II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
176
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ALTAY DİLLƏRİNDƏ KƏMİYYƏT ŞƏKİLÇİLƏRİNİN QRAMMATİK PARALELLİYİ
Aysel ƏHMƏDOVA
Bakı Dövlət Universiteti
aysel_009@mail.ru
Altay dillərində (türk, monqol, tunqus-mancur) ismə aid olan qrammatik kateqoriyalar paralellərlə zəngindir. Bu
cəhətdən kəmiyyət kateqoriyası da istisna deyil.
Altay dillərində cəm şəkilçilərini iki qrupa bölmək olar. Birinci qrupa daxil olan şəkilçilər bu dillərin əksəriyyətində
işlənir, yaxud müxtəlif sözlərin və şəkilçilərin tərkibində öz izini saxlamışdır. Buraya daxil olan şəkilçilər, əsasən, bir
samitdən və ya samitlə saitin birləşməsindən ibarətdir. Bunlar Altay dilləri üçün ilkin kəmiyyət şəkilçiləri hesab oluna bilər.
Bu şəkilçilər aşağıdakılardır:
1. -n şəkilçisi. Bu şəkilçi monqol dillərində cəm şəkilçisidir: yorçiqun yabuqun elçin “ora-bura gedən çaparlar”,
moritan “atlılar”. Müasir dövrdə yalnız ordos dili
-n şəkilçisini saxlamışdır. Tunqus-mancur dillərində
-nasal şəkilçisinin
tərkibində mövcuddur. Türk dillərində ilk dəfə M.Kaşğari tərəfindən ärän və oğlan sözlərində cəm şəkilçisi kimi
göstərilmişdir. Ärän qırqın “oğlanlar və qızlar”, örtän “alovlar” (ört “alov”) sözlərində, suvarin, kuman etnonimlərində də
işləndiyi qeyd edilir. Bodun “xalq” sözü bod~boy “tayfa, qəbilə” sözünün cəm formasıdır.
2. -r şəkilçisi. Bu şəkilçi tunqus-mancur dilləri üçün səciyyəvidir: kuŋakār “körpələr” (evenk), elür “bunlar” (solon),
mamari “nənələr” (mancur). Burada limāgir, çapōgir tayfa adlarında da saxlanmışdır. Monqol dillərində -nar, türk
dillərində -lar şəkilçilərinin tərkibində qalmışdır.
Rotatizm hadisəsinə görə digər Altay dillərindəki r samitinə türk dillərində z samiti uyğun gəlir. Buradan çıxış edərək,
türk dillərində cəmlik bildirən z elementini də bu şəkilçi ilə bağlamaq olar. Bu element müxtəlif sözlərin (göz, iz, biz), şəxs
və mənsubiyyət şəkilçilərinin (-ŋız, -mız, -ız: ataŋız, änäŋiz, barıŋız “gedin”, barıdımız, veririz) tərkibində saxlanmışdır.
Eyni mövqedə bəzi türk dillərində -r elementini görmək mümkündür: qolıŋar “əliniz” (qırğız), tonuŋar “xəziniz” (Tuva),
turaŋar “eviniz” (xakas),
balağar (Altay). Bir fikrə görə,
ı saitindən sonra gəldikdə
r palatallaşaraq
z samitinə çevrilmiş,
a
saitindən sonra gəldikdə isə dəyişməmişdir.
3. -t şəkilçisi. Bu şəkilçi monqol dillərində işləkdir: kürgen “kürəkən” – kürged, bulağ “bulaq” – bulağūd (qədim
monqol), nom “kitab” – nomuud (buryat). Türk dillərində bir neçə sözdə bunun izlərini görmək olar: tigit “şahzadələr”, erät
“kişilər, əsgərlər”, orut “yerlər” (qədim türk), toyot “bəylər”, xotut “xanımlar” (yakut), narat “şam ağacları” (tatar). Qədim
türk dilində -ğut şəkilçisi də işlənmişdir: alpağut “cəsurlar”, uruŋut “döyüşçülər”. -t elementini telengit, soyot, bürüt tayfa
adlarında görmək olar. Yakut dilində -ttar cəm şəkilçisi (-t+-lar) işlənir: ärättär “kişilər”, kırqıttar “qızlar”. Bu dildə
mənsubiyyət şəkilçilərində də -t elementi var: ağabıt “atamız”, ağağıt “atanız”. Tunqus dillərində bu şəkilçi əvəzlikdə
(nuŋartan “onlar”), üçüncü şəxsin cəmində (aknilten “onların böyük qardaşları”, qaçatin “götürdülər”), hunāt “qızlar”
sözündə, braŋgat, buldet tayfa adlarında görünür. Mancur dilində -ta/-te cəm şəkilçisi var: amata “atalar”, amcita “əmilər”.
