Ümumiləşdirmə
Ümumiləşdirmə metodu vasitəsilə bir neçə obyektin ümumi cəhətləri
bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı”
və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir.
Obyektlərin ümumi cəhətləri onların analiz və müqayisə
olunması nəticəsində əldə olunur. Ümumiləşdirmə metodu xüsusi
məfhumdan ümumi məfhuma yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi
bir məntiqi əməliyyat kimi onun həcminin genişlənməsi, məzmunun
isə daralması ilə xarakterizə olunur. Bu əməliyyat eyni zamanda
məfhumun konkretliyinin azalmasına da səbəb olur. Məsələn, “Azərbaycanın
ictimai fikir tarixində tolerantlıq ideyaları” məhfumunun
ümumiləşdirilməsindən alınan “Azərbaycanın ictimai fikir tarixi”,
“İctimai fikir tarixində tolerantlıq ideyaları” və s. məhfumlar məzmun
və konkretlik baxımından verilmiş məfhumdan aşağıdadır. Lakin buna
baxmayaraq yeni alınmış məfhumlar tədqiq olunan obyektin mahiyyətinin
açılması istiqamətində atılan mühüm bir addımdır. Çünki yeni bir
məfhumun mahiyyətini müəyyən edərkən atılan ilk addım onun ümumiləşdirilməsidir,
yəni verilmiş məfhumu həcm baxımından daha geniş
məfhumun həcminə daxil edilməsidir. Məsələn, “multikultural təhlükəsizlik”
məfhumunu dərk etmək üçün biz ilk növbədə onu ümumiləşdirmə
metodu vasitəsilə həcm baxımından daha geniş məfhum olan
“təhlükəsizlik” məfhumunun həcminə daxil edirik. Bu isə bizdə “multikultural
təhlükəsizlik” məfhumu haqqında müəyyən fikrin yaranmasına
səbəb olur.
Ümumməntiqi metodlardan müşahidə, müqayisə, ölçü və eksperiment
empirik tədqiqata aid olduqları halda, induksiya və deduksiya,
analiz və sintez, abstraktlaşma və ümumiləşdirmə empirik tədqiqatlarla
yanaşı, nəzəri tədqiqatlara da aiddir.
Dostları ilə paylaş: |