Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi
səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi
məşğələləri, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə
auditoriyadankənar tədbirlər daxildir.
Ekoloji tərbiyə. “Ekologiya” yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir.
Ekologiya bir elm kimi ətraf mühit amillərinin – cansız, canlı (biotik) və antropogen
(insan və onun yaratdığı maddi-mədəni, elmi-texniki, iqtisadi-sosial) alimlərin
qarşılıqlı əlaqələrini öyrənir. Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi
işi təşkil edir. Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir: - böyüyən nəsildə
ekoloji şüuru formalaşdırmaq; - doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı
münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq; - təbiəti mühafizə
üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə
hazırlamaq. Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə
edilir. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin
tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. Ekologiya və təbiəti
mühafizə sahəsində fənlərin tədrisində mövcud imkanlardan səmərəli istifadə edilməli,
hər bir elmin ekoloji istiqaməti, tətbiqi aspektləri diqqət mərkəzində durmalıdır.
Ekoloji tərbiyə sahəsində tədrisdə aparılan iş auditoriyadankənar tədbirlər yolu ilə
daha da dərinləşdirilir, təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur:
ekoloji dərnək və klublar, ekologiya üzrə olimpiada və viktorinalar, tələbə ekologiya
cəmiyyəti, ekologiya dəstələri, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı
formalardandır. Təhsil müəssisələrində və yaşayış yerlərində yaşıllıq iməciliklərinin,
ekoloji müsabiqələrin təşkili kimi tədbirləri ənənə şəklinə salmaq lazımdır.