ӘDӘBİYYAT:
1. Şeyxülislam Allahşükür Paşazadə, “ Qafqazda islam”, Azərnəşr, 1991,
2. Cumhuriyyət və sovet dövrünün şeyxülislamı, Bakı, “Elm və təhsil”, 2011
3. Sakit Hüseynov, “Azərbaycanda dini tolerantlıq mədəniyəti: tarix və
müasirlik”, Bakı, 2012
4. Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı,
2013
5. Vasim Məmmədəliyev və Malik Qarayev, “ İlahiyyat Fakultəsi” BDU,
İlahiyyat Fakultəsi Elmi Məcmuə. №01(01) , 2004, s.16
6. Kövser Tağıyev, Siyasi Tarihi Bağlamında Azerbaycanda Din Egitiminin
Gelişimi, Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt:6, Sayı: 28, 2013
7. lent.az/news/210284
8. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, Bakı
şəhəri, 8 may 2009-cu il. № 812-IIIQD
9. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2
sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
10. http://president.az/articles/16419
11. Azərbaycan Respublikası Təhsil Qanunu,
12. Elsevər Səmədov. Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin
formalaşması. Bakı, 2009,
13. Nazim Әkbərov, Adil Bayırlı, Ehsan Qubalı, Mənəviyyat, Bakı, 2006
Azərbaycanın təhsil sistemində dinin tədrisi və bu sahədə Türkiyə təcrübəsi
167
14. Türkiyede din egitimi ve ögretimi, İmam-hatib liselerinin kuruluşunun
40.yılı münasebetiyle tartişmalı ilmi toplantı, İstanbul 1993 s. 172
15.Turgay Gündüz, Türkiyede Cumhuriyet dönemi din egitimi ve ögretimi
kronolojisi, 1923-1998 Uludağ Universitesi İlahiyyat Fakültesi Sayı:7 Cilt 7, 1998
16. M. Şevki Aydın. Cumhuriyet donəmində din egitimi ögretmeni, İstanbul
2005, s. 367
17. Halis Ayhan. Türkiyədə din egitimi, İstanbul 1999, s.622
18. Tuğrul Yürük, Cumhuriyyet Döneminde Din Derslerinin Statusu ile İlgili
Tartışma ve Öneriler Ankara Universitesi İlahiyyat Fakultesi Dergisi 52:1(2011)
ss239-254 (s.244)
19. http://az.trend.az/azerbaijan/society/2371744.html
20. Namiq Abbasov, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər” Bakı, 2009,
s.444
Elçin Həsənli
168
XÜLASӘ
AZӘRBAYCANIN TӘHSİL SİSTEMİNDӘ DİNİN TӘDRİSİ
VӘ BU SAHӘDӘ TÜRKİYӘ TӘCRÜBӘSİ
Məqalədə, Azərbaycan müstəqillik əldə etdikdən sonra fəaliyyət göstərən dini
təhsil müəssisələri barədə məlumat verilmiş və dini təhsillə bağlı qəbul edilmiş
qanunvericilik aktları araşdırılmışdır. Orta məktəblərdə uşaqların, gənclərin dini biliklər
almasında mövcud olan problemlərə toxunulmuşdur.Türkiyənin bu sahədə tarixi
təcrübəsinin öyrənilməsi Azərbaycanda dini təhsilinin düzgün qurulmasında faydalı olar.
РЕЗЮМЕ
ПРЕПОДАВАНИЕ РЕЛИГИИ В СИСТЕМЕ ОБРАЗОВАНИЯ
АЗЕРБАЙДЖАНА ОПЫТ ТУРЦИИ В ЭТОЙ ОБЛАСТИ
В статье дано информации об действующих религиозных учреждениях и
исследовано принятые законадательные акты по религиозному образованию в
Азербайджане после приобретение независимости. Было затронуто
сушествующим проблемам детей и юноши по религиозному обучению в
средних школах. Изучение исторических опыт Турции в этой области будет
полезным правилно организовать религиозное образование в Азербайджане.
RESUME
RELIGIOUS EDUCATION IN AZERBAIJAN`S EDUCATIONAL SYSTEM
AND TURKEY`S EXPERIENCE IN THIS FIELD
This article gives information about the religious institutions of Azerbaijan after
the independence, and investigates the legislative acts related to religious education.
It also touches upon the problems related to pupils` religious knowledge in
secondary schools. The article also emphasizes that Turkey`s historical experience in
this field can benefit the
provision of appropriate religious education in Azerbaijan.
Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
169
UOT 1(091)
SPİNOZANIN FӘLSӘFİ SİSTEMİNDӘ
“CONATUS” PROBLEMİ
Zaur Firidun oğlu Rəşidov
Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə və Hüquq İnstitutunun
“Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin elmi işçisi
Açar sözlər: həyat, mübarizə, qüvvə, impuls, təsir, cəhd, fəaliyyət, ehtiras, istək,
məhv
Key words: life, struggle, power, impulse, force, endeavour, action, passion,
desire, destruction
Ключевые слова: жизнь, борьба, сила, импульс, воздействие, стремление,
действие, страсть, желание, уничтожение
XVII əsr Qərbi Avropa dünyagörüşü yeniliklər əsri və elmi kəşflər dövrü kimi,
fəlsəfi baxışların da dəyişməsi və inkişafına səbəb oldu. İnsan, onun düşüncəsi,
təfəkkürü, hiss və yaşantıları artıq dini təlimlərin məcburi tələbləri ilə yox, təbii
olaraq, təbiət qanunları vasitəsilə elmi şəkildə izah olunurdu. İnsanın kor-koranə
itaətkarlığı tənqid olunur, ona qarşı əqlin azadlığı ideyası qoyulurdu. Beləliklə, bu
əsrdən başlayaraq, köhnə dini sxolastik baxışların əvəzinə, yeni naturalist və fəlsəfi
baxışlar inkişaf edirdi. Artıq insan, passiv və ifrat dini hisslər altında möminlik ilə
yox, zəka və elm, xüsusən də, təbiət elmlərinin qəlibləri ilə dəyərləndirilirdi.
Benedikt Spinoza (1632-1677) da, məhz bu dövrün filosoflarındandır. Öz fəlsəfi
baxışalarını təbiət qanunları ilə izah edən Spinoza, “təbiilik prinsipi”ni, insanın bir
mövcudluq kimi “təbiətin səhvi” yox, onun kiçik bir hissəsi olaraq qiymətlən-
dirilməsini ön plana çəkirdi. Öz fəlsəfi sistemində insanı-onun istər maddi, istərsə də
mənəvi tərəflərini izah edərkən, “yaradıcı” Tanrıdan daha çox, təbiətin tükənməz
qüvvələrindən danışaraq, onun qanunlarından çıxış edirdi. İnsanı sonsuz təbiətin
sonlu bir modusu kimi dəyərləndirirdi.
Qeyd etmək lazımdır ki, Spinozanın fəlsəfi sistemi vahidlik prinsipinə tabedir.
