MÖVZU 23. AZƏRBAYCAN RESPUBLİKASI XXI ƏSRDƏ
1998-ci il oktyabr ayının 11-də alternativ əsasda keçirilən seçkilərdə Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də Milli Məclisə keçirilən seçkilər nəticəsində əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvlərindən və 4 siyasi partiyanın nümayəndələrindən ibarət yeni parlament formalaşdı. 2000-ci ildə Respublikamızda məhkəmə hakimlərinin xüsusi test imtahanları ilə seçilməsi təcrübəsi tətbiq edildi.
2001-ci il dekabrın 28-də Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanununu qəbul etdi. Nəticədə qabaqcıl demokratik Avropa dövlətlərində olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradıldı.
2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi və nəticədə əsas qanunumuza 24 dəyişiklik edildi. Konstitusiyada əsas dəyişikliklərin bir hissəsi Avropa Şurası qarşısında götürülmüş öhdəliklərlə bağlı Respublikamızda insan hüquq və azadlıqlarının genişləndirilməsinə və Konstitusiya Məhkəməsinin statusuna aid idi. Dəyişikliklərin qalan hissəsi isə Azərbaycanda mojaritar və proporsional (partiya siyahısı üzrə) seçki sistemi ləğv edilməsi və ümumi mojaritar (dairə üzrə birmandatlı) seçki sistemi tətbiq olunması, qanunverici və icraedici hakimiyyət orqanlarının səlahiyyətlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı idi. Bu dəyişikliklərdən sonra Azərbaycan Respublikasının hər bir vətəndaşına Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilirdi.
2002-ci ilin sentyabrından Respublikada üçpilləli məhkəmə sistemi formalaşdırıldı və yeni olan Apellyasiya Məhkəməsi yaradııldı.
2003-cü il avqustun 4-də gənc siyasi lider İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin edildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin yetirməsi və davamçısı İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.
2003-cü il dekabrın 12-də zəmanəmizin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyev vəfat etdi. Azərbaycan tarixinin son 30 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın sosial - iqtisadi və mədəni həyatında böyük nailiyyətlər qazanılmışdır. 1993 - 2003-cü illərdə Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə respublikada siyasi sabitliyin bərqərar edilməsində, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın dünya birliyinə inteqrasiya edilməsində və beynəlxalq nüfuzunun yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Azərbaycan qazının Bakı - Tiflis - Ərzurum qaz kəməri vasitəsilə dünya bazarına çıxarılması haqqında 2001-ci ilin martında Türkiyə ilə, sentyabrında isə Gürcüstanla sazişlər imzalandı.
Avropa Birliyinin TRASEKA proqramı üzrə Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin - «Böyük ipək yolunun» işə düşməsi üçün 1993 - 1996-cı illərdə atılan addımlar Azərbaycan Respublikasının iqtisadiyyatının dirçəlməsində mühüm rol oynadı. 1998-ci ildə Bakıda «Böyük İpək Yolu» adlı beynəlxalq konfrans keçirildi. Böyük ipək yolu ilə Azərbaycandan 1996-cı ildə cəmi 345 min ton yük daşınırdısa, 2002-ci ildə artıq bu rəqəm 10 dəfəyədək artaraq 33 milyon tona çatmışdı.
Müstəqillik dövründə Respublikanın iqtisadiyyatında baş vermiş struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata keçirilməsi oldu. 1996-cı ildə bu sahədə radikal addım atıldı. 1996-cı ilin iyulun 16-da Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış «Torpaq islahatı haqqında» qanun qəbul edildi. Sovet İttifaqı dağılandan sonra müstəqillik əldə edən bütün respublikalardan fərqli olaraq Azərbaycanda torpaq sosial ədalət prinsipinə uyğun olaraq kənd sakinlərinin xüsusi mülkiyyətinə pulsuz verilirdi. Respublikanın vahid torpaq fondu əsasında üç: dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən edildi. Kənd təsərrüfatı təyinatlı torpaqların 22 faizi xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33 faizi isə bələdiyyə mülkiyyətinə verilirdi. Torpaq islahatının və Ərzaq proqramının həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl istehsalı sürətlə artmağa başladı. 2000-ci ildə Respublikamızda ilk dəfə rekord miqdarda - 1,5 milyon ton taxıl istehsal edilmişdi. Ümumiyyətlə, Respublikada özəlləşdirmənin uğurla həyata keçirilməsi nəticəsində 2002-ci ildə artıq sənaye məhsullarının 50 faizi, kənd təsərrüfatı istehsalının isə 99 faizi özəl bölmənin payına düşürdü.
Müstəqillik qazandıqdan sonra Azərbaycan sovet təhsilinin müsbət ənənələrini qoruyub saxlamaqla, öz milli maarif sistemini yaratmalı idi. Yeni şəraitdə artıq Azərbaycan məktəbi bolşevik ideologiyasının təsirindən xilas olmuşdu. Respublikamızda milli təhsil konsepsiyası 1990-cı illərin əvvəllərindən həyata keçirilməyə başlamışdı. 90-cı illərdə təhsil sahəsində yeni proqramlar və dərsliklər hazırlanmış, ümumtəhsil məktəbləri sistemində mühüm dəyişikliklər baş vermiş, yeni litseylər və gimnaziyalar açılmışdı. 1993-cü ildən Respublikanın Ali məktəblərində iki pilləli (bakalavr və magistr) təhsil sistemi tətbiq olunmuş və 1997-ci ildə magistratura təhsil pilləsinə ilk qəbul keçirilmişdi. 1992-ci ildən Ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi uğurla davam etdirilmişdir. 2001-ci ildə artıq Respublikada 43 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bunun da 25-i dövlət, 18-i isə özəl idi.
2001-ci ildə respublikamızda ilk özəl ümumtəhsil məktəbi olan Müasir Təhsil Kompleksi fəaliyyət göstərməyə başladı. Prezident Heydər Əliyev tərəfindən 2001-ci ilin sentyabr ayında Ali məktəblərdə əla qiymətlərlə oxuyan tələbələr üçün prezident təqaüdü təsis edilmişdi. 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinə başlansa da, yeni qrafikaya keçid prosesi çox ləng gedirdi. 2001-ci il 18 iyun tarixli prezident fərmanı verildikdən sonra yeni əlifbaya keçid qəti şəkildə başa çatdırıldı. Həmin fərmana görə avqustun 1-i Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.
1990-cı illərin ortalarında Azərbaycanda elm sahəsində də bir sıra mühüm dəyişikliklər edildi. 1997-ci ildə müstəqil Azərbaycan elminin əsas istiqamətləri müəyyən edildi. Milli Elmlər Akademiyası elm və mədəniyyətimizin inkişafında əvvəlki mövqeyini bərpa etməyə başladı. Azərbaycan elminin biologiya, geologiya, neft - kimya, fizika, riyaziyyat sahələri üzrə indiyə qədər formalaşmış elmi məktəblər daha da inkişaf etdirildi. Prezident Heydər Əliyev tarixçi alimlər qarşısında yeni fundamental Azərbaycan tarixinin yazılması kimi çox mühüm vəzifə qoymuşdu. Nəticədə AMEA-nın Tarix İnstitutu tərəfindən 1998 - 2002-ci illərdə 7 cildlik Azərbaycan tarixi kitabı hazırlanaraq nəşr etdirildi. 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsi yaradıldı.
Müstəqillik uğrunda mübarizə dövrünün görkəmli şairləri Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araz yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirdilər. Detektiv roman ustası Çingiz Abdullayevin əsərləri artıq bütün dünyada məşhurlaşmağa başlamışdı.
Azərbaycanfilm kinostudiyası 1994-cü ildən dövlət büdcəsindən maliyələşməyə başladı və həmin il Dövlət Film Fondu yaradıldı. Azərbaycan kinosu dünya ekranlarında geniş şəkildə təmsil olunmağa başladı. 1995-ci ildə beynəlxalq "Nant" kinofestifalında 10 Azərbaycan bədii filmi nümayiş etdirildi. "Yarasa" filmi 1996-cı ildə Fransada keçirilən beynəlxalq festifalda Avropanın tammetrajlı ən yaxşı bədii filmi adına layiq görüldü. Rejissor Vaqif Mustafayevin filmləri 2001 - 2002-ci illərdə Moskvada keçirilən Avrasiya teleforumunda bir neçə yüksək mükafata layiq görüldü.
1990-cı illərdə respublikanın şəhər və qəsəbələrində kommunist təbliğatına xidmət edən heykəl və abidələrin əksəriyyəti sökülərək yerində yeni abidələr ucaldıldı. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Bu müqəddəs məkanda 1990-cı il yanvar ayının 20-də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızla yanaşı, hələ 1918-ci ilin martında S.Şaumyanın başçılığı ilə daşnak - bolşevik silahlı birləşmələrinin Bakıda həyata keçirdiyi soyqırım nəticəsində qətlə yetirilmiş minlərlə azərbaycanlı, 1918-ci ilin sentyabrında Bakını daşnak və eser - menşevik diktaturasının zülmündən azad edərkən şəhid olmuş Azərbaycan və türk əsgər və zabitləri, Qarabağın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlər də dəfn olunmuşdur. Cümhuriyyətin müdafiə naziri S.Mehmandarovun və iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun məzarları da Şəhidlər Xiyabanındadır. 1998-ci ildə Şəhidlər Xiyabanında Xatirə kompleksi tikilmiş və hündürlüyü 21 m. olan Əbədi məşəl abidəsi ucaldılmışdır. Həmin abidənin müəllifləri məşhur heykəltaraş Ömər Eldarov və memar Elbəy Qasımzadədir. Paytaxt şəhərimiz Bakıda Azərbaycanın görkəmli şəxsiyyətləri Şah İsmayıl Xətainin, Hüseyn Cavidin, Yusif Məmmədəliyevin, Cəfər Cabbarlının və başqalarının heykəlləri ucaldılmışdır.
Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikasının idman həyatında da böyük nailiyyətlər əldə edilmişdir. 1996-cı ildə Azərbaycan idmançıları ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya oyunlarında ilk dəfə müstəqil respublikamızı təmsil etdilər. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri seçildi. 2000-ci ilin payızında Bakıda Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verildi. 2000-ci ildə Sidneydə keçirilən XXVII Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları iki qızıl və bir bürünc medal qazandılar.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının xarici siyasəti yenidən quruldu və onun əsas istiqamətləri müəyyən edildi. İlk növbədə Azərbaycana qarşı informasiya blokadasının yarılması və Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox gərgin və səmərəli iş aparıldı. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın dünya dövlətləri arasında özünə layiq yer tutması və qloballaşan dünya siyasətində Azərbaycanın maraqlarının qorunması yeni xarici siyasət xəttinin əsas və vazkeçilməz istiqamətlərinə çevrildi.
Azərbaycan 1993-cü ildə MDB-yə daxil olsa da, regionun aparıcı dövləti olan Rusiya ilə ikitərəfli normal münasibətlərin inkişaf etdirilməsinə üstünlük verilməsinə başlandı.
2001-ci il iyulun 23-də Xəzər dənizinin İran İslam Respublikası tərəfindən hələ də mübahisəli sayılan sularında Azərbaycan gəmilərinə İran təyyarələrinin hücum cəhdini qəti etirazla qarşılayan Ankara hökuməti açıq şəkildə bütün dünyaya bildirdi ki, hansı dövlət Azərbaycana qarşı müdaxilə və ya qəsd niyyətinə düşsə, qarşısında Türkiyəni görəcəkdir.
Avropanın qabaqcıl və nüfuzlu dövlətləri ilə sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri quran Azərbaycan Respublikası Avro - Atlantika məkanına inteqrasiya proseslərində də fəal iştirak etməyə başladı. 1994-cü il mayın 4-də Azərbaycan NATO-nun Avropada və dünyada sülhün və əmin - amanlığın bərqərar olunmasına xidmət edən "Sülh Naminə Tərəfdaşlıq Proqramına" qoşuldu. Bundan sonra NATO ilə sıx əməkdaşlıq yolu tutan Azərbaycan Respublikasının hərbi qüvvələri bu təşkilatın Kosovo və Əfqanıstandakı sülhməramlı qüvvələrinin apardığı əməliyyatlarda fəal şəkildə iştirak etmişdir. 2002-ci ilin noyabrında keçirilən Praqa sammitində Azərbaycan NATO Parlament Assambleyasına Assosiativ üzv qəbul olunmuşdur.
Qərblə Şərqi birləşdirən Böyük İpək Yolunun mərkəzində yerləşən Azərbaycan Çin və Yaponiya kimi dünyanın çox nüfuzlu Şərq dövlətləri ilə siyasi və iqtisadi sahədə sıx əlaqələr qurmuşdur. Azərbaycana böyük rəğbəti olan Pakistan İslam respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirən Azərbaycan öz milli mənafeyini üstün tutaraq ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi olan İsraillə də qarşılıqlı faydaya əsaslanan münasibətlər saxlayır. Azərbaycan Respublikası, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən birinə çevrilmişdir.
1990-cı illərin ortalarından Respublikamızın Avropa Şurası ilə əməkdaşlıq şəraitində siyasi və iqtisadi sahədə demokratik islahatlar keçirməsi uğurla nəticələndi. 2001-ci il yanvar ayının 25-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu.
Azərbaycan müstəqillik qazındıqdan sonra bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması və birliyinin təmin olunması üçün geniş imkanlar açıldı. Azərbaycan dövlətinin böyük səyləri nəticəsində 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. 37 ölkədən gəlmiş çoxlu sayda nümayəndənin iştirak etdiyi qurultay dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımızın qüvvəsinin Vətənimizin mənafeyi naminə birləşdirilməsində ilk və çox mühüm addım oldu. Dünyadakı soydaşlarımızla daha sıx əlaqələr qurulmasını təmin etmək üçün 2002-ci il iyulun 5-də Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
2001-ci ildə Azərbaycan Respublikası Xəzər dənizinin milli sektorlara bölünməsi və Xəzərin hüquqi statusu ilə bağlı Rusiya Federasiyası və Qazaxıstan Respublikası ilə çox mühüm əhəmiyyətli sazişlər imzaladı.
