. E.ə. II minilliyin sonu – I minilliyin əvvəlində Cənubi Azərbaycanda və qonşu vilayətlərdə yaşamış tayfaların tarixi haqqında mixi yazılara əsaslanan məlumatlar arxeoloji material sayəsində zənginləşmişdir. Bu, ilk dəmir dövrü, yaxud son boz keramika dövrüdür. O vaxtın əsas abidələri Həsənli IV, Dingətəpə II, Göytəpə, Naxçıvan abidələridir.Bu zaman dəmir istehsalatda böyük yer tutur.İçqalaları və mürəkkəb daxili tikililər sistemi olan yaxşı möhkəmləndirilmiş yaşayış məntəqələri aşkarlanmışdır. Həsənlitəpədə tapılmış, e.ə. 1000-800-cü illərə aid olan şəhərqala məhz belə məntəqələrdən idi. Bu şəhər-qalalar mixi yazılarda adı çəkilən “ölkələrin” mərkəzləri imiş. Çoxlu qədim qəbiristan aşkara çıxarılmışdır.Aşşurlular Urmiyaboyu bəzi vilayətlərinin hökmdarlarını bel alanu-dan (“məskən hakimləri”ndən) fərqli olaraq sarrani, yəni “çarlar” adlandırırlar. Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu ,kassit dilində”çar”deməkdir.’E.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində aşşurlularla mübarizə aparan bir neçə “çarlıq” var idi, burada ayrı-ayrı “çarlıq”ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər.Aşşur dövləti e.ə. IX-VIII əsrlərdən etibarən şimala və şimal-şərqə xüsusilə tez-tez yürüşlər edir, bu torpaqları tutmaq və onların sakinlərini əsarət altına almaq üçün cəhdlər göstərirlər. II Adadnerarinin (e.ə. 911-890-cı illər) və II Tukulti- Ninurtanın (e.ə. 890-884-cü illər) ardınca II Aşşurnasirapal (e.ə. 883-859-cu illər) Urmiyaboyu vilayətlərə yürüş edir. II Aşşurnasirapal ilk Aşşur çarı idi ki, öz sələflərindən xeyli uzaqlara – Urmiyaboyu rayonun içərilərinə gedib çatmışdı. E.ə. IX əsrin 80-ci illərindən aşşurlular bu vilayətlərə müntəzəm olaraq qarətçilik basqınları və uzunmüddətli yürüşlər etməyə başlayırlar.881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babite aşırımında (indiki Dərbənd-i Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilmədilər və II Aşşurnasirapal Daqara “ölkəsinin” qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Aşşurlular Zamua vilayətindən bac olaraq qaramal, davar, at, arpa, şərab, mis və misdən hazırlanmış məmulat, gümüş və qızıl tələb etməklə kifayətlənməyib, ertəsi il (e.ə. 880-ci ildə) Zamua üzərinə yenidən yürüş edirlər. Bu zaman Zamuanın başında artıq çar Ameka dururdu. Basqın nəticəsində yalnız Amekanın çarlığı deyil, başqalarının vilayətləri də darmadağın edildi. Məğlubiyyətə uğradığına və paytaxtı “çar şəhəri” Zamrinin işğal edildiyinə baxmayaraq, Ameka istilaçılara inadlı müqavimət göstərirdi. O, paytaxtı tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirdi. Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti var idi. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında III Salmanasarın kitabələrində çəkilir. Aşşur dövləti Allabrianı sonralar özünə tabe etmişdi.dirərək ölkəni viran qoydusa da, çarın özünü ələ keçirə bilmədi. Qaynaqlarda Allabria ilə Karalla ölkəsi yan-yana qoyulur. Aşşur çarı IISarqonun zamanında Karalla ölkəsi Aşşur əleyhinə koalisiyada xüsusi fəallıq göstərmişdi. II Sarqon itaətsizlik üstündə Karalla çarı Aşşurlenin dərisini diri-diri soydurmuş, torpaqlarını isə Aşşur ərazisinə qatmışdı.Aşşur və Urartu qaynaqlarında Parsua ölkəsinin də adına rast gəlinir. Aşşur mətnlərində adı çəkilən Parsua tam üst-üstə düşməyən üç vahidə - e.ə. IX əsr Parsua ölkəsi, e.ə. VIII əsrin ortalarınadək mövcud olmuş Parsua “çarlığı” və Aşşurun Parsua əyaləti – uyğun gəlib əsas özək kimi eyni bir ərazini tuturdu. Vilayət Mannadan cənubda və cənub-qərbdə yerləşirmiş.Parsuanın adı ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın salnamələrində çəkilir. 834-cü ildə bu çarın kitabələrində Parsua ölkəsinin 27 “çarından” bac alınmasından bəhs olunur. E.ə.VIII əsrin ortalarına yaxın Parsua bəzi qonşu rayonları işğal etmiş hökmdar Tunakinin vahid mülkü idi. Lakin bu çarlıq tezliklə III Tiqlatpalasar tərəfindən darmadağın edilmiş və Aşşurun əyalətinə çevrilmişdi.Ön Asiyanın qədim tarixində sonralar çox böyük rol oynayacaq Amaday vilayətinin adı ilk dəfə e.ə. 834-cü ildə çəkilir. Amaday vilayəti Qızılüzən çayının vadisində yerləşib, cənuba və şərqə tərəf uzanırdı.Amaday (Maday) tayfa ittifaqı Mada xalqının əsası, ölkə isə gələcək Mada çarlığının özəyi oldu. E.ə. IX əsrin 20-ci illərində aşşurlular Maday tayfa ittifaqının ərazisinə yenidən soxuldular, “paytaxtı” Saqbitu olan “çar” Xanaziruka ilə toqquşdular.