§ 1.2. «Kandavlizm» termininin etimoloji-tarixi təhlili
«İnsan nə öz keçmişini təkrarlaya, nə də ondan xilas ola bilməyən,
ancaq tarixi yaradan bir məxluqdur».
Böyük Britaniyada doğulmuş, İkinci dünya
müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının
vətəndaşı olmuş ingilis-amerikan şairi
Uisten Hyu Oden (Wystan Hugh Auden; 1907–1973)
* * *
«Tarixin verdiyi ən birinci və vacib dərs onun səhvlərindən
insanların ibrət götürməmələridir»
10
İngilis yazıçısı və filosofu Oldos Leonard Haksli
(Aldous Leonard Huxley; 1894–1963)
«Kandavlizm» termini «kandavl» sözünün axırına qeyri-normallıq hallını
bildirən «izm» şəkilçisinin artırılmasından əmələ gəlmişdir.
Kandavlizm haqqında tarixi məlumat verilərkən məsələyə iki aspektdən
yanaşılması daha doğru olardı: 1) şah Kandavla, onun qəribəliyinə, həmçinin arvadının
taleyinə dair toplanan tarixi məlumatların diqqətlə tutuşdurulması və müxtəlif dövrlərdə
kandavlizmə bəslənən münasibətin dərindən araşdırılması; 2) kandavlizmə mübtəla olmuş
şəxsiyyətlər haqqında əldə edilən tarixi məlumatların dəqiqləşdirilməsi və təhlil edilərək
tibb elmi üçün faydalı ola biləcək nəticələrə gəlinməsində onlardan istifadə olunması.
Kandavl çılpaq arvadını başqa kişiyə göstərməkdən həzz alma kimi meyl
pozğunluğuna mübtəla olmuş bir şahın adıdır. Onun taleyi haqqında ayrıca geniş tarixi
məlumat veriləcəkdir. Hələlik onu qeyd etmək lazım gəlir ki, keçmiş şahın adından
götürülən «kandavlizm» termini indiyədək saxlanılmışdır.
Yeri gəlmişkən «kandaulezizm», «kandavlizm», həmçinin eyni kökə malik
digər məfhumların eponimik terminlər olmasına baxmayaraq onlardan geniş istifadə
edilməsi haqqında bir neçə kəlmə demək lazım gəlir. Son illər nəşr edilən ədəbiyyatlarda
eponimik terminlərdən imkan daxilində kənar olma tendensiyası açıq-aşkar sezilir. Əlbəttə,
bunun bir çox səbəbləri vardır, lakin ayrıca bir tədqiqatın mövzusu olduğundan burada
onun üzərində geniş dayanmağa macal və lüzum yoxdur. Yeganə olaraq onu deyə bilərik
ki, kökü «kandavl» sözündən ibarət olan istilahlar, xüsusən «kandavlizm» termini
eponimik təbiətli olsa da, lakin pozuntuya həddən ziyadə uyğun gəldiyindən kifayət qədər
ədalətli hesab edilir, nisbətən qısa olduğundan yazılı və şifahi nitqdə çətinlik törətmir və
rahatlıqla işlənir. Bu mənada bir eponimik termin olaraq «kandavlizm» istilahından istifadə
edilməsi məqsədəuyğundur.
«Kandavl» sözü qədim mənbələrdə latın əlifbasının hərflərilə «Candaules» kimi
yazıldığından müxtəlif dillərdə bir-birindən fərqli şəkillərdə ifadə edilmişdir. Beləcə
«Kandaul», «Kandaules», «Kandaulez», «Kandavl», «Kandavles», «Kandavlez» kimi
adlar işlənmişdir. Latın dili qaydalarına görə, bunların içərisində ən doğru olanı «Kandavl»
hesab edilir. Latın dili həkimlərin istifadə etdiyi dil olduğundan tibb mütəxəssisləri
«Kandavl» sözünün üzərində dayanırlar.
Şahın adına uyğun olaraq təklif edilən eponimik terminlər arasında da oxşar
mənzərə hökm sürür. Belə ki, «kandaulizm» («candaulismus»), «kandaulesizm»
(«candaulesismus»),
«kandaulezizm»
(«candaulesismus»),
«kandavlizm»
(«candaulismus»),
«kandavlesizm»
(«candaulesismus»),
«kandavlezizm»
(«candaulesismus») kimi eponimik terminlərlə rastlaşmaq mümkündür.
Beləliklə, «kandavlizm» termininin müxtəlif mənbələrdə bir-birindən fərqli
şəkillərdə yazılmasının səbəbi cinsi pozğunluğa mübtəla olan ilk kişi kimi tarixə düşmüş
hökmdarın adının müxtəlif cür yazılmasıdır.
Qeyd edək ki, ingilis dilində olan mənbələrdə «kandaulizm» («kandavlizm»),
rus dilində olan mənbələrdə isə «kandaulezizm» («kandaulesizm») kimi yazılışla daha çox
11
rastlaşmaq olur. Mötəbər mənbələrin müəllifləri məhz «kandavlizm» və «kandaulezizm»
kimi istilahların üzərində dayanırlar.
Lidiya çarı Kandavl həm də Mirsilos (Myrsilos) kimi tanındığından belə bir
pozğunluğu başqa sözlə «mirsilizm» («myrsilismus») də adlandırmaq olar.
Bildiyimiz kimi, «kişilərin kiçik zəifliyi» kimi nəzərdən keçirilən hal həqiqətdə
bəşəriyyətə çoxdan məlumdur. Hələ uzaq zamanlardan insanlar kişilərin bu qəribə meyli
ilə tanış olmuşlar. Kandavlizm hadisəsi ilk dəfə bizim eradan əvvəl VII əsrdə Lidiyada
8
qeyd edilmişdir. Ölkəyə başçılıq edən Kandavl (Candaules) belə pozğunluqdan əziyyət
çəkmişdir. Şübhəsiz ki, Kandavla qədər də kişilər arasında belə pozuntu olmuşdur. Sadəcə
olaraq pozuntuya mübtəla olma ilk dəfə məhz Kandavlın simasında tarixin yaddaşında
saxlanılmışdır.
Əldə edilən məlumatlara görə, şah Kandavl qəribə meyli ucbatından, elə bunun
üstündə həyatını itirmişdir. Belə ki, Kandavl arvadını çılpaq halda özünün çox etibar etdiyi
dostuna göstərmişdir. Sonra həmin dostu şahı öldürərək taxt-taca yiyələnmişdir.
Antik dövrdə Lidiya şahı Kandavlın öz arvadının gözəlliyini nə vaxtsa sadə bir
balıqçı olmuş şəxsi cangüdəni Giglə bölüşməyə xəstəlik dərəcəsində meylə mübtəla olması
haqqında mif çox müzakirə olunur.
Lakin müxtəlif mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlinir, bəzən
bunlar bir-birini tamamlayır, digər hallarda onların arasında ziddiyyət aşkar olunur.
Araşdırılmasına daha çox ehtiyac duyulan suallardan aşağıdakıları qeyd edə bilərik: 1)
şahın özünün və arvadının adı; 2) şahın dostunun adı və tutduğu vəzifə; 3) şahın çılpaq
halda olan arvadını öz dostuna göstərməsi şəraiti; 4) şahın öz dostu tərəfindən öldürülməsi
və onun səbəbi; 5) şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi.
Əlbəttə, qeyd edilən məsələlər barəsində dəqiq və ətraflı tarixi məlumat
verilməsi kandavlizmin mahiyyətinin və onun acınacaqlı nəticələrinin düzgün başa
düşülməsi üçün olduqca zəruridir.
Əvvəlcə şahın özünün və arvadının adı haqqında danışaq. Tarixi mənbələrin
böyük əksəriyyətində şahın adının Kandavl olduğu bildirilir. Bir qədər əvvəl qeyd
etdiyimiz kimi, şahın adı müxtəlif dillərdə və ayrı-ayrı mənbələrdə Kandaul, Kandaules,
Kandaulez, Kandavl, Kandavles, Kandavlez kimi yazılmışdır.
Mənbələrin böyük bir qismində əfsanəvi Lidiya şahının Kandavl olduğu
göstərilir [22].
Bundan başqa, Kandavl özü Mirsin oğlu olmuşdur. Məhz buna görə Lidiya çarı
Kandavl bir çox mənbələrdə Mirsilin oğlu kimi tanıdılmış, Mirsilos (Myrsilos)
adlandırılmışdır. «Mirsilizm» termini məhz buradan irəli gəlmişdir.
Bəzi mənbələrdə həmçinin başqa adlara rast gəlinmişdir
9
.
Mənbələrdə Kandavlın yüngülxasiyyət, dəmdəməki bir adam olduğu
göstərilmiş, onun ar-namus bilmədiyi xüsusi olaraq vurğulanmışdır. Hələ 1894-cü ildə M.
Korş «Mifologiya və qədim abidələrin qısa lüğəti»ndə Kandavlı (Candaules) dostu Gigesə
öz arvadının gözəllik və məlahətliliyini görməsinə imkan verən, bunun müqabilində həyatı
bahasına altını çəkən arsız yelbeyin bir Lidiya çarı kimi səciyyələndirmişdir [35].
Ancaq Kandavlın dünyagörüşünün geniş olduğu heç kimdə şübhə
oyatmamışdır. Hətta mənbələrin bir çoxunda şah Kandavl bir estet, incəsənəti sevən insan,
12
qeyri-adi gözəlliyi başqa adamlardan gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir
edilmişdir. Əslində Kandavlın incəsənətə çox meylli olması fikri hələ uzaq zamanlardan
qalan etibarlı mənbələrdə özünə dayaq tapa bilmişdir. Belə ki, Kandavlın incəsənət
əsərlərinə pul xərcləməkdə əliaçıq olduğu təsdiqlənmişdir. Adı zəmanəmizə qədər gəlib
çıxmış ilk yunan rəssamı Bularx (Bularch) ecazkar bir əsər yaratmışdı. Qədim Romanın
erudit yazıçısı Böyük Plini (Plinius Maior)
10
Kandavlın bir xeyli qızıl verərək Bularx
tərəfindən yaradılmış «Maqnetlərin döyüşü» əsərini aldığını xəbər vermişdir. Bularx
tərəfindən ərsəyə gətirilən əsər həqiqətən «maqnetlərin döyüşünü» kolossal fiqurlarda
təqdim edən nəhəng bir mənzərə olmuşdur. Fransız şairi və romantik məktəbin tənqidçisi
Pyer Jül Teofil Qotye (Pierre Jules Theophile Gautier)
11
«Şah Kandavl» (fransızca «Le roi
Candaule») novellasında hökmdarın incəsənət vurğunu olduğunu açıq-aydın təsvir
etmişdir [30].
Şəkil 1. «Bioqrafiyalar məcmuəsi» (latınca «Promptuarii iconum
insigniorum»)
12
əsərində Kandavlın portreti
Şəkil 2. «Bioqrafiyalar məcmuəsi» (latınca «Promptuarii iconum insigniorum»)
əsərində Gigin portreti, 1553-cü il
13
Kandavlın arvadının adı Nissiya (Nyssia) olmuşdur. Bizim eranın II əsrinin
birinci yarısında yaşayıb-yaratmış yunan yazıçısı Hefestion Ptolemey (Ptolemey
Chennus)
13
şah arvadının adının məhz Nissiya olduğunu göstərmişdir. Fransız şairi və
romantik məktəbin tənqidçisi Pyer Jül Teofil Qotye (Pierre Jules Theophile Gautier)
elə
ona isnad etmişdir. Bəzi mənbələrdə gözəl qadının adının Nisa olduğu bildirilmişdir.
Mənbələrdə həmçinin qadının adının Tudo (Tudous), yaxud Klisiya (Clytia) olduğu
göstərilmişdir.
Növbəti mübahisəli məsələ şahın dostunun adı və onun tutduğu vəzifədir.
Mənbələrin xeyli qismində iddia edilir ki, şahın dostunun adı Gig olmuşdur. Gig
Lidiyadakı Mermnadlar sülaləsinin banisidir. Sadəcə olaraq onu ayrı-ayrı dillərdə müxtəlif
mənbələrdə Giges, Qiq, Qiqes kimi yazmışlar. Mənbələrin çoxunda Giges adından tez-tez
istifadə edilir. Lakin latın dilindəki yazılışına uyğun olaraq çox vaxt sadəcə Gig adlanır.
Müəlliflərin böyük əksəriyyətinin gəldiyi qənaətə görə, Gig Lidiya şahı
Kandavlın yaxın dostu və cangüdənlərindən (mühafizəçilərindən) biridir. Ehtimal edilir ki,
Gig şahın yanında cangüdən kimi işləməzdən qabaq sadə bir balıqçı olmuşdur. Gig Kiçik
Asiyada mariandinlər tayfasının hökmdarı olmuş Daskilin oğludur. Şah özünün
cangüdənləri arasında məhz Gigi xüsusi olaraq qiymətləndirmişdir. Qədim yunan tarixçisi
Halikarnaslı Herodot (Herodotus)
14
tərəfindən danışılan rəvayətə görə, Gig Lidiya çarı
Kandavlın istəklisi, onun sevimlisi olmuşdur. Kandavl ən mühüm işlərini Gigə etibar edər,
son dərəcə vacib məsələlərin həllini ona tapşırar, ürək qızdırıb bir çox şeylər barəsində
onunla danışar, hətta öz arvadının gözəlliyini elə ona çox tərifləyərdi. Öz arvadının tərifini
göyə qaldıran Kandavl sevimli dostu Gigə onu paltarsız halda olarkən görmək imkanı
vermişdir.
Qədim yunan filosofu Platon (Plato)
15
özünün məşhur «Dövlət» əsərində
rəvayət edir ki, Gig heç də əyan deyil, Lidiya çarı Kandavlın yanında xidmət edən adi bir
çoban olmuşdur.
Qədim yunan tarixçisi və filosofu Damasklı Nikolayın (Nicolaus Damascenus)
16
şərhinə görə, Gig yüksək mövqe tutan bir hərbçi olmuşdur.
İndi şahın çılpaq halda olan arvadını öz dostuna göstərməsi şəraiti barəsində
məlumat verək.
Tamamilə absurd olan bir mülahizəyə görə, Kandavl dostu Gig tərəfindən
hakimiyyətdən uzaqlaşdırılandan sonra da onunla yaxın münasibətini saxlayırdı. Lidiyanın
yeni şahı tez-tez onun evinə gəlib-gedərdi. Ancaq şahı devirmiş Gig dostunun bəzi
hərəkətlərindən yaman şübhələnmişdi. Axı, Gig hər dəfə onlara gələndə Kandavl bir
bəhanə tapıb çılpaq halda olan arvadını ona göstərər və buna nail olmasından seksual
oyanmaya çatardı. Qeyrətsiz sabiq çar çox vaxt arvadı yatanda dostunu oraya gətirər və
bundan həzz əldə edərdi.
Lakin hadisələrin qeyd edilən şəkildə cərəyan etməsi fikri
tamamilə yanlış olub, heç bir mötəbər tarixi mənbə tərəfindən dəstəklənmir.
Elmi ədəbiyyatların çoxunda Kandavlın arvadını çılpaq halda öz dostu Gigə
göstərdiyi bildirilir, lakin onun hansı şəraitdə nümayiş etdirilməsi haqqında heç bir şey
deyilmir.
14
Belarus psixoloqu Sergey Yuryeviç Qolovin tərtib etdiyi lüğətlərində Lidiya
çarının çılpaq halda olan arvadını öz sevimli dostu Gigə göstərdiyini bildirmişdir [48; 49;
50].
Müəlliflərin bir qismi iddia edir ki, Lidiya çarı Kandaules arvadını yatmazdan
öncə soyunmağa başladığı an deyil, çılpaq halda yatdığı vaxt onu öz dostuna göstərmişdir.
Belə ki, Boris Quryeviç Meşeryakov və Vladimir Petroviç Zinçenkonun redaktorluğu ilə
işıq üzü görən «Böyük psixoloji lüğət»də Lidiya çarının çılpaq halda yatan arvadını öz
dostuna göstərdiyi qeyd edilmişdir [26].
Həmçinin 1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y.
M. Savinanın tərtib etdikləri «Seksologiya və seksopatologiya üzrə lüğət (şərh və
əlavələrlə)» adlı kitabda hind çarı Kandaulesin yatan arvadını öz yaxın dostuna göstərdiyi
qeyd edilmişdir [47]. Burada Kandaulesin hind çarı olması və yatan arvadını göstərməsi
fikri doğru deyildir.
Bütün məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, şah arvadını yatağa
girməzdən qabaq soyunduğu anda onun xəbəri olmadan dostuna göstərmişdir.
Bundan sonra şahın öz dostu tərəfindən öldürülməsi və onun səbəbi sualı ortaya
çıxır. Bu qətl hadisəsinin niyə və necə törədilməsinə dair üç versiya mövcuddur.
Birinci versiya qədim yunan şairi Paroslu Arxilox (Archilochus)
17
, qədim yunan
tarixçisi Halikarnaslı Herodot (Herodotus) və başqaları tərəfindən təsvir edilmiş versiyadır.
Paroslu Arxiloxa isnad edən Halikarnaslı Herodot yazmışdır ki, Lidiyanın
yarıməfsanəvi şahı Kandavl özü Heraklın oğlu olan qədim yunan şairi və musiqiçisi
Alkeyin nəslindəndir. Kandavl Heraklidlər sülaləsinin sonuncu nümayəndəsidir, daha
dəqiq desək, Heraklidlər-Sanzonidlər sülaləsindən çıxmış axırıncı hökmdardır. Xatırladaq
ki, sülalənin nümayəndələri Lidiyanın paytaxtı kimi məşhurlaşan, qədim dünyanın ən
böyük şəhərlərindən biri hesab edilən Sardın tiranı
18
olmuşlar.
Herodotun «Tarix» adlı əsərində təsvir etməsinə görə, Heraklidlər sülaləsindən
Sardın ilk çarı Alkeyin nəticəsi, Belin nəvəsi, Ninin oğlu Aqron olmuşdur. Aqrona qədər
bu ölkəni idarə edən çarların hamısı Atisin oğlu Lidin nəslindən olmuşlar. Əvvəllər
«meon» adlandırılan xalq ondan sonra «lidiyalılar» kimi tanınmışdır. Orakulun
qabaqcadan söyləməsinə görə, Heraklidlər hakimiyyəti onlardan almışlar. Sonuncular
Herakldan və kəniz İardandan törəmiş və 22 insan nəslinin ömür sürdüyü 505 il ərzində
hakimiyyətdə olmuşlar. Onlarda həmişə oğul hakimiyyəti atasından qəbul etmişdir.
Kandavl məhz həmin qanunauyğunluq üzrə taxtda əyləşmişdir.
Kandavl öz arvadına çox vurulur, həmişə onun gözəlliyilə fəxr edir, çox
öyünürdü. Bir sevgili kimi arvadının dünyada ən gözəl olduğunu hesab edir, belə füsunkar
qadına sahib çıxması ilə daim lovğalanır. Kandavl öz arvadının gözəlliyi barəsində dostu
və cangüdəni Gigə çox danışır. Bundan çox keçməmiş Kandavl Gigə bu sözlərlə müraciət
edir: «Gig, mənə elə gəlir ki, arvadımın gözəlliyi haqqında sənə danışdıqlarıma nəsə
inanmaq istəmirsən. Axı, insan qulaqlarına gözlərindən az etibar edir. Bir şeyi gözlərilə
görəndən sonra qulaqlarınla eşitdiklərinin həqiqiliyinə inanırsan. Buna görə arvadımı
çılpaq halda görməyə çalış, əynində paltarı olmayan vaxt ona baxıb zövq al, sənə icazə
verirəm».
15
Heyrətini gizlədə bilməyən, təəccübündən özünü saxlaya bilməyib ucadan
qışqıran Gig belə cavab verir: «Ağa, bu cür düşüncəsiz sözlər axı nəyə lazımdır, sizdən
belə ağılsız sözlər eşitmək mənə çox ağırdır. Çarın arvadına onun xəbəri olmadan çılpaq
halda baxmağa məni təhrik edirsiniz? Məgər bilmirsinizmi ki, qadınlar paltarlarını
əyinlərindən çıxardanda abır-həyalarını da soyunmuş olurlar. Bunun mənası ondan
ibarətdir ki, qadın xitonunu
19
əynindən çıxardanda layiq olduğu hörmətdən də məhrum
olur. Qadına yaraşan, etdiyi əməl və hərəkətlərinə görə ona uyğun gələn hörmət hissi
xitonunu əyninə geydiyi andan başlayır. Artıq insanlar ədəb, əxlaq, ləyaqət qaydalarını
çoxdan öyrəniblər. Belə qaydaları bilməyən, onlardan bixəbər qalan qadın tapmaq
mümkün deyildir. Qaydaları mənimsəmək, onların yerinə yetirilməsi üçün irəli sürülən
tələblərə ciddi surətdə əməl etmək bizim hər birimiz üçün vacibdir. Belə qaydaların birində
deyilir ki, hər hansı insan yalnız özünə aid olana baxa bilər. Bir insan özününkü olmayana
gizlincə baxırsa, başqasına məxsus olana xəlvəti nəzər yetirirsə, bununla ədəbsizlik etmiş
olur. Siz məni düzgün başa düşün, mən sizə ağıl verə, ədəb öyrədə bilmərəm. Sözlərinizə
də ürəkdən inanıram, sizin xanımınızın son dərəcə məlahətli və cazibədar olduğunu yaxşı
bilirəm, onun bütün qadınlardan gözəl olduğuna şübhə etmirəm. Buna əmin olmağım üçün
sizin dedikləriniz kifayət edir, daha ona çılpaq halda baxmağıma ehtiyac yoxdur. Şübhəsiz
ki, mən sizin sözünüzdən çıxmalı deyiləm, ancaq bununla bir vaxtda əxlaq qaydalarının
əleyhinə çıxa bilmərəm, adətlərimizi pozmağı bacarmaram, buna heç haqqım da yoxdur.
