradəsinə tabe edilmişdir. Məhkəmələrdə hakimlərin fəaliyyətindəki sui-
istifadələr dövlətdə qanunların aliliyinin bütünlüklə pozulmasından, cəmiyyətin
xəstəliyə məruz qalmasından xəbər verir. Cəmiyyətə xəstəlik virusu yayanlara isə gec
də olsa, müqavimət göstərilməyə başlanır, bu müqavimət isə birinci növbədə xalqdan
gəlir.
Qanunla idarə edilən dövlətlərdə hakimlərin təkcə qanun pozuntuları deyil,
hətta səhvləri də ciddi surətdə qiymətləndirilir, onların da cavabdehliyi hökmən yada
salınır. Hələ bizim eradan əvvəl XVIII əsrdə meydan gələn Hammurabi kodeksinin
fəaliyyət göstərdiyi Köhnə Babilistanda məhkəmə hakimləri saxtakarlığa görə cəzadan
yayına bilməzdi. Hakim məhkəmə prosesini qurtarıb verilən qərarı möhürlə təsdiq
etdikdən sonra dəyişsə, iddianın 12 misli həcmində pul məbləği ödəməli və bir daha
hakimliyə qayıtmamalı idi. Hakimin proses vaxtı və onun sonunda saxtkarlığa əl
atması isə heç ağıla da gələ bilməzdi. Türkiyədə isə saxta hökmlərə imza atan hakimlər
nə cərimə verir, nə də mühakimə etmək səlahiyyətlərindən uzaqlaşdırılırlar.
Hammurabi qanununda deyilirdi ki, «Əgər oğul atanı vursa, onun barmaqları
kəsilməlidir». Saxtakarlığa əl atan müasir hakimlər qanun adlanan ataya əl qaldıran
oğulu yada salırlar. Bu qədim qanun qüvvədə olsaydı, onda çox sayda hakimin
əllərində barmaqlar yoxa çıxardı.
Bizim eradan əvvəl 522-ci ildə Persiyada hakimiyyətə gələn Dara ölkəni idarə
etdiyi 36 il ərzində digər iri miqyaslı işləri ilə yanaşı, qanunlara riayət olunmasına da
ciddi nəzarət etməsinə görə hörmətlə xatırlanır.. Qanunu kobud surətdə pozan
hakimlərlə çar olduqca qəddarcasına davranırdı, onların diri-diri dərisi soyulur və bu
dəri öz kolleqalarını qorxutmaq üçün hakim kürsülərinin üzünə çəkilirdi.
Heç kəs hakimlərin dərisinin soyulmasını tələb etmir, ancaq saxta hökmlər verən
hakimlər heç də cəzasız qalmamalıdırlar. Günahsız insanların başı üzərində qılınc
143
oynadanlar hökmən hansısa bir zərbəyə məruz qalmalıdır. Axı cəmiyyətin onlara qarşı
bəslədiyi intiqam hissi əsaslı olduğundan, öz məmnunluğunu tapmalıdır.
Siyasətdəki iri uğursuzluq ən azı həmin adama lənət hissləri qazandırır. Bəs
hakimlər niyə öz uğursuzluğuna görə yox, birbaşa sui-istifadəsinə görə layiq olduğu
cəzanı almasınlar. Keçmiş səhvləri düzəltmək üçün deyil, gələcəkdə belə səhvlərə qarşı
möhkəm immunitet yaratmaq üçün cəza silahını gəzdirənlər, öz təqsirlərinə görə məhz
həmin silahın zərbəsini dadmalıdırlar.
«Ergenekon» və «Balyoz» əməliyyatları axırıncının hərfi mənasını verdiyi gürz
kimi AKP hakimiyyətinə təhlükə törədəcəyi güman edilən qüvvələrə məhvedici zərbə
vurmaq üçün düşünülmüş və işə salınmışdı. Lakin onu layihələşdirənlərin və biabırçı
qaydada həyata keçirənlərin ağlına gəlməzdi ki, bu gürz zərbəsi bir gün bumeranq kimi
xalqın qəzəbi şəklində onu işə salanların başında sınanacaqdır və onları gözləmədikləri
ağır təhlükələrə məruz qoyacaqdır. Ağılsız hərəkəti başlamaq asandır, onu başa
çatdırmaq, zəfərə çevirmək isə olduqca çətin məsələdir.
2014-cü il
Könül loğmanlarına qarşı ehtiyatlı olaq
Ədəbiyyat, onun şifahi və yazılı nümunələri, kiçik istisnalar nəzərə alınmasa,
daim xalqın mənəvi zənginliyinə və əxlaqi təmizliyinə xidmət etmiş, adamların gözəllik
axtarışında olan könlünü oxşamışdır. Ona görə də ədəbi əsərlər zamanın təsirinə məruz
qalsa da, söz əsasən öz bəkarətini, saflığını qoruyub saxlayır, ötüb keçən vaxta tabe
olmur, məhv olmur, nəsildən-nəslə keçir, öz əbədi təyinatını yerinə yetirməkdə davam
edir. Məhz buna görədir ki, onların yaradıcıları daim xüsusi ehtiram sahibliyinə
yiyələnirlər. İnsan şüruna və qəlbinə təsir edən sözlərin nəinki müəllifləri, hətta sadəcə
onu dinləyicilərə çatdıranlar belə, xalqın məhəbbəti ilə əhatə olunurdular. Sözün qeyri-
adi qüdrəti, ən kəsərli silah olması, ən güclü orlduları da məğlubiyyətə uğratmaq
bacarığı ilə yanaşı ona xüsusi münasibət bəslənməsinin bu da bir sübutudur. Vaxtilə
xalq şənliklərində azərbaycanlı aşıqlara, qırğız manasçılarına səhərədək yorulmadan
qulaq asırdılar, onlara yaradıcı sənət adamları kimi diqqət göstərilir, hər cür maddi
yardım edilirdi. Əfsanəvi qədim yunan şairi Homer də aed-müğənni olmuşdu, bu dahi
bəşəriyyətə «İliada» və «Odisseya» kimi ədəbi incilər bəxş etmişdi.
Yazılı ədəbiyyatın nümayəndələri isə xalqın, millətin qeyri-adi ruhi qüdrətə
mailk olan şəxsiyyətlərinə çevrilirdilər. Onların ətrafında bir qayda olaraq əlçatmazlıq
haləsi meydana gəlirdi. Ona görə də bəzi yazıçılar, daha çox şifahi ədəbiyyat ruhunda
tərbiyə almış xalqlarda isə şairlər az qala bütlərə çevrilirdi, onlara xüsusi qaydada olan
pərəstiş forması yaranırdı. Dahi yazıçılar xalqın iftixar mənbəyinə, nadir milli sərvət
kimi onun simvollarına çevrilirdilər.
144
Öz sözünün qüdrətinə və onun dünyada necə yayılmasının şahidi olduğuna
güvənən bəzi yazıçılar, məsələn Lev Nikolayeviç Tolstoy özünü yeni peyğəmbər hesab
etməklə, xristian kilsəsinə qarşı qiyam qaldırırdı. Kolumbiya yazıçısı, Nobel mükafatı
laureatı Qabriel Qarsia Markes sözdə yeni ifadə üslubuna görə dünyanın hər
tərəfindəki oxucuları üçün az qala şaman təsirinə yiyələnmişdi. Bir vaxtlar Erix Mariya
Remarkın, Ernest Heminqueyin əsərlərinin meydana çıxması diqqətlə izlənən kimi,
Çingiz Aytmatovun da əsərləri çapdan çıxan kimi böyük bir ölkədə mühüm ədəbi
hadisəyə çevrilirdi. Oxucular arasında onları oxumaq həvəsi meşə yanğınının şiddətini
andırırdı, yeni yazıları dərc edən «Novıy Mir» jurnalı isə ən sevilən məcmuəyə
çevrilmişdi.
Şairlərin, yazıçıların kilsə və ya dövlət hakimiyyəti tərəfindən lənətləndirilməsi,
autodafesi əslində əks effekt verirdi, çünki belə münasibətin özü də onların şöhrətinin
daha da böyüməsinə şərait yaradırdı. Çünki xalq qələm sahiblərini birinci növbədə
özünün ali hisslərinin, düşüncələrinin ifadəçisi hesab edirdi. Məgər çar I Nikolayın
A.S.Puşkini təqib etməsi, Fransa imperatoru III Napoleonun Viktor Hüqonu İngiltərəyə
məxsus Gernsi və Cersi adalarına sürgünə yollanmağa məcbur etməsi, yaxud Cəlil
Məmmədquluzadənin hətta öz yerliləri tərəfindən ostrakizmə məruz qoyulması, bu
dahilərin populyarlığının daha da yüksəlməsinə, onların yaradıcılığında yeni, daha
mühüm mərhələnin yaranmasına səbəb olmurdumu?
Həqiqi qələm sahibləri, ədəbi yükü çəkənlər, əlbəttə, bura arabaya yandan
qoşulmuş çox saydakı atları aid etmək olmaz, öz aləmlərində əslində qu quşu
timsallıdırlar, bu gözəllik simvollarına qıymaq, onlara güllə atmaq cinayətdən də betər
bir əməldir. Söz sahibi də fiziki mənada bir isan kimi başqalarından fərqlənmədiyindən,
onları cəzalandırmaq, ehtiyaca, məhrumiyyətlərə məruz qoymaq olar, insanlıq
baxımından bu da qəddarlıq hesab olunmalıdır, ancaq onun yaratdıqları həqiqi bədii
dəyərdən, böyük təsir gücündən xəbər verirsə, onrları məhv etmək mümkün deyildir.
İmadəddin Nəsimini 1417-ci ildə edam etdilərsə, fransız şairi Fransua Vionu (XV əsr)
öldürdülərsə, rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskini ölüm cəzasına məhkum
edib, sonra onu katorqa cəzası ilə əvəz etdilərsə, ispan şairi Fredirik Qarsia Lorkanı
1936-cı ildə faşistlər güllələdilərsə, ancaq onların ideyalarının boynunu vura bilmədilər,
əsərlərini məhv etmək isə müşkül bir işə çevrildi.
Ədibin yazısı, əlyazması bir qayda olaraq yanmır, hətta onu yandırmaq
mümkün olduqda belə, külü, təsiri əsrlər boyu qalmaqda, yaşamaqda davam edir.
İndi bəzilərinin anafema qaydasında xatırladıqları sovet hakimiyyəti dövründə
yazıçılar xüsusi qayğı ilə əhatə olunurdular, təkcə şairlərə hər sətrə görə yüksək
qonorar verilməsi ilə yanaşı həmçinin yaradıcı ziyalıların fəxri adlara, imtiyazlara sahib
olmaları deyil, onların hətta ayrıca «kübar» silkinə mənsubluğu addımbaşı
vurğulanırdı. Quruluş qarşısında daha böyük xidmət göstərənlər ali qanunvericilik
orqanlarında təmsil olunmaq, yaxud da akademik təyin olunmaq qaydasında
mükafatlanırdılar. Belə generallar akademik zərli paqonunu daşımaqdan savayı, elmə
heç nə vermirdilər. SSRİ-də yeni konstutiyaya görə (bu, «Stalin konstitusiyası»
adlanırdı) ölkə vətəndaşları qanunvericilik hakimiyyətinə seçib, seçilmək hüququ
qazandılar. Görkəmli xidmət sahibləri hesab edilən yazıçılar elə ilk gündən özlərinin
fiziki ölümlərinə qədər mərkəzi və ya respublika Ali Sovetlərinin deputatı seçilmək
145
şərəfinə yiyələndilər. Bir sözlə, yaradıcı ziyalılar süfrə üzərindəki piroqun xeyli
hissəsini yeyib həzm etməklə öyünə bilərdilər. Onlara xüsusi diqqət verilirdi, hətta
bəziləri təəccüblü qaydada əzizlənirdi.
Lakin belə imtiyazların bölgüsü çoxlarını razı salmadığından yazıçılar arasında
dedi-qodu, giley-güzar, paxıllıq, bir-birinə qarşı ittihamlar irəli sürmək heç də nadir hal
hesab olunmurdu. Ancaq bunların hamısı gildiya, sex daxilində baş verirdi, ümumi
ictimai müzakirəyə çıxarılmırdı, sirr dumanına bürünürdü. Ona görə də ədəbiyyat
aləminin qüsurları, hətta çuğulçuluqdan xəbər verən eybəcərlikləri örtülü qalırdı,
Pandora yeşiyinin qapağını açmağa heç kəsə icazə verilmirdi. Yazıçılar iclas vaxtı bir-
birlərinə əl qaldırsalar da, bu, hətta faciə ilə yekunlaşsa da, belə biabırçı hadisə dövlət
sirrinə çevrilib, əhalidən gizlədilirdi. Yazıçılar İttifaqı kənar gözlərdən qorunurdu, onun
sərhədini heç quş da uçub keçə bilmirdi. Yazıçıların irili-xırdalı bütün münaqişələri
dövlət orqanlarında (əslində partiyanın mərkəzi aparatında) müzakirə edilib, qərar
qəbul edilirdi. Heç kəsin həmin qərardan şikayət hüququ olmadığından hökm
qüvvəyə mindikdən sonra dəyişikliyə məruz qalmırdı.
