Azərbaycan Respublikasında təhsil milli zəminə, bəşəri dəyərlərə əsaslanır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Ali məktəb öz fəaliyyət proqramını Təhsil haqqında Qanuna, digər qanunvericilik aktlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq qurur. Öz fəaliyyətində Təhsil Qanununa istinad edən ali məktəb təhsildə varisliyi, fasiləsizliyi, “ömrü boyu” təhsil almanı təmin edir; dövlətin və cəmiyyətin, elmin və texnikanın tələbatına uyğun ixtisaslı mütəxəssis hazırlığını həyata keçirir; təhsilin məzmununu qabaqcıl ölkələrin təhsil standartlarına uyğun olaraq müəyyən edir; öz işini təhsilin keyfiyyətini yüksəltmək istiqamətində qurur.