Hər hansı artıq hərəkətə yol verməməyim üçün qayda və adətlərin əleyhinə ola biləcək
addımlar atmağı məndən tələb etməməyinizi bir daha artıq dərəcədə xahiş edirəm.
Xanımınıza çılpaq halda baxmağım aramızda olan xətir-hörmətin də üstündən xətt çəkə
bilər. Belə bir şey etsəm, mən sizin üzünüzə dik baxa bilmərəm».
Ancaq Kandavl arvadının həddən ziyadə gözəl olduğunu sübut etmək, onun
füsunkarlığını və məlahətliliyini nümayiş etdirmək, cazibədarlıqda tayı-bərabəri olmadığını
təsdiqləyə bilmək üçün belə bir tələbi ortaya qoyduğunu bildirir, dediyindən dönməyib
inandkarlıqla ona təzyiq edir, hökmdar sözünün qeyd-şərtsiz yerinə yetirilməsinin
vacibliyini onun nəzərinə çatdırır. Bir sözlə desək, Kandavl etibarlı saray xadimi və
cangüdəni Gigi öz arvadına çılpaq halda baxmağa məcbur edir, həyat yoldaşı yatmazdan
əvvəl soyunarkən xəbəri olmadan ona baxmasını əmr edir. Gig artıq qeyri-adi təklifdən
özünü kənara çəkməyi bacarmır, boyun qaçıra bilmədiyini və buyuruğun yerinə yetirilməsi
üçün artıq özünün hazır olduğunu izhar edir.
Kandavl yatmaq vaxtının gəlib çatdığına qərar verən zaman Gigi yataq otağına
aparır. Elə həmin andaca çarın arvadı da gəlir. Gig sakitcə dayanıb çar arvadının yataq
otağına girməsinə və paltarlarını soyunmasına tamaşa edir. Arvad arxası ona tərəf olmaqla
çevrilən zaman Gig hiss edilmədən aradan çıxmağa çalışır. Lakin buna baxmayaraq Gig
yataq otağını tərk edən anda şahın arvadı onu görür, otaqda onu gizlincə izləyən adamın
nabələd deyil, ərinin cangüdəni olduğunu aşkara çıxarır, bundan çox qəzəblənir. Gigi yaxşı
tanıyan, onun özbaşına belə mərifətsizlik etmək iqtidarında olmadığını anlayan xanım
bütün bunların əri tərəfindən düşünüldüyünə, xəyanətkar planın gizlincə hazırlandığına
şübhə etmir. Arvad utanıb sıxılarkən heç də qışqırmır, haray-həşir salmır, əksinə, guya heç
bir şey hiss etməyibmiş kimi hərəkətlərini davam etdirir və yatağa uzanır. Ancaq arvad
qəlbində nalayiq hərəkəti cavabsız qoymayacağına, ərindən qisas alacağına qərar verir.
16
Axı, lidiyalılarda və digər barbar
20
xalqlarda hər hansı bir adamın, hətta kişinin çılpaq, lüt-
üryan görünməsi ən böyük üzüqaralıq və bədnamlıq hesab edilərdi. Belə biabırçılıq və
rüsvayçılıq çox pis qarşılanardı. Çarın arvadı bunu onun qadın şərəfinin təhqir edilməsi
kimi başa düşür, ancaq həmin gecə heç nə olmayıbmış kimi susmağa üstünlük verir,
məsələnin üstündən sükutla keçir. Çox qəzəblənən, ürəyi intiqam hissilə alışıb-yanan arvad
yeni gün başlayan kimi hərəkətə keçir, ən sədaqətli, vəfalı xidmətçilərinə Gigi yanına
çağırmalarını tapşırır, özlərinin isə ayıq-sayıq, hər şeyə hazır olmalarını bildirir.
Gig çağırışa cavab olaraq tez xanımın yanına gəlir, ancaq çar arvadının heç
nədən xəbəri olmadığını zənn etdiyindən, dünən gecə onu görmədiyinə çox inandığından
özünü sakit aparır. Əvvəllər də çarın arvadı Gigi dəfələrlə yanına çağırtdırmışdı. Hər dəfə
xanımın yanına gələn Gig onun tapşırığını adətən hörmət-izzətlə yerinə yetirmişdi.
