Neotomizm fəlsəfi cərəyandır (yun. neo-yeni, tomizm-orta əsr sxolastı Foma Akvinskinin dini nəzəriyyəsidir). Bu nəzəriyyəyə görə insanı, ictimai həyatı yaradan Allahdır. Adamların vəzifəsi yeri, göyü yaradanı daim yadında saxlamaqdan, ona itaət etməkdən ibarət olmalıdır. Guya aləmi dərk etmək üçün elm kifayət deyil, din zəruridir.
Neotomizmə əsaslanan pedaqogika tərbiyənin məqsədini ilahi qüvvəyə qovuşmaqda görür. Buna görə də tələb edir ki, dövlət məktəblərində din xüsusi fənn kimi öyrədilsin, həm də bütün fənlərin tədrisinə sirayət etsin. (Görkəmli ideoloqları Fransada J.Mariten, ABŞ-da U.Makhogen, İtaliyada M.Stefaninidir).
Bixeviorizm (ing. davranış deməkdir) XX əsrin əvvəllərindəAmerikada meydana gəlmiş fəlsəfi cərəyandır. Bu cərəyanın əsas nümayəndəsi və müəlliflərindən biri olan Edvard Torndayka görə, psixologiya şüuru deyil, davranışı özü üçün tədqiqat predmeti seçməlidir. Onun fikrincə, həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. E.Torndayk öz ideyalarını pedaqoji prosesə tətbiq edərək “stimul-reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədəuyğun cavab reaksiyası ilə çıxış edə bilsin.
Konstruktivizm XX əsrin ikinci yarısında amerikalı pedaqoqlar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və b. tərəfindən irəli sürülmüşdür. Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bu, o deməkdir ki, bilik passiv olaraq alınmır. Hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Öyrənənlərin beyni müəllimin üzərində yazdığı daş, yazı taxtası deyildir.
Konstruktivizmin aşağıdakı növlərinə yer verilir:
1. J.Piajenin psixoloji konstruktivizmi – bunun mahiyyətində təlimin məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi durur. Bu zaman şagirdin fərdi idraki inkişafı təmin olunur.
2. L.Vıqotskinin sosial konstruktivizmi – bu, sosial transformasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin əhatə olunduğu mühitin onun inkişafındakı rolunu əks etdirir. Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman həm fərd, həm də mühit dəyişir.
Futurologiya (lat. futurum-gələcək, yun. logiya- nəzəriyyə,elmdeməkdir) gələcək haqqında nəzəriyyə mənasını verir. Futurologiya pedaqogikası təhsilin gələcək inkişaf yollarını, məktəbin necə olacağını müəyyən etməyə çalışır. Görkəmli nümayəndələri ABŞ-da Q. Broudi, A.Duayt, D.Qolberq, U. Ziqler olmuşdur. Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə “cəmiyyət məktəbsiz” olacaq, məktəblər “tədris mərkəzləri”nə, “evdə məktəblər”ə çevriləcək, müxtəlif texniki vasitələrdən geniş istifadə olunacaq, fərdi təlim üstünlük təşkil edəcəkdir. Məktəbin funksiyası qismən kitabxanaların, muzeylərin, parkların, digər mədəni-maarif və istehsalat müəssisələrinin üzərinə düşəcəkdir.
Onların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir, mədəni-maarif və istehsalat müəssisələrində məlumatlar isə daha maraqlı olur.
Futuroloqların təsəvvüründə gələcəyin təhsili fərdi təlim əsasında qurulmalıdır.
Hürufizm hərflərə əsaslanan nəzəriyyədir. Bu nəzəriyyə dünyanın gərdişini hərflər və rəqəmlər əsasında başa düşməyi və izah etməyi zəruri sayır. Hürufizm tərəfdarları hərfləri ilahiləşdirir, rəqəmləri müqəddəsləşdirirlər.
Hürufizm pedaqogikası isbat etməyə çalışmışdır ki, təlim və tərbiyənin məqsədi hərfləri və rəqəmləri, onların mənalarını gənclıyə öyrətməkdən ibarət olmalıdır. Buna nail olanlar dünyanı dərk edir. Hürufizm pedaqogikası Azərbaycanda inkişaf etmişdir, Teymurləng zülmünə qarşı yönəlmişdi. Hürufizm pedaqogikasının görkəmli nümayəndələri və baniləri İ.Nəimi və İ.Nəsimidir.
Dostları ilə paylaş: |