Onun substansiya adlandırdığı bu vahid varlıq Tanrı və təbiət ilə də eynianlamlıdır
Zaur Firidun oğlu Rəşidov
170
(substantia sive Deus sive natura). Bu vahidin əlamətlərinin təfəkkürdəki formaları
atributlardır. Spinoza yazırdı ki, atributlar saysız və sonsuzdurlar. İnsanın dərk etmə
imkanları maddi və mənəvi ilə məhdudlaşdığından, insan da bu ikisini dərk etməklə
kifayətlənməli olur. Spinozaya görə, Tanrı və substansiyaya bərabər tutulan təbiət
maddi deyil. Təbii qanunauyğunluqlar, zəruri nizam, hadisə və proseslər arası
bağlılıq və əlaqəlik, bir sözlə qanunlar formasında təzahür edən qüvvədir. Maddilik
də, bu qüvvənin daxilindədir. Spinozanın sistemindəki sırf maddi təbiət isə sonsuz
bir varlıqdır-sonsuz modusdur (facies totius universi). Qeyri-maddi təbiətin (tamın)
gerçəkləşməsi (hissələrdə) və təzahürüdür. Təbii qanunların daimi təsirinə məruz
qalan sonsuz forma və müxtəlifliklərə malik məkandır. Bu təbii qanunların maddi
təbiətdə gercəkləşmə şərtləri olan hərəkət və sükunət (motus et quies) də sonsuz
moduslardır. Qeyd etdiyimiz maddi təbiət və hərəkət-sükunət maddi sonsuz modus-
lar kimi, substansiyanın yertutarlıq (maddi) atributuna aiddirlər. Təfəkkür (mənəvi)
atributuna aid olan sonsuz modus isə, sonsuz intellekt (intellectus infinitus) və ya
Tanrının sonsuz ideyasıdır (infinita idea Dei). Spinozada moduslar sonsuz olmaqla,
konkret xassə və keyfiyyətlər qismində sonlu moduslara da bölünürlər. Vahid
substansiya və ya Tanrıya daxil olan gerçəklikdəki-maddi təbiətdəki bütün şəkildə-
yişmələr, çoxluqlar və müxtəlifliklər sonlu moduslar kimi sonsuz sayda əks olunan
görüntülərdirlər. Vahidin “surətini” əks etdirən sonsuz “aynalar” və ya onun “köl-
gələridirlər”. Spinozanın sistemində moduslara-mövcudluqlara xas əsas keyfiyyət
isə fəaliyyətdir. Sonlu modus insan-bədən yaşama cəhti göstərir. Mübarizə aparır.
Sonlu modus olan təfəkkür-ruhun (Spinozaya görə ruh ölməzdir) fəaliyyəti ilə dü-
şünür. Dərk etməyə çalışır. Bu mənada, Spinozanın “conatus”
1
adlandırdığı yaşama
cəhdi, varlığını qoruyub saxlama istəyi bütün mövcudluqların əsas həyat prinsipidir.
Substansiyanın sonsuz şəkildəyişmələri olan moduslar, fəal olaraq təbiətdə baş
verən bütün təbii qanunların aktiv iştirakçılarıdırlar. Hər bir hadisə və proseslərdə
təbiət qüvvələrinin təsirlərinə məruz qalan və eləcədə bir-birilərinə təsir göstərən
sonlu mövcudluqlardırlar. Bu cəhətdən, sonsuz və arasıkəsilməz təsirlər qarşısında
məhv olmamaq üçün, sonlu moduslar daimi olaraq öz mövcudluqlarını qoruma
prosesindədirlər. Başqa sözlə, “conatus” “əbədi fəaliyyət fırtınasına” düşən, “kainat
qasırğasında” olan modusların məhv olmamaq mücadiləsidir. Bu cəhətdən tədqiqatçı
alim G.De Dijn də hesab edir ki, Spinozada “conatus”, moduslara öz fəaliyyətlərini
davam etdirmələri üçün xidmət edən pozitv qüvvədir (8, s.240). Bu mübarizə,
1
“Conatus” latın dilində cəht, səy, meyl, istək, arzu mənalarını verir.
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
171
Tanrının əbədi fəaliyyəti ilə sürəkli olaraq törəyir. Təbiətdə baş verən bütün təbii
proseslərin davamlı olaraq təkrarlanması və yenilənməsi də, məhz modusların
“conatus”u-mübarizəsi sayəsində gerçəkləşir. Bu mübarizə əbədi təbiət qanunlarının,
sonsuz modus olan təbiətdə sürəkli fəaliyyətinə şərait yaradır. Tanınmış spinozaçı
alim E.Kerli də hesab edir ki, Spinozanın “conatus” doktrinası təbiətin fundamental
prinsiplərindən hasil olur (5, s.116). Ç.Carret də qeyd edir ki, Spinozaya görə, bizim
ən fundamental istəyimiz mövcudluq qüvvəmiz olan “conatus”dur (12, s.99)
C.T.Kuk da hesab edir ki, Spinozada “conatus” bütün şeylərə xas ümumbəşəri
keyfiyyətdir (3, s.93). M.Kisnerə görə isə, Spinozanın “conatus”u bütün sonlu
şeylərin-modusların mahiyyətlərində olan xüsusi qüvvədir (13, s.19). C.Miller isə
hesab edir ki, “conatus” Tanrının mövcudluqlara verdiyi fundamental impulsdur
(
təkandır Z.R) (17, s.113). Bu fikirlə razılaşan U.Montaq da düşünür ki, “Spinozanın
conatus”u fərdi varlıqların özlərini qoruyub saxlama impulsu kimi, Tanrının
qüvvəsinin müəyyən şəkildə təzahürüdür (18, s.31). Ç.D.Brod da eynən düşünürdü
ki, “Spinozanın conatus”u fərdi həyati impulsdur (vital impulse) (2, s.22).
Qeyd etmək lazımdır ki, bir prinsip kimi “conatus” Spinozanın təbiət fəlsəfəsinə
əsaslanan ideyalarından, onun naturalist baxışlarından irəli gəlir. Sonsuz təbiətin
saysız-hesabsız hissələri olan mövcudluqların öz daxili qüvvələri kimi təqdim
olunur. Spinoza “Etika”da yazırdı ki, gerçəklik (
həqiqi olaraq mövcud olma Z.R) ilə
kamillik eyni şeydir (20, s.244). Başqa sözlə, maddilik-hər bir modusun real olaraq
varlığı elə kamillikdir. Modus kamil substansiyadan “hasil olur”. Bu anlamda
təbiətdə heç bir şey öz mahiyyəti etibarı ilə naqis ola bilməz. Әgər, ona “varlıq
lütfü” verilibsə, deməli o, bununla kamilliyini də qazanıb. Çünki, əbədi və kamil
olan qüvvənin yaratdığı hər bir şey-modus, səbəb və nəticə bağlılığına əsaslanır.
