Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

FRANSIZ ƏDƏBİYYATI 
 
GİRİŞ 
 
Ədəbiyyatın  inkişafını  şərtləndirən  tarixi  şərait. 
XVII  əsr  fransız  ədəbiyyatının  tarixində  ən  zəngin  və 
məhsuldar dövrlərdən biridir. Əsrin ilk illərindən başlayaraq 
dövrün  əsas  ədəbi  cərəyanı  olan  klassisizm  formalaşır. 
İntibah dövrünün humanist ənənələri və barokko əsrin ədəbi 
hadisələri  üzərində  müəyyən  izlər  buraxsa  da,  bəzi  nəsr, 
dram  və  poeziya  əsərlərinin  yaranmasına  səbəb  olsa  da, 
klassisizm bu zamanın iqtisadi, siyasi və sosial hadisələri ilə 
şərtlənən aparıcı üslubu və cərəyanı idi. Müəyyən cəhətlərinə 
görə  İntibah  dövrü  ənənələri  ilə  bağlı  olan  klassisizm  ayrı-
ayrı  cəhət  və  xüsusiyyətlərinə  görə  onunla  əks  mövqedə 
dayanırdı.  Fransada  mütləqiyyət  quruluşu  XVII  əsrin 
sonlarının  ölkəni  parçalayan  dini  müharibələrindən  sonra 
misilsiz bir çiçəklənmə, yüksəliş dövrü keçirdiyi kimi, onun 
təsirilə yaranan klassisist ədəbiyyat və mədəniyyət də böyük 
uğurlar  qazandı  və  uzun  müddət  Avropa  ölkələrinin 
mədəniyyətinə səmərəli təsir göstərə bildi. 
XVII Fransanın siyasi və mədəni sahələrdə qazandığı 
uğurlar  birinci  növbədə  ölkənin  daxilində  iqtisadi  və  siyasi 
baxımdan aparılan yenidən qurma işləri ilə bağlı idi. Fransa 
mütləqiyyəti  Burbonlar  sülaləsinin  ilk  üç  kralının  –  IV 
Henrix, XIII  Lüdovikin  və  XIV  Lüdovikin  zamanında  XVII 
əsrdən  yadigar  qalan  feodal  pərakəndəliyinə,  dini 
müharibələr  və  başqa  ziddiyyətlərə  son  qoydu  və  milli 
vəhdətin əsasını qoydu.  
Fransız  mütləqiyyətinin  bu  mütərəqqi  tarixi  cəhət-
lərini  nəzərə  almadan  bu  dövrün  fransız  mədəniyyətinin 
özünü də doğru qiymətləndirmək çətindir. 

Afaq Yusifli İshaqlı 
 
 
128 
IV  Henrix  ağıllı  və  ayıq  bir  siyasi  dövlət  xadimi  idi. 
Dövlətin  ehtiyaclarını  yaxşı  başa  düşən  bu  hökmdar 
hakimiyyət  başına  gələn  kimi  ölkəni  didib  parçalayan 
ziddiyyətləri həll etmək üçün düzgün yol seçdi, uzun müddət 
davam  edən  dini müharibələrə  son  qoyub  Fransada dövlətin 
milli  vəhdəti  üçün  möhkəm  zəmin  yaratdı.  Lakin  dini 
mərkəzləşməyə  nail  olmadan  siyasi  mərkəzləşmənin 
mümkün  olmayacağını  yaxşı  anlayan  IV  Henrix  özü 
kalvinizmdən  katolikliyə  keçdi.  Eyni  zamanda  özünün 
keçmiş həmkarları olan huqenotların mənafeyini də müdafiə 
etməyi  nəzərə  aldı.  1598-ci  ildə  nəşr  etdiyi  Nant  edikti  ilə 
huqenotlara  dini  ibadət  azadlığı  və  bəzi  siyasi  sərbəstliklər 
bağışladı. 
Huqenotları  sakitləşdirdikdən  sonra  o,  kəndliləri  öz 
tərəfinə  çəkmək,  ticarət  və  sənaye  işlərinin  qayğısına  qaldı. 
Kəndlilərdən  alınan  vergilərin  miqdarını  azaltdı,  ötən 
illərdən  qalan  borcları  ləğv  etdi,  kənd  təsərrüfatının 
inkişafına himayədarlıq göstərdi. Ticarət və sənaye vasitəsilə 
dövlətin  gəlirini  artırmaq  məqsədilə  bir  sıra  iri  kral 
manufakturaları  yaratdı,  xarici  ticarət  şirkətləri  təşkil  edib 
başqa dövlətlərlə ticarət müqavilələri bağladı. 
IV  Henrix  iri  feodalları  özünə  tamamilə  tabe  edə 
bilməmişdi,  o,  ancaq  müəyyən  mənada  mərkəzi  hakimiy-
yətin nüfuzunu artırmışdı. IV Henrix öz siyasətində daha çox 
şəhərlərin  burjua  təbəqələrinə  arxalanır,  feodallara  isə 
müəyyən  güzəştlər  verərək  onların  siyasi  fəaliyyət  dairəsini 
tədricən  məhdudlaşdırır  və  mərkəzləşmiş  mütləqiyyət 
hakimiyyətini isə get-gedə möhkəmləndirirdi.  
Feodalların özlərini hələ güclü saydığı, əvvəlki imti-
yazlarını  geri  qaytarmağa  ümid  etdiyi  bu  ilk  mərhələdə  IV 
Henrixin  Ravalyak  adlı  fanatik  bir  katolik  tərəfindən 
öldürülməsi  də  başlanğıc  dövrünün  qanunauyğun  təzahürü 
kimi qarşılanır. Bu mərhələdə mütləqiyyət quruluşu daha çox 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
129 
IV  Henrixin  şəxsi  nüfuzuna  əsaslanırdı.  Orta  əsr  feodal 
qüvvələri bu nüfuzun aradan qaldırılması ilə əvvəlki imtiyaz 
və  sərbəstliklərinin  bərpa  olunacağına  ümid  edirdilər.  IV 
Henrixin  ölümündən  sonra  mübahisə  edən  qüvvələrin 
gözdən keçirilməsi bu ümidlərin mənasız olduğunu göstərdi. 
Henrixdən  sonra  onun  doqquz  yaşlı  oğlu  XIII  Lüdovik  adi 
ilə  kral  elan  edildi.  O,  həddi-buluğa  çatmadığı  üçün  anası 
Mariya Mediçi naib kimi hakimiyyəti ələ aldı. Lakin Mariya 
Mediçi  də,  onu  əhatə  edən  fırıldaqçı  favoritləri  də  heç  bir 
siyasi istedada malik deyildilər. 
Mütləqiyyətdən  qisas  almaq  üçün  əlverişli  vaxt 
olduğunu  düşünən  fransız  feodallarının  təşəbbüsü  ilə  1614-
cü  ildə  üç  silkin  nümayəndələrindən  ibarət  Baş  ştatların 
yığıncağı  çağırılır.  Ruhaniliyin,  dvoryanlığın  və  şəhər 
burjuaziyasının  nümayəndələri  bir  yerə  yığılır.  Yenə  də 
əvvəllər olduğu kimi ciddi ziddiyyətlər, ixtilaflar aşkar olur. 
Hər  bir  silk  məsələni  öz  xeyrinə  həll  etməyə  çalışır. 
Dvoryanlar  yeni  imtiyazlar  istəyir,  tacirlər  isə  hər  cür 
imtiyazların ləğv olunmasını, vergi vermək məcburiyyətinin 
zadəganlara da aid edilməsini tələb edirlər. 
Baş  ştatlar  aydın  və  qəti  şəkildə  başa  salır  ki,  kral 
hakimiyyəti  aşağılar  üçün  də,  yuxarılar  üçün  də  vacibdir. 
Dvoryanlara 
o, 
qara 
camaatdan 
qorunmaq 
üçün, 
burjuaziyaya isə dvoryanlardan müdafiə edilmək üçün lazım 
idi.  Buna  görə  də  IV  Henrixin  ölümü  heç  nəyi  dəyişmədi. 
Kral  hakimiyyəti nə qədər  zəif  olsa  da,  öz siyasi  mövqeyini 
saxlaya bildi. 
1624-cü  ildə  kral  XIII  Lüdovik  artıq  müstəqil  ölkəni 
idarə  edə  biləcəyi  bir  vaxtda  kardinal  Rişelye  birinci  nazir 
sifətilə  hakimiyyət  başına  gəlir,  on  səkkiz  illik  hakimiyyət 
dövründə  IV  Henrixin  başladığı  mərkəzləşmiş  mütləqiyyət 
dövləti  yaratmaq  işini  başa  çatdırır.  Fransanı  Avropanın  ən 
qüdrətli dövlətinə çevirir. 

