19.5. VİTAMİNLƏR
Vitaminlər mürəkkəb kimyəvi tərkibli üzvi birləşmələrdəndir, onların cüzi miqdarı maddələr mübadiləsində çox böyük rol oynayır. Vitaminlər orqanizmdə sintez olunmur, əsas etibarı ilə bitkilərdə sintez olunur. Odur ki, vitaminlər orqanizmə bitki mənşəli qida maddələri və ya dolayı yolla, heyvan mənşəli qida maddələri ilə daxil olur.
Orqanizmin vitaminlərə olan tələbatı görülən işdən, yaşdan, orqanizmin fizioloji vəziyyətindən, fəsillərdən asılı olaraq dəyişir. Qidada vitaminlərin çatışmaması (hipovitaminoz) nəticəsində fermentativ sistemin fəaliyyəti pozulur, insan tez yorulur, əmək qabiliyyəti aşağı düşür, bədənin qoruyucu qüvvələri zəifləyir, fiziki inkişaf ləngiyir.
Orqanizmdə vitamin çatışmamazlığının ağır formasına (heç olmamasına) avitaminoz deyilir. Bu zaman bir və ya bir neçə vitamin çatışmır və ağır xəstəlik əmələ gəlir. Avitaminoz zamanı ayrı-ayrı vitaminlərə xas olan dəyişikliklər meydana çıxır.
Orqanizmə sintetik vitaminlərin normadan artıq daxil olması nəticəsində hipervitaminoz baş verir. Bu zaman sinir sisteminin qıcıqlanlanması artır, dəri qızarır, ümumi zəiflik, yuxusuzluq əmələ gəlir.
Vitaminlərə olan tələbat aşağıdakı kimidir:
B1─1,4-2,4 mq, B2 ─ 2-3mq, B6 ─ 1,5-3, B12 ─ 2 mkq, PP ─14-15 mq, C─50-100 mq, A─1,5 (5000 mv) mq, D─2,5 (100mv) mq, E─10-12 mq. Bu tələbatı enerji sərfinə görə də hesablamaq olar. Belə ki, qida payının hər 1000 kkal enerjisinə C─25 mq, B1─0,6 mq, B2─0,2 mq, PP ─7 mq vitamin düşür.
Orqanizmin vitaminlərə olan ehtiyacını ilk növbədə təbii məhsullar hesabına ödəmək lazımdır. Çatışmamazlıq olarsa, vitamin preparatlarından və konsentrantlardan (itburnu çayı, maya və s.) istifadə edilməlidir. Sintetik vitamin preparatlarından yalnız həkimlərin göstərişi ilə istifadə etmək olar.
Vitaminlər iki qrupa bölünür:
Yağda həll olan vitaminlər. ( A, D, E, K) vitaminləri daxildir.
Suda həll olan vitaminlər. (C, B qrupu, P, PP və s.).
Dostları ilə paylaş: |