Nəticə bir ayna kimi öz səbəbinin “kamil surətini” də özündə əks etdirmiş olur. Bu
mənada, Spinoza “Etika”da yazırdı ki, kamilk və naqislik sadəcə təfəkkürün
moduslarıdır (20, s.321). Yəni, özü-özlüyündə mövcud olan hər bir modus
“yaradılışı” və mənbəyi baxımdan eyni olduğu üçün (vahid substansiyanın təza-
hürləri kimi) kamil “yaradılmışdır”. Spinozaya görə, təbii nizama əsaslanan düzgün
fəaliyyət və ya təbiətin ümumi qanunlarına əməl etmə elə kamillikdir. Bu qanunların
diqtəsini dinləmədən, onlara əks baş verən hər şey isə passivlik-naqislikdir. Deməli,
düşünmək, varlığını itirməmək, gerçəklikdən qırılmamaq, fəaliyyət göstərmək və
mövcud olmaq kamillik ilə eynianlamlıdır. Kamilliyin şərtləridir. Әksinə, hisslərlə
idarə olunmaq, təbii nizama göz yummaq, idrakı dinləmədən iradəni təsadüf və
taleyə “tabe etmək”, digər modusların təsiri altında olmaq naqislik və fəaliyyət-
Zaur Firidun oğlu Rəşidov
172
sizlikdir. Məhvə meyillənmə, mübarizədən kənar qalmaqdır. Başqa sözlə, Spinoza-
nın anladığı naqislik modusun mahiyyəti və həqiqətində (“yaradılışı”-substansiya
baxımdan) yox, fəaliyyətində, daha doğrusu fəaliyyətsizliyindədir-dözümsüzlüyün-
dədir. Filosofa görə, öz təbiəti etibari ilə fəaliyyətsiz heç nə yoxdur (20, s.238).
Deməli, bu keyfiyyət mübarizə formasında da, bütün moduslara bu və ya digər
dərəcədə aiddir. Fəaliyyət, mübarizə, inkişaf modusların mövcudluq dərəcəsidir.
Onların müvazinətidir. Onu qoruyub saxlamaq kamillik və naqislik arasında tarazlıq-
dır. Kamillik və naqisliyin şərtləri isə, əql və ondan kənar olan hər şeydir.
Spinoza “Etika”da yazırdı ki, hər bir mövcudluq mümkün olduğu qədər öz
varlığını qorumağa (conatus) çalışır (20, s.283). Başqa sözlə, “conatus” və ya
varlığını qoruma təşəbbüsü modusun sadəcə cəhdi deyil. Bu, fəaliyyətdə olan
mövcudluğun bütün qüvvəsini səfərbər edərək baş verən təbii instiktdir. Bütün
qüvvə isə, elə modusun varlığıdır-kamillik dərəcəsidir. Mübarizə sonlu modusların
gerçək sonlu mahiyyətlərindədir. Hər bir modus da, öz mahiyyəti etibarı ilə substan-
siyanın təzahürüdür. Deməli, əbədi substansiya-vahid qüvvə kimi moduslarda məhz
fəaliyyət ilə bilinir. Qeyd etmək lazımdır ki, Spinoza varlığı qoruma cəhdini təkcə
insanla məhdudlaşdırmırdı. Bu prosesin iştirakçıları bütün maddi moduslardır (öz
ideyalarını qoruyan ideatlar-obyektlərdir).
2
Bu proses bütün mövcudluqlar üçün
həyat mübarizəsinin kəsilməz və daimi olaraq davam etməsidir. Spinoza hesab
edirdi ki, insan təbiətin bir hissəsi olub, onun ümumi qanunlarına tabe olmaqla,
digər individlərlə də ümumi oxşarlığa malik olmuş olur (20, s.359). Başqa sözlə, bu
“ümumi oxşarlıq” elə mövcud olmaq və bütün moduslara xas olan varlığı qoruma
cəhdidir. Bu da öz növbəsində, təbiətin (sonsuz modus olan təbiət nəzərdə tutulur)
əbədi qanunlarından biridir. Bu mənada, bir proses kimi kəsilməz və davamlı olan
“conatus” sürəkli (sonsuz təbiət) və bütün sonlu modusların keyfiyyəti-mübarizəsi
olmaqla, əbədi baş verən proseslərin də vacib bir hissəsini təşkil edir. R.Meyson da
hesab edirdi ki, Spinozada conatus aktivlik və özünü qoruma cəhdi kimi, insanın
təbiətin (sonsuz modus Z.R) hər bir hissəsi ilə bölüşdüyü eyni fəaliyyətdir (16,
s.142). Yaşama mübarizəsi Tanrının-əbədinin, sürəkli olaraq moduslara verdiyi
zamanda sonlu “əmanətdir”. Bu proses daimi olaraq sonluların mücadiləsi kimi
təkrarlanmaqla, substansiyanın əsas xassəsi olan əbədiliyin təzahürünə çevrilir.
Әbədi təcəllini (görünmək) təmin edir. Bu daimi fəaliyyət vasitəsi ilə, əbədinin
2
Amma, Spinoza əsasən insan və onun mübarizəsindən danışırdı. Bu prinsipi insan, onun
təfəkkür və hissləri üzərindən həll etməyə çalışırdı.
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
173
gerçəkləşməsi təmin olunur. Sonsuz təbiətin əbədi fəaliyyəti, daimi yenilənməsi və
müxtəlif formalar qazanması modusların “conatus”ları ilə mümkün olur. Onların
həyat mübarizəsi bu prosesi sürəkli və davamlı edir.
Spinozada “conatus” prinsipi müəyyən harmoniyaya bağlıdır. Belə ki, “varlıq
haşiyəsində qalnmaq mücadiləsi”, həm maddi-bədənin tükənməz enerji və qüv-
vəsinin, həm də mənəvinin-təfəkkürün “nuru”nun birgə vəhdətinin təzahürü və səyi
ilə mümkündür. Maddi (cisim) özünü qoruyaraq, mənəvinin (ruh) də qorunmasını
təmin etmiş olur. Eynən, digər moduslar da, mövcudluqlarını-ideatlarını saxlamaqla
öz ideyalarına gerçəkləşmə imkanları yaradırlar. Maddilik olmadan ideya gerçək-
ləşib təzahür etməz, “özündə ideya” olaraq qalmaqda davam edər. Deməli, maddi və
mənəvinin “conatus”ları vəhdət təşkil edirlər. Bu cəhətdən S.Hempşir hesab edirdi
ki, Spinozada cismin conatusu xarici təsirlərə qarşı hərəkət və sükunətin xarakterik
balansıdırsa, ruhun conatusu, fərdi təfəkkürü hisslər və təsəvvürdən təmizləyib aydın
dərk etməni gerçəkləşdirməkdir (11, s.9). Başqa sözlə, maddi olanın “conatus”u
fəaliyyət və hərəkət ilə baş verirsə, mənəvi olanın “conatus”u rasional idrak, daha
doğrusu əqlin imkanları ilə gerçəkləşir. Spinozada, dərk etmə bir proses kimi mənəvi
fəaliyyət olsa da, onun məlumatlarına mənfi təsir göstərən və maddi ilə vəhdəti
pozan amillər də vardır. Ehtiraslar (appetitus) və istəklər (cupiditas) bu vəhdəti
pozan psixi amillərdəndir.
Spinozaya görə, insanın aktivliyinin (kamillik) hərəkətverici qüvvəsi təfəkkür,
passivliyinin (naqislik) mənbəyi isə hisslərin, affektlərin (ruhun ehtirasları) təsiri
altında olmaqdadır. Məhz buna görə də, Spinoza affektləri bədənin vəziyyətləri
(corporis affectiones) kimi nəzərdən keçirirdi. Varlığın qorunması və insanın
cismani halından danışdığı müddətcə, öz affektlər nəzəriyyəsini (istək və ehtirasların
bədənə mənfi və “müsbət” təsirləri) onlardan ayırmırdı. Affektlər “conatus”un
nizamına təsir edən yaşantılardır. Təfəkkür modus kimi öz məkanı olan cismini
“qorumaq” üçün zərərverici və məhvedici affektlər ilə mübarizə aparmalıdır.
Spinozaya görə, ruhun ehtirasları olan afffektlər dumanlı ideyalardır (20, s.319).
Eyni zamanda da, bütün affektlər ruhun passiv vəziyyətləridirlər (20, s.284-285).
Başqa sözlə, insanın istək və ehtirasları onun gündəlik yaşantı və keçirdiyi hisslər
kimi müəyyən obyekt, proses və ya hadisə ilə əlaqəli olduğundan tam olaraq
təbiidirlər. Eyni zamanda da, bu affektlər müsbət və ya mənfi hisslərdən-yaşan-
tılardan törəmələrindən aslı olmadan sonlu və keçicidirlər. Müvəqqəti və
Zaur Firidun oğlu Rəşidov
174
qısamüddətlidirlər. Təkcə, fərdi hisslərdən hasil olduğlarından sonludurlar. Bu
mənada da passivdirlər.
3
Tanrının sonsuz ideyaları ilə heç bir əlaqələri olmadıqları
üçün, qaranlıq və qeyri-adekvat ideyalardırlar. Bu cəhətdən S.B.Smit də hesab edir
ki, Spinozada insanın azadlıq istəyi daxili conatus kimi müstəqilliyə malikdir. Ona
görə də, təkcə təbiət qanunları ilə (ümumi prinsiplərlə Z.R) izah oluna bilmir (21,
s.85). Başqa sözlə, insanın azadlıq saydığı “daxili istəklərinin sədası”, “ehtiraslarının
əksi” və hisslərinin məftunedici qüvvəsi Spinozanın “səcdəgahı” olan təbiətin
qanunlar nizamından yox, insanın öz təbiətinin təsadüfi təhriklərindən hasil olur. O,
sonsuz təbiətin nizamına zəruri olaraq bağlı azadlığını (yəni sonsuz təbiətdə sonlu
bir modus olmasını) unudaraq, öz “saxta azadlığının” qurbanı olur. Fikirimizcə,
Spinozada affektlərin təbii olmaları, insandan-modusun modusları kimi törəmələri,
ondan ayrılmazlıqları insanın sonlu keyfiyyətlərə malik olmasının göstəricisidirlər.
Amma, Spinoza əqli hər dəfə affektlərə qarşı qoymaqla, insanda sonlu olsa da,
sonsuzdan bir “bəxşişin”-təfəkkürün (və ya bədənin ideyası kimi ruhun) olmasını da
xatırladırdı. Belə ki, əql vacib “silahdır”. Onunla “həqiqət hədəfini” vurmaq
mümkündür. Sadəcə bu “əql silahı”na malik olan kəslərin nişangahları fərqlidir. Bu
nişangahlar isə affektlərdir. Әql insanın birbaşa və qəti olaraq həqiqətə çatması-
hədəfi vurmasına da zəmanət vermir. Amma, hər halda hədəfi nişangahı tarazlı olan
atıcının vurması daha inandırıcıdır. Ona görə, nişangahı tarazlıqda saxlamadan-
affektlər və hisslərin təsiri altında fəaliyyət göstərərək uğursuzluğa düçar
olmaqdansa, hədəfi dəqiq nişan almaq-əqli dinləmək daha faydalıdır.
Spinoza “Etika”da yazırdı ki, conatus aktual (maddi olaraq Z.R) mövcud olan
modusların gerçək mahiyyətidir (20, s.283). Başqa sözlə, istənilən aktual mövcudluq
(essentia actualis) tam olaraq təbii şərtlərə-qanunlara bağlılıq əsasında və təbiət
qüvvələrin icraçısı kimi mövcuddur. Varlığını qoruma təşəbbüsü isə, insan da daxil
olmaqla bütün sonluların “alın yazısıdır”. Bu “həyati fəaliyyətdə” hər bir modusun,
eləcə də insanın fərqli qabiliyyət və istedadları (fiziki qüvvə nəzərdə tutulmur) vacib
şərtlərdir. Spinozaya görə, insan düşünən varlıq olduğu kimi, maddi varlıq kimi də
kamildir. O, “Etika”da yazırdı ki, insan bədəni öz kamilliyi ilə təbiətin ən
mükəmməl incəsənət əsəridir (20, s.281). Başqa sözlə, insana verilən ən “kamil
vergini”-təfəkkürü qoruma və dərk etmə prosesini gerçəkləşdirmə məkanı olan
3
Bu passivlik bir qədər fərqli mənadadır. Belə ki, müsbət affektlər (xüsusən də əqldən və
təfəkkürdən törəyən) insana-ruha xoş təsir bağışlasalar da, öz mahiyyətləri etibarı ilə və
Spinozanın bölgüsünə uyğun olaraq sonlu olduqları üçün passivdirlər.