SSRİ dağılandan sonra Amerika Birləşmiş Ştatları dünyada yeganə super dövlətə çevrilərək beynəlxalq münasibətlər sistemində əsas söz sahibi kimi çıxış etməyə başladı. Bu fövqəldövlətin Qafqaz bölgəsində yeritdiyi siyasətdə zəngin enerji ehtiyatlarına malik olub, çox mühüm strateji əhəmiyyətli Xəzər hövzəsində yerləşən Azərbaycan Respublikası aparıcı yer tuturdu. Öz müstəqilliyini qoruyub saxlamağa çalışan, imperiyapərəst qüvvələrin və iri dövlətlərin hərbi - siyasi təzyiqlərini zərərsizləşdirmək üçün "Açıq qapı" siyasəti yeridən Azərbaycan Respublikası da ABŞ-la münasibətlərə xüsusi əhəmiyyət verirdi. Respublikamız öz xarici siyasətində ABŞ və onun müttəfiqlərinin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa çalışırdı. ABŞ - Azərbaycan münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə qalxmasında Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsi və nəql olunmasında ABŞ şirkətlərinin geniş şəkildə iştirak etməsi mühüm rol oynayırdı. ABŞ prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci il iyunun 27-dən avqustun 7-dək prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri bu iki ölkə arasında münasibətlərin inkişafına təkan verdi. Səfər zamanı imzalanmış "ABŞ - Azərbaycan münasibətləri haqqında birgə bəyanat"da iki ölkə arasındakı münasibətlərin əsas prinsipləri və istiqamətləri müəyyən olunmuşdu.
2001-ci il sentyabrın 11-də ABŞ-da dəhşətli terror hadisələri törədilərkən Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ı müdafiə edən ilk ölkələrin sırasında oldu. Azərbaycan ABŞ-ın hərbi qüvvələrinə öz ərazisindən keçmək üçün nəqliyyat dəhlizi yaratdı. Bütün bu tədbirlərin nəticəsində ABŞ 2002-ci il martın 30-da Azərbaycana silah satışına qoyduğu qadağanı aradan qaldıraraq ölkəmizin təhlükəsizliyinin təmin edilməsi sahəsində respublikamıza köməklik göstərməyə başladı. 2003-cü il fevralın 23-də ABŞ prezidenti Corc Buşun dəvəti ilə prezident Heydər Əliyevin ABŞ-a növbəti səfəri iki ölkə arasında iqtisadi əlaqələrin və strateji əməkdaşlığın inkişafında mühüm rol oynadı.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas və həyati əhəmiyyətli istiqamətlərindən biri də Ermənistanın açıq hərbi müdaxiləsi nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin həll edilməsidir. Qarabağ münaqişəsinin respublikamız üçün ən ağır nəticəsi ərazilərimizin 20 faizə qədərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupuna həvalə edilmişdir. Münaqişənin həllində vasitəçilik etmək üçün 1994-cü ildə Minsk qrupunun ABŞ, Rusiya və Fransadan ibarət həmsədrlər təsisatı yaradılmışdır. ATƏT-in Minsk qrupunun 1997-ci ildə münaqişə ilə bağlı "Mərhələli həll" təkliflər paketində birinci mərhələdə Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağın inzibati hüdudlarından kənardakı 6 işğal edilmiş rayonun azad edilməsi, qaçqınların həmin rayonlara qaytarılması, kommunikasiya vasitələrinin bərpa edilməsi nəzərdə tutulmuşdu. İkinci mərhələdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Dağlıq Qarabağın statusu müəyyən edilməli, Laçın, Şuşa və keçmiş Şaumyan rayonları ilə bağlı məsələlər nizama salınmalı idi. Sənəddə Dağlıq Qarabağın azərbaycanlı əhalisi, "Laçın dəhlizi" və s. ilə bağlı Azərbaycanı qane etməyən xeyli sayda maddə olsa da, sülhsevər siyasət yeridən Azərbaycan hökuməti "mərhələli həll" təklifinin danışıqlarda əsas kimi qəbuluna razılıq vermişdi. Ancaq Ermənistan "qondarma Dağlıq Qarabağ Respublikası"na rəhbərlik edən separatçı rejimin etirazını bəhanə edərək onun üçün əlverişli variantla razılaşmadı. Bundan sonra da Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan çox saylı danışıqlar heç bir nəticə verməmişdir.
Dostları ilə paylaş: |