4. -l şəkilçisi. Tunqus-mancur dilləri üçün səciyyəvidir: qūlel “evlər” (evenk), dukul “evlər” (orok). Qədim monqol
dilində də işlənmişdir: kimul “dırnaqlar”, daba al “dağ keçidləri”. Müasir monqol dillərində -tşūl cəm şəkilçisinin tərkibində
mövcuddur: bagatşūl “uşaqlar” (xalxa). Türk dillərində bu şəkilçi bəzi sözlərin (ükil~üküş “çox, çoxluq”) və şəkilçilərin (-lar)
tərkibində işlənir. Tarixən birinci şəxsin cəmində işlənmiş -alım/-älim şəkilçisinin tərkib hissələrini belə göstərmək olar: -a
(arzu şəkli göstəricisi)+ -l (cəm şəkilçisi)+ -ım (birinci şəxs şəkilçisi). Ayaq, bilək kimi sözlərdə -q/-k şəkilçisinin cəm şəkilçisi
kimi götürülməsindən çıxış edərək, yenə onlar kimi cüt məfhumları ifadə edən əl, qol sözlərindəki -l elementini də cəm şəkil-
çisi hesab etmək olar. Başqa bir fikir isə türk dillərində çoxluq da bildirən -ş şəkilçisinin tunqus dillərindəki -l şəkilçisinə uy-
ğunluğudur (lambdaizm hadisəsinə görə digər Altay dillərindəki l samitinə türk dillərində ş uyğun gəlir). -ş şəkilçisinin çoxluq
bildirməsinə bunları misal göstərmək olar: yış“meşəli dağ” – yı “ağac”, ödüş “sutkanın vaxtları” – öd “vaxt”, oğuş “qəbilə”.
5. -s şəkilçisi. Monqol dilləri üçün səciyyəvidir: kilince “günah” – kilinces, yeke “böyük” – yekes (qədim monqol).
Tunqus dillərində -sa topluluq bildirir: mōsa “meşə”. Mancur dilində -sa/-se/-so, -si cəm şəkilçisi işlənir: abakan “böyük” –
abakasi “böyüklər”. Türk dillərində qədim şəkilçilərdən biri kimi göstərilir. Bir neçə tayfa adının tərkibində qalmışdır:
ışbaras, töläs, tardus(ş), türgäs(ş)~türgis(ş). Üçüncü şəxs mənsubiyyət şəkilçisini bununla əlaqələndirsələr də, bu düzgün
deyil, çünki həmin şəkilçi cəmlik bildirmir. Digər tərəfdən, s samitli variantın yalnız saitlə qurtaran sözlərə artırılmasına
əsaslanaraq demək olar ki, s bitişdirici samitdir.
İkinci qrup şəkilçilər mürəkkəb şəkilçilərdir. Bunlar bir neçə şəkilçinin birləşməsindən yaranmışdır və bu dillərin
inkişafının sonrakı dövrünə aid edilir. Bunlara türk dillərindəki -lar (-l+-ar), monqol dillərindəki -nar (-na+-r), -nad (-na+-
d), -nuğūd (-nu+-ğud), tunqus dillərindəki -sal (-sa+-l), -nasal (-na+-sal) şəkilçilərini misal göstərmək olar. Monqol
dillərində işlənən -nar şəkilçisi də qədim türk dilindəki -lar şəkilçisi kimi yalnız insan məfhumu bildirən sözlərə
artırılmışdır: axanar “böyük qardaşlar”. -sal şəkilçisinin izini türk dillərində də görmək olar: qumsal “qumluq yer”.
Altay dillərində cəm şəkilçiləri (xüsusi adlara artırıldıqda) “o və başqaları”, “o və onun kimilər” mənalarını da ifadə
edir. Məsələn, annemler, teyzemler (türk), nökör Sükebağāturnar “yoldaş Süxebatar və başqaları” (monqol). Yapon
dilindəki –taçi şəkilçisi də oxşar məna bildirir.