C vitamini (askorbin turşusu). Bu vitamin orqanizmdə oksidləşmə–bərpa prosesində, hüceyrələrarası maddələrin əmələ gəlməsində, damar divarının elastikliyi və keçiriciliyinin tənzimlənməsində əsas rol oynayır. Bundan əlavə, askorbin turşusu sinir və endokrin sistemlərinin, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir, amin turşularının assimilyasiyasına yardım edir, fermentlərin və hormonların təsirini aktivləşdirir, orqanizmin müdafiə qabiliyyətini artırır, toxumaların bərpasını və sağalmasını stimulə edir.
C vitamini orqanizmdə sintez olunmur, odur ki, hər gün qəbul olunmalıdır. Çatışmamazlılığının ilk nişanələri–tez yorulma, əmək qabiliyyətinin aşağı düşməsi, xəstəliklərə qarşı müqavimətin azalması, diş dibinin qanamasıdır. Bunun qarşısı alınmayanda, əzələ zəifləyir, hemoraqik diatez, ağır hallarda sınqa (skorbut) xəstəliyi baş verər. Bu xəstəlik zamanı dəriyə, oynaqlara, qarın və plevra boşluğuna qansızmalar, diş ətinin pıxtalaşması, rəngin göyərməsi halları olar.
C vitamininin əsas mənbəyi göyərti, meyvə, tərəvəz və giləmeyvələrdir (pomidor, göy və qırmızı istiot, göy soğan, itburnu, limon, portağal, narıngi, alma, gavalı və s.). C vitaminin çatışmamazlığında kütləvi profilaktika məqsədilə bir çox ərzağın (un, süd, marqarin yağı) vitaminləşdirilməsi həyata keçirilir. Bundan əlavə, ictimai iaşə və uşaq müəssisələrində də hazır xörəklər C vitamini ilə təchiz olunur. C vitamininə gündəlik tələbat 50-100 mq-dır. İdmançıların gündəlik rasionunda C vitaminin miqdarı məşqlər zamanı isə 100-150 mq-dir. Onlar yarışlar zamanı 250-300 mq-dır. Onlara yarışlar zamanı startdan əvvəl 150-200 mq C vitaminin verilməsi məqsədəuyğun sayılır (N.N.Yakovlev).
Dostları ilə paylaş: |