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
175
bədən də kamildir. Eyni zamanda da, Spinoza insanın şişirdilmiş varlığını rədd
edirdi. O hesab edirdi ki, insanın “dövlət içində dövlət” (imperium in imperio)
olması ideyasını cəfəngiyatdır (20, s.277). Başqa sözlə, insan maddi mövcudluq
kimi təbiətin fərqli yox, təbii bir hissəsidir. Zamanda sonlu “qonaqdır”. Bu məkana
“kənardan daxil olmuş” və onu idarə edən hökmdar deyil. Deməli, insan öz təbiiliyi
və fiziki modus olma keyfiyyətləri ilə digər moduslarla eyni sıradadır. Həm də,
insan bədəninin (sırf fiziki halı) forma və quruluşu öz mövcudluğu etibarı ilə, əql və
ya hisslərlə idarə olunmasından aslı olmayaraq qüsursuz bir modusdur. “Kamil
rəssamın mükəmməl rəsm əsəridir”. Eynən, “yaradılan” bütün moduslar kamillik
şərtlərinin (atributların modusları və ya ideya ideat kimi) uzlaşması nəticəsində
özünəməxsusdurlar. Fərdidirlər. “Tanrı tərəfindən seçilmiş və sevilmişdirlər”. Belə-
də, insanın digər moduslardan yeganə əsaslı fərqi əqlin rəhbərliyi altında (sub ductu
rationis) fəaliyyət göstərməsindədir. İdeat (bədən) kimi ideyasının (təfəkkürü və ya
ruhu) düşünən və eləcə də canlı olmasındadır. Spinozaya görə, insan özünün bu
“yeganə fərqini” heç də həmişə dərk edə bilmir. Çox zaman maddilikdən (yəni,
əsasən xarici təsirlər altında formalaşan) doğan hisslər, istəklər və ehtirasların
təsirinə məruz qalaraq, “əqli kamilliyini” “hissi naqisliyə” dəyişir. “Digər moduslar
cərgəsinə enir”. Belədə, onun kamilliyi ancaq maddi olaraq qalır. Deməli, insan
bədəni əqli “dinlədiyi” kimi, hisslərə də “qulaq asır”. Aktual varlıq olan insan
instinkt və həyati impulslarla qorunaraq, iradəyə və onun düşünülməmiş seçimlərinə
“sığınır”. Cavab reaksiyası kimi əqlinə yox, öz daxili səsinə, “harayına” qulaq asır.
İradənin seçimlərinə tabe olur.
4
Deməli, o, öz fiziki varlığını qoruma məcburiyyəti
yarandıqda əqlinin yox, iradəsinin yalnış olsa belə, qərarlarına tabe olur. Onları
dinləyir. Təfəkkürünü “hisslər zindanında məhbus edir”. Digər tərəfdən də, Spinoza
insan iradəsinin azad olması fikrini inkar edirdi. Daha doğrusu, təfəkkürü iradədən
daha geniş anlayış sayaraq insanın azad seçimlərini “təfəkkürə əsaslanan iradənin
seçimləri” hesab edirdi. Spinoza “Etika”da yazırdı ki, iradə azad yox, zəruri səbəbdir
(20, s.235). Әgər, hər bir modus təbiətin bir hissəsi, “conatus” bu moduslarınun
gerçək təzahür mahiyyəti, modusun özünü qoruma qiğılcımı isə, “hissləri rəhbər
tutaraq” iradənin azad seçimləridirsə, bəs Spinozanın səcdəgah etdiyi əql və rasional
təfəkkür “haradadır”? Maddi modus-bədənlə birgə “yaşayan” əql və affektlər, hər
ikisi sonludursa, onda, bu sonlu həyat mübarizəsində əqlin affektlərdən-hisslərdən
4
Spinozaya görə, təfəkkürdən kənar qəbul olunan istənilən qərar sonda yalnış nəticələr
verməlidir.
Zaur Firidun oğlu Rəşidov
176
üstünlüyü nədədir? Təfəkkürdən kiçik və zərurətə tabe iradənin seçimləri aktual
varlığı qorumağa kifayətdirsə, insan niyə iradəsini yox, əqlini “dinləməlidir”?
Qeyd etmək lazımdır ki, Spinoza varlığı qoruma prosesində “bütün mümkün
vasitələr”dən istifadəni zəruri sayırdı. O hesab edirdi ki, moduslar üçün varlıqlarını
qorumadan üstün məziyyət yoxdur (20, s.332). İlk baxışda elə görünür ki, varlığı
məhv olmaqdan qorumaqda, əqlin və ya hisslərin rəhbərliyi ilə idarə olunma elə də
önəmli deyil. Eləcə də, əgər, bu prosesdə “hər vasitə” keçərlidirsə, onda insanın
əxlaqından-insanlığın əsas meyarından və onunla “köklənən” təfəkkürdən də söz
gedə bilməz. Qeyd etmək lazımdır ki, Spinozaya görə, iradə və əql eyni şeylərdir
(20, s.273). Yəni, eyni bir mənəvi modusun iki fərqli təzahürləridir. Deməli, insan
öz varlığını qoruma cəhdində (tam bir proses kimi) iradədənin azad seçimlərinə
qulaq asdıqda belə, təfəkkürdən də məhrum olmur. Bundan əlavə, qeyd etdiyimiz
kimi Spinozaya görə, iradə azad seçimlərə yox, zəruri səbəblərə tabedir. Әgər, iradə
və idrak eyni şeylərdirsə, onda bir proses olan “conatus”da insanın, hətta hisslərlə
idarə olunduğu halda belə, əqlin zəruri olaraq iştirakı vacibdir. Bir növ bu
mübarizədə iradə əqli də tələb edir. Deməli, ümumilikdə varlığı qoruma düşünülmüş
bir proses olmasa da, əqldən kənar da deyil. “Әql ünsürü” bu prosesin ayrılmaz
hissəsidir. Spinozaya görə, insanın iradəsinin seçimləri onun “düşüncə süzgəcinin
əqli hesablamalardan” keçməzsə, doğru “riyazi nəticələr”
5
də verməz. Bundan əlavə,
Spinozanın sərt determinizminin qanunlarına görə, hər şey (sonlu moduslar) zəruri
olaraq Tanrı və onun qanunlarına (sonsuz moduslar) tabedir. Bu mənada, insan
iradəsi də, qaçılmaz olaraq bu qanunlardan kənar fəaliyyət göstərə bilməz. Sonlu
modusları sonsuza bağlayan sonsuz intellektdirsə və bu sonsuz modus da təfəkkür
atributu altında Tanrının əlamətidirsə, deməli, bu şərtlər əsasında iradə də təfəkkürə
daxil olmalıdır. Bu cəhətdən də, Spinoza “Etika”da yazırdı ki, iradə təfəkkürün
modusudur (20, s.235). Deməli, zəruri olaraq iradə də, təfəkkürün qanunlarına tabe
olmalıdır. Belədə, “conatus” bir fəaliyyət kimi mütləq şəkildə əql ilə də “kəsiş-
məlidir”. İnsan iradəsini dinləyirsə, iradə də onun təfəkkürünü dinləmiş olmalıdır.
Başqa sözlə, “conatus” bir proses kimi, əqlin “aynasında” əks olunmadan baş
vermir. S.B.Smit də hesab edir ki, Spinozada “conatus” rasional baş verən fəaliyyət
ilə bağlıdır (21, s.102).
5
Spinoza qeyd edirdi ki, onun fəlsəfi sistemi tamamilə riyazi və həndəsi qanunlar nizamına
və rasional metodlara əsaslanır.
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
177
Bundan əlavə, Spinozada dərk etmə bir proses kimi ideyaların dərkidir. Hər bir
şey maddi və ya mənəvi olmasından aslı olmayaraq müəyyən “ideya daşıyıcısıdır”.
