İnformasiya cəmiyyətinində təhsilin xüsusiyyətləri. İnformasiya cəmiyyətində mövcud biliklər sürətlə köhnəlir və yeniləri ilə əvəz olunur. Bu da informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədardır. Ona görə də bir dəfə ali təhsil almaqla ömürboyu bacarıqlı mütəxəssis kimi çalışmaq mümkün deyil. Ömürboyu ali təhsil almaq da qeyri-mümkündür. Ona görə də hər bir mütəxəssis müstəqil şəkildə daim öz biliklərini artırmağı, yenilikləri çevik şəkildə mənimsəməyi, özünü təkmilləşdirməyi bacarmalıdır. İnformasiya cəmiyyətində tələbəyə müstəqil öyrənmə, daim biliklərini artırmaq bacarığını aşılamaq lazımdır.
İnformasiya cəmiyyətində təhsilin xarakterik xüsusiyyətləri bunlardır:
çeviklik (tələbənin özü üçün münasib olan vaxtda, yerdə və tempdə məşğul olmaq imkanı, fənnin öyrənilməsi üçün konkret vaxtın müəyyən edilməməsi);
modulluq (müstəqil tədris kursları dəstindən – modullardan fərdi və qrup tələbatlarına uyğun tədris planı hazırlamaq imkanı);
paralellik (iş yerindən ayrılmadan, paralel olaraq təhsil almaq imkanı);
əhatəlilik (çoxlu sayda tələbənin eyni vaxtda bir çox tədris informasiyasına (e-kitabxana, verilənlər bazası, bilik bazası və s.) müraciət etmək, İnternet vasitəsilə tələbələrin bir-birləri və müəllimlərlə ünsiyyət qurmaq imkanı);
qənaətcillik (tədris obyektlərindən və infrastrukturundan, texniki vasitələrdən, nəqliyyat vasitələrindən istifadə, dərs vəsaitlərinin çap edilməsi xərcələrinə qənaət);
texnolojilik (tədris prosesində informasiya-kommunikasiya texnologiya-larının ən yeni nailiyyətlərindən istifadə imkanı) ;
sosial bərabərlik (yaşayiş yerindən, sağalamlıq vəziyyətindən, maddi təminatından asılı olmadan hər kəsin təhsil alması üçün bərabər imkanların yaradılması);
beynəlmiləlçilik (təhsil xidmətləri bazarında dünya təhsil nailiyyətlərinin ixracı və idxalı).