Bu gün hamının şəninə təriflər söylədiyi demokratiyanın mühüm qaydalarından
biri dünənə qədər müqəddəs hesab edilən bütlərin dağıdılması, uçurulmasıdır. Buna
elə bir böyük qüvvə də tətbiq etməyə ehtiyac yoxdur. Ədəbiyyat səmasında yeni
pərvazlanmağa başlayanlar bu şəraitdən istifadə edib, köhnə «peyğəmbərlərə» qarşı
qiyam qaldırırlar, üstündə onların qərar tutduqları pyedestalı uçurmaq üçün həmin
şəxslərin tərcümeyi-hallarına, yaradıcılıqlarına yenidən, özü də mikroskop altında
nəzər yetirirlər, həm də ən nizamlı yerdə belə «broun hərəkəti» tapmağa girişirlər.
İstənilən böyük şəxsiyyətlərdə olduğu kimi, görkəmli qələm sahiblərinin də
həyatında, yaradıcılığında bol tərif üçün əsaslar tapıldığı tək, kəskin tənqid üçün də
səbəblər, qara ləkələr aşkar etmək o qədər də çətin olmur. Dövrün, mühitin, quruluşun
tərənnümçüləri və onların vəsf obyektləri əsl lənət hədəflərinə çevrilirlər. Bir ədəbiyyat
adamı kimi onların böyük nüfuza sahib olmalarının özü kölgə altına salınır, vaxtilə inci
hesab edilən əsərlər mahiyyətləri ucbatından qamçılanmağa məruz qalır. Qədim
yəhudilərdə Allah qanununa, Tövratın prinsiplərinə əməl etməyənlər öküzdən,
eşşəkdən pis hesab edildiklərindən, onlar dəri qamçı ilə vurulmaqla cəzalandırılırdılar.
Bu cəza ancaq gunahı olanlara tətbiq edilirdi. Gənc ədəbi qüvvələr də Molla
Nəsrəddinin öz adını daşıyan jurnalın üz qabığındakı obrazının ənənələrinə müvafiq
olaraq keçmişin nümayəndələrinə qarşı falaqqa sitemini bərpa etmək istəyirlər. Yeni
meydana çıxan tənqidçilər – qiyamçılar heç bir cəhətə güzəştə getmədən keçmiş
bütlərlə belə sərt qaydada davranırlar, onlar çox vaxt həqiqətə söykənsələr də, özlərinin
belə münasibəti ilə ədəbiyyat tariximizin güclü bir seqmentinin üzərindən yoğun xətt
çəkmək istəyirlər. Bu əsərlərin nöqsanlarına, qüsurlarına baxmayaraq, onların tamamilə
məhv olmasını israr etməklə, bir növ amansızlıq nümayiş etdirirlər. Bu mümkün
olmasa, onları oxucu kütləsinin gözündən salmaq üçün süni həyat verməklə, guya
ölümünün qarşısı alınan ümidsiz xəstələr kimi koma vəziyyətində saxlamaq istəyirlər.
Fəlsəfənin dialektik qanunlarına görə, hər bir yenilik köhnəni inkar etməklə,
fərqli əsasda yüksəlir, buğda bitkisinin gövdəsi toxumu, sünbül isə gövdəni inkar edir.
Hətta oğul da atanı inkar etməklə, yeni keyfiyyətdə böyüyür, tam başqa adama çevrilir.