Həm də, qeyd etdiyimiz kimi, hər şey ideya formasında Tanrının sonsuz ideyalar
aləmi və sonsuz intellektindədir. İnsan tərəfindən rasional olaraq dərk etmə də,
Tanrının adekvat ideyalarını təfəkkürdə həqiqi ideyalara çevirməkdir. Deməli, insan
mübarizə aparmaq, varlığını qorumaq üçün “təhlükə”nin də ideyasını dərk etməlidir.
Öz mövcudluğunu qorumaq üçün “iradə və ya əqlini” dinləməsindən aslı olmayaraq,
təhlükəni qiymətləndirməli, dərk edib anlamalıdır. Ümumiyyətlə, nəzərə almaq
lazımdır ki, Spinozada varlığı qoruma-“conatus” təkcə modusların mübarizəsi yox,
həm də modusları bu “təhlükəyə” çatdıran vasitələrlə də mübarizəni nəzərdə tutur.
Bu vasitələr isə, modusun öz təbiətindən kənar şeylər də deyil. İnsanda bu “təhlükə”
daxili təhriklər, affektlərdir (ehtiraslar və istəklər formasında). Bu cəhətdən L.Ros
doğru olaraq qeyd edirdi ki, Spinozada ehtiraslar kor impulslardır (19, s.114). Başqa
sözlə, affektlər də dərk olunmuş həqiqi ideyalardır. Sadəcə, bu ideyalar dərk
olunmadıqda, ideatı “korlaşdıran” və “təhlükəyə atan” ideyalardır.
Spinoza “Etika”da yazırdı ki, ruh (təfəkkür Z.R) bədənin vasitəsi ilə özünü və öz
conatusunu dərk edir (20, s.284). Başqa sözlə, modus-bədən öz fərdi qüvvəsini
ancaq ruhu və təfəkkürü ilə dəyərləndirib dərk edə bilər. Nəyə qadir olması və öz
müdafiəsini necə təşkil edəcəyini öz idrakının seçimlərindən başqa heç bir şeyin
öhdəsinə buraxa bilməz. İnsan öz mövcudluğu etibarı ilə əbədi fəaliyyətdədir. O,
sonsuz təbiətdə bir impulsdur. Әbədi “təsirlər torunda” mübarizə aparmağa “dü-
çardır”. Deməli, insanın mövcudluq mahiyyəti, qüvvəsi və potensiyası olan
“conatus”, onun öz daxilindən gələn həyat eşqidir. Bədənin öz daxili qüvvəsini,
gücünü toplaması və mübarizəyə köklənməsidir. Deməli, “conatus” insanın xarici
təsirlərə qarşı, daxildən başlayan mübarizəsidir. Bu prosesdə manelər isə, xarici
qüvvələrdir. Onların birbaşa təsiri və bu təsirlərin nə dərəcədə qüvvətli olmasıdır.
Bütövlükdə, bu prosesi tənzimləyən isə təfəkkürdür. İnsanın “batini” aləmidir.
Təfəkkür insanın həyat müharibəsində yenilməz və təcrübəli sərkərdədir. “Zahiri”
təsirlərə məruz qalaraq, öz daxili mahiyyətini unudan insan isə, həyat müharibəsində
köməksizdir. Әmrə tabe olmayıb mühasirəyə düşmüş yaralı döyüşçüdür. Eyni
zamanda da, insan, “özündən kənar olanlardan” (xarici təsirlər nəticəsində törəyən
istəklərdən) imtina edib, onlarla öz mövcudluğu arasında “təfəkkür səddi” çəkmək
iqtidarındadır. Varlığını itirmə qorxusu ilə üzləşdikdə, xarici təsirlərə “göz yum-
maq”, onlardan imtina etmək-təfəkkürü dinləmək imkanına-gücünə malikdir. Müha-
ribə meydanında-həyat mübarizəsində, döyüşçünün-insanın, düşünülməmiş təhlü-
Zaur Firidun oğlu Rəşidov
178
kəyə atılaraq mütləq məhvi-ehtirasların qurbanı olması və sərkərdənin əmrlərinə-tə-
fəkkürə tabe olaraq sağ qalmaq imkanı-“conatus”u onun öz əlindədir. Öz seçimidir.
Deməli, Spinozada “hər mümkün vasitə” insanın öz imkanlarını və aktivliyini
artırma, öz daxili qüvvəsinə inanma və passivliyinə, aslılıqlarına, xarici təsirlərə
bağlanmaya qalib gəlməni nəzərdə tutur. Bundan əlavə, “qorunan” Tanrının insana
ən böyük “bəxşişi” olan mövcudluqdur. İnsan əbədinin bu lütfünü qoruyursa,
deməli, Tanrı və ya təbiətin umumi nizam və qanunauyğunluqlarına da əməl etmiş
olur. Spinozanın düşüncəsinə görə, ümumi qanunlara, nizama əməl etmək özü də
qanunauyğun və düşünülmüş bir prosesdir. Bu qanunların kiçik “insani şəkildəyiş-
mələri” ləyaqət və əql ilə idarə olunan insan, iradənin yalnış və məcburi seçiminə
yol verməz. Әqlin gücü və qüvvəsi özünü məhz belə göstərmiş olur. “Conatus”
düşünülmüş bir prosesə, daha doğrusu, varlığı qoruma prosesinin düşünülmüş
davamına çevrilir. Belə ki, əqlin rəhbərliyi altında yaşayan azad insan xarici təsirlərə
və affektlərə bağlanmır. Deməli, varlığını qorumaq üçün onu təhlükəyə də atmır.
Ruhunu-nəfsini “cilovlaya” bilir. Öz ruhuna və nəfsinə hakim kəsilir. Bunlara əməl
etdiyi müddətdə hər bir fəlakətdən də uzaq olur. Әksinə, nadan isə, daima xarici
təsirlərin altında qalır və onun qəlbinin affektləri, “gözü bağlı” nəfsi əqlini,
təfəkkürünü üstələmiş olur. Ona göz açmağa imkan vermir. Onu həqiqətdən
uzaqlaşdırır. İnsanı xarici təsirlər qarşısında yalnız qoyur. “Mübarizəsiz” təslim edir.
Amma, varlığını itirmə təhlükəsi yarandıqda, nadanın belə iradəsi əqllə “barışır”.
Onu “dinləməyə” məcbur qalır. Belə insan “gözlərini qapayan nadanlıq sarğısını
açmalı olur”. J.Delez də, Spinozanın “conatus”unun təkcə etik prinsip olması ilə
razılaşmayaraq qeyd edirdi ki, dərrakəli insan qədər səfeh də, öz varlığını eyni
dərəcədə qorumağa çalışır (7, s.261). Beləliklə, Spinozada təbii izah üsullarına
(insanın öz varlığından çıxış edərək) əsaslanan “conatus” problemində əql ölçüdür,
qəlibdir. İnsanın “həyat yolunda” bələdçisidir. İradə belə ona tabe olmağa məhkum-
dur. Məhz bu cəhətdən təfəkkür varlığı qoruma prosesində daima bu və ya digər
dərəcədə iştirak edir (qalib gəlir və ya məğlub olur). İradənin seçimləri əlqə tabe
olmasa, insan öz nizamını itirər. Әqli rəhbər tutan insan isə, zamanda sonlu mövcud-
luğu ərzində insanlara zərər verməz. Bu qısa həyatı-zaman kəsiyini səmərəli keçirər.