Gig saraya çatdıqda çar arvadı ona bu sözlərlə müraciət edir: «Gig, mən sənə
həmişə hörmətlə yanaşmışam, sən də mənim bütün tapşırıqlarımı vicdanla yerinə
yetirmisən. Heç vaxt səndən kobud hərəkət, pislik görməmişəm. Ancaq dünən ciddi bir
xətaya yol vermisən. Ədəb qaydalarının kobudcasına pozulmasını heç cür bağışlaya
bilmirəm. Ona görə sənin qarşında iki yol qoyacağam, onlardan birini seçməlisən, hansını
arzulayırsansa, onu da seçərsən. Təklif edəcəyim yollardan biri odur ki, səni belə yaramaz
addım atmağa vadar edən Kandavlı öldürürsən və məni özünə arvad götürərək (mənimlə
evlənərək) lidiyalıların çarı olursan. İkinci yol bundan ibarətdir ki, Kandavlın ən çox
inandığı, eyni zamanda mənim də həmişə etibar etdiyim bir insan olaraq yaramaz hərəkət
etməyinin üstündə, bağışlanmaz bir günah işlətməyinin müqabilində cəza kimi özün elə
indi öldürüləcəksən, sənə heç cür yaraşmayan, səndən heç vaxt gözlənilməyən bir hərəkəti
gözlərimlə gördüyümə görə belə amansız, qəti qərara gəlmişəm. Əslində başqa çıxış yolum
da yoxdur. Mənim haqsız olduğumu fikirləşə bilməzsən. Çünki qarşına qoyulan təkliflərin
hər ikisi ədalətlidir. Səni bu çirkin əmələ təhrik etmiş, yoldan çıxartmış, başını tovlamış
Kandavlın yaşamağa haqqı yoxdur. Arvadını çılpaq halda başqa kişiyə göstərən ərin necə
əxlaqsız və qanacaqsız adam olduğunu təsəvvür etmək heç bir çətinlik törətmir. Eyni
zamanda sən ailənin yaxın bildiyi və daim güvəndiyi bir insan olaraq həvəslənib mənə
çılpaq halda baxmaqla görünməmiş bir ədəbsizlik etmisən. Tamahsılanaraq çarın arvadı
çılpaq olduğu halda ona gizlincə baxmağa cürət etməklə olmazın həyasızlıq etmisən.
Hörmətsizlik etdiyinə və qaba hərəkətə yol verdiyinə görə ölümlə bunun əvəzini
verməlisən. Çar arvadı belə biabırçılığa heç bir vəchlə göz yuma bilməz».
Gig başına belə müsibət gələcəyini, şərə düşəcəyini, ona bədbəxtlik üz
verəcəyini heç vaxt ağlına gətirməzdi. Xanımın sözlərindən sarsılan, çox təsirlənən, özünü
ağır yaralanmış, məğlub olunmuş kimi hiss edən Gig əvvəlcə necə cavab verəcəyini bilmir,
sonra yavaş-yavaş güc toplayaraq çar aqrvadından belə dəhşətli seçimə məcbur
edilməməsini xahiş edir, baş verənlərə soyuqqanlıqla yanaşmasını istəyir, ərinin sadəcə
sahib olduğu qadının gözəlliyilə öyünməsini və bunu əyani olaraq sübut etməyə
çalışmasını başa düşməyə çağırır, qanlı hadisəyə yol verilməməsinə görə ona çox yalvarır,
hər iki yolun son dərəcə qorxunc olduğunu bildirir. Lakin Gig bütün cəhdlərinə
baxmayaraq qəlbi sınmış xanımı heç cür inandıra, onu razı sala bilmir. Artıq gec idi,
yalvarışları nəticəsiz qalmış Gig indi özünü cəlladların əlinə verməklə işıqlı dünya ilə
vidalaşmaq, yaxud neçə illər dostluq etdiyi, xidmətində olduğu, canını qoruduğu ağasını
17
indi öldürməklə ağır bir cinayət etmək ətrafında fikirləşirdi, vaxt itirmədən bunlardan
birinin üstündə dayanmalıydı, seçimini etməliydi. Artıq Gigin saraydan çıxması mümkün
deyildi, bütün yollar kəsilmişdi.
Əlbəttə, yaşama instinkti həmişə üstün mövqe tutur. İnsan öz həyatını qorumaq
üçün başqa birisini məhv etməyə hazır olur. Gig şah arvadının haqlı olduğunu təsdiqləyir,
onun ürəyinin yumşalmadığını görüb şahın öldürülməsini özü üçün nisbətən daha kiçik
yamanlıq hesab edir. Çünki cangüdən özünün ölməsini istəmir, onu bu çirkin addımı
atmağa vadar edən hökmdarı aradan götürməyə qərar verir. Canına qıymaq istəməyən Gig
belə bir sualla çar arvadına müraciət edir: «İradəmin əleyhinə olaraq öz ağamı öldürməyə
məni vadar edirsiniz, özünüz də deyirsiniz ki, bu müdhiş hadisəni törədəndən sonra mənə
ərə gələcəksiniz, deməli, şahı aradan götürmək üçün biz artıq bir yerdə oluruq, onda deyə
bilərsinizmi ki, onun həyatına son qoymağı necə təşkil edəcəyik?»
Çar arvada suala dərhal cavab verir: «Məni çılpaq halda sənə göstərdiyi otaqda
biz ona hücum edəcəyik. Kandavl yuxuya gedəndən bir qədər sonra onu öldürəcəksən».
Beləcə lidiyalılarda abırlılığın hər şeydən üstün tutulması, həyalılığın həddən ziyadə
yüksək qiymətləndirilməsi səbəbindən çarın arvadı yatan Kandavlı ucu şiş silahla
öldürməyə və sonra onunla nikahda birləşməyə Gigi inandıra bilir, bir yerdə qəddar plan
cızılır. Gig ətraflı düşündükdən, xeyli götür-qoy etdikdən sonra planı həyata keçirməyə
qərar verir. Çar arvadı ona bir xəncər verir, sonra onu elə həmin otağın qapısının arxasında
gizlədir. Gecə düşən kimi Gig qadının arxasınca yataq otağına keçir. Kandavl yuxuya
gedən kimi Gig yavaş-yavaş, gizlənə-gizlənə, səssiz-səmirsiz çara yaxınlaşır, xəncərlə onu
öldürür. Bundan sonra Gig çarın dul qalan arvadı ilə evlənərək hakimiyyətə yiyələnir,
çarlığa sahib çıxır.
