Kazus 6:
35
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Əvvəlki kazusdakı kimi, sadəcə burada Ö2 vəfat etmişdir?
Cavab:
Əvvəlki cavabdakı kimi, burada sadəcə Ö2 vəfat etdiyindən onun 3 övladı, yəni A‐nın 3 nəvəsi (N1,
N2 və N3) AMM‐in 1924.3‐cü maddəsi və ARMM‐nin 1159.1.3‐cü maddəsinə əsasən ölmüş atalarının
əvəzinə onun mirasdakı payını aralarında bərabər bölüşdürürlər.
Beləliklə pay bölgüsü belə olur:
Ö1 = 1/3
Ö2 = ölüb, onun payı bölüşdürülür: N1, N2 və N3 ümumi mirasdan hərəsinə 1/9 pay düşür
Ö3 = 1/3
Vərəsə olan 5 nəfər birlikdə miras şərikləri sayılırlar və miras bölgüsü aparıla qədər mirsaı bərabər
idarə edirlər. İkinci növbəyə aid olan insanların qrupu, birinci növbəlilikdə olduğu kimi burada da
hər iki ölkənin MM‐də bir‐birindən fərqlənirlər. Belə ki, ARMM‐nin 1159.2‐ci maddəsinə əsasən
ölənin bacı və qardaşları, onların öldüyü halda isə bacı və qardaşı uşaqları mirasa yiyələnirlər.
AMM‐in 1925.1‐ci maddəsində isə bu qrupda ölənin bacı və qardaşları ilə yanaşı onun valideynləri
də göstərilmişdir. Bundan əlavə, mirasın açılması halında ilk öncə valideynlər mirasa yiyələnmək
hüququna sahib olurlar. Bacı və qardaşlar isə sadəcə ata və ya analarının və ya onlardan birinin
ölməsi halında onun payını aralarında bərabər bölüşdürürlər. Bunu daha da yaxından anlaya bilmək
üçün növbəti kazusa baxaq.
Kazus 7:
A‐nın heç bir övladı yoxdur və həyat yoldaşı ondan öncə vəfat etmişdir. Ondan geriyə sadəcə atası,
AT və bir qardaşı, Q qalmışdır. Qardaşının isə iki oğlu var, QU1 və QU2 (A‐nın qardaşı uşaqları). A‐nın
öləcəyi halda qanun üzrə kim və hansı payla vərəsə olacaqdır?
Cavab:
Cavaba gəldikdə birinci və ikinci növbəyə daxil olan insanların və onların pay hüquqlarının hər iki
ölkənin qanununda fərqli tənzim edilməsindən fərqlər meydana gələcəkdir. Belə ki, ARMM‐nin
1159.1.1‐ci maddəsində göstərildiyi kimi ölənin ata və anası birinci növbəyə daxil olan insanlara
aiddirlər və bu səbəbdən Azərbaycan qanunvericiliyinə əsasən A‐nın öləcəyi halda, övladlarının
olmaması və həyat yoldaşının və anasının ondan öncə ölməsinə görə, sadəcə onun atası onun varisu
olur. A‐nın qardaşı və qardaşı uşaqları ikinci növbəyə daxil olduqlarından birinci növbəlilikdə olan
insanlar tərəfindən vərəsəlikdən kənarda qalırlar, maddə 1160 ARMM.
ARMM‐ə əsasən pay bölgüsü:
AT = 100%
Q və QU1 və QU2 = 0%
AMM‐nin 1925.1‐ci maddəsinə əsasən A‐nın atası onun ikinci növbəyə aid olan varisi sayılır. Yuxarıda
deyildiyi kimi A‐nın övladlarının olmaması və həyat yoldaşının ondan öncə vəfat etməsinə görə
birinci növbəyə daxil olan insanlar daha geri qalmamışdır. Bu səbəbdən ikinci növbəyə daxil olan
A‐nın anası da vəfat etdiyindən onun atası AT və qardaşı Q AMM‐nin 1925.1 və 1925.3‐cü
maddələrinə əsasən vərəsə olurlar. Çünki, A‐nın qardaşı Q, anasının payına yiyələnir. Bu da ARMM‐ə
olan əsas fərqin göstəricisidir.
AMM‐ə əsasən pay bölgüsü:
AT = 1/2 hissə
A‐nın qardaşı Q = 1/2 (vəfat etmiş analarının mirasdakı payı)
QU1 və QU2 = 0%, çünki ataları sağdır və onları mirasdan istisna edir.
Üçüncü növbəyə daxil olan insanların sırasına nəzər saldıqda da fərqlər nəzərə çarpır. Belə ki,
ARMM‐nin 1159.3‐cü maddəsinə əsasən 3‐cü növbədə vərəsə sayılan insanların dairəsinə aiddir:
1. həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba,
2. həm ana, həm də ata tərəfdən nənənin anası və atası, babanın anası və atası.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
36
Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı
vaxt nənə və baba sağ olmasın.
AMM‐də isə bu qrupa aid olan insanların dairəsi belə göstərilmişdir:
1. həm ana, həm də ata tərəfdən nənə və baba,
2. onların övladları (dayı, xala, bibi və əmilər)
Göründüyü kimi ARMM‐də miras qoyanın baba və nənənin olmaması halında onlarına övladlarına,
yəni miras qoyanın dayı, bibi, xala və əmilərinə vərəsəlik hüququ ilk olaraq tanınmır və baba və
nənənin vəfat etmələri halında onların ata və analarına, yəni miras qoyanın urbaba və urnənələrinə
vərəsəlikdə üstünlük verilir.
ARMM‐nin 1159.4‐cü maddəsinə əsasən xala, bibi, dayı və əmi 4‐cü növbəyə daxildir. Necə ki, həm
ARMM‐də, həm də AMM‐də ata və ananın ölümü halında onların övladları vərəsə olmaq hüququna
malikdirlər, eləcə də burada baba və nənənin ölməsi halında onların ata və analarına yox, əksinə
onların övladlarına, yəni A‐nın xala,bibi, əmi və dayısına vərəsə olma imkanı tanınmalıdır. Bu
səbəbdən AMM‐də olan üçüncü növbəyə aid olan vərəsələrin dairəsinin ARMM‐ə ötürülməsi
məqsədəuyğun hesab edilir.
AMM‐nin 1928‐ci maddəsi miras qoyanın urbaba və urnənələrini AMM‐dən fərqli olaraq 4‐cü
növbəyə daxil etmişdir. Bu fərqlilikləri daha da yaxşı qavraya bilmək üçün növbəti kazus yardımcı
olacaqdır.
Kazus 8:
A‐nın heç bir övladı yoxdur və onun valideynləri və nənə və babaları da dünyasını dəyişiblər. Ata
tərəfdən babasının atası, UB isə hələ həyatdadır (124 yaş). Ana tərəfdən onun bir dayısı D1 yaşayır.
Ata tərəfdən isə iki bibisi, B1 və B2 həyatdadırlar. A‐nın vəfat edəcəyi halda qanuni vərəsələr
kimlərdir?
Cavab:
ARMM‐nin 1159.3‐cü maddəsinə əsasən baba və nənə ilk olaraq (primary) vərəsə olurlar və onların
hər birinin artıq vəfat etmiş olmalarına görə onların valideynləri vərəsə sayılırlar. Bu kazusa əsasən
A‐nın ata tərəfdən babasının atası, yəni urbabası, UB, A‐nın yeganə vərəsəsi olur. A‐nın dayı və
bibiləri mirasdan pay hüququndan kənarda qalırlar və yalnız UB‐nin öləcəyi halda dördüncü növbəyə
daxil olduqlarından vərəsə olmaq imkanları vardır.
ARMM‐ə əsasən pay bölgüsü:
UB = 100%
D1, B1 və B2 = 0%
AMM‐ə əsasən isə baba və nənənin öləcəyi halda onun övladları, yəni miras qoyanın dayı, xala, bibi
və əmiləri vərəsə olmaq hüququna sahib olurlar. Urbaba və urnənə dördüncü növbəyə daxil
olduqlarından onlar yalnız 3‐cü növbəyə daxil olan insanların vəfat etməsi halında miras payı alırlar.
Beləliklə AMM‐ə əsasən pay bölgüsü aşağıdakı kimi aparılacaqdır:
D1 = 1/3
B1 = 1/3
B2 = 1/3
UB = 0%
37
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221‐ci maddələrinin
bəzi müddəalarının şərh edilməsinə dair
4 aprel 2014‐cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin
Xasməmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik
şöbəsinin Maliyyə və büdcə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Rövşən Muradovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
220.6 və 221‐ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə Apellyasiya
Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki
Məcəllə) 220.6 və 221‐ci maddələrinin bəzi müddəalarının Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29‐cu maddələri və “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı
Protokolunun 1‐ci maddəsi baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, Ağstafa rayon məhkəməsinin 10 avqust 2012‐ci il tarixli qətnaməsi
ilə mərhum F.Mehdiyevdən miras qalan və həmin rayonun Dağ Kəsəmən kəndində yerləşən 0,12
ha həyətyanı torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə onun 5 nəfər
vərəsəsinin hər birinin 1/5 hissədə miras payı olduğu müəyyən edilmiş, vərəsələrdən
K.Mehdiyevin, R.Mehdiyevanın, K.Vəliyevanın, S.Xəlilovanın, həmçinin vəfat etmiş vərəsə
E.Mehdiyevin qanun üzrə vərəsəsi R.Mehdiyevanın həmin torpaq sahəsinə və evə 1/5 hissədə
mülkiyyət hüquqları tanınmışdır.
