Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


NƏRİMAN HƏSƏNZADƏNİN “ATABƏYLƏR” DRAMININ PERSONAJLAR



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə55/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   51   52   53   54   55   56   57   58   ...   144

 

NƏRİMAN HƏSƏNZADƏNİN “ATABƏYLƏR” DRAMININ PERSONAJLAR 

SİSTEMİNDƏ NİZAMİ GƏNCƏVİ OBRAZININ YERİ 

 

Əlimuxtar MUXTAROV 

AMEA, Gəncə Bölməsi 



alimuxtar@gmail.com 

 

Azərbaycan ədəbiyyatında tarixi dram janrının inkişafında Nəriman Həsənzadənin özünəməxsus yeri vardır. Mənzum 

tarixi dram kimi xüsusi əhəmiyyətə malik olan “Atabəylər” dramı  (1984) elmi tədqiqatda “Səməd Vurğunun “Vaqif” 

mənzum dramının yarandığı vaxtdan (1938) keçən təxminən qırx ildən artıq zaman ərzində bu janrda ədəbi-mədəni mühitin 

fövqünə qalxa bilən sanballı bir əsər”  (İsa Həbibbəyli) kimi dəyərləndirilir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

245 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Nəriman Həsənzadənin “Atabəylər” dramı dövlətçilik ideyasının daşıyıcısı kimi və milli mənafelərin  əks etdirilməsi 

baxımından zamanı qabaqlamış bir sənət  əsəridir. Dramaturq “tarixi xronika” adlandırdığı  mənzum dramında Atabəylər 

tarixinin Qızıl Arslan hakimiyyəti dönəmini əks etdirməklə Azərbaycanın “qızıl dövrü”nün – 1186-1191-ci illərin siyasi və 

mədəni mühitinin mini panoramını yaratmağa nail olmuşdur.  

“Atabəylər” dramının personajlar sistemi özünəməxsusluğu ilə diqqətəlayiqdir. Dramın personajlar sistemini tarixi 

şəxsiyyətlər (Atabəy Qızıl Arslan,  İnanc xatun, Nizami, Əcəmi, Toğrul bəy, Əbubəkr, Mahmud), müəllifin təxəyyülünün 

canlandırdığı obrazlar (Ayəba, Ruz, Gülaçar, Əbuşər, Yad adam), köməkçi personajlar (bağban, kənizlər, əsgərlər, elçilər, 

ozan, rəqqasələr) və ayrıca tarixi hadisələri xronologiyasını  qələmə alan salnaməçi obrazı  təşkil edir. Qızıl Arslan, İnanc 

xatun, Toğrul bəy,  Əbubəkr və Mahmud, həmçinin köməkçi personajlar tarixin siyasi prosesinin fiktiv müstəvidə  də 

iştirakçılarıdır. Nizami, Əcəmi, bağban və ozan obrazlarının canlandırılması ilə Atabəylər dövründə Azərbaycanın mədəni 

həyatının tarixi səhifələri işıqlandırılır. Müəllifin bu obrazları yaratmaqda məqsədi Atabəylər dövründə Azərbaycanın 

mədəni-ictimai mühitinin inkişafını  əks etdirməyə çalışmasıdır.  Əsərdə Nizami salnaməçi tərəfindən yeddinci personaj 

olaraq belə  təqdim olunur: “Azərbaycanın böyük şairi Nizamidir. “Xosrov və  Şirin” poemasını Cahan Pəhləvana həsr 

etmişdir.”  

Nizami və Əcəminin səhnəyə gəlişi, İnanc xatunla qarşılaşmaları əsərin ekspozisiyasını təşkil edir. Azərbaycan ədəbi-

bədii fikrində ilk dəfə olaraq XII əsrin iki müxtəlif qüdrətli sənətkarının – Nizami Gəncəvi ilə memar Əcəminin Naxçıvanda 

görüşməsi epizodu “Atabəylər” dramında verilmişdir ki, bu da tarixi həqiqət kimi sonrakı elmi araşdırmalarda da öz 

təsdiqini tapa bilmişdir.”Bu mənim  ən uzaq səyahətimdir” deməklə Nizaminin bir tarixi fakt olaraq uzaq səfərlərə 

çıxmamasına işarə olunmuşdur.  “Görkəmli  şərqşünas professor Rüstəm  Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri 

haqqındakı elmi açıqlamalıarı  bədii təxəyyüldə ehtimal olunan görüşün tarixi gerçəklik olduğunu yəqinləşdirdi. Bu fakt 

Nəriman Həsənzadənin tarixə bədii yanaşmasının elmi məntiqə əsaslandığını nümayiş etdirir.” (İsa Həbibbəyli) 

Nizami Gəncəvi obrazı dramın birinci pərdəsinin birinci şəklində, üçüncü pərdənin üçüncü şəklində  səhnəyə  çıxır. 

Səhnəyə birinci çıxışı Naxçıvanda Mömünə xatun türbəsinin açılışı  mərasiminə  dəvət alması  və ziyarətə  gəlməsi ilə 

bağlıdırsa, ikinci çıxışı Qızıl Arslanın Gəncəyə gəlişi zamanı Nizami ilə görüşməsinin təsviri ilə əlaqədardır.  

Nəriman Həsənzadə Nizami və Əcəmini “dövrün məşəli” adlandırır. Atabəy Qızıl Arslanın dilindən “Sən quran əlisən, 

o yazan əli” deyərək sənətkarları tarixin yaradıcıları kimi görür. Qızıl Arslan şairi millətin taleyində  əhəmiyyətli rol 

oynayan bir şəxsiyyət kimi dəyərləndirir, onu millətin dilmancı adlandırır. Nizaminin millətin tarixi taleyindəki rolunu 

dramaturq Qızıl Arslanın nitqində belə müəyyənləşdirir: 

                           

“Nə vaxt yetişərsə böyük sənətkar, 

                

           Hər xalqın şöhrəti o vaxta düşər.” 

“Atabəylər” dramında Nizami Gəncəvinin ədəbi siması  iki qısa epizodda ətraflı şəkildə öz bədii ifadəsini tapmışdır. 

Nizami bir mütəfəkkirdir, təbibdir, siyasi proseslərə müdaxilə edən söz sahibidir, həm də dünya nemətindən könlünü üzüb 

guşənişinliyə  çəkilmiş bir zahiddir. Nizaminin əsərlərindən yeri gəldikcə misallar gətirilməsi surəti dolğunlaşdırır,  əsərin 

məna gücünü artırır. Azərbaycan dilinin  milli mədəniyyətimizin inkişafından kənarda qalması narahatlığının Nizami   

yaradıcılığında öz ifadəsini tapdığı kimi, dramın da problematikasını zənginləşdirmişdir. 

“Atabəylər” dramında yer alan personajların adları həm də onların xarakterinin təmsilçisidir. Əbuşər “şərin atası” kimi 

məna ifadə edərək hadisələrin cərəyanındakı rolundan xəbər verir. Gülaçar, Bağban adları Azərbaycanın inkişafı  və 

çiçəklənməsi arzusunun rəmzləri kimi çıxış edir.  

Nəriman Həsənzadənin “Atabəylər” dramı Nizami obrazının yaradılması ilə ədəbiyyat tariximizdə şairin həyatına həsr 

olinmiş əsərlər siyahısında önə çəkilmiş əsərlərdən biri kimi diqqətəlayiqdir.    

 

 



 

NƏSİMİNİN FƏLSƏFİ DİLİ 

 

Gülcahan ADIGÖZƏLOVA 

Qafqaz Universiteti 



adigozelova90@mail.ru

 

 

Müdrik  şərq dünyasının ayrılmaz hissəsi olan Azərbaycan dünya fəlsəfi fikirlərini zənginləşdirən Xətib Təbrizi, 

Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi kimi şəxsiyyətlərin vətəni olmuşdur. Azərbaycanın böyük şair filosoflarının 

fəlsəfi görüşləri qoca şərqin fəlsəfi məktəbinin bünövrəsi üzərində ucalmışdır. Azərbaycan hər dövrdə öz fəlsəfi baxışları ilə 

seçilən böyük şəxsiyyətlər yaratmışdır.  

XIV əsr Azərbaycan ədəbi-bədii dilinin görkəmli nümayəndəsi İmadəddin Nəsimi ümumən Azərbaycan mədəniyyəti 

tarixində Azərbaycan - türk dilində fəlsəfi fikrin ən qabaqcıl tərənnümçüsü kimi şöhrətlənmişdir.Nəsimi Azərbaycan xalq 

dilini ilk dəfə geniş dairədə ədəbi dil səviyyəsinə yüksəldən, Azərbaycan xalq dilinin bütün zənginliklərini duyub hiss edən, 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

246 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Azərbaycan xalq dilinin leksik və qrammatik vahidlərinə maksimum poetik don geyindirən, Azərbaycan dilini fars və ərəb 

dilləri ilə rəqabətə sövq edən və bu rəqabətdə Azərbaycan-türk dilinə uğurlar qazandıran, xalq danışıq dili sözlərini poetik-

fəlsəfi mənalarla zənginləşdirən ilk böyük filosof şairdir. O, ilk dəfə bu yolla ana dilli şeirimizin üslubi imkanlarını 

genişləndirmiş, ilk dəfə olaraq qlobal şəkildə Azərbaycan – türk sözünə - Azərbaycan  şeirinə  fəlsəfi mahiyyət vermiş, 

“Azərbaycan  ədəbi dilinin elmi-fəlsəfi səviyyəsini təmin etmiş” (T.Hacıyev) və beləliklə  də, Azərbaycan fəlsəfi 

poeziyasının banisi olmaqla, Azərbaycan ədəbi dilində elmi-fəlsəfi fikrin ilk kamil nümunələrini yaratmışdır. Bununla da, 

Azərbaycan elmi-fəlsəfi qolunun istiqamətini formalaşdırmışdır. 

Nəsiminin yaradıcılığı dil baxımından iki istiqamətdə inkişaf etmişdir. Birinci istiqamət onun xalq ruhunda, milli 

sözlərlə  zəngin  şeirlərindən ibarətdir.  İkinci istiqamət isə onun fəlsəfi  şeirlərinin dilidir. Nəsiminin fəlsəfi dili olduqca 

mürəkkəb və qəliz bir dildir. Bu dili anlamaq və çözmək elə də asan deyil. Bu dili anlamaqçün onun hürufi ideyalarını, ilahi 

eşqini, insana verdiyi dəyəri dərk etmək vacibdir. Əks halda Nəsimi dili möhürlü bir xəzinə olaraq qalacaq və onu açmaq 

mümkün olmayacaqdır. 

Nəsiminin bədii yaradıcılığında  ədəbi dilin əsas vasitələrindən sayılan müxtəlif semantikalı söz-şeirlərinin geniş 

mənada işlədilməsi XIII-XIV əsr Azərbaycan  ədəbi dilinin milli səviyyəli söz-terminlərlə  zənginləşməsində böyük rol 

oynamışdır. Şairin müxtəlif elmi biliklərlə əlaqədar işlətdiyi sözlər. Məsələn: təbiət elmi ilə bağlı; yaz, bahar, torpaq, xak, 

baş (yara), bağır (cigər), pambıq, göz, bəbək, bulud və s. Hərblə bağlı: ləşkər, çəri, meydan, bölük, ox (tir) və s. Dini 

inamlarla bağlı: Tanrı (Çələb), yaradan (Allah), uçmaq (cənnət), tamu (cəhənnəm), mömin, fəna, Quran, qiblə, namaz və s. 

İslam dini ilə əlaqədar olaraq işlənmiş dini söz və terminlərin seçilib işlənməsində ərəb dili və onun leksik vasitələri əsas 

mənbə olsa da, şair əsərlərində türk mənşəli sözlərə də geniş yer vermişdir. 

