Mövzu: 5.Təhsilin məzmununa ənənəvi və müasir yanaşma ( standartlar və kurikulum) PLAN: Təhsil anlayışı haqqında
Təhsilin və təhsilalmanın formaları
Təhsil sisteminin pillələri və səviyyələri
Təhsil sahəsində dövlət standartları. Kurikulum
Təhsilin məzmunu və onu əks etdirən sənədlər.
1.Təhsil anlayışı haqqında.Təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə, təfəkkür üsullarına yiyələnmənin məqsədyönlü prosesi və nəticəsi, böyüyən nəslin həyata, əməyə və ictimai fəaliyyətə hazırlanmasının mühüm şərtidir.Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etdirilməsivə həyata hazırlanması məqsədilə sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və nəticəsidir. Təhsil təlim və tərbiyənin nəticəsində meydana gəlir. Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Təhsil müəyyən tədris müəssisələrində və ya müstəqil yolla həyata keçirilən sistemli, planlı təlim və tərbiyə nəticəsində insanın bilik, bacarıq və vərdişlərə, müəyyən əxlaqi təcrübəyə, mənəvi keyfiyyətlərə yiyələnməsidir.
Təhsil müxtəlif məktəb pillələrində, müxtəlif səviyyələrdə verilir. Bu mənada məktəbəqədər təhsil, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil bir-birindən fərqlənir. Hər sonrakı pillədəki təhsil əvvəlki pilləyə əsaslanır. Təhsil dedikdə tədris müəssisələrində verilən, tərbiyə və inkişaf imkanlarına malik olan bilik, bacarıq və vərdişlər sistemi başa düşülür. İnsanın öz təhsilini artırması yollarından asılı olaraq özünütəhsil, fasiləsiz təhsil, ixtisasartırma təhsili ifadələri işlədilir. Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə təhsil anlayışı barədə fikirlər də dəyişir. Bir vaxt təlim-tərbiyə prosesinin nəticəsi kimi dəyərləndirilən təhsil bu gün daha geniş və müasir anlamda başa düşülür. Ona pedaqogika elminin başlıca predmeti kimi yanaşılır. Sosial fenomen olan təhsil iki mənada anlaşılır. Birinci, insanların, ümumiyyətlə, bilik, bacarıq və vərdişlərə, yaxud elmi-texniki biliklərə yiyələnməsi kimi geniş mənada başa düşülür. İkinci, təlim prosesinin nəticəsi olaraq qazanılmış bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmək kimi dar mənada şərh olunur. Lakin müasir zamanda təhsil bir anlayış kimi daha geniş mahiyyət daşıyır. Ona həm dəyər, həm proses, həm sistem, həm də nəticə kimi yanaşılır. Bu isə onun məna tutumuna görə, daha geniş mahiyyət daşımaqla digər pedaqoji anlayışları (tərbiyə, təlim, inkişaf) da əhatə etdiyini göstərir. Təhsil bütün mənalarda özünü aşağıdakı xüsusiyyətlərlə büruzə verir:
təhsil cəmiyyətin mənafeyinə xidmət edir;
təhsil şəxsiyyətin intellektual, emosional iradi keyfiyyətlərini inkişaf etdirir, onu ictimai və şəxsi həyata hazırlayır;
təhsilin məzmunu müasir dünya standartlarına uyğun olaraq müəyyənləşdirilir;
təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən pedaqoji prosesdə reallaşdırılır.
təhsil prosesində mənimsəmənin səviyyəsi müəyyən olunmuş meyarlarla yoxlanılır;
təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə başa çatır.