Bundan sonra K.Mehdiyev, R.Mehdiyeva, K.Vəliyeva və S.Xəlilova R.Mehdiyevaya qarşı iddia ilə
məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsində
yerləşən mübahisəli evin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər
38
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
arasında paylara uyğun bölüşdürülməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər.
Ağstafa rayon məhkəməsinin 5 iyul 2013‐cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
İddiaçılardan K.Mehdiyev birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti
verərək həmin məhkəmə aktının ləğv edilməsi və iddianın bütövlükdə təmin edilməsi haqqında
qətnamə çıxarılmasını xahiş etmişdir.
Müraciətdə qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.3‐220.5‐ci maddələrində paylı mülkiyyətdə
olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir.
Həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payına
naturada ayrılma, pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi zamanı
mülkiyyətçinin razılığının alınması zəruri şərt kimi müəyyən olunmuşdur. Lakin Mülki Məcəllənin
220.6‐cı maddəsində ümumi əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən
məhkəmənin mülkiyyətçilərin hamısının və ya bir neçəsinin, yaxud payının ayrılmasını tələb edən
mülkiyyətçinin razılığının nəzərə alınmasına dair müddəa nəzərdə tutulmamışdır, bu isə
qanunvericiliyin tətbiqində qeyri‐müəyyənlik yaranmasına səbəb olmuşdur.
Göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 220.6‐cı maddəsinin “bu
Məcəllənin 220.3‐220.5‐ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın
bölünməsi və ya ondan pay ayrılması açıq‐aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın
açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların
paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər” müddəasının və
həmin Məcəllənin 221‐ci maddəsinin “əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa
gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə
azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır”
müddəasının Konstitusiyanın 13 və 29‐cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1‐ci
maddəsi baxımından şərh edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla
qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək
və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29‐cu
maddələri).
Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki
Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə
olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.
Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi
mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər‐arvadın mülkiyyəti) və paylı mülkiyyətdən
(iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi
mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması
və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam
verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.
Mülki Məcəllənin 213‐cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak
ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı
müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin
ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan
istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə
məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi
ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün
olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən
39
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə
əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə
olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın
ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada
ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı
mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.
Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və
ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ
verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata
keçirilməsi formalarından biridir.
Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin
saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər
(Mülki Məcəllənin 217‐ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya
mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib
ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə
bölüşdürülür (Mülki Məcəllənin 216‐cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada
ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin
ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4‐cü maddəsi).
Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın
bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının
ödənilməsidir.
Mülki Məcəllənin 220.1 və 220.2‐ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi
və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün
mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri
əks etdirir.
Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq
razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada
ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan
ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol
verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün
deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri
tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3‐cü maddəsi).
Mülki Məcəllənin 220.4‐cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı
mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən
kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.
Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın
naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3‐cü maddəsinə müvafiq olaraq
payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.
Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının
ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli
sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz.
Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin
mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi
digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin
40
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə
gətirib çıxarardı.
Mülki Məcəllənin 220.4‐cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real
surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi
olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan
iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür
(Mülki Məcəllənin 220.4‐cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın
istifadəsində mühüm mənafeyinin olub‐olmaması məsələsi məhkəmələr tərəfindən hər bir
konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və
qiymətləndirməklə həll olunur.
Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan
bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi
olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun
mühüm mənafeyi olmadıqda.
Bununla, Mülki Məcəllənin 220.4‐cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini
irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq
digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə
tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
Mülki Məcəllənin 220.6‐ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin
əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına
mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə
tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin
razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı
mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan
əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun
məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29‐cu maddəsində təsbit olunmuş
mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir.
Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit
edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.
Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı,
onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir
(Konstitusiyanın 13‐cü maddəsinin III hissəsi, 29‐cu maddəsinin II hissəsi və 71‐ci maddəsinin II
hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3‐cü maddəsi).
Konstitusiyanın 13‐cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar
müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları
və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə
bilməz.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o
cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur.
Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan
məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə
mütənasib olmalıdır.
Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə,
qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,
öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki,
41
Dostları ilə paylaş: |