Nəsimi hürufizmin ən mübariz təbliğatçısı kimi bütün Yaxın və Orta şərq ölkələrini gəzmiş, qurbanı olduğu 

məsləkinin – hürufizm təriqətinin və onun lideri Şeyx Fəzlullah Nəiminin ictima-siyasi görüşlərini təbliğ etmiş, Azərbaycan 

mədəniyyəti tarixində ilk böyük şair kimi şərqin üç aparıcı dilində - ərəb, fars və Azərbaycan türkcəsində  şedevrlər 

yaratmışdır. Nəsimi öz xalqını dünyada var olan elmi biliklərlə silahlandırmaq missiyasını yerinə yetirmişdir. Bunun üçün 

böyük şair Azərbaycan dilinin sintaktik quruluşu qəliblərindən – söz birləşmələrindən, sadə və mürəkkəb cümlə tiplərindən 

mübariz şəkildə istifadə etmişdir. Nəsimi dilində bir qrup saylar da vardır ki, bunlar xalqın milli təfəkküründə heç bir fəlsəfi 

məna kəsb etməməsinə baxmayaraq, böyük şair bu saylara fəlsəfi don geyindirmiş, hər birinin  fəlsəfi mənasını açıqlamış, 

qəzəllərində məharətlə istifadə etmişdir. 

Nəsimi aləmində  İnsan dünyanın maddi və  mənəvi mövqeyindədir. Bütün bunlar Nəsiminin tapındığı hürufi 

ideyalogiyasının  əsasını, rüşeymini təşkil edirdi. Çünki hürufizmdə Allahın təbiətdə,  əşyada, sözdə, xüsusən  İnsanda 

təcəssümü əsas hesab edilmişdir.Nəsimi bir hürufi şair kimi İnsanı yüksək qiymətləndirmiş, onu yer üzünün – bütün mənəvi 

və cismani aləmin ən kamili hesab etmişdir.  

Şairin fəlsəfi dili olduqca mürəkkəb bir dil olsa da, daim maraq doğurmuş,  əsrlərdir ki, hələ  də tam şəkildə 

öyrənilməmiş və daim tədqiqata ehtiyac duyulmuşdur. 



 

SABİR AZƏRİ NƏSRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK MƏSƏLƏSİ 

 

Gülşanə XUDİYEVA 

Azərbaycan Dillər Universiteti 



email_me@mail.ru

 

 

Milli özünüdərk problemi ədəbiyyatda bir neçə şəkildə təzahür edə bilər. Bu mənada tarixi mövzulara müraciət, folklor 

motivlərindən istifadə  və s. xarakterikdir. Yazıçı tarixi mövzuya müraciət etməklə xalqın qəhrəmanlıq tarixini əks etdirə 

bilir. Oxucuya süni şəkildə unutdurula bilən keçmişi xatırladır. Bu əsərlərdə əks olunan tarixi dövr və hadisələr oxucunu öz 

dövrünün hadisələrinə daha gözüaçıq yanaşmağa sövq edir.  

Sabir Azərinin “Duman çəkilir” povesti XX əsrin  əvvəllərində sovet hakimiyyətinin yeni qurulduğu dövrdə 

Azərbaycan kəndində baş verən hadisələri əks etdirir. Cəmiyyətin təlatümlü dəyişiklik və ya böhran dövrləri bədii ədəbiyyat 

üçün daim zəngin mövzu qaynağı olmuşdur. Bu povestdə müəllif sovet hakimiyyətinin bir sinif kimi məhv etdiyi bəylərin 

yaşadığı faciəni  əks etdirməyə  və yeni qurulan cəmiyyətin kin və nifrətlə yoğrulduğundan mahiyyət etibarilə çürük 

olduğunu aydınlaşdırmağa cəhd göstərir. Bu cəhd sovet yazıçısı üçün cəsarətli addım idi. Sabir Azərinin bu əsəri milli 

kimlik ştrixləri üzərində yazılıb. 

