SABİR AZƏRİ NƏSRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK MƏSƏLƏSİ
Gülşanə XUDİYEVA
Azərbaycan Dillər Universiteti
email_me@mail.ru
Milli özünüdərk problemi ədəbiyyatda bir neçə şəkildə təzahür edə bilər. Bu mənada tarixi mövzulara müraciət, folklor
motivlərindən istifadə və s. xarakterikdir. Yazıçı tarixi mövzuya müraciət etməklə xalqın qəhrəmanlıq tarixini əks etdirə
bilir. Oxucuya süni şəkildə unutdurula bilən keçmişi xatırladır. Bu əsərlərdə əks olunan tarixi dövr və hadisələr oxucunu öz
dövrünün hadisələrinə daha gözüaçıq yanaşmağa sövq edir.
Sabir Azərinin “Duman çəkilir” povesti XX əsrin əvvəllərində sovet hakimiyyətinin yeni qurulduğu dövrdə
Azərbaycan kəndində baş verən hadisələri əks etdirir. Cəmiyyətin təlatümlü dəyişiklik və ya böhran dövrləri bədii ədəbiyyat
üçün daim zəngin mövzu qaynağı olmuşdur. Bu povestdə müəllif sovet hakimiyyətinin bir sinif kimi məhv etdiyi bəylərin
yaşadığı faciəni əks etdirməyə və yeni qurulan cəmiyyətin kin və nifrətlə yoğrulduğundan mahiyyət etibarilə çürük
olduğunu aydınlaşdırmağa cəhd göstərir. Bu cəhd sovet yazıçısı üçün cəsarətli addım idi. Sabir Azərinin bu əsəri milli
kimlik ştrixləri üzərində yazılıb.
Əsərin əsas qəhrəmanı Cəlil bəy müsbət planda təqdim olunan qəhrəmandır. Cəlil bəy obrazı hökumətin
manqurdlaşdırma siyasətinə qarşı yazıçının nümayiş etdirdiyi etiraz və müqaviməti idi. Ədəbi tənqid həmin dövrdə bu obraz
haqqında kifayət qədər geniş və müsbət fikir səsləndirmədi. Yazıçının daha çox sosial ictimai problemlərə toxunan əsərləri
təhlil olunur və ya “Duman çəkilir” povestinin ümumi sənətkarlıq xüsusiyyətləri, mövzunun bədii həlli və s. haqda söz
açılsa da Cəlil bəy obrazının milli xarakter kimi işlənməsi və obrazın simvolik yükü haqqında qeyd olunmur.
|