45. Nitqin inkişafı üzrə məşğələlərin təhsilləndirici, tərbiyəedici və inkişafetdirici xarakter daşıması Təlim qarşısında duran vəzifənin müvəffəqiyyətlə həll edilməsi üçün birinci növbədə o inkişafetdirici olamlıdır. İnkişafetdirmə uşağın ümumi intellekt səviyyəsinin formalaşması ilə bağlıdır. Yəni təlim prosesi uşağın nitqinə, fikri izahetmə qabiliyyətinə, qavrama imkanına, təxəyyülünə, təfəkkür fəaliyyətinə və sərbəst inkişafına kömək göstərməlidir. Bu prinsipin başlıca mahiyyəti ondan ibarətdir ki, təlim ancaq əldə edilmiş müvəffəqiyyətlər səviyyəsində qala bilməz. O daim inkişaf etməlidir ki, uşaq yeni materialı öyrənə bilmək üçün qüvvə sərf edə bilsin. İnkişafetdirici təlim prinsipi tələb edir ki, uşaq yaş və anlaq səviyyəsinə uyğun olaraq əvvəlki bilik, bacarıq və vərdişləri əsasında düşünüb sadə də olsa plastilindən fiqurlar düzəltsin. Rəsm məşğələlərində əvvəlki bilik və bacarığından istifadə edib gördüyü şeyləri təsəvvüründə canlandırıb kağız üzərində çəkə bilsin, yarada bilsin və s.
Təlimin tərbiyəedici xarakteri pedaqoji qanunauyğunluqdur. Təlim uşaqları yalnız biliklərlə silahlandırmır, həm də onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyinə, estetik baxışlarına və fiziki kamilliyinə müsbət təsir göstərir. Təlim və tərbiyə bir-birindən ayrılmaz prosesdir. Tərbiyəçi məşğələnin məzmununu müəyyən edərkən onun tərbiyəvi mahiyyətini də aydınlaşdırmalıdır. Uşaq bağçasında təlimin başlıca məqsədlərindən biri uşaqları ictimai mühitlə tanış etməkdir. Bu zaman təbiət, ictimai mühit, ictimai həyatda adamların gördüyü işlər uşaqların diqqətini daha çox cəlb edir. Təbiətlə tanışlıq zamanı Vətən torpağının bir parçasını müşahidə etməklə Vətən haqqında şüurun formalaşmasına böyük təsir göstərir. Uşaqların əmək adamları ilə tanışlığı onların əməksevərlik tərbiyəsində mühüm rol oynayır. Məşğələlərdə əməklə tanışlıq, əmək adamları ilə ünsiyyət, Vətənə, xalqa məhəbbət, başqa xalqlara hörmət tərbiyəsinə kömək edir. Uşaqlar öyrənirlər ki, onların valideynləri işlədiyi yerlərdə öhdələrinə düşən işi yüksək məsuliyyətlə yerinə yetirirlər. Buradan aydın olur ki, uşaq bağçasında keçirilən hər bir məşğələ uşaqlara müəyyən bilik, bacarıq və vərdişlər verməklə yanaşı, həm də onların mənəvi aləminə güclü təsir göstərir.