Əsərin  əsas qəhrəmanı  Cəlil bəy müsbət planda təqdim olunan qəhrəmandır. Cəlil bəy obrazı hökumətin 

manqurdlaşdırma siyasətinə qarşı yazıçının nümayiş etdirdiyi etiraz və müqaviməti idi. Ədəbi tənqid həmin dövrdə bu obraz 

haqqında kifayət qədər geniş və müsbət fikir səsləndirmədi. Yazıçının daha çox sosial ictimai problemlərə toxunan əsərləri 

təhlil olunur və  ya  “Duman  çəkilir” povestinin ümumi sənətkarlıq xüsusiyyətləri, mövzunun bədii həlli və s. haqda söz 

açılsa da Cəlil bəy obrazının milli xarakter kimi işlənməsi və obrazın simvolik yükü haqqında qeyd olunmur. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

247 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Yazıçı povestdə Cəlil bəyin taleyi ilə həyətdəki qarağac ağacının aqibəti arasında paralellik yaradır. 

“- Quruyur, - dedi, - dədəmin qarağaclarından qalan bir buydu, bu da quruyur. 

Hə, qarağacların kökü kəsilir. 



Cəlil bəy qışqırdı: 

Kəsilib eləmir! Niyə  kəsilir ki! ....qarağacların kökü hər yerdə  kəsilir. Yadıma gəlir, elə bizm 



meşədə nə qədər qarağac vardı. Hanı indi o qarağaclar? 

Görəsən bu qarağaclar niyə pöhrə vermir? 



Cəlil bəy yenə hirsləndi: 

Nə bilim!”  

Ağacın qurumağı  şərti mənada Cəlil bəyin ağalığının və ümumiyyətlə, bəyliyin sonuna, cəmiyyətdəki harmonik 

nizamın pozulmasına və milli dəyərlərin aradan qalxmasına işarədir. 

Ümumiyyətlə, Sabir Azəri yaradıcılığında torpağa bağlılıq hissi olduqca güclüdür. Bu hiss bu və ya digər şəkildə əksər 

əsərlərində özünü göstərir və yazıçının yaradıcılıq qayəsi ilə bağlıdır.  

İnsanın torpağa bağlılıq duyğusunun parlaq inikası  “Qartal yuvası” hekayəsində görünür. Bu hekayə milli özünüdərk 

probleminin təzahürü baxımından olduqca səciyyəvidir. Yazıçı insanın doğma torpağından, vətənindən aldığı tükənməz 

gücü qartalların nümunəsində izah edir. Yazıçıya görə  ən müzəffər qələbələrin müəllifi ana torpaqdır. Hekayənin adı da 

təsadüfi xarakter daşımır. Belə ki, qartalların düşmən üzərində  qələbəsinin, ucadan uçmasının sirri elə  məhz yuvaları ilə 

bağlıdır.  

Hekayədə Şahdağın əlçatmaz zirvələri və bu zirvələrin qartalları haqqında zalım padşahın doğma diyarımızı talan edib 

qartallarımızı məhv etməsi və yazıçının öz dövrü, ictimai-siyasi vəziyyət, sovet hakmiyyətinin Azərbaycanı işğal etməsi və 

qırğınlar törətməsi arasında aşkar uyğunluq mövcuddur.  

“...Eeeeh, bu dağda o qədər qartal vardı ki! İndi azalıblar. Yaman azalıblar qartallar. Niyə azalıblar? Başım çıxmır.  

Soltanağa dərindən ah çəkdi 

-Bizim dağların hamısında qartallar azalıb.”  

Sabir Azəri  oxucuya Sovet hakimiyyətinin həyata keçirdiyi qırğınların bir istiqamətli deyil, müxtəlif istiqamətli 

olduğunu sətraltı məna ilə çatdırır. Bu hekayədə sovet hakimiyyətinin imperialist siyasəti və 1937-ci il terror hadisələri ilə 

bağlılıq açıq şəkildə müşahidə olunmaqdadır. Yazıçı dövrü ilə bağlı təəssüratlarını, qənaətlərini təbii ki, birbaşa ifadə edə 

bilməzdi. Ona görə bu hekayədə fikirlər əfsanə şəklində çatdırılır və bir çox önəmli məqamlar qədim zamanlardakı padşah 

obrazı vasitəsi ilə  əks olunur. Yazılı  ədəbiyyatın folklor janrları ilə qarşılıqlı  əlaqəsi də sözsüz ki, ədəbiyyatda milli 

özünüdərkin inikası ilə bağlıdır. Hekayədə padşahın dilindən verilən aşağıdakı fikirlər olduqca səciyyəvidir. “Gözləri 

göylərə baxan, göylərdə qartallar görən elin oğlunu – qızını, deyirmiş, əsarətdə saxlamaq olmaz, əvvəl - axır, deyirmiş, bu 

oğul – qızlar da öz qartalları kimi zirvələrdə cövlan eləmək istəyəcəklər. Onda, deyirmiş o padşah, bu oğul – qızları aşağıda, 

lap yeddi arşın quyunun dibində lap ölüm də saxlayammaz.” 

