§ 10. Ağır betonun xüsusi növləri
Yüksəkmöhkəmlikli beton. Yüksək markalı sement (400 markadan yüksək) və yüksək keyfiyyətli doldurucular işlətməklə yüksəkmöhkəmlikli beton alınır.
Yüksəkmöhkəmlikli betonda sementin bərkiməsi zamanı ayrılan istiliyin və eləcə də yığışmanın qiyməti sementin sərfindən asılıdır. Sementin sərfinin çox olması massiv qurğularda xoşa gəlməyən daxili gərginliklərin meydana çıxmasına səbəb ola bilər. Buna görə massiv qurğuların yüksəkmöhkəmlikli betonunda belit sementindən istifadə etdikdə sementin maksimal miqdarı 430 kq/m3-dan, adi portlandsementdən istifadə etdikdə isə 375 kq/m3-dan çox olmamalıdır. Qalan bütün hallarda yüksəkmöhkəmlikli betonda sementin yol verilən miqdarı 500 kq/m3-dan artıq olmamalıdır.
Tezbərkiyən beton. Tezbərkiyən sement və sementin bərkiməsini tezləşdirən müxtəlif üsullardan istifadə edərək tezbərkiyən beton əldə edilir. Bu üsullara su-sement nisbətinin azaldılması və bərk beton qarışığının istifadəsi, bərkiməni tezləşdirən əlavələrin (məsələn, kalsium-xlorid) tətbiqi aiddir. Tezbərkiyən beton 13 gün normal şəraitdə bərkidikdən sonra kifayət qədər yüksək möhkəmliyə malik olur.
Yol betonu. Ağır betonun bir növü olub, avtomobil yolları və şəhər küçələrini örtmək üçün işlədilir. Yol betonu xarici mühitin təsirlərindən mühafizə olunmur, nəmliyə, donmağa, bəzi aqressiv mühitin təsirinə məruz qalır. Bütün bunlara görə də yol betonuna qarşı yüksək tədləblər irəli sürülür. O, sıxılmada və əyilmədə yüksək möhkəmlikli, çox sıx, şaxtaya və sürtülüb-yeyilməyə yüksək dərəcədə davamlı və bərkidikdə çox az yığılan olmalıdır.
Yol betonu hazırlamaq üçün portlandsement, plastikləşdirilmiş və hidrofob portlandsementlər işlədilməlidir. Yolların birqatlı və ikiqatlı örtükləri üçün işlədilən sementin markası 500-dən, təkmilləşdirilmiş yolların əsası üçün isə 300-dən az olmamalıdır. Sement klinkerində üçkalsiumlu alüminat mineralının miqdarı 10%-dən çox olmamalıdır. Sement, su qatıldıqdan 2 saat sonra tutmağa başlamalıdır.
Birqatlı və ikiqatlı örtüklərin üst qatı üçün işlədilən və püskürülmüş süxurlardan hazırlanan qırmadaşın sıxılmada möhkəmliyi 120 MPa-dan, çöküntü süxurlarından olan qırmadaşın möhkəmliyi isə 80 MPa-dan az olmamalıdır.
Yol betonu üçün çox zaman ortadənəli təbii qum, yaxud bərk və sıx təbii daşların xırdalanmasından alınan süni qum işlədilir.
İri doldurucularda gil, lil və toz hissəciklərinin miqdarı 1%-dən çox olmamalıdır.
Xırdadənəli beton. Nazik divarlı dəmir-beton konstruksiyaların və eləcə də tərkibində iri doldurucu olmayan konstruksiyaların hazırlanmasında xırdadənəli betondan istifadə edilir. Bu betonu parça torla armaturlamaqla yüksək möhkəmlikli konstruksiya armosement alınır. Xırdadənəli betonun tərkibində sement daşının miqdarı çox olduğu üçün onun yığışması və sürüngənliyi də çox olur. Onun xassələri adi betonda olduğu kimi eyni amillərlə xarakterizə edilir. Lakin xırda doldurucunun (qumun) iriliyinin az və xüsusi səthinin çox olması beton qarışığının su tələbatını artırır. Eyni möhkəmlikli və axarlıqlı beton almaq üçün xırdadənəli betonda sementin sərfini adi betondakına nisbətən artırmaq (2040%) lazım gəlir. Sementin miqdarını azaltmaq üçün yaxşı dənəli tərkibli qumdan, plastikləşdirici əlavələrdən, superplastifikatorlardan istifadə etmək lazımdır. Qumun keyfiyyəti xırdadənəli betonun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Əgər adi betonda iri dənəli qumun xırdadənəli qumla əvəz edilməsi betonun möhkəmliyini 510% azaldırsa, xırdadənəli betonda möhkəmlik 2530% azala bilər.
Nazik divarlı dəmir-beton konstruksiya hazırladıqda, adətən 1:3 1: 4 nisbətli az axarlıqlı sement-qum qarışığı, armosement konstruksiya hazırladıqda isə 1:2 nisbətli daha yağlı tərkibli sement-qum qarışığı istifadə edilir.
Xırdadənəli beton əyilməyə qarşı yüksək möhkəmliyə malikdir. Onun sukeçirməzliyi və şaxtayadavamlılığı yüksəkdir.
Hidrotexniki betonlar. Daima yaxud dövri surətdə su ilə yuyulan qurğuların və ya onların ayrı-ayrı elementlərinin tikintisində hidrotexniki betondan istifadə edilir. Hidrotexniki beton suya və şaxtayadavamlı, sukeçirməyən və möhkəm olmalı, bərkidikdə az istilik ayırmalı, lazımi axarlıqlı olmalıdır. Sualtında və səviyyəsi dəyişilən su zonasında olan beton suyun aqressiv təsirlərinə davamlı olmalıdır.
Hidrotexniki betonun əsas xarakteristikası olan sukeçirməzliyinə görə markaları: W 2, W 4, W 6 və W 8-dir. Markalardakı rəqəmlər nümunələrin 180 gündən sonra 0,2, 0,4, 0,6 və 0,8 MPa təzyiq altında su keçirmədiyini göstərir. Sukeçirməzliyinə görə betona verilən tələblər konstruksiyanın xarakterindən və ona təsir edən suyun təzyiqindən asılı olaraq təyin edilir. Şaxtayadavamlılığına görə hidrotexniki betonun markaları: F 50, F 100, F150, F 200 və F 300-dür. Su səviyyəsi dəyişən zonalarda 400 və 500 markalı betondan istifadə edilir.
Hidrotexniki beton hazırlamaq üçün adi portlandsement, putsolanlı, posalı və sulfatlaradavamlı portlandsementlər işlədilir. Qış zamanı, sərt iqlim şəraitində hidrotexniki beton üçün alüminat sementi tətbiq oluna bilər.
Sualtında olan beton üçün putsolanlı və posalı portlandsementləri işlətmək məsləhət görülür.
Dekorativ beton. Bina və qurğuların estetik ifadəliyini artırmaq üçün son zamanlar dekorativ beton geniş tətbiq edilməkdədir. Bu beton ağ və əlvan sementlər və xüsusi doldurucular əsasında hazırlanır. Betonda ağ və əlvan sementlər əvəzində sementin kütləsinin 810%-i qədər mineral yaxud üzvi piqmentlər (oxra, mumiya, sülügən və s.) də işlədilə bilər. Piqmentlər işığa, atmosfer təsirlərinə və qələviyə qarşı yüksək dərəcədə davamlı olmalıdır.
Dekorativ betonların hazırlanmasında təmiz, müxtəlif rəng çalarlarına malik kvars qumu tətbiq edilməlidir. İri doldurucu kimi açıq rəngli əhəngdaşı və dolomit, qranit, mərmər, bazalt, slüda, xırdalanmış şüşə və s. materiallar işlədilə bilər. Betonun bədii ifadəliyini artırmaq üçün xüsusi üsullardan istifadə edilir.
Çox ağır və hidrat betonlar. Nüvə şüalanmasından mühafizə üçün həm sıxlığı, həm də tərkibində çoxlu kimyəvi birləşmiş su olan materiallardan hazırlanan betonlardan istifadə edilir.