İkinci versiya qədim yunan idealist filosofu Platon (Piaton) tərəfindən irəli
sürülmüş versiyadır. Platon özünün məşhur «Dövlət» əsərində rəvayət edir ki, çoban olan
Gig günlərin birində sürünü dağın ətəyinə qovarkən təsadüfən qayaların arasında bir dar
dərə aşkara çıxarır. Zəlzələdən sonra əmələ gəlmiş həmin dərədəki mağaraya düşən Gig
orada tunc rəngli atın üstündə uzanıqlı vəziyyətdə qalan inanılmaz dərəcədə nəhəng bir
adamın meyitini görür. Meyitin əl barmaqlarından birində üzük bərq vururdu. Üzüyü
çıxarıb özünə götürən Gig geri qayıdıb dəriyə düşdüyü səthə çıxır. Öz dostları arasında
oturarkən Gig daşlı üzüyü ovucu içərisində fırladanda (çevirib-döndərəndə) özünün
görünməz olduğunu qəflətən, gözlənilmədən aşkara çıxarır. İnsana görünməzlik bəxş edən
həmin üzüyün köməyilə taxt-taca sahib ola biləcəyini fikirləşir və hərəkətə keçir. Gig şahın
sarayına yollanır, sehrli üzüyün köməyilə çarın arvadını yoldan çıxarır, onun həyat
yoldaşını (çarı) öldürür, Lidiya taxt-tacına yiyələnir.
Əlbəttə, Platonun söhbət açdığı versiya elə çox inandırıcı deyildir. Onun
danışdığı hekayə daha əfsanəvi xarakterə malik olması ilə fərqlənir. Ancaq burada belə bir
fikir izlənilir ki, əgər pis niyyətli, bədxah bir adamın yaramaz hərəkəti açıq-açığına
olmazsa, heç kimdə şübhə oyatmazsa, onun yoldan çıxarması qarşısında dayana biləcək
covmərd və səxavətli kimsə tapılmır. Əxlaqi cəhətdən əhəmiyyət kəsb edən bu ibrətli
hekayəni bir neçə məşhur sənətkarın əsərində izləmək və ətraflı öyrənmək olar.
Herodotun «Tarix» əsərinin birinci kitabında Lidiya şahı Kandavl haqqında
hekayə fransız müəllifləri tərəfindən artıq bir neçə dəfə istifadə edilmişdir.
18
Orta əsr kurtuaz romanının ustası, fransız yazıçısı və şairi Kretyen de Trua
(Chretien de Troyes)
21
xalq arasında tez-tez müraciət edilən Breton hekayələrindən
yararlanmaqla 1176–1181-ci illərdə «İveyn, yaxud şirli rıtsar» («Yvain, le chevalier au
lion») romanını yazmışdır ki, burada İveyn
22
hiss olunacaq, gözə çarpacaq dərəcədə
məhəbbət hissinin kurtuaz konsepsiyasına qarşı çıxır.
Fransız ruhanisi və ilahiyyatçısı, yazıçı və pedaqoqu Fransua de Salinyak,
markiz de La Mot-Fenelon (François de Salignac de La Mothe-Fenelon dit Fenelon)
23
1690-cı ildə «Gig üzüyü» (fransızca «Anneau de Gyges») təmsilini yazmışdır.
İngilis yazıçısı və publisisti, tənqidi realizmin nümayəndəsi, məşhur «Fabian
sosializmi hərəkatının» («Fabian society») tərəfdarı Herbert Corc Uells (Herbert George
Wells)
24
1897-ci ildə «Görünməz insan» («The invisible man»)
25
adlı elmi-fantastik
romanını yazmışdır.
İngilis yazıçısı Con Ronald Ruel Tolkin (John Ronald Reuel Tolkien)
26
«yüksək
fentezi» klassik əsərlərinin müəllifi kimi məşhurluq qazanmışdır ki, onlardan biri
«Üzüklərin hökmdarı» («The lord of the rings»)
27
adı altında 1954-cü və 1955-ci illərdə
dərc edilmişdir.
Üçüncü versiya qədim yunan tarixçisi, Lidiyalı Ksanfa (Xanth)
28
məxsusdur.
Ksanfın təsvir etdiyi versiya reallığa daha çox yaxın olan, lakin azca romanlaşdırılan
29
bir
baxışdır. Qədim yunan tarixçisi, şair və filosofu, bizim eradan əvvəl birinci əsrin Yunan–
Şərq mədəniyyətinin görkəmli nümayəndəsi Damasklı Nikolayın (Nicolaus Damascenus)
qısa şərhində versiya belə səslənir: Gig yüksək mövqe tutan hərbçidir, Lidiya çarı Adiatt
ondan xəyanətdə şübhələnmişdir. Çarın arvadı Tudo adamların önündəcə Gigi
günahlandırıb təngə gətirmişdir. Bu zaman Gig dözə bilməyərək Adiattı öldürmüş və onun
dul qalan arvadı ilə evlənmişdir.
Heraklidlər sülaləsindən olan hökmdarlar haqqında bir sıra məlumatlar
Damasklı Nikolayın «Tarix» kitabının fraqmentlərində çatdırılır. Lakin həmin
məlumatların mötəbərliliyi çox şübhəlidir, çünki onlar Lidiyalı Ksanfın əsərlərinə gedib
çıxır. Lidiyalı Ksanfın əsərləri çox böyük ehtimalla Dionisi Skitobraxionun
30
əsərlərinin
saxta variantlarıdır.
Nəhayət, şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi
haqqında danışmaq lazım gəlir.
