Torpaq və bitki örtüyü. Omanın torpaq örtüyü, fauna və
florasını isti və quraq iqlim formalaşdırır. Qışda yağıntılar yağan vaxt
səhra, yabanı acı qarpız tağları və dəvələrin çox sevdiyi qırmızımtıl
kolluqlarla örtülür. Bəzi vadilərdə ilb adlanan qollu-budaqlı ağaclara
da rast gəlmək olur. İlbin oduncağından tikintidə istifadə edilir,
albalıya oxşar qırmızı rəngli meyvələri yeyilir, yarpaqları isə keçilər
üçün yemdir. Ölkədə Vadi-Serin adlanan təbii qoruq yaradılmışdır.
Omanın sahil sularında sənaye əhəmiyyətli qiymətli balıqlar (tunets,
makrel, sardin, köpək balığı), başayaqlılar (kalmar, iblis),
buğumayaqlılar (lanqust, krevet) və s. vardır.
Omanın təbii landşaftı pozulmağa daha tez məruz qaldığından
son illərdə ölkənin ekoloji durumunun tarazlığına, ətraf mühitin
mühafizəsinə diqqət artırılır. Təbii landşaftı qorumaq üçün ölkənin
bəzi bölgələrində qoruqlar salınsa da, amma bu işlər lazımı səviyyədə
inkişaf edə bilməmişdir.