 Bu 

kiçik 


hekayədə Sabir Azəri böyük mətləblərə toxunur. Əsərdə həmçinin vətən obrazı da vardır. Müəllif vətənin 

havasını, torpağını, ana ürəyini, sevgisini və qanla keçən canı, vətənpərvərlik ruhunu vəhdət şəklində təqdim edir. Harada 

olmağından asılı olmayaraq insana bu vəhdət, yəni vətən güc verir. Sabir Azəri həmçinin Sovet hakimiyyətinin işğalçı 

siyasətinin, törətdiyi terror hadisələrinin, mədəniyyətimizə  və milli kimliyimizə düşmən kəsilməyinin qanla gələn ruhu 

candan çıxartmaq üçün yetərsiz olduğunu göstərmişdir. 

 Ümumiyyətlə, 1937-ci il repressiyası Sabir Azərini ən çox narahat edən və düşündürən məsələlərdən biri olmuşdur. 

O, hələ  tələbə ikən dissident ruhlu gənc kimi, repressiyaların günahkarlarının cəzalandırılması haqqında düşünmüş və bu 

düşüncələri onun həbs olunması ilə  nəticələnmişdir. “Bütün sovet cəmiyyəti repressiya xofunun ucbatından divarları çat 

vermiş, hər an uçmağa hazır olan evə  bənzəyirdi.” “Tələbə  məhbusun etirafları” romanında keçmiş ittifaqın mahiyyətini 

şərh edərkən Sabir Azəri despotizmi, imperializmi tənqid edir və repressiyanın Azərbaycan xalqının suverenliyinə qarşı 

yönəldilmiş məqsədyönlü siyasət kimi dəyərləndirir. 

 

 



 

MİR CƏLAL YARADICILIĞININ TƏDQİQİ MƏRHƏLƏLƏRİ HAQQINDA 

 

Günel BƏHRAMQIZI (MAHMUDOVA) 

Bakı Dövlət Universiteti 



mahmudova-83@bk.ru

 

 

Böyük  ədib, ictimai-siyasi xadim Mir Cəlal müəllim Azərbaycan  ədəbiyyatının inkişaf tarixində xüsusi xidmətlər 



göstərən səsnətkarlardan,  ədəbiyyatşünas alimlərdəndir. Onun zəngin  ədəbi-bədii elmi irsi 30-cu illərdən başlayaraq 

mərhələ-mərhələ 21-ci əsrin 10-cu illərinə qədər tədqiqat işlərinin, araşdırmaların mövzusu olmuşdur. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

248 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Mir Cəlal sənəti 20-ci əsr Azərbaycan  ədəbiyyatının tədqiqi prossesində yeni bir mərhələ kimi ilk gündən 

istiqamətverici xarakter daşımışdır. Onun “Dirilən Adam”, “Bir Gəncin manifesti”, “Aciq kitab”, “Təzə şəhər”, “Yolumuz 

Hayanadır” romanları, satirik hekayələri, novellaları haqqında araşdırmaların tarixi artıq bir əsrə yaxınlaşır.  

Mir Cəlal yaradıcılığının (ədəbi bədii irsini) tədqiqat problemlərini nəzərdən kecirsək deyə bilərik ki, dövrün ədəbi 

mühitinin tələb və ehtayaclarına uygun olaraq o, mərhələ-mərhələ araşdırmaların mövzusu olmuşdur.  

