II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
440
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
XIX ƏSRİN II YARISI – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCANDA AÇILAN QIZ MƏKTƏBLƏRİ
Rəşidə ZEYNALOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
rashida.8212nz@gmail.com
XIX əsrin II yarısında Azərbaycan Bakıda neft emalının qızğın surətdə inkişafı ilə əlaqədar kapitalist münasibətlərinə
qədəm qoydu. Bununla əlaqədar iqtisadiyyat, mədəniyyət, ticarət, nəqliyyat, tibb və s. sahələri üzrə surətli inkişaf prosesi
getməyə başladı. Azərbaycan Rusiya imperiyasının tərkibində olduğundan iqtisadiyyat və mədəniyyət sahəsində gedən
inkişaf prosesi onunla qırılmaz vəhdətdə baş verirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində ziyalı və işgüzar qadın məsələsi dövrün həll edilməsi lazım olan siyasi və ictimai
bir problem idi. Qadının maarifləndirilməsi, onun ictimai mövqe tutması həm Şərq, həm də Qərb ölkələri üçün qabaqcıl
məsələlərdən idi. Cəmiyyətin tam inkişafını və tərəqqisini bu məsələnin həlli olmadan təsəvvür etmək mümkün olmazdı.
Çünki millətin gələcək fəaliyyəti və inkişafı qadının verdiyi tərbiyədən və aşıladığı keyfiyyətlərdən çox asılıdır.
Zaqafqaziyada qadın təhsilinin tarixi əsasən XIX əsrin 30-cu illərindən başlayır. Açılan qapalı məktəblərdə əsasən
zadəgan təbəqəsinə məxsus insanların övladları oxuya bilərdilər. Zaqafqaziyada açılan ilk qız məktəbləri Azərbaycanda
açılan “Müqəddəs Nina”, “Müqəddəs Repsima” Qadın Xeyriyyə cəmiyyətlərinə məxsusdur. Əsasən rus qızları üçün nəzərdə
tutulmuş “Müqəddəs Nina” qız məktəbləri Zaqafqaziyada qadın təhsili müəssisələrinin yaranmasında böyük rol oynamışdır.
İbtidai-ali təhsil verən bu məktəblər sonralar beşsinifli və yeddisinifli məktəblərə çevrilmişdir. Yeddisinifli məktəblərdə
ilahiyyət, rus dili, riyaziyyat, hüsnxətt, əl işi, yerli dil, rəqs, nəğmə, rəsm, fransız dili, alman dili, tarix, coğrafiya, təbiət
keçilirdi. Beşsinifli məktəblərdə isə fənlərin sayının az olmasına baxmayaraq əlavə olaraq burada pedaqogika fənni tədris
olunrdu. Bu məktəblərdən ilki 1830-cu ildə Tiflisdə açılmış “Nücabə” qızlar pansionu olmuşdur. On il sonra pansion qız
institutuna çevrildi. 1846-cı ildə “Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyəti burada daha bir məktəb açdı. 1848-ci ildə
həmin cəmiyyət “Müqəddəs Nina” qız məktəbini yaratdı. 1850-ci ildə İrəvanda fəaliyyət göstərən “Müqəddəs Repsima”
qadın xeyriyyə cəmiyyətinin qız məktəbi fəaliyyətə başladı. Burada 21 nəfər şagird təhsil alırdı. Onlardan 13 nəfəri erməni,
5 nəfəri rus, 3 nəfəri azərbaycanlı idi. Həmin qızlardan 13 nəfəri xeyriyyə cəmiyyətinin hesabına təhsil alırdı. 1848-ci ildə
Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbində 24 nəfər qız təhsil alırdı, ancaq bunlardan azərbaycanlılar sayca çox az
idi. 1859-cu ildə həmin məktəb Bakıya köçürüldü və siniflərin sayı böyüdü. 1874-cü ildə məktəb gimnaziyaya çevrildi.
“Müqəddəs Nina” Qadın Xeyriyyə cəmiyyətinin Azərbaycanda ikinci məktəbi 1885-ci ildə Gəncədə açdığı qız məktəbi
idi. 1889-cu ildə məktəb progimnaziya kimi fəaliyyət göstərməyə başladı. 1864-cu ildə Xeyriyyə cəmiyyətinin Zaqatalada
açdığı pansion səciyyəli təhsil ocağında 16 nəfər qız oxuyurdu. Şuşada 1877-ci ildə Xeyriyyə cəmiyyəti tərəfindən qız
məktəbi açılmışdır. Burada 40 nəfər qız təhsil alırdı. Məktəbdə 3 əsas və bir hazırlıq sinfi vardı. İlahiyyət, rus dili, hesab,
həndəsə, vətən coğrafiyası, təbiyyat, yerli dil, rəsmxət, hüsnxət, əl işi, nəğmə dərsləri keçilirdi. 1893-cü ildə qızların sayı 72
nəfərə çatmışdı. 1894-cü ildə bu təhsil ocağı dördsinifli və bir hazırlıq sinfi olan Şuşa Marinskaya qız məktəbinə çevrildi.
Marinskaya tipli məktəblər daha təlim-tərbiyə işləri daha yüksək səviyyədə təşkil olunmuşdur, proqram və metodikası
progimnaziya qaydalarına uyğun aparılırdı. Ancaq belə tip məktəblərin yaradılması böyük çətinliklərlə nəticələndi. Belə ki,
XIX əsri 90-cı illərində Gəncə quberniyasında yaradılması irəli sürülən Marinskaya qız məktəbinin açılması üçün
yazışmalar 1901-ci ildə Maarif nazirliyi tərəfindən qadağa ilə nəticələndi. Zaqatalada da irəli sürülən bu təklif həyata
keçmədi.
Bakı Marinskaya qadın gimnaziyasının fəxri himayəçisi, xeyriyyəçi və messenant H.Z.Tağıyev 1901-ci ildə Bakı
Aleksandriskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu onun maarif sahəsindəki fəaliyyətinin tacı
sayılır. H.Z.Tağıyev məktəbə Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanı direktor təyin etdi. Tağıyev
məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa imkan verdiyi görkəmli qadın maarifçilərin
adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım
Şaxtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova,
Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanı xanım Şabanova, Səkinə xanım Axundzadə (ilk qadın
dramaturq, yazıçı). Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya,
təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi.
1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli açılışı oldu. Bu, Şərqdə müsəlman
qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz
məktəbli, 15 nəfər isə ildə 100 rubl ödəməklə gəlib-gedən tələbə qəbul etdi. Qızlar Zaqafqaziyanın hər yerindən, Şimali
Qafqazdan qəbul olunurdu. Tağıyev məktəbi 1918-ci ilə kimi mövcud oldu və böyük sayda təhsilli intellektual şəxsiyyətlər
pleyadası yaratdı. Artıq 1906-cı ildə bunabənzər məktəb Tiflisdə açıldı. Sonradan İqlimə xanım Əliyeva və Mədinə xanım
Qiyasbəyli Balaxanıda və Qazaxda öz məktəblərini açdılar, Qubada, Lənkəranda, Dərbənddə, Naxçıvanda, İrəvanda da bu
tipli qız məktəbləri meydana gəldi.
|