AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ
MƏTN ÜZƏRİNDƏ İŞİN TƏŞKİLİ YOLLARI
Aygün ZAMANOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aygun_zaman@mail.ru
Hər hansı bir fikri tam ifadə etmək, müəyyən hadisəni bütövlükdə nəql etmək və ani bir mənzərəni ətraflı təsvir etmək
üçün söz və cümlə ilə müqayisədə mətn daha geniş imkanlara malikdir. Mətn mühüm linqvistik anlayış olub aşağıdakı
xüsusiyyətlərə görə səciyyələndirilir:
• mətn fikir bitkinliyi ifadə edir;
• giriş, əsas və nəticə olmaq üzrə müstəqil hissələrə ayrılır;
• şifahi və yazılı şəkildə ifadə oluna bilir;
• müxtəlif yanrları əhatə edə bilir.
• nəqli, təsviri və mühakimə xarakterli olur.
Mətndə danışanın təsvir olunan obyektə, nəql edilən hadisəyə və irəli sürülən mülahizəyə münasibəti də aydın əks
olunur. Mətnin qeyd edilən hissələri, xüsusən abzasları arasında məntiqi və qrammatik bağlılıq olmalıdır ki, bu da verilən
məlumatın dinləyiciyə (oxucuya) daha asan və anlaşıqlı çatmasına xidmət edir. Hər hansı bir dilin linqvistik mahiyyəti, yəni
səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu məhz mətn vasitəsilə müəyyənləşə bilir. Mətn təlim prosesində həm elmi,
həm də didaktik materialların ən optimal verilmə formasıdır.
Şagirdlərin nitq və linqvistik bacarıqlarının hansı vasitələrlə formalaşdırılması Azərbaycan dili təliminin başlıca
məsələlərdəndir. Uzun illər dil materialı kimi söz və cümlələr üzərində iş aparıldığından gözlənilən nəticələr təlim prosesin-
də reallaşdırıla bilmirdi. Lakin mətnə məxsus xüsusiyyətlər onu əsas dil vahidi kimi götürməyə imkan yaratdı. Məzmun və
struktur bütövlüyü ilə səciyyələnən mətn həm də linqvistik bacarıqların kompleks inkişafı üçün səmərəlidir.
Azərbaycan dili dərslərində mətn üzərində iş məzmun və onu təşkil edən linqvistik elementlərin qavranılması
məqsədilə aparılır. Məzmun üzərində aparılan iş vasitəsilə aşağıdakı bacarıqların formalaşmasına nail olmaq mümkündür:
1) verilmiş mətnin mövzusunu və burada nəzərə çatdırılan əsas ideyanı müəyyənləşdirmək;
2) mətndə fikir daşıyıcısı olan açar sözləri seçmək;
3) tanış olmayan sözlər üzərində iş aparıb lüğəvi mənasını aydınlaşdırmaq;
4) mətnə yeni başlıq seçmək və onun məzmununu müvafiq hissələrə (giriş. əsas hissə, nəticə) ayırmaq;
5) mətnin planını tutub məzmununu danışmaq;
6) mətnə yaradıcı yanaşıb onu yeni sonluqda tamamlamaq;
7) mövzuya uyğun əlavə mənbələrə istinad edib inşa yazmaq və s.
Ümumtəhsil məktəblərində aparılan Kurikulum islahatı əsasında hazırlanmış müasir dərsliklərin təhlili və yaradıcı
müəllimlərin iş təcrübəsi göstərir ki, bədii və elmi-kütləvi səpkidə yazılmış mətnlər üzərində iş şagirdlərin rabitəli nitq
vərdişlərinin formalaşmasında və ünsiyyət bacarıqlarının inkişafında başlıca amil rolunu oynayır. Bu mətn nümunələri
təlimə maraq hissini gücləndirir, şagirdlərin həyat hadisələrini dəyərləndirmək, konkret hadisə ilə bağlı şəxsi mövqe
nümayiş etdirmək qabiliyyətlərinə müsbət təsir göstərir.
Dil dərslərində mətn üzərində iş yalnız məzmunun qavranılması və bu əsasda kommunikativ bacarıqların yaranması və
inkişafı ilə yekunlaşmamalıdır. Şagirdlərin idraki qabiliyyətlərinin mühüm komponenti sayılan linqvistik bacarıqlarının
mərhələ-mərhələ sadədən mürəkkəbə, asandan çətinə doğru inkişafı da bu proseslə paralel olaraq həyata keçirilməlidir. Bunun
üçün şagirdin linqvistik təfəkkürünün formalaşmasına xidmət edən aşağıdakı üsullara müraciət olunması məqsədəuyğun sayılır:
-
konkret dil fakt və hadisəsi ilə bağlı şərhli məlumatların verilməsi;
-
mübahisəli məsələlərin müzakirə olunmaqla açıqlanması;
-
tanınmış dilçi alimlərin elmi əsərlərinə müraciət olunması;
-
dil haqqında yaradıcı inşaların yazdırılması.
Mətn üzərində iş həmin biliklərin praktik tətbiqinə imkan açmaqla şagirdlərdə ən zəruri linqvistik bacarıqların
yaranması, möhkəmlənməsi və dərinləşməsi ilə nəticələnir. Məqsədyönlü və intensiv şəkildə aparılan bu işlər fonetik,
leksik, qrammatik təhlil nümunələri vasitəsilə ayrı-ayrılıqda aparıla bilindiyi kimi, kompleks şəkildə də təşkil oluna bilir.
Ümumiyyətlə, mətn üzərində aparılan işlər təlim prosesində şagirdlərin idraki fəallığına zəmin yaratmaqla yanaşı,
bədii-estetik zövqlərinin sinifdən-sinfə keçdikcə yüksəlməsini təmin edir.
|