1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqeyi. Ərəbistan yarımadasının cənub-şərqində
yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən
Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası
ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212
min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası
dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri
qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman
sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə de-
markasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd
mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və
gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur.
Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan də-
nizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi
strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin
dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalan-
mışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta
əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi
Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır.