MİSİRDƏ TÜRK ŞAİR: BƏRDƏLİ ŞEYX İBRAHİM GÜLŞƏNİ VƏ ƏRƏB DİVANI
Fəridə ƏLİYEVA
Qafqaz Universiteti, Qafqaz Araşdırmalar İnstitutu
feliyeva@qu.edu.az
XV əsrdə Azərbaycan ərazisində Seyid Yəhya Bakuvinin məktəbilə yenidən dirçəlmiş Xəlvətiyyə sufi cərəyanı
ümumtürk və islam tarixinə dəyərli şəxsiyyətlər qazandırmışdır. Bunlardan Seyid Yəhyanın müridi, Xəlvətiyyənin
Rövşənilik qolunun piri Aydınlı Dədə Ömər Rövşəninin müridi Şeyx İbrahim Gülşəni (H.826-940) xüsusi yerə malikdir.
Bərdədə, yaxud Diyarbəkirdə dünyaya gəlmiş şeyx-şair ömrünün gənclik çağlarını Sultan Həsənin hakimiyyəti dövründə
Təbrizdə keçirmiş, son otuz ilini isə Misirin Qahirə şəhərində yaşamışdır. Yüz ildən artıq ömür sürmüş İbrahim Gülşəninin
türk, fars və ərəb dillərində yazdığı hələ ki təsbit edə bildiyimiz 13 əsəri üzə çıxarılmışdır. Gülşəninin özü haqqında
məlumat verən bir çox mənbədə əsərləri haqqında da bilgilər verilmişdir. İlk qaynaq olaraq Muhyi Gülşəninin (v:
1017/1608-dən sonra) “Mənaqibi-İbrahim Gülşəni”si və Vassaf Hüseynin (1872-1929) “Səfineyi-evliyayi-
əbrar”ına baxıldıqda əsərlərin adları çəkilməklə yanaşı müsvəddə halında da minlərlə beyt və nəsrindən bəhs edilir. Ərəb,
fars və türk dillərində yazmış Gülşəninin Misir həyatından ərəb dilində bir divan qalmışdır. Bu divanı Xəlil təxəllüsü ilə
yazmışdır.
Dissertasiya mövzusu olaraq tədqiqata cəlb etdiyimiz divanın hələ ki təsbit və əldə etdiyimiz iki nüsxəsi mövcuddur.
Bunlardan biri Təhsin Yazıçının bu divanın yeganə nüsxəsi olaraq qeyd etdiyi Ankara Universiteti Dil, Tarix, Coğrafiya
fakültəsi kitabxanasında saxlanılan kitabçı Cevat Purdan satın alınmış nüsxə - Üniversite A421 şifrəli daha sağlam
əlyazma, digəri isə Azadə Musabəylinin səyləri nəticəsində ilk dəfə olaraq AMEAƏlyazmalar İnstitutunda B-778 şifrəli
əlyazmada Rövşəninin divanı ilə birlikdə üzə çıxarılmış nisbətən natamam nüsxədir. Qeyd edək ki, Gülşəni ərəbcə
divanında Xəlil təxəllüsünü istifadə etmişdir. Əlyazmalar İnstitutundakı B-778 şifrəli əlyazma natamamdır, baş və son
qismləri yoxdur, Rövşəni divanı ilə birlikdə yer aldığı əlyazma kitabında 1a-31b vərəqlərini ehtiva etmişdir.
On min misralıq divanda yer almış nəzm nümunələri məsnəvi, qəzəl və dördlüklər şəklindədir. Himmet Konur
Gülşəninin düşüncələrini bəlli bir sistem daxilində təqdim etməyə çalışan bir filosof olmadığını, lakin özündən öncəki
mütəsəvviflərin sistemləşdirdiyi vəhdəti-vücud görüşünü mənimsədiyini yazır. Tədqiqatçının Gülşəninin türkcə divanı
|