Sıxlığı 2500 kq/m3-dan çox və maqnetit, limonit, barit, çuqun tullantıları və polad qırıntıları kimi təbii və ya süni ağır doldurucularla hazırlanan betona çox ağır beton deyilir.
Tərkibində çoxlu miqdarda kimyəvi birləşmiş və ya yarı kimyəvi birləşmiş su olan betona hidrat beton deyilir. Hidrat betonda kimyəvi birləşmiş su yapışdırıcı maddədə, doldurucularda və tərkibində yüngül elementlər olan (litium, kadmium) xüsusi doldurucularda olur.
Maqnetit əsasında hazırlanan çox ağır betonun sıxlığı 28004000 kq/m3 və sıxılmada möhkəmliyi 3040 MPa, baritdən hazırlanan betonun həmin göstəriciləri müvafiq olaraq, 33003600 kq/m3 və 20 25 MPa olur. Limonit filizlərində çoxlu kristallik su olduğundan belə betonun hazırlanması çox əlverişlidir.
Hidrat betonlar üçün yapışdırıcı maddə olaraq, bərkimə zamanı çoxlu su birləşdirən alüminat sementi, doldurucu olaraq isə limonit və serpentinit işlədilir. Beton qarışığı betonqarışdırıcıda azı 2 dəqiqə qarışdırılmalı və qəlibə qoyulmuş beton qarışığı yalnız vibratorlar vasitəsilə sıxlaşdırılmalıdır.
İstiyədayanıqlı beton. Fiziki-mexaniki xassələrini dəyişmədən uzun müddət yüksək temperatur təsirinə davam gətirən betona istiyədayanıqlı beton deyilir.
Odadavamlılığına görə istiyədayanıqlı betonlar üç növə bölünür: yüksək odadavamlı (odadavamlılığı 17700C-dən yuxarı), odadavamlı (158017700C) və istiyədavamlı (15800C-dən aşağı).
Portlandsementdən hazırlanan istiyədavamlı betonlarda narın üyüdülmüş əlavə olaraq şamot, löss, yanacaq posası, süngər və s., qum və qırmadaş kimi isə şamot, adi gil kərpici qırıqları, yanacaq posası, bazalt, diabaz, anhidrit işlədilir. Alüminat sementindən hazırlanmış istiyədavamlı betonda xırda və iri doldurucu olaraq şamotdan istifadə edilir.
Turşuyadavamlı beton. Bu beton turşuyadavamlı sement və turşuyadavamlı doldurucular əsasında hazırlanır. Qeyri-üzvi turşuların (flüorid turşusundan başqa) təsirinə davamlı turşuyadavamlı beton hazırlamaq üçün maye şüşə (natrium silikat) ilə dinatrium-silisium-heksaflüoridin qarışığını turşuyadavamlı doldurucularla qarışdırırlar. Turşuyadavamlı doldurucu olaraq kvars qumu, beştaunit, andezit və kvarsitdən olan qırmadaş və 0,15 mm-dən kiçik turşuyadavamlı tozvarı fraksiyalar işlədilir. Turşuyadavamlı betonun kütləyə görə təxmini tərkibi: 1 hissə maye şüşə, 1 hissə daş tozu, 1 hissə qum və 2 hissə qırmadaşdan ibarət ola bilər. Dinatrium-silisium-heksaflüorid maye şüşə kütləsinin 15%-i qədər götürülür. Adətən, yapışdırıcı maddənin miqdarı istənilən axarlıqlı beton qarışığı alınana qədər götürülməlidir və bu da təcrübi yolla müəyyən edilir. Turşuyadavamlı beton isti və quru hava şəraitində bərkiməlidir.
Turşuyadavamlı betonun sıxılmada möhkəmlik həddi 3 gündən sonra 1112 MPa, 28 gündən sonra isə 15 MPa-dır. Polad armaturla möhkəm yapışır. Bu betondan kimya sənayesində turşular üçün çən, boru və qurğular tikilməsində istifadə olunur. Beləliklə, turşuyadavamlı beton çox baha olan qurğuşunu, turşuyadavamlı keramikanı və yonulmuş daşı əvəz edir.
Dostları ilə paylaş: |