Manna dövlətinin meydana gəlməsi.
E.ə. IX əsrin ikinci yarısından Urmiyaboyu rayonda Manna dövləti mühüm amilə çevrilmişdi, cənubi Azərbaycan ərazisində ilk iri dövlət hesab edilir.Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, hurri və digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.Manna ərazisində yaşayanlar hələ ən qədim zamanlarda Mesopotamiya vilayətləri ilə mədəni-iqtisadi və siyasi münasibətlərə girmişdilər. Manna e.ə. IX əsrin sonunadək Zamua vilayətinin digər “ölkələrindən” az fərqlənirdi.Mannanın adı mixi yazıda ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın kitabəsində (“Munna” formasında) çəkilmişdir.Aşşur məlumatlarına görə, Manna çarlığı qədimdə Lullubum adlanmış böyük Zamua vilayətinin bir hissəsi olan Daxili Zamuanın ərazisində meydana gəlmişdi. Güman ki, Zamua etnik termindir – iri lullubi tayfalarından birinin adıdır.Bir tərəfdən möhkəmlənmiş Aşşur dövlətinin, digər tərəfdən də Urartu dövlətinin törətdiyi təhlükə bu vilayətlərdə Manna tayfalarının siyasi cəhətdən birləşməsinə güclü təkan verdi.III Salmanasarın yürüşü təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada torpaqları tuta-tuta Munna ölkəsinə çatmışdı. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından danışılmır. E.ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salmanasar artıq qocalmışdı və Aşşur qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi.E.ə. IX əsrin sonu – VIII əsrin birinci yarısında Urartu çarları Menuanın, I Argiştinin, II Sardurinin zamanında urartulular Mannanın ən təhlükəli düşmənlərinə çevrilirlər.I Argiştinin hakimiyyəti dövründə urartulular Mannaya daha tez-tez yürüşlər edirdilər. Urartulular buraya e.ə. 784, 781-774- cü illərdə soxulmuşdular. Lakin Manna arabir əks- hücuma keçirdi. E.ə.VIII əsrin 70-ci illərinin ortalarında artıq belə bir əks-hücum olmuşdu. Görünür, Manna Urartunun hakimiyyəti altından çıxmışdı, hərçənd I Argişti (e.ə. 773, 772, 771, 769, 768-ci illərdə) və II Sarduri (e.ə.VIII əsrin 50-ci illərinin əvvəlində) buraya viranedici yürüşlər etmişdilər. E.ə. VIII əsrin 60-cı illərin ortalarında I Argişti Buştunu, Urmiyadan cənub-şərqdə bir sıra rayonları işğal edir, Mannanın möhkəmləndirilmiş “çar şəhəri” Şimerixadirini işğal edir, orada çoxlu kişi və qadın tutub aparır.E.ə. I minilliyin başlanğıcında Cənubi Azərbaycan əhalisi əkinçilik, maldarlıq və müxtəlif sənətlərlə məşğul olurdu. Müxtəlif vilayətlərdə təsərrüfatçılığın ayrı-ayrı sahələri üstünlük təşkil edirdi. Əsasən dulus çarxında hazırlanan bir çox keramika məmulatı sənətkarların böyük məharətindən xəbər verir; regionun müxtəlif yerlərdə dulus sobaları aşkarlanmışdır. Zəngin xammal ehtiyatları, böyük kənd təsərrüfatı potensialı, inkişaf etmiş sənətkarlıq, incəsənət və bir çox başqa nailiyyətlər region vilayətlərinin yalnız bir-biri ilə deyil, həm də uzaq ölkələrlə ticarətinin inkişafına kömək edirdi.
Dostları ilə paylaş: |