Təlimin şüurluluq və müstəqillik prinsipi tələbədə gerçək aləmə, elmi biliklərə, nəzəriyyə və konsepsiyalara şəxsi, subyektiv yanaşma tərzinin formalaşdırılmasında təzahür edir. Bu prinsip təhsil alanlara refleksiya (refleksis-əks etmə, inikas deməkdir. Refleks – orqanizmin xarici və daxili mühitin qıcıqlarına mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cəld cavabdır) qabiliyyətinin inkişaf etdirilməsinin yolu ilə mövcud təlim stereotiplərinin (yunanca stereos-bərk, möhkəm, tipos-iz, şəkil deməkdir. Stereotipiya iki sözün birləşməsindən əmələ gəlib. Stereotip – eyni bir psixi fəaliyyət aktının təkrar edilməsinə meyl göstərməkdir) aradan qaldırılmasını tələb edir.
Təlimdə şüurluluq və fəallıq formalizmə, əzbərçiliyə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. Formalizm, əzbərçilik beyni şikəst edir, fikir süstlüyü doğurur, zehni inkişafa mane olur.
Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: biliyin başa düşülməsi, düzgün (həm də insanın öz səsləri ilə) ifadə olunması, onun tətbiqi, yeni fakt və misalların tapılması, biliyin yoxlanılması və səhvlərin düzəldilməsi.
Şüurluluq fəallıqla sıx bağlıdır: təlimə şüurlu yanaşan tələbə həm də fəal olur. Fəallıq qarşıda duran təlim vəzifələrinin uğurlu icrası üçün tələbənin səy göstərməsində ifadə olunur. Fəallığın daxili (zehni) və zahiri (əməli) cəhətləri ayırd edilir. Zehni fəallıq tələbənin zehni məsələlərin həllində, əməli fəallıq isə müxtəlif növ praktik işlərin, çalışmaların icrasında özünü göstərir.
Şüurluluq və fəallıq tələbənin müstəqilliyi ilə sıx bağlıdır: müstəqillik şüurluluğun və fəallığın yüksək təzahür formasıdır. Müstəqillik müəllimin bilavasitə köməyi olmadan tələbənin müəyyən zehni və əməli məsələləri, problemi öz gücü ilə həll etməsində ifadə olunur. Bu zaman tələbə təlimə səylə yanaşır, təşəbbüskarlıq və fəallıq göstərir.
Ali məktəbdə təlim prosesində şüurluq prinsipinin iki aspekti diqqəti cəlb edir:
-təlim fəaliyyətinin şəxsi məna kəsb edən motivlərinin dərk edilməsi;
-təlim informasiyasının peşə-ixtisas əhəmiyyətinin dərk edilməsi.
Şüurluluq prinsipi ilə dialektik vəhdətdə olan müstəqillik prinsipi aşağıdakı tələbləri reallaşdırmağa imkan verir:
-idrak fəallığı vasitəsilə təhsil alanların intellektual qabiliyyətləri aşkarlanır;
-özünütəhsil prosesi üçün əlverişli şərait yaranır;
-təhsil alanlar elmi-tədqiqatçılıq fəaliyyətinə cəlb olunur;
-tədris və elmi problemlərin fərdi həlli yolları tapılır.
Dostları ilə paylaş: |