2. Fiziki amillər. Bura havanın fiziki xassələri - hərarəti, rütubəti, hərəkəti, atmosfer təzyiqi, günəş radiasiyası, səs-küyü, vibrasiyası, radioaktiv şüalanması və s. aiddir. Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin intensivlik dərəcələrindən asılı olaraq, onlar orqanizmə zərərli təsir də göstərə bilir.
3. Bioloji amillər. Bunlara patogen (xəstəlik törədən) mikroorqanizmlər, viruslar, helmintlər (qurd yumurtaları), göbələklər və s. aiddir.
4. Havanın mexaniki qarışıqları – toz, tüstü, his və s.
Orqanizmə həm xarici mühitin amilləri, həm də söz, danışıq, insanlar arasındakı münasibət, başqa sözlə, ikinci siqnal sisteminə aid bütün qıcıqlandırıcılar təsir göstərir. Bunlar insanda müxtəlif emosiyalar və ruhi vəziyyət – fikir, dərd, qorxu və s. əmələ gətirərək orqanizmin normal vəziyyətinə və onun sağlamlığına təsir edir.
Xarici mühit amillərinin insanın sağlamlığına təsirini öyrənmək üçün gigiyena elmi müxtəlif üsullardan istifadə edir. Bunlardan kimyəvi, fiziki, bakterioloji, toksikoloji, kliniki, eksperimental və sanitariya statistikası, kliniki-laboratoriya üsullarını göstərmək olar.
Fiziki üsullar sanitariya-gigiyenik müayinələrdə ən çox istifadə olunanlardandır. Bu üsullardan istifadə etməklə müayinə olunan obyektlərin fiziki göstəriciləri haqqında tam məlumat əldə etmək olar. Fiziki üsullardan havanın hərarətini, təzyiqini, rütubətini, iqlim və mikroiqlim şəraitini, radiasiyasını, hərəkətini, suyun hərarətini, şəffaflığını, bulanıqlığını, dərəcəsini, iyini, dadını və s. öyrənmək üçün istifadə edilir.
Kimyəvi üsullardan qida maddələrinin, havanın və suyun kimyəvi tərkib hissələrəini, oradakı zəhərli qarışıqları, onların bioloji qiymətini və s. öyrənmək üçün istifadə edilir.
Bakterioloji üsullardan suda, havada, torpaqda, qida maddələrində mikrobların, xüsusilə patogen mikrobların varlığını öyrənmək, həmin maddələrin mikrobla çirklənmə dərəcəsini təyin etmək üçün istifadə olunur.
Toksikoloji, bioloji və heyvanlar üzərində aparılan eksperimental üsullarla kimyəvi maddələrin orqanizmə təsiri öyrənilir və onlardan istifadə edilməsi üçün ətraf mühitdə qida maddələrində, suda, havada və s. icazə verilən hədd təyin olunur.
Kliniki üsuldan istifadə etməklə mühit amillərinin insan orqanizminə, onun sağlamlığına olan təsirini klinikalarda, xəstəxanalarda kliniki yoxlamalar və dispanser müşahidə aparmaqla öyrənmək olar.
Sanitar statistik üsuldan iqtisadi, məişət, təbii və digər amillərin əhalinin sağlamlığına təsirini qiymətləndirmək üçün istifadə edilir. Bu təbii dəyişmələrin – doğum və ölüm hadisələri, təbii artım, xəstələnmə, fiziki inkişaf və s. dinamikasının öyrənilməsinə imkan verir.
Əhalinin sağlamlığının mühafizəsi sahəsində gigiyena ilə yanaşı sanitariya anlayışı da mühüm əhəmiyyət kəsb edir. «Sanitariya» latınca «sanitos» sözündən götürülmüşdür, mənası «sağlamlıq» deməkdir. Sanitariya gigiyena elminin təcrübi sahəsi olub, vəzifəsi əhalinin sağlamlığının möhkəmləndirilməsi və mühafizəsi məqsədilə insanların məişət, əmək, istirahət, qidalanma, təlim və tərbiyəsi üçün əlverişli və elmi əsaslı gigiyenik normalar, sanitariya tədbirləri və tövsiyələrini təcrübəyə tətbiq etməkdən ibarətdir. Bir sözlə, gigiyena sağlamlığı qorumaq və yaxşılaşdırmaq haqqında elmdir.
Dostları ilə paylaş: |