TABU SÖZLƏRİN FONO-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Sahilə İBRAHİMOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
sahila.ibrahimova@yahoo.com
Tabu-insan davranışlarının müəyyən hal və vəziyyəti ilə əlaqədar olaraq müqəddəs və ya toxunulmaz hesab edilən çox
güclü sosiyal qadağalara deyilir. Tabu terminini ingilis kapitanı J. Kuk, 1777-ci ildə Tonqa adasında təsbit etmişdir. Sakit
okean səyahətlərini məruzə edərkən «tabu» kəlməsini işlətmiş və ondan sonra bu söz Avropa etnoqrafçıları tərəfindən geniş
araşdırılmışdır.
Avropa andropoloqu G.J.Freyzer tabunu ümumbəşəri dini kateqoriya kimi tədqiq etmişdir. Ona görə tabu, qədim
mədəniyyətlərdən dini və sosial cəmiyyətin təməlidir. R. Maret tabunu sözlərin, məfhumların neqativ mənalarını ifadə edən
termin kimi xarakterizə edirdi. Müasir Totemizm elmində çevrilişlər edən K.Levi Strauza görə tabu simvolik bir sistemdir.
V. Vundit, tabunu bəşəriyyətin «bəşəriyyətin ilk yazılmamış qanunu» kimi qiymətləndirmiş və bəşəriyyətin ilk cəza
sisteminin də bu tabuya uyğun olaraq həyata keçirildiyini irəliyə sürmüşdür.
Ziqmund Freydin «Totem və Tabu» adlı kitabında isə tabu sözü belə izah olunur: «Tabu «Polineziya dilində istifadə
edilən bir sözdür. Bu sözün bir-birinə zidd iki mənası var. Bir mənası «müqəddəs», daha doğrusu «müqəddəsləşdirilmiş»-
dir. Digər mənası isə «qorxunc, təhlükəli, çirkli, qadağan» anlamını daşıyır. Bu sözün məna dərinliyi içində «sirr» və «təyin
oluna bilməyən güc» anlayışları da var.
Beləliklə də XIX əsrin sonu, XX əsrin əvvəllərində tabu dinlərdən əvvəlki inanc sistemi kimi qəbul edilmiş müasir
dövrümüzdə isə mövhümatla bağlı hər bir xalqın mental xüsusiyyətlərinə görə dəyişən kəlmə mənasını ifadə etməkdədir.
Məsələn: polineziyalılarda ruhlara aid bütün müqəddəs şeylərdən, başçılara və kahinlərə məxsus əşyalardan istifadə etmək
qadağan idi. Mövhumi təsəvvürlərə görə, tabunun pozulması guya fövqəltəbii qüvvələr tərəfindən cəzalandırılırdı. Tabu
insan həyatının mühüm sahələrini tənzimləyirdi.Totemizmlə bağlı olan tabu ehtimal ki, fərdin davranışını kollektivin
mənafeyinə tabe etmək təlabatı ilə əlaqədar yaranmışdır. Tabunun qalıqları müasir dinlərdə də mövcuddur.
Dilçilikdə dini etiqad, mövhumat, kobud ifadə işlədilməsi qorxusu və s. ilə əlaqədar qadağan olunmuş sözlərə tabu
sözlər deyilir. Belə ki, bəzi qədim tayfalarda ölümün, xəstəliklərin, bütlərin, ruhların və s. adını çəkmək yasaq sayılırdı.
Əxlaq normalarına zidd sözlər də tabuya daxildir. Tabuları əvəz etmək məqsədilə evfemizmlərdən istifadə olunur.
Ziya Göyalpın bildirdiyinə görə qədim türklərdə tabu məfhumu «Qoruğ» sözü ilə ifadə olunurdu. Bu soz «qor»
kəlməsindən yaranmışdır və «qorumaq» felindən gəlir. Türk xalqlarının inanclarında–şamanizm və mifologiyasında tez-tez
təsadüf edilən bu qadağalara Koru və ya Korı də deyilir.
|