13.2. GİGİYENANIN QISA İNKİŞAF TARİXİ
Profilaktiki təbabət öz dərin kökləri ilə çox qədim zamanlara sirayət edir. İnsanlar yarandıqları gündən öz sağlamlıqlarını qorumağa çalışmışlar. Tədricən özlərinin şəxsi, sonralar cəmiyyətin sağlamlığını qorumaq haqda təcrübədə toplamışlar. Yer kürəsinin müxtəlif güşələrində aparılan qazıntılar göstərmişdir ki, hələ çox qədim zamanlarda insanlar sağlamlığı qorumağın sadə, elementar qaydalarını bilirmişlər. Onlar qidalanmaya, şəxsi gigiyenaya, mənzil təminatına və digər məsələlərə ciddi fikir verirmişlər. Gigiyenaya ən çox misirlilər, çinlilər, hindlilər, vavilonlular və eləcə də, Orta Asiya ərazisinin sakinləri əhəmiyyət vermişlər. Gigiyenaya aid bəsit biliklərin əhali arasında yayılmasında eramızdan 1500 il əvvəl qədim kahinlərin mühüm rolu olmuşdur. O dövrlərdə həkimliklə məşğul olan şəxslər çalışırdılar ki, əhalinin sağlamlığının mühafizəsi məqsədilə xalq təbabətində istifadə olunan gigiyenik tədbirləri sistemləşdirsin və onlardan səmərəli istifadə etsinlər. Misirdə, Hindistanda, Çində dini kitablardan götürülmüş və lazımi vərdişlərə çevrilmiş müəyyən qaydalar – torpağı çirklənmədən qorumaq, su təchizatı mənbələrini seçmək və abadlaşdırmaq, bədəni təmiz saxlamaq, infeksiyanın yayılmasının qarşısını almaq üçün yoluxucu xəstələri ayırmaq, onların işlətdikləri əşyalardan istifadə etməmək, meyitləri geyimlərlə basdırmaq və s. kimi tədbirlər həyata keçirilirmişdir.
Sadə gigiyenik bilikləri ilk dəfə ümumiləşdirən bizim eradan əvvəl IV əsrdə yaşamış, antik təbabətin banisi Hippokrat olmuşdur. «Hava, su və torpaq haqqında», «Sağlam həyat tərzi haqqında» və s. traktatlarından görünür ki, Hippokrat xəstəliklərin baş verməsində, insanı əhatə edən xarici mühitin mühüm rol oynadığına, xəstəliklərin qarşısının alınması və müalicə edilməsində gigiyenik tədbirlərə böyük əhəmiyyət vermişdir.
Gigiyenanın inkişafında X-XI əsrlərin böyük alimi, görkəmli həkimi, «Həkimlərin padşahı» Əbu-Əli-İbn-Sinanın (Avissena 980-1037-ci illər) xidmətləri çox olmuşdur. Onun beş cildlik məşhur «Həkimlik elminin qanunları» adlı əsərinin bir çox fəsilləri gigiyena elmininin vacib məsələlərini əhatə edir. O mənzil, geyim, qidalanma gigiyenası, uşaqların tərbiyəsi və s. məsələləri işləyib hazırlamışdır. Əbu-Əli İbn Sina xəstəliklərin torpaq və içməli su ilə yayıldığını söyləmişdir.
Təbiət elminin inkişafı, fiziki, kimyəvi, fizioloji, mikrobioloji tədqiqat üsullarının təkmilləşdirilməsi xarici mühit amillərinin əhalinin sağlamlığına təsirini dəqiq və obyektiv öyrənilməsinə imkan verdi. L.Paster, R.Kox, İ.İ.Meçnikov və digər mikrobioloqların kəşfləri gigiyena elmini təbiət haqqında, yoluxucu xəstəliklərin yayılma yolları barədə olduqca qiymətli məlumatlarla zənginləşdirdi.
Gigiyenanın bir elm kimi formalaşması o dövrdə digər elmlərin (kimya, fizika, biologiya, mikrobiologiya, fiziologiya, riyazi statistika və s.) nailiyyətlərinə əsaslanmış və onun eksperimental istiqamətinin inkişafına şərait yaratmışdır. Elmin bu istiqamətinin formalaşmasında alman alimlərindən M.Pettenkofer və M.Rubner, Rusiyada A.P.Dobroslavin və F.F.Erisman, İngiltərədə E.Parks, Fransada M.Levi təqbirəlayiq xidmətlər göstərmişlər. Bu alimlər içərisində M.Pettenkofer (1818-1901) ilk dəfə xarici mühit şəraitinin obyektiv qiymətləndirilməsində kimyəvi və fiziki müayinə üsullarından istifadə etmişdir.
M.Pettenkoferin gigiyena sahəsindəki fəaliyyəti və xidmətləri (elmin tədrisi, bu sahədə ilk kafedra və institutun yaradıcısı və s.) onu elmi gigiyenanın banisi hesab etməyə əsas verir.
Tibb elminin profilaktik sahəyə istiqamətləndirilməsində və beləliklə, gigiyena elminin formalaşmasında və onun müxtəlif sahələrinin gələcək inkişafında görkəmli rus həkim-klinisistlərindən M.Y.Mudrov, N.İ.Piroqov, Q.A.Zaxarin, S.PBotkin və A.A.Ostroumovun rolu təqbirəlayiqdir. Rusiyada gigiyenanın inkişafında M.Y.Mudrov mühüm yerlərdən birini tutur. O, ilk dəfə 1808-ci ildə Moskva Universitetində, hərbi gigiyena kursu üzrə mühazirələr oxumuşdur.
Rusiyada gigiyena elminin və sanitariyanın inkişafı ali məktəblər nəzdindəki tibb fakultələrinin fəaliyyəti ilə sıx bağlıdır. XIX əsrin 70-80-ci illərində Sankt-Peterburq, Moskva, Kiyev, Kazan, Xarkov, Vilnüs, Odessa və başqa şəhərlərdə universitetlərin tibbi fakultələri tərkibində yaranmış ilk gigiyena kafedraları gələcəkdə ölkədə gigiyena məktəblərinin meydana gəlməsində və formalaşmasında mühüm rol oynamışlar. Rusiyada ilk gigiyena kafedrası 1871-ci ildə Sankt-Peterburqda hərbi-tibb akademiyası nəzdində Rusiyanın gigiyena üzrə ilk professoru A.P.Dobroslavin (1842-1889) tərəfindən təşkil edilmişdir. O, Rusiyada gigiyenanın eksperimental istiqamətinin inkişafında və mütəxəssislərin hazırlanmasında mühüm rol oynamışdır
Rusiyada gigiyena elminin inkişafında görkəmli yerlərdən biri F.F.Erismana (1842-1915) məxsusdur. O, M.Pettenkoferin yanında fəaliyyətə başlamış və gələcəyin böyük gigiyenist alimi kimi işlərini Rusiyada davam etdirmişdir. Gigiyena elminin tarixində F.F.Erismanın ilk mükəmməl əsəri –«Gigiyena üzrə rəhbərlik» (1872-1877) və «Peşə gigiyenası və ya fiziki və zehni əməyin gigiyenası» (1877) məlumdur. Bu əsərlərində F.F.Erisman gigiyena elminin müxtəlif bölmələri, o cümlədən hərbi gigiyena barədə ətrafı məlumatlar vermişdir. O, 1882-ci ildə Moskva Universitetinin tibb fakultəsi nəzdində Rusiyada ikinci gigiyena kafedrasını təşkil etmiş və ona rəhbərlik etmişdir.
Dostları ilə paylaş: |