1930-1940-cı illər Mir Cəlal yaradıcılığının ilk tədqiqat mərhələsi kimi diqqəti cəlb edir. Bu mərhələdə ədibin əsasən 

hekayələri, “Boy” kitabina daxil olan əsərləri və “Dirilən adam” romanı haqqında bir sıra görkəmli ədəbiyyatşünas alimlərin 

yazıları çap olunmuşdur. Buraya M.Dadadaşzadə, C.Cəfərov, O.Həsənov, M.Cəfərov və digər ədiblər, alimlər daxildir. Mir 

Cəlal yaradıcılığının tədqiqinin  ən kamil, daha sistemli və ardıcıl tədqiqat mərhələsi 20-ci əsrin sonu 21-ci əsrin ilk 

onillikləri mərhələlərini  əhatə edir. Bu dövrdə onun demək olar ki, bütün ədəbi irsi, həm bədii, həm də elmi yaradıcılğı 

tədqiqata cəlb olunmuşdur.  

Mir Cəlal 20-ci əsrin görkəmli  ədəbiyyatşünas tədqiqatçılarındandır. Onun Fizuli sənətkarlıgı, Azərbaycan  ədəbi 

məktəbləri, Klassiklər və müasirlər və digər elmi əsərləri indinin özündə  də  ədəbiyatşünaslıq elminin istiqaməverici 

materialları kimi qəbul olunur.  

Mir Cəlal 20-ci əsr C.Məmmədquluzadə, M.H.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, A.Divanbəyoğlu, 

F.Köçərli və digər sənətkarların tədqiq olunmasını, araşdırılmasını, təmin və  təşkil edən yaradıcı  təşkılatçı alimlərdən 

olmuşdur. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin poetikası, Azərbaycanda ədəbi məktəblər (realist və 

romantik ədəbi məktəblər) haqqında geniş və əsaslı məlumat verən ədəbiyyaşünas alımlərdən olmuşdur.  

Mir Cəlalın ədəbi irsi indi də yeni-yeni tədqiqatların mövzusudur.    



 

 

BƏXTİYAR VAHABZADƏ POEZİYASI MƏTN SİNTAKSİSİ İŞIĞINDA 

 

Günel MİRZƏYEVA 

AMEA , Dilçilik İnstitutu 



gunel-mirze@rambler.ru

 

 

Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti xətti ilə seçilən yazarlarımız çoxdur. Ədəbiyyat tariximizdə 

ən çox tanınmış öz dəst-xətləri ilə dogma dilimizin, ədəbiyyatımızın inkişafında mühüm rol oynamış novator sənətkarların 

C.Cabbarlı, M.F.Axundov, S.Vurgun, Ə.Cavad, B.Vahabzadə, M.Müşfiq, Z.Xəlil yaradıcılıgının dil və üslub xüsusiyyətləri, 

bədii dil incəlikləri peşəkarlıq və həssaslıqla təhlil edilmişdir. 

Ayri-ayrı  sənətkarların yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətləri fərqləndirərək hər  ədibə onun öz poetik 

dünyasının məntiqi baxımından maraq doguran müxtəlif fikirlər söylənilmişdir. Öz zəngin yaradıcılıgı ilə hamının diqqətini 

çəkən ünlü yazarlarımızdan biri də B.Vahabzadədir. Yaşamağı yanmaqda görən, həyatın mənasını yanmaqda axtaran, ömrü 

boyu “bircə ondan razıyam ki, özümdən narazıyam” deyən, dönməz məslək və  əqidə sahibi Bəxtiyar Vahabzadə öz zəngin 

fəlsəfi yaradıcılığı ilə nəinki Azərbaycan, eləcə də bütün Türk dünyasının ləyaqətli vətəndaş-şairidir. Onun şeirləri insanı 

azadlığa, müstəqilliyə, məhəbbətə, sədaqətə səsləyir, mənəvi saflığa qovuşdurur. B.Vahabzadə yaradıcılığının daşıdığı məna 

yükü o qədər dərindir ki, müxtəlif elm nümayəndələri, o cümlədən ədəbiyyatşünaslar, filosoflarlar, musiqişünaslar, eləcə də 

dilçilər bu dərinlikdə  ən sirli məqamları açmağa can atırlar. Bu baxımdan da B.Vahabzadə  şeirlərinin dil və üslubunu 

araşdırmaq zəruri və aktual məsələ kimi qiymətləndirilməlidir.    

B.Vahabzadə poeziyasına mətn sintaksisi işığında nəzər salarkən maraqlı məqamlar aşkarlanır. Struktur mətnyaradıcı 

faktor kimi çıxış edən ellipsisə də B.Vahabzadə dilində tez-tez rast gəlinir. “Dil vahidini ellipsisə uğratmaq, bu onu sadəcə 

olaraq işlətməmək deyil, onu işlətməməklə onun məzmununu suppresiya vasitəsilə ifadə etmək deməkdir” (İ.F.Vardul) [1,

 

Yaman darıxmışam...Bu nədir yenə 



Aglım saga baxır, ürəyim sola. 

Ürəyim dönübdür göy göyərçinə  

Qonub sən gedəli sən gələn yola (B.Vahabzadə) 

Axı uzaqdasan ....sənə sözüm var , 

Bir yol zeng eləsən axı nə olar? 

Bilmirdim bu qədər dönükmüş üzün, 

Bəs sənin hec yoxmu mənə bir sözün? 

(B.Vahabzadə) 

 B.Vahabzadənin  şeirlərində leksik-semantik, sintaktik kateqoriyalar xüsusi yer tutur. Sinonim sözlərin antonim 

sözlərə çevrilib bədii təzad yaratdıgı maraq dogurur. Digər diqqət çəkən məqamlar B.Vahabzadə  şeirində sintaktik 

paralellizmlə (paralel konstruksiyalarla) bağlıdır. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

249 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Mətn sintaksisi baxımından aparılan elmi təhlil zamanı  şairin  şeirlərində  işlənən mətndə formal əlaqələr kimi çıxış 

edən sintaktik paralelizmin müxtəlif növlərinə (o cümlədən xiazma),  mətndə əlaqə funksiyasını yerinə yetirən inversiyaya, 

eləcə  də  əlaqə vasitəsi olan təkrarlara diqqət yetirilməklə biz onun dil və üslubunun özəlliklərini ortaya qoymağa, yeni 

fikirlər söyləməyə çalışmışıq.  

İnversiya – latın sözü olub “yerdəyişmə” deməkdir. B.Vahabzadənin  şeirlərində tez-tez soz sırasının qəsdən 

pozulmasına,  yəni inversiyaya rast gəlinir. 

Kimi cəsarətlə çəkir bileti, 

Kimi qorxa-qorxa yanaşır mizə(B.Vahabzadə) 

Bu cümlələrin adi qaydada sırası belə olmalıdır; 

Kimi bileti cəsarətlə çəkir, 

Kimi qorxa-qorxa mizə yanaşır. 

İlk yazilmış versiyada söz sırası pozulduğuna görə inversiya işlənmişdir. 

Digər ifadə vasitəsi olan anafora – təkrar olan söz və ya misraların  əvvəlində  gəlir, ya da eyni misranın  əvvəlində 

təkrarlanır. 

 Qışqırır masanın üstdə kitablar, 

           Qışqırır qapı da, pəncərələr də. 

           Qışqırır çarpayı, qışqırır divan, 

           Qışqırır körpənin yatdıği yer də. (B.Vahabzadə)      

Epifora anaforaya bənzəyir. Lakin fərq ondan ibarətdir ki, epiforada təkrar olunan söz misraların sonunda işlənir.   

Həftələr dəyişdi, gunlər dəyişdi , 

Tərəflər dəyişdi, yönlər dəyişdi. 

Qiblələr dəyişdi, dinlər dəyişdi. 

İtə ot verilir, ata ət, Allah (B.Vahabzadə) 

Nəticə olaraq deməliyik ki, uzun illər dilçilik elminin tədqıqat obyekti olan, fərqli baxış bucaqlarından yanaşılan şeir 

dilinin özünəməxsus xüsusiyyətləri maraq doğurduğundan B.Vahabzadə poeziyasının da linqvosemiotik baxımdan 

incələnməsi bu gün də böyük əhəmiyyət kəsb edir və aktuallığını qoruyub saxlayır.  



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin