Mövzu 2. Azərbaycan Respublikasında təhsil sistemi
Plan:
Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı.
Ali məktəbin fəaliyyət istiqamətləri
Azərbaycan Respublikasının Təhsil Qanunu və təhsil sisteminin prinsiplərti
Təhsil sisteminin quruluşu.
Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi.
1.Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı
Təhsil sistemi – hakimiyyət orqanlarının rəhbərliyi ilə ölkə daxilində qarşılıqlı asılılıq və ardıcıllıqla fəaliyyət göstərən təhsil – tərbiyə müəssisələrinin kompleksindən ibarət mürəkkəb bir təsisatdır. Təhsil, tərbiyə və inkişaf kateqoriyaları bir - biri ilə vəhdətdə təhsil sistemi daxilində həyata keçirilir.
Azərbaycanda ali təhsilin tarixi çox qədim olub, X əsrə təsadüf edir. Bu dövrdə islam dininin təsiri ilə iki pilləli – orta və ali təhsil verən mədrəsələr yaranmağa başlayır. İlk mədrəsələr Təbrizdə, Bağdadda, Dəməşqdə yaranmışdır (Beyhəqiyyə, Sədiyyə, Nizamiyyə mədrəsələri). Azərbaycan ərazisində ilk mədrəsələr Marağada, Naxçıvanda, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərmişdir. XII əsrdə mədrəsə təhsili almış bir çox mütəfəkkirlər yetişmişdir (Əbül Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Xətib Təbrizi və b.). Onların bir çoxu mədrəsə və akademiyalarda müəllimlik etmişlər.
XVII əsrdə mədrəsələrin şəbəkəsi xeyli genişlənir. Səfəvilər sülaləsi şiəliyi yaymaq üçün iri mədrəsələr açırdı. Təbrizdə 47, Şamaxıda 7 belə mədrəsə olmuşdur.
XIX əsrin əvvəllərində Şimali Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra ənənəvi məktəb və mədrəsələrlə yanaşı, yeni tipli məktəblər – qəza məktəbləri, müsəlman məktəbləri də fəaliyyət göstərirdi. Belə məktəblər üçün müəllim kadrları hazırlığına başlandı. 1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təsis edildi. Bu işdə Görkəmli maarifçi M.F.Axundzadənin böyük xidmətləri olmuşdur.
Üç ildən sonra – 1879-cu il sentyabrın 23-də ZMS nəzdində ayrıca bir şöbə – Azərbaycan şöbəsi yaradıldı.
ZMS-ninAzərbaycan şöbəsi fəaliyyət göstərdiyi 40 il ərzində 250-dən artıq müəllim kadrları hazırlamışdır.
Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən A.O.Çernyayevski şöbənin inspektoru təyin olundu.Seminariyada Azərbaycan dilinin tədrisi tarixində onun böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün tərtib etdiyi "Vətən dili" dərsliyində bir pedaqoq kimi ən yararlı materialları seçmiş, atalar sözündən, tapmacalardan, zərbi-məsəllərdən istifadə etmiş və seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab təkcə seminariyada deyil, ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. Kitabı tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr etdirmişdi. O, "Vətən dili" kitabında Azərbaycan atalar sözlərindən, tapmacalardan, zərbi-məsəllərdən, şairlərin şeirlərindən parçalar vermişdi.
Seminariyaya ilk qəbul olunanlar sırasında S.Vəlibəyov, F.Köçərli. R.Əfəndiyev və b. var idi. Seminariyanın məzunları içərisində C.Məmmədquluzadə, S.S.Axundov, N.Nərimanov, R.B.Əfəndiyev, F.B.Köçərli, Ü.Hacıbəyli, M.Maqomayev və b. kimi tanınmış elm, ədəbiyyat, incəsənət, dövlət xadimləri, pedaqoqlar vardır.
1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.
Məşədi İbrahim adlı işıqlı, xalqının balalarını maarifləndirmək arzusu ilə yaşayan ziyalı insan 17 otaqlı mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Özü isə doğma kəndi Kosalara köçüb ömrünü oradakı evində başa vurur. Çünki 1914-cü ildə maarifpərvər ziyalı Firidun bəy Məşədi İbrahim oğlu Museyibi Qoriyə aparıb seminariyaya qəbul elətdirmişdi.
Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər. Firidun bəyin sevinc içində çırpınan ürəyində gələcəyin maarif, elm şəfəqi şölələnirdi. Beynində bir fikir ona daha çox fərəh və fəxr gətirirdi. Öz-özünə deyirdi: "Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq".
Azərbaycanda təhsil, ocümlədən ali təhsilin inkişafında ADR-in (1918-1920) böyük xidmətləri olmuşdur. ADR milli kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir: yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış ali məktəblərinə göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universiteti iki fakültə ilə (tibb və tarix-filologiya) fəaliyyətə başladı.
1921-ci ildə Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Qadln Məktəbəqədər Tərbiyə İnstitutu (sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna birləşdirildi), Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı.
1926-cı ildə Azərbaycanda 5 mindən çox tələbəsi olan 5 ali məktəb fəaliyyət gtöstərirdi. 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı.
1928-ci ildən Azərbaycan üçün Rusiyanın ali məktəblərində də kadrlar hazırlanmağa başlanmışdı. 30-cu illərdə respublikada ali məktəblərin şəbəkəsi bir qədər də genişlənir. Azərbaycan Dövlət Universiteti ləğv edilərək onun fakültələri bazasında 1930-cu ildə Tibb İnstitutu, Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı.
1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olundu, 1935-ci ildə ADPİ yanlnda Müəllimlər İnstitutu aşçıldı.
1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni ali məktəblər yaradıldı. 1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu təsis olundu.
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası hazırlandı, Təhsil Qanunu qəbul edildi. 1992/93-cü tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlədən ali təhsildə islahatlara başlandı. Dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də yaradıldı. 2000-ci ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Müstəqilliyin ilk illərində keçid dövrü ülə əlaqədar ali təhsil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa edildi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin maddi durumunun yaxşılaşdrılması üçün tədbirlər həyata keçirildi.
Dostları ilə paylaş: |