Әksinə, həmin sonlu yolda əqli “dusdaq edərək” hisslər və ehtiraslarla idarə olunan
insan, insanların və insaniyyətin “canavarına çevrilər” (homo homini lupus est).
Xilas və məhv yanaşıdır. Qurtuluş yardım diləyənin daxili istəyinə və seçiminə
bağlıdır. Әql isə, bu prosesdə xilas amildir. Göründüyü kimi, Spinozanın “conatus”
prinsipi bir qədər fərdi xarakterə malikdir (bu fərdilik Spinozanın vəhdət prinsipi
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
179
daxilindəki fərdilikdir). Çünki, təfəkkür həm də, mövcudluğun qorunma prosesini
fərdiləşdirən amildir. Amma, bir şeyi də qeyd etmək lazımdır ki, Spinoza “conatus”u
fərdi mübarizə kimi təqdim edərək, onu fərdin inkişaf və mövcudluq yolu kimi
ontoloji varlıq problemindən, əxlaqi bir kateqoriya səviyyəsinə qaldırırdı. Həm də,
ontoloji (modusun təbiətdə mövcudluğu, onun mübarizəsi) və qnoseoloji (hisslər və
ya təfəkkürü dinləmə, ideyanı qoruma) izahlarla, fərdin (eləcə də digər modusların)
ən ləyaqətli işi və ən ali məziyyəti kimi təqdim edirdi. Deməli, “conatus” bütün
modusların ən ali vəzifəsidir. “Mövcudluğu qorunmaq fərdiliyi” isə, mahiyyətcə
moduslar üçün ümumidir. Yəni, varlığı qoruma vasitələri fərqli olsa da, “qorunan”
hamında eynidir. Spinozada bu cəhəti nəzərə alan bəzi tədqiqatçılar da, bu
probleminin ifrat dərəcədə şəxsi düşüncə və fərdi mənsubluğuna diqqət yetirirlər.
Məsələn, M.Le Buffe hesab edir ki, Spinozada “conatus” psixoloji eqoizmdir (14,
s.106). D.Qarret də, “conatus”u psixoloji eqoizm kimi dəyərləndirir (10, s.6).
S.B.Smit isə əksinə qeyd edir ki, Spinozanın “conatus” doktrinası çox vaxt psixoloji
eqoizm kimi nəzərdən keçirilsə də, bu doktrina psixoloji yox, fəaliyyəti ifadə edən
fiziki nəzəriyyə kimi təqdim olunmalıdır. “Conatus” insanın davranışı yox
fəaliyyətidir (21, s.98-99). Başqa sözlə, “conatus” fərdin psixoloji olaraq fərdiləş-
məsi, təcrid olunması yox, fiziki proseslərə qarşı psixoloji qüvvəsini, öz fiziki
qüvvəsi ilə əlaqələndirməsidir.
Qeyd etdiyimiz kimi, Spinozanın sistemində hissləri rəhbər tutan fərd passivdir.
Həqiqətdən uzaqdır. Әqli rəhbər tutan insan isə, əksinə, aktivdir. Belə insan fərd
kimi “ləyaqətin zəmanətidir”. Affektlər ilə idarə olunan insanlar cərgəsindən kənar-
dadır. Sonlu həyatını sonsuz “ilahi” və təbiət qanunlarının nizamına tabe edərək
mövcuddur. “İlahi” və təbii keyfiyyətləri özündə birləşdirərək aləmin və insaniy-
yətin “göz bəbəyidir”. Bu mənada, Spinoza hesab edirdi ki, insan üçün insandan
faydalı digər bir canlı yoxdur (20, s.337-338). Başqa sözlə, əql və ləyaqətlə idarə
olunan insan insanların Tanrısıdır (homo homini Deus est). Belə insan özünü
düşündüyü kimi, başqalarını da düşünür. Әqlinin gücü, ləyaqəti və müdrikliyi ilə
idarə olunduğu üçün, öz qüvvəsi və köməyini heç kimdən əsirgəmir. Spinozaya
görə, belə insan “ölməzdir”. Әməlləri ilə “əbədi olaraq yaşayandır”. Bu cəhətdən,
A.Damasio doğru olaraq qeyd edir ki, Spinoza fərdləri həyat haqqında düşünməyə
çağırırdı (6, s.275). Bəs bu qədər fərdilik, Spinozanın inandığı vahid nizam və
ümumi qanunlara zidd deyilmi?
Spinoza “Etika”da yazırdı ki, ruh ancaq öz fəaliyyət imkanlarını artıran şeyləri
xəyal etməyə çalışır (20, s.306). Başqa sözlə, ruh-təfəkkür, cisim-bədən ilə birgə,
Zaur Firidun oğlu Rəşidov
180
sonsuz təbiətdə mütləq qanunlar ilə fəaliyyətdədir. Eyni zamanda da, təfəkkür
düşündüyü və xəyalında canlandırdığı hər bir şeyi gerçəklikdən hasil edir ki, bu da
qaçılmaz olaraq ümumi nizamdan törəməlidir. Ruhun “xəyal etdiyi” kənardan yox,
elə təbiətdən hasil olmalıdır. Deməli, fərdi ruh-təfəkkür ümumi nizama əməl edərək,
onun daxilində “fərdiləşərək”, gerçəkliyin bir anını, konkret zamanda özü üçün
“fərdiləşdirir”. Bu fərdilik isə, ümumi nizamın-sonsuz təbiətin daxilində baş
verdiyindən, onun “içərisində itir”. “Әriyir”. Sonluların fərdi fəaliyyətləri (həm
maddi, həm də mənəvi) sonsuz təbiətin ümumi qanunlarında “həll olur”. Bu
cəhətdən də, Spinoza hesab edirdi ki, varlığı qoruma cəhdi müəyyən olunmuş
zamana yox, qeyri-müəyyən vaxta aiddir (20, s.283). Başqa sözlə, əvvəldə də qeyd
etdiyimiz kimi, varlığı qorumaq fərdin öz qüvvəsindən və ümumi olan qanunların
təsir dərəcəsindən aslı olaraq, fərqli formada baş verən-“fərdiləşən” prosesdir.
Deməli, moduslardakı qabiliyyət və istedadların fərqliliyi, həyat mübarizəsinin
konkret zamana bağlı olaraq mütləq gerçəkləşməsini anlamsız edir. “İstedadlara”
görə dəyişən, “fərdiləşən” mübarizə sonluların keyfiyyəti kimi şərtiləşir. Bu fərdilik
ümuminin daxilində sonlu kimi törəyir və itir. Ümumi nizama heç bir təsir
göstərmir. Bu cəhətdən də, Spinozadakı fərdilik əbədi prosesdə baş verən və bu
əbədi prosesə zəruri olaraq tabe olan sonlu fəaliyyətdir. Ümumi vəhdətin
daxilindədir. Bu məqamı nəzərə alan L.Lermond da qeyd edirdi ki, Spinozada
“conatus” sürəkli insanın mahiyyətidir (15, s.4). Deməli, fərdiliyin qaynağı,
mahiyyətlərində eyni həqiqət olan modusların fərqli kamiliyyə sahib olmaları və
həyat mübarizəsində fərli şəkildə iştirak etmələrindədir. Bu cəhətdən də, “conatus”
fərqli və fərdi formalarda təzahür etsə də, eyni mahiyyət və həqiqətlə bağlı olduğu
üçün ümumi prinsipdir. Deməli, bədən ilə vəhdətdə olan təfəkkür bu ümumiliyi
fərdiləşdirən yox, fərdiliyi tənzimləyəndir. A.Qarret də hesab edir ki, Spinozada
“conatus” psixi və fiziki mübarizədir. Mənəvinin maddiyə birləşməsi deyil (9, s.28).
Başqa sözlə, “conatus” müstəqil atributların müstəqil modusları olan əqlin bədənə
və ya bədənin əqlə diqtəsi yox, onların qarşılıqlı təsirindən doğan vəhdətdir.
6
Maddi
və mənəvinin birgə səyidir. E.Kerli də hesab edir ki, Spinozada maddi olanın
conatusu materiyada hərəkət, təfəkkürün conatusu isə düşünəndəki intellektdir (4,
s.58). M.X.Benardeteyə görə də, Spinozada bədənin fəaliyyət gücü ilə təfəkkürün
6
Spinozanın sistenində psixo-fizioloji paralellik qanunu hökm sürür. Yəni, maddi və mənəvi
hər ikisi eyni vahidə-substansiyaya daxil olsalar da, tam olaraq müstəqil atributlardır. Birinin
digərinə təsiri və ya digərindən üstünlüyü mümkünsüzdür. Bu qanun moduslara da aiddir.
Spinozanın fəlsəfi sistemində “conatus” problemi
181
düşünmə gücü birgə mövcudluğu qoruma qüvvəsidir-“conatus”dur (1, s.212).
Deməli, maddi və mənəvi bir-birinə təsir etməsə də, əlaqəli və vəhdətdədir. Bu
cəhətdən, Spinoza hesab edirdi ki, sevinc və xöşbəxtlik ruhun keçici və sonlu passiv
vəziyyətləri-affektləri olsalar da, onun maddi mövcudluğunda-aktual varlığında
(insanda) müsbət şəkildə əks olunurlar. İnsanın həyatdan bərk tutmaq və yaşamaq
istəyini artırırlar. Deməli, xoş, müsbət və pozitiv emosiyalar “conatus”u aktivləş-
dirir. İnsana yaşama stimulu, varlığını qoruma impulsu verir. Әksinə, kədər və
bədbəxlik hissi insanın bu yaşam qüvvəsini azaldır və zəiflədir. Belə passiv emosi-
yalar maddi və mənəvinin əlaqəsini də zəiflədərək məhv edir. Ona görə də, Spinoza
hesab edirdi ki, bədənin fəaliyyətinə mənfi təsr edən hər bir şey, ruha da mənfi təsir
etmiş olur (20, s.284). Bu proses qaçılmaz olaraq hər bir modusda-insanda eyni
nəticələri (mənfi və ya müsbət) doğurur. İnsan bu təbiiliyə tabe olub və ya ona
“üsyan etməsindən” aslı olmadan təbiət yenə də öz axarı ilə davam edir. Deməli, bu
sonlu keyfiyyətlər təbiətdə yox insandadırlar. İnsan isə, bu fərdi keyfiyyətləri ilə
ümumidə-təbiətdədir. Spinozaya görə, bunu dərk edən insan “arifdir”. Sonlu həyatda
müdrik və ləyaqətli olan kamil insandır. Әksinə, öz mənəviyyatı və əxlaqına “qiyam
qaldıran” insan isə kölədir. Öz insani xüsusiyyəti olan fərdiliyini, ehtiras və
istəklərini, bir sözlə sonluluğunu, təbiətdəki ümumi vahidlikdən, nizamdan-
əbədilikdən ayıra bilməyəndir. Məhz bu cəhətdən, D.Şteynberq doğru olaraq qeyd
edir ki, Spinozanın əxlaq təlimi sonadək naturalistikdir (22, s.79).
Beləliklə, Spinozada “conatus” problemi “yaradılanların”-modusların fiziki
proseslər səviyyəsindən başlayan, kamillik-mövcudluq qazanaraq inkişaf edən və öz
fəaliyyətləri nəticəsində “qazandıqlarını” itirməmək üçün həyat mübarizəsidir. Bu
prosesin gedişində modusun-insanın əsas amalı “təfəkkür yolu tutub hisslər səddini”
aşması və əxlaqi prinsiplərə qədər irəliləməsidir. Maddi mövcudluq kimi insan
varlığını qoruma cəhdi göstərir. Təfəkkür bu prosesi nizamlamaq üçün “fərdiləş-
dirir”, düzgün məcraya yönəldir. Әxlaq isə, sonda fərdi olanları vahidin “biçimləri”
və “ölçüləri” əsasında “ümumiləşdirir”. Bu ümumiliyi bütün sonlulara “tövsiyyə
edir”. Әn kamil keyfiyyət kimi “alqışlayır”. Fərdin öz səyilə-təfəkkürlə qazandığı bu
xassələri vahid Tanrının nizamı kimi təqdim edir. Mövcudluq, təfəkkür və əxlaq
ümumi bir mənzərə yaradaraq vəhdətdə qovuşur. Həyata bir qanun, orada baş verən
hər bir şeyə isə, təbii qanunauyğunluqlar kimi baxan Spinoza, bu problemi
sonluların sonsuz keyfiyyəti kimi təqdim edirdi. Әbədinin daxilində baş verən
sürəkli proses kimi dəyərləndirirdi. Bu əbədiliyin şərtləri isə, sonluların düzgün və
qanunauyğun fəaliyyətləri ilə təmin olunurdu. Sonlular öz mövcudluqları ilə əbədiyə
Zaur Firidun oğlu Rəşidov
182
möhtac olduqları üçün onu “tələb edirlər”. Әbədi də, bu “çağırışa” fəaliyyət və əql
ilə “cavab verir”. Bu prosesin “tələbə uyğun” düzgün təşkili həyatdır. Onun əksi isə,
ölümdür. Modus “həyat tərbiyəsindədir”. “Tərbiyyəçi” isə, qanunları ilə birgə həya-
tın özüdür.
Dostları ilə paylaş: |