Orta tunc dövrü. Tayfa ittifaqları və dövlət qurumları.
E.ə. III minilliyin son rübündə Kür-Araz mədəniyyətinin süqutu ilə əlaqədar Azərbaycanın və ona həmsərhəd olan ölkələrin tarixində yeni mərhələ başlandı.Maldarlıq təsərrüfatı şəraitində yaşayan tayfalar çevik həyat tərzi sürürdülər, qohumlarından - əkinçi, maldar tayfalardan ayrılırdılar. Əkinçilik təsərrüfatına nisbətən maldarlıq daha çox izafi məhsul verirdi. Artan izafi məhsul ayrı-ayrı şəxslərdə və ailələrdə cəmləşir, ibtidai icma mühitində nəsli zadəganların meydana gəlməsinə şərait yaradırdı. Bu dövrdə maldarlıq və əkinçiliklə yanaşı, müharibələr də əhalinin əsas məşğuliyyətinə çevrilir. Şumer-Akkad mənbələri müharibələr haqqında ilkin məlumatlar verir.Azərbaycanda və ona bitişik ərazilərdə yaşamış tayfalar haqqında ilkin yazılı mənbələr e.ə. XXIII əsrə aiddir. Onlar əsasən kutilər, lullubilər, hurrilər haqqında məlumat verir. E.ə. III minilliyin ikinci yarısında Azərbaycanda ilk böyük tayfa ittifaqları meydana gəldi. Orta tunc dövrü abidələri Naxçıvanda, Kür və Araz vadilərində, Urmiya hövzəsində, Qarabağ düzənliyində, Muğanda, Qobustanda, Abşeronda və başqa bölgələrdə məlumdur.Naxçıvanın I və II Kültəpə yerlərində orta tunc dövrü təbəqələri ilk tunc dövrü Kür-Araz mədəniyyəti mədəni təbəqəsi üzərində yerləşir. Evlər düzplanlıdır. Bu dövrün ən yaxşı öyrənilmiş yaşayış yerlərindən olan Üzərliktəpə Ağdam şəhərinin kənarında yerləşir, 3 ha sahəni tutur. Orta Tunc dövrünə aid Şəki rayonunda bir qrup kurqan qəbirləri öyrənilmişdir.Urmiya gölü sahilində Göytəpədə və Naxçıvan ərazisində Qızılvəngdə də orta tunc dövründə daş qutularda dəfnetmə adətinə rast gəlinmişdir.Əkinçilik və maldarlıq orta tunc dövrü təsərrüfatının əsasını təşkil edir.Orta tunc dövründə rast gəlinən asimmetrik tunc baltalar Qafqazda çox azdır. Onlara Talış-Muğan zonasında nisbətən çox rast gəlinir. Belə baltalardan ibarət bir dəfinə Astara rayonunda Lovain kəndindən təsadüfən tapılmışdır.Orta tunc və əvvəlki dövr dulus məmulatı bir-birindən fərqlənir. Bu dövrün qablarında Kür-Araz mədəniyyəti dulus məmulatı üçün səciyyəvi olan naxış və yarımkürə qulplara təsadüf olunmur. Bu dövrdə də axirət dünyası ilə əlaqədar dini görüşlər əhalinin ideologiyasında müəyyən yer tuturdu. Bəzən ölüyandırma adəti tətbiq olunurduQəbirlərdə əmək alətinə, müxtəlif silahlara, bəzək əşyalarına tez-tez rast gəlinir. Görünür, axirət dünyasında həyatın davam etməsi barədə təsəvvürlər insanların şüurunda kök salmışdı.
Dostları ilə paylaş: |