Ona görə də gənc ədəbi nəslin bir hissəsinin keçmişə tənqidi münasibətinə qeyri-adi bir
146
hal kimi baxmaq da düzgün deyildir. Onlardan əvvəlki iki-üç nəsil tam başqa mühitdə
formalaşmış, tərbiyə olunmuşdu, güclü ideoloji və həm də şiddətli psixoloji təsirə (oxu:
qorxuya) məruz qalmışdı. Digər tərəfdən həmin nəsillər dünyadan bir qədər təcrid
olunmuş şəkildə yaşamışdı, əslində öz şirəsində bişmişdi. Müasir nəsil isə qloballaşma,
dünyanın böyük bir kəndə çevrilməsi, internetin hörümçək torunun Zevs qüdrətinə
yiyələnməsi hesabına hər bir hadisəyə kor bucaq altında, geniş pəncərədən baxmaq
imkanına malikdir. Onun müqayisə etmək, təsnifləşdirmək, dəyərlər şkalasına yenidən
baxmaq xüsusiyyəti meydana gəlmişdir. Keçən əsrin 50-ci–60-cı illərindəki milli
ziyalılarımızın bir çoxu dünya ədəbiyyatı nümunələri ilə yaxından tanış olmadığından,
ümumi hay-küy altında miyanə bir şairi asanlıqla dahi adlandırırdı və onu dünyadakı
nadir istedad sahibi kimi qiymətləndirirdi. İndi həmin şairin əsərlərini nimdaş paltar
kimi lap ucuz qiymətə də, hətta alverçi qaydasında gənclərə «sırımaq» mümkün olmur.
Ona görə də gənc qələm sahiblərinin tənqidi qeydlərinin hamısına iftira, böhtan
kimi baxmaq, onlara göz yummaq və ya məhəl qoymamaq mahiyyət etibarilə yeni
dalğanı qəbul etməmək mövqeyindən qidalanır. Axı onlar köhnələrin malik olduğu heç
bir qayğı ilə əhatə olunmamışlar, ayrılan kiçik məbləğdəki maddi yardım da heç də
narazı olanlara çatmır. Onları belə bir vəziyyət hiddətləndirir ki, özləri üçün nəzərdə
tutduqları ov yerlərini hələ də məhsuldarlıq barədə artıq taqətdən düşmüş qoca şirlər
zəbt etməkdə davam edirlər. Deməli, narazılıq üçün başqalarının hiss etmədikləri
əsaslar da vardır. Lakin ümumən gəncliyə məxsus olan bir xüsusiyyət – həssaslıq, hər
bir ictimai hadisəyə kimyəvi reagent qaydasında birbaşa münasibət bildirmək heç də
onların xeyrinə işləmir. Təəssüf ki, çox hallarda onların bəziləri ölçü hissini gözləmir,
ifrata varır, rəngləri daha da tündləşdirməyə can atır. Bunun məntiqi nəticəsi kimi onlar
keçmişi, özlərindən əvvəlki nəsli saf-çürük etmədən inkara məruz qoymaq
mövqeyindən çıxış edirlər.
Qatı tənqidçilər üçün birinci hədəf, əlbəttə ki, Yazıçılar Birliyidir. Bu təşkilatı
onlar sovet quruluşunun mirası hesab etməklə özlərini qızışdırmaq üçün əlverişli
səbəb, bəhanə əldə edirlər. Bu mülahizəni inkar etmək də düzgün olmazdı, lakin
yazıçıları birləşdirən belə qurumun tarixdə daha qədim prototipi vardır. Höte özünün
«Qərb-Şərq divanı» əsərində Qəznəvi dövlətinin qüdrətli hökmdarı Mahmud
Qəznəvinin dövründə (XI əsrin üç başlanğıc onilliyi) onun sarayında Ünsürinin
başçılığı altında şairlərlə iş aparan institutun mövcud olduğunu qeyd edir. Ünsüri şahın
adından şairlərə hansısa bir əsəri yazmaq barədə haqqı ödənilmək şərti ilə sifarişlər
verirdi. Firdovsiyə də «Şahnamə»ni yazmaq barədə belə sifarişi məhz o vermişdi.
Sovet İttifaqında isə mərkəzi və yerli Yazıçılar İttifaqları, digər yaradıcılıq
ittifaqları kimi himayəsində olan ədəbiyyat aləminin işlərini idarə edən dövlət orqanı
kimi fəaliyyət göstərirdi. Baxmayaraq ki, formal olaraq o ictimai təşkilat hesab
olunurdu. Yazıçıların əsərlərinin nəşri, bundan asılı olaraq maddi vəziyyətləri,
təltiflərlə, fəxri adlarla mükafatlandırılması çox hallarda Yazıçılar İttifaqının öz üzvünə
göstərdliyi münasibətdən asılı olurdu. Təltiflər, fəxri adlar isə böyük tirajla nəşrlərə yol
açırdı. İndiki Yazıçılar Birliyini öz çox imkanlı sələfi ilə müqayisə etmək də
ədalətsizlikdir. Yazıçılar Birliyi öz valideyninin səlahiyyətlərinin çox hissəsini
itirmişdir. Ona görə də varlı atanın yoxsullaşmış oğlunu xatırladır.
147
Gənc qələm sahibləri və onlara qoşulan bəzi yazıçılar Birliyə çox sayda, lakin
nəticəsi hiss olunmayan həmlələlr edirlər. Ən başlıcası isə öz mətbuat orqanında onları
biabır edən yazılar dərc edir, diffamasiyadan geniş istifadə edirlər. Lakin bir məsəlini
unudurlar ki, indiki Birlik keçmiş İttifaqla müqayisədə kabusa bənzər mövcudluğa
malikdir. Onların yaradıcılıq prosesinə, ən başlıcası isə yaradıcı insanların taleyinə təsir
göstərmək imkanları çox hallarda sıfıra bərabərdir. Bunun nəticəsidir ki, son üç
onillikdə milli iftixar mənbəyi hesab edilə bilən ədəbi əsərlər meydana gəlməmişdir,
əslində bunu müəyyən etmək üçün dəqiq meyar da mövcud deyildir. Həmin dövrdə
isə Türkiyədə Orxan Pamuk fenomeni, ilk Nobel mükafatı laueratı meydana gəlmiışdir.
Bəzi tarixi məsələlərə münasibətdə tutduğu mövqeyə görə Orxan Pamuka vətənində
birmənalı yanaşılmasa da, onun romanları dünya oxucusu tərəfindən dəbdəbəli
ziyafətə dəvət kimi qəbul edilir.
Bizim ölkəmizdə isə ədəbiyyat sadəcə olaraq əvvəllər malik olduğu təsir gücünü
itirmişdir. Bu halı bütövlükdə durğunluq, staqnasiya adlandırmaq da düzgün olmazdı,
ədəbiyyat yaşayır, bəhrə verir, ədəbi istehsal keyfiyyət göstəricisindən asılı olmayaraq
öz fəaliyyətini heç də dayandırmır.
Narazı qrup sakit bir limanda sığınacaq tapmadığından, dalğaların ixtiyarına
buraxılmış «uçan hollandları» yada salırlar. Onlar isə rahat üzən gəmilər üçün ciddi
təhlükə mənbəyi hesab edilir. Həmin qrup alternativ bir qurum da yaratdı, lakin
hökumətin himayəsindən uzaq olan bu institut gur fəaliyyəti ilə özünü təqdim etməyi
bacarmadı. Qrupun üzvləri Birliyin tənqidi ilə kifayətlənməyib, öz hücumlarını
şəxsiyyətlər üzərinə keçirmək yolundan da imtina etmirlər və söz raketlərini əsasən
Yazıçılar Birliyinin sədri Anarın üzərinə tuşlayırlar, onun bu vəzifədəki fəaliyyəti ilə
yanaşı, yaradıcılığına da kölgə salmağa çalışırlar. Yazıçılar Birliyi əvvəlki qüdrətinə və
gücünə malik olmadığına görə onun sədri də hətta ətalət qaydasında belə öz
“əzələlərini” nümayiş etdirmək iqtidarında deyildir. Bir ittiham isə həqiqətə uyğundur
ki, son illərdə bu birliyin tərkibinə az sayda istedadlı adamlarla yanaşı, yüzlərlə həmin
təşkilatın üzvlüyü üçün vacib sayılan xüsusiyyətdən tam xali olan adamlar daxil
olmuşlar. Görünür, yazıçı adlanmağın “dadı” hələ də ağızlardan getməmişdir. Digər
tərəfdən, Birlik əslində vəzifə ahıllarının inhisarında qalmaqda davam edir. Onlar
qədim yunan miflərindəki allahlar kimi görünür əbədi gəncliyə yiyələnmişlər.
Bütövlükdə götürüldükdə isə tənqid bəzi hallarda çevrəsindən çıxıb, alçaldıcı
ifadələrlə, həqarətli sözlərlə əvəz olunur. Bu təsadüfi hal xarakteri daşısaydı, onu
insanlığa xas olan sadəlövhlüyün əlaməti saymaq və buna görə belə «şıltaqlığı»
bağışlamaq da olardı. Böyük çex alimi və din islahatçısı Yan Hus 1415-ci ildə katolik
kilsəsi məclisinin qərarı ilə ölüm hökmünə məhkum edilib, Konstansada yandırılarkən,
onun ayağının altında alovlanan tonqala beli bükülmüş bir qarının çırpı gətirib atdığını
gördükdə hiddətlənmədən, ancaq təəccüb içərisində demişdi: «O, sancta simplicitas!» -
«Ey müqəddəs sadəlövhlük!» İndi də bəziləri bəlkə də bu tənqid dalğasına öz
sadəlöhvlüyünə görə qoşulmuşdur, başqa səhv fikirlərə şərik çıxmışdır. Bu hərəkatın
həqiqi generatorları isə bəzən öz qəzəblərini o qədər də məqbul sayılmayan vasitələrlə
söndürmək yolunu tuturlar. Axı onların başqa təsir vasitələri də yoxldur, əlacsızlıq
148
daha sərt üsulları seçməyə vadar edir. Qəzəb, hiddət, kin hədd tanımayanda isə
loyallıq, insana rəğbət hissləri də bütünlüklə sıradan çıxır.
Ən təəssüf doğuran cəhət isə orasındadır ki, Anarın öz vəzifə səlahiyyətlərini
necə yerinə yetirməsi çox vaxt kənara atılaraq, yaradıcılığı üzərinə qara bulud
yayılmsına cəhdlər göstərilir. Əlbəttə, Anar özünün etiraf etdiyi kimi, dünyanın dahi
yazıçılarının seçmə siyahısına daxil olmaq fikrindən çox uzaqdır. Digər tərəfdən, onun
yaradıcılığı ümumən ümumbəşəri dəyərlərə həsr olunmuş mühüm mövzular
arealından bir qədər kənardadılr. Anarın nəsri əsasən məişət mövzularına həsr
olunmuşdur və bu formatda onun yüksək zirvələr fəth etməsini də inkar etmək
mümkün deyildir. Ümumiyyətlə, inkar, aqnostitizm dərin təhlilə əsaslanmır. Buna əl
atanlar öz mülahizələrini axırıncı mərhələnin həqiqəti kimi qələmə verməyə can atırlar.
Təəssüf ki, özünəvurğunluq, «dahilik» eşqinə düşmək, çox vaxt başqalarının uğuruna
qərəzli şəkildə göz yummağa gətirib çıxarır. Anarın əsərlərini bəyənməyənlər ola bilər,
lakin bu qəbul etməmənin özü heç də nifrət səviyyəsinə gəlib çıxmamalıdır. Nifrət
həmişə kor olur. Bu fikri irəli sürən Oskar Uayld əks hiss haqqında hiperbola
qaydasında onu da əlavə etmişdi ki, «Məhəbbət isə ən uzaq ulduzlarda yazılanları da
oxuya bilir».
Kimlərəsə hansısa əsərə və ya yazıçıya məhəbbət bəsləməyi aşılamağın özü də
ağılsızlıqdır. Lakin həmin adamlara bircə şeyi məsləhət görərdim ki, yalnız nifrətin
şiddətini azaltsınlar. Dənizi durğun sulu gölməçə kimi qələmə vermək cəhdinə heç də
meyl etməsinlər. Axı əsərlərin ədalətsizcəsinə aşağılanması, həm də onların çoxsaylı
oxucularının, bu adamların zövqünün aşağılanmasına gətirib çıxarır. Anarın iri həcmli
əsərləri olmasaydı belə, «Mən, sən, o və telefon», «Dantenin yubileyi», «Gürcü
familiyası», «Otel otağı» kimi çox maraqlı hekayələri ilə o, milli ədəbiyyatımızda
özünəməxsus yer tutardı və onu bu taxçadan qoparıb çıxarmaq istəkləri uğursuzluğa
uğrayardı.
Anar həm də nəsrə yeni mövzular, üslublar gətirməklə də fərqlənir. Orta
əsrlərdə Provans əyalətindən olan fransız trubadurları poeziyaya güclü ehtirası, həyat
sevinclərini gətirməklə şeirin xeyli populyarlaşmasına səbəb olmuşdular. Azərbaycan
ədəbiyyatına isə erotikanı ilk dəfə Məmməd Səid Ordubadi özünün «Qılınc və qələm»
romanının səhifələrində gətirmişdi. İsa Hüseynov bu ənənəni davam etdirərək daha
uzağa gedib, fiziki hissiyyat səhnələrinin təsvirinə keçmişdi. Anarın yaradıcılığında isə
erotika çox hallarda alluziya xarakteri daşıyır, könülün, ürəyin əlçatmaz xüsusiyyəti
kimi təsvir edilir. Onun erotikası fiziki hissiyyata aludəçilikdən daha çox könülə, ürəyə,
ən ülvi hisslərə məlhəm qoymaq məqsədini güdür.
Həm də Anar ədəbiyyat vurğunu kimi sələfləri ilə müqayisədə də olduqca geniş
fəaliyyət göstərir. O, mübaliğəsiz olaraq güclü ədəbiyyatşünasdır. Təkcə onun Cəlil
Məmmədquluzadə haqqında yazdığı «Anlamaq dərdi» essesi ədəbiyyatşünaslığa
verilən sanballı töhfədir. Çox sayda müntəxəbatların və almanaxların tərtibçisi və
naşiridir. Gənclik döründə redaktorluk etdiyi «Qobustan» jurnalı mənəvi əhatə
dairəsinə görə respublika mətbuatında novatorluq rəmzinə çevrilmişdi. Onun dünya
ədəbiyyatı, keçmiş sovet xalqlarının, türk xalqlarının ədəbiyyatı ilə dərindən tanışlığına
yəqin ki, əleyhdarları da həsəd aparmamış deyillər.
149
Anar milli mədəniyyətimizin yorulmaz fədailərindən biri kimi tanınır. Onun
ssenariləri əsasında çox sayda uğurlu filmlər çəkilmiş, özü isə Üzeyir Hacıbəyov
haqqında çəkilmiş «Uzun ömrün akkordları» filminin həm ssenari müəllifi, həm də baş
rejissoru kimi çıxış etmişdir. Məgər bunlar mədəniyyətimizə var-gücü ilə xidmət
nümunəsi hesab edilməməlidirmi?
Yazıçılar Birliyinin və onun sədrinin tənqidçiləri güman etməsinlər ki, onların
ədalətli tənqidindən kimisə qorumaq tək səmərəsiz bir işə girişirəm. Ümumiyyətlə,
ədalətli tənqidi xalqa, onun mənafelərinə xidmətin bir növu saymaq düzgün olardı və
ondan bu gün hər hansı nəticəyə nail olunmursa, bu heç də həmin tənqidin qiymətinə,
obyektivliyinə xələl gətirmir. Ədalət ölçüsü meyara çevrildikdə, hansısa bir tənqidə
etiraz etmək də lüzumsuz görünür.
Yazıçı, qələm əhli kövrək məxluqdur, onu bolluca saxta təriflərlə azdırmaq
mümkün olduğu kimi, haqsız tənqidlə, bəzən cavabı verilməyən təhqirlə ölçüyə
sığmayan bir şəkildə incitmək, əzmək olar. Anar bir Birlik sədri kimi bəlkə də güman
edilən kimi bəzən korpopativ maraqlara üstünlük verir, ümumun əhval-ruhiyyəsini
lazımınca nəzərə almır, ona qarşı çıxanları yad, marginal cəbhənin üzvləri kimi qəbul
edir. Kamil bir insan kimi o, belə kompleksdən xilas olmaq iqtidarındadır, güzəştə,
kompromissə getməyi də bacarmalıdır. Müxaliflərindən fərqli olaraq, o, müəyyən
ölçüdə də olsa, səlahiyyət sahibidir, kollektiv rəhbəridir. Belə hərəkət etsə, onun bu
münasibəti yalnız böyüklüyünə xidmət edərdi, heç də zəiflik nümunəsi sayılmazdı.
Yaxşı məlumdur ki, vəzifə ömrü nə vaxtsa başa çatır, yaradıcı hesab edilən
insanlara xas olan ruhi ömür isə fiziki ölçülərə tabe olmur. Anar bir yazıçı, milli
ədəbiyyatımızın sıravi olmayan nümayəndələrindən biri kimi hələ uzun bir mənəvi
ömür sürməyə məhkumdur və yaradıcılığı üzərinə indi atılan çamurlar ədalət
günəşinin hərarətinin təsiri ilə quruyub töküləcək, onun, qədim Roma şairi Horatsinin
dediyi kimi, «öz əli ilə yaratdığı abidə» Alp dağlarının qarı kimi öz təmizliyini qoruyub
saxlayacaqdır.
525-ci qəzet. 03. 09.13
Dostları ilə paylaş: |