Kandavl öldürüləndə lidiyalılar arasında böyük narazılıq yaranır. Çarın qətlə
yetirilməsi
onların hiddətlənməsinə, qəzəblənməsinə səbəb olur. Kandavlın
öldürülməsindən sonra lidiyalılar qeyzli, acıqlı halda silaha sarılırlar. Lakin çarlığa
yiyələnən Gigin tərəfdarları qalan lidiyalılarla danışıqlar aparıb belə razılığa gəlirlər ki,
yalnız orakul hakimiyyəti tanıyacağı təqdirdə onun öz vəzifəsində qalması mümkün
olacaq, əgər orakul tərəfindən təsdiqlənməzsə, onda taxtdan salınacaqdır.
Beləliklə, Mermnadlar sülaləsindən olan Gig Kandavlı devirərək çar olur. Gig
tərəfindən Kandavlın öldürülməsi tarixi ayrı-ayrı mənbələrdə bir-birindən fərqlənir.
Mənbələrin bir qismində qeyd edilir ki, bizim eradan əvvəl 685-ci ildə çar Kandavlı
öldürərək onun dul qalan arvadını götürmüş və hakimiyyətə gəlmişdir. Başqa mənbələrdə
Gigin bizim eradan əvvəl 680-ci ildə şahı öldürdüyü göstərilmişdir. Lakin digər
19
mənbələrdə Kandavlın öz cangüdəni Gig tərəfindən bizim eradan əvvəl 678-ci ildə qətlə
yetirildiyi qeyd edilmişdir [22].
Şübhəsuz ki, Gig istənilən halda kariyalıların köməyilə Lidiya taxt-tacını ələ
keçirməyə çalışmış, Delfaya
31
qiymətli hədiyyələr göndərmiş, orakulun köməyilə öz
məqsədinə çatmışdır. Gig taxt-taca sahib olduqdan sonra öz hakimiyyətinin müqəddəs
sayılmasını Delfa orakulundan (Delphicum oraculum) xahiş etmiş, onun «xeyir-duasını»
almışdır. Belə ki, bizim eradan əvvəl 716-cı ildə Delfa orakulu həkimanə sözlə (kəlamla)
onun taxt-taca çıxma hüququnu təsdiqləmiş, onu təmtəraqlı surətdə bəyan etmişdir. Yeri
gəlmişkən Delfa orakulunun gələcəyi görən kahinəsi Pifiya (Pythia)
32
belə bir fikir də əlavə
etmişdir ki, Heraklidlər Gigin beşinci nəslində bunun cəzasını alacaqlar. Lakin lidiyalılar
və onların çarı kəlam yerinə yetirilməyincə bu orakula qətiyyən əhəmiyyət verməmişlər.
Gig bizim eradan əvvəl 678-ci ilə qədər xoşbəxt çar olmuşdur. Gig Lidiya
çarlığını Propontidlər və Hellesponta qədər genişləndirmiş, Yunanıstanla sülh əlaqəsinə
daxil olmağa çalışmış, lakin sonra dəniz və limana ehtiyacı olduğundan Kiçik Asiyanın
qərb sahilindəki yunan koloniyaları ilə mübarizəyə başlamışdır.
Zat-ali Gig əraziyə həddən artıq dolmuş Frigiya kimmeriləri ilə mübarizə
aparmışdır. Onlar Gigin başlıca dərdi, qayğısı sayılırdı. Bunun üçün Assur çarı
Aşşurbanipalla
33
ittifaqa girmişdir. Gig həmçinin yunan İoniyasına soxulmuş, Kolofonu
işğal etmiş, Mileti geri oturtmuşdur. Bundan sonra qiymətli hədiyyələrlə Delfaya günahı
yüngülləşdirən səfər (ziyarət) etmişdir. Lakin qədim Misir fironu Uaxibra Birinci
Psammetixin
34
başçılıq etdiyi misirli separatistlərə uzağı görə bilmədən, ehtiyatsız dəstək
vermiş, bununla əlaqədar olaraq aşşurlularla münasibətləri korlanmışdır. Cürətlənmiş
kimmerilər Lidiyaya soxulmuş, Gigin qoşunlarını darmadağın etmişlər. Elə həmin
döyüşlərin birində Gig öldürülmüşdür. Mənbələrin bir qismçində verilən məlumata görə,
Mermnadlar sülaləsinin banisi Gig eramızdan qabaqkı 652-ci ilə qədər hökmdar olmuşdur.
Hal-hazırda Aşşuriya mənbələrinə görə Gigin bizim eradan əvvəl 644-cü ildə öldürüldüyü
və həmin ölüm tarixinin son dərəcə dəqiq olduğu bildirilir. Gigin eramızdan qabaq 645-cü
ildə öldürülməsindən ibarət olan məlumat artıq köhnəlmiş hesab edilir. Herodotun «Tarix»
əsərinə görə, Gig düz 38 il çarlığı idarə etmişdir. Lakin «Yevseviya xronikası»nda
35
həmin
müddətin 36 il olduğu göstərilmişdir. «Bibliya» tədqiqatçılarından bir çoxu güman edirlər
ki, Gig olduqca böyük şöhrət qazandığından yəhudilərin bir kitabında qorxunc knyaz Qoqa
çevrilmişdir.
«Kandaulezizm» termini belə bir mifoloji süjetə gedib çıxır. Lidiya şahı
Kandavla və onun arvadına xeyli əsər həsr olunmuşdur. Bunların içərisində nisvətən daha
məşhur olan əsərlərin xronoloji ardıcıllıqla düzülüşü 1-ci cədvəldə göstərilmişdir.
Cədvəl 1
Dostları ilə paylaş: |