P/k-dən istehsal olunmuş məmulatın eyniləşdirilmə ekspertizası zamanı daha çox onların xarici görünüşünə və tərtibatına diqqət yetirilir və bu zaman məmulatın istehsal üsulu nəzərə alınır.
Məsələn, üfürmə üsulu ilə hazırlanmış məmulatlara xas olan tikiş (birləşmə) yerləri yaxşı emal olunmalıdır. Preslənmiş məmulatın səthi hamar və parlaq olmalıdır.
Əksər p/k məmulatları istismar prosesində və ya yuyulma zamanı su və sabunun təsirinə məruz qalır. Belə məmulatlar su və sabun məhlullarının təsirinə davamlı olmalıdır.
Bir sıra məmulatların yanmaması və istiliyə qarşı möhkəm olması tələb olunur. Ona görə də onların hazırlanması üçün göstərilən xüsusiyyətlərə malik olan p/k istifadə edirlər.
P/k-dən istehsal olunmuş məmulata baxış zamanı rənginə, möhkəmliyinə, elastikliyinə diqqət yetirirlər. Çünki bu əlamətlərə görə plastik kütlənin təbiəti haqqında mühakimə yürütmək olar.
Şəffaf məmulatları adətən polimetil-metakrilatdan (üzvi şüşə), polistiroldan, sellüloiddən hazırlayırlar. Lakin həmin plastik kütlədən yarımşəffaf və tamamilə qeyri-şəffaf məmulatlar da hazırlayırlar.
Qırılmanın xarakteri xeyli dərəcədə aşqarların miqdarından asılıdır. Doldurulmamış plastik kütlənin sınığı şüşə kimidir (polistirol, viniplast, üzvü-şüşə və s.), doldurulmuş p/k isə - dənəvər olur.