Keyfiyyət göstəricilərinin eyniləşdirilməsi - fiziki və kimyəvi göstəricilərin standartların keyfiyyət tələblərinə uyğun olması müəyyən edilir.
Şüşələrin xassələri onların fiziki və kimyəvi xassələrini səciyyələndirən göstəricilərə əsasən müəyyən edilir. Fiziki xassələri fiziki üsullarla müəyyən edilir və şüşənin kimyəvi təbiətinin dəyişməsi ilə müşayiət olunmur. Özlülük, sıxlıq, mexaniki təsirlərə, temperatura, işığa, elektrik cərəyanına münasibəti şüşənin əsasən fiziki xassələrini xarakterizə edir və bu xassələrdən hər biri şüşənin kimyəvi tərkibindən asılıdır.
Şüşənin fiziki kəmiyyətlərinin eyniləşdirilməsi - şüşənin uzunluğu, eni və qalınlığı, xarici bucaqlarının radiusları, istiyədavamlılığı və yönəlmiş işığı buraxma əmsalının standartın tələblərinə uyğunluğunun müəyyən olunmasıdır.
Şüşənin fiziki kəmiyyətləri (eni, uzunluğu, qalınlığı) ştangenpərgarın köməyi ilə GOST 166-89 əsasən şüşənin uzunluğuna görə üç nöqtədə 0,1 mm-ə qədər xəta payı ilə ölçülür. Əyri və nahamar şüşənin qalınlığı GOST 166-89 - ə əsasən ştangenpərgar ilə və ya GOST 6507-90- a əsasən mikrometr ilə üç nöqtədə ölçülür. Riflənmiş (kələ-kötür) və ya naxışlı şüşənin qalınlığı ölçülərkən rifləmənin (kələ-kötürün) və ya naxışın hündürlüyü nominal qalınlığa daxil edilir. Şüşənin fiziki kəmiyyəti cədvəl 1-də təqdim olunub.
Cədvəl 1 Şüşənin fiziki kəmiyyəti, mm
Qalınlığı
Uzunluğu
Eni
2-2,5
500 -1600
400 - 800
3
600 - 1800
400 - 1200
4
600 - 2200
400 – 1300
5-6
600 - 2500
400 - 1600
Şüşənin xarici bucaqlarının radiusları GOST 4126-82 uyğun olaraq şablon ilə yoxlanılır.
Şüşənin üz və yan səthlərinin əmələ gətirdiyi bucağın düz bucaqdan kənaraçıxmaları GOST 3749-77 -ə əsasən günyə ilə müəyyən edilir. Bunun üçün günyəni şüşənin üz tərəfinə, onun uzununa perpendikulyar olmaq şərti ilə, qoyurlar. Sonra şüşənin yan səthi və günyənin digər tərəfi arasındakı maksimal ara GOST 882-75 -ə əsasən şup vasitəsilə ölçülür.
Şüşənin daxili qalıq gərginliyi СТ СЭВ 2052-79-a əsasən müəyyən edilir.
Boyanmamış şüşənin işıqburaxma əmsalı GOST 111-2001-ə ("Şüşə təbəqə") uyğun olaraq müəyyənləşdirir. Yönəlmiş işığı buraxma əmsalı az olmamalıdır:
0,87 —qalınlığı 2-2,5 mm olan şüşə təbəqəsi üçün;
0,86 — qalınlığı 3 mm olan şüşə təbəqəsi üçün;
0,85 — qalınlığı 4 mm olan şüşə təbəqəsi üçün;
0,84 — qalınlığı 5-6 mm olan şüşə təbəqəsi üçün.
İşığı seyrək (dağınıq) buraxma əmsalı az olmamalıdır:
0,84 — qalınlığı 2-2,5 mm olan şüşə təbəqəsi üçün;
0,82 — qalınlığı 3-4 mm olan şüşə təbəqəsi üçün;
0,80 — qalınlığı 5-6 mm olan şüşə təbəqəsi üçün.
Rəngsiz şüşədən hazırlanmış məmulatın rəngini müəyyən etmək üçün onu ağ rəngli hamar kağızın üstünə qoyurlar. Onun qalınlaşdırılmış hissəsindən (dibindən) baxaraq şüşənin rəng çalarları müəyyən edirlər. Daha sonra üç pəncərə şüşəsi təbəqəsini bir-birinin üzərinə qoyaraq ağ kağız vərəqin fonunda baxırlar və onları etalon-nümunə ilə müqayisə edirlər.
Şüşənin möhkəmliyi (sərtliyi) GOST 30407-96 –a uyğun olaraq mineraloji sərtlik şkalasının köməyi ilə müəyyənləşdirir. Bunun üçün şüşədən hazırlanmış məmulatın hamar səthinə mineral ilə iti bucaqlı xətt çəkilir (orta təzyiq ilə). Əgər sıyrıntı aydın görsənmirsə onun yanında daha bərk mineralla xətt çəkmək lazımdır. Bu əməliyyatı o vaxta qədər təkrar etmək lazımdır ki, sıyrıntını (cızığı) barmaq ilə silmək olmasın. Şüşənin möhkəmliyi onun üzərində sıyrıntı (cızıq) əmələ gətirən mineralın möhkəmliyi ilə səciyyələnir.
Şüşənin istiyədavamlılığı GOST 25535-82-ə, suyadavamlılığı GOST 10134.1-82 - ə əsasən müəyyən edilir. Şüşə məmulatların termiki davamlılığını müəyyənləşdirmək üçün çaydanda su qaynadılır, temperaturu 95°C olan qaynar su stəkana tökülür. Su 65°C-ə qədər soyuduqda stəkandan suyu töküb onu 20°C olan suya batırılır. Şüşə məmulatların termiki davamlılığını müəyyənləşdirmək üçün onu 55°C-ə qədər qızdırır və tez 15°C-ə qədər soyudurlar.