Sahibkarlıq gəlirini bir tərəfdən müəssisə mənfəəti bölgüsünün yekun nəticəsi kimi, digər tərəfdən sahibkarlıq qabiliyyəti göstərilməsinə görə mükafat kimi nəzərdən keçirmək lazımdır.
Sahibkarlıq gəliri kimi əvvəlcə mənfəətin borc götürülmüş kapitala görə faiz ödənildikdən sonra fəaliyyət göstərən kapitalistin sərəncamında qalan hissəsi başa düşülürdü. Kredit sisteminin inkişafı ilə mənfəətin faiz və sahibkarlıq gəlirinə bölünməsi, onun öz kapitalından və ya börc götürülmüş kapitaldan istifadə yolu ilə alınmasından asılı olmayaraq, ümumi xarakter alır. Borc faizindən fərqli olaraq sahibkarlıq gəliri əvvəlcədən müəyyənləşdirilmiş kəmiyyət deyil və konkret sahibkarın necə təsərrüfatçılıq etməsindən asılıdır.
Miqdarca sahibkarlıq gəliri ümumi mənfəətdən borc faizi, vergilər və büdcəyə başqa ödənişlər çıxıldıqdan sonra alınan qalıqdır.
Sahibkarlıq gəliri kəmiyyətinə, alınma metodlarına, istifadə istiqamətlərinə görə müxtəlifdir.Belə ki, müxtəlif mülkiyyət formalı firmalarda sahibkarlıq gəlirinin formalaşması funksiya-kapitalı və mülkiyyət-kapitalının fərqləndirilməsi ilə əlaqədar müxtəlifdir. Kapital mülkiyyətçisi həm də öz istehsalının sahibkarı rolunda çıxış edəndə sahibkarlıq gəliri yuxarıda göstərilən sxem üzrə formalaşır. Kapital mülkiyyətçisi və sahibkar başqa-başqa şəxslər olarsa, iki variant mümkündür. Kapital mülkiyyətçisi istehsalın və satışın idarəedilməsi funksiyasını menecerlərə verir və onlara maaş müəyyənləşdirir. Sahibkarın gəliri kapitala mülkiyyətçilik inhisarına haqq kimi çıxış edir.Menecer funksiya-kapitalım həyata keçirir və müəssisənin fəaliyyəti üçün məsuliyyət daşıyır. Kapital mülkiyyətçisi kapitalı müəyyən faizlə (bir qayda olaraq bankdakından yüksək) sahibkara onun öz işini təşkil etməsi üçün verir. Bir qayda olaraq, bu halda sahibkarlıq gəliri sahibkarın öz şəxsi maraqlarını həyata keçirdiyinə görə daha yüksək olur. Bu halda gəlir istehsalın fəaliyyət göstərməsində təşəbbüs göstərilməsi, yeniliklərin tətbiqi, yeni məhsul istehsalı, firmanın idarə edilməsində qərarlar qəbul etməsi və riskə görə məsuliyyətin müqabilində mükafatlandırma kimi çıxış edir.
Sahibkarlıq gəliri özündə ehtiva edir:
normal mənfəət, yəni sahibkarı həmin fəaliyyət istiqaməti çərçivəsinə cəlb etmək və orada saxlamaq üçün zəruri olan normal mükafatlandırma;
normal mənfəətdən artıq alınmış gəlir, yəni iqtisadi mənfəət.