Afaq Yusifli İshaqlı 
 
 
130 
Qılınc  oynatmağı,  şəkil  çəkməyi,  mahnı  oxumağı 
gözəl  bacaran,  itlər  və  quşlarla  əylənən,  əyləncə 
məclislərində  özünü  yüksək  mədəniyyətlə  aparan  XIII 
Lüdovikin  dövləti  idarə  işlərində  heç  bir  səriştəsi  yox  idi. 
Ölkənin idarə işlərini o, büsbütün Rişelyeyə həvalə etmişdir. 
Rişelye Fransa mütləqiyyət idarə üsulunu möhkəmləndirmək 
üçün huqenotların siyasi hüquqlarını əllərindən aldı, huqenot 
müqavimətinin mərkəzi olan Laroşel aclıqla ələ keçirildi və 
protestantların  qəsrləri  yerlə  yeksan  edildi.  Lakin  o  da 
huqenotların  dini  ibadət  müstəqilliklərinə  toxunmadı,  bu 
sahədə dini dözüm siyasəti yeritdi. 
Rişelye  mərkəzi  hakimiyyətə  tabe  olmaq  istəməyən 
feodallara  qarşı  amansız  mübarizə  aparıb,  onların  özlərinə 
əmr etdi ki, öz qala-qəsrlərini məhv etsinlər. Bu əmrə boyun 
əyməyənlərlə o, daha sərt hərəkət etdi. Hersoq Monmoransi 
müqavimət  göstərəndə  onu  edam  etdirdi.  Zadəgan  gənclər 
arasında  geniş  yayılmış  dueli  ölüm  hökmü  qorxusu  ilə 
aradan  qaldırdı,  möhkəm  mərkəzi  və  yerli  idarə  sistemi 
yaratdı. 
Qədim məhkəmə idarəsi olan parlamenti dövlətə tabe 
etdi.  Xüsusi  intendant  vəzifəsi  müəyyənləşdirib  ona  xüsusi 
hüquqi,  inzibati  və  maliyyə  ixtiyarı  verdi.  Ciddi  şəkildə 
mərkəzə tabe olan bu dövlət məmurları vasitəsilə o, yerlərdə 
dövlət  hakimiyyətini  həyata  keçirirdi.  IV  Henrixdən  daha 
artıq  bir  şəkildə  ticarətə  və  sənayeyə  qayğı  göstərir.  Daimi 
ordu və flot yaradır. Rişelyenin vergi siyasəti o qədər sərt idi 
ki,  Sentonj,  Anqumua,  Buatu  və  başqa  yerlərdə  kəndli 
üsyanlarına  səbəb  olmuşdu.  1639-cu  ildə  Normadiyada 
başlanan