Obyektivlik prinsipi dedikdə, şagirdə verilən tapşırıqların məzmununun elmi əsası olan suallardan təşkil olunması, pedaqoqun bütün şagirdlərlə eyni dərəcədə dostcasına və obyektiv münasibəti, təlim nailiyyətlərinin dəqiq və adekvat qiymətləndirilməsi nəzərdə tutulur. Sistemlilik prinsipi şagirdlərin təlim nailiyyətlərini sistematik olaraq izləməyi tələb edir. Əyanilik (aşkarlıq) prinsipi eyni bir kriteriya üzrə açıq sınağın keçirilməsindən ibarətdir. Bu prinsip qiymətin səsləndirilməsini tələb edir.
3.Milli və beynəlxalq qiymətləndirmə Milli qiymətləndirmədən ilk dəfə 1969-cu ildə Amerikada şagirdlərin təlim nailiyyətlərinin dövlətin təhsil standartlarına uyğun olub olmadığını müəyyənləşdirmək məqsədilə istifadə edilmişdir. Milli qiymətləndirmədən istifadə təcrübəsinin verdiyi səmərə onun getdikcə digər ölkələrdə tətbiq olunması ilə nəticələndi. Müasir dövrdə dünyanın əksər dövlətlərində milli qiymətləndirmə tədqiqatları həyata keçirilir.
Milli qiymətləndirmənin məqsədlərinə daxildir:
təhsil alanların təlim nəticələrindəki zəif və güclü tərəfləri, ümumi məminsəmə səviyyəsini aşkarlamaq;
təhsil alanların təlim nəticələrinə təsir göstərən amilləri və nəticələr arasındakı fərqləri müəyyənləşdirmək, müqayisəsini aparmaq;
respublikamızda təhsilin vəziyyəti barədə zəruri məlumata malik olmaq, nəticədə təhsil siyasətini formalaşdırmaq;
təhsilin dövlət standartlarının monitorinqini həyata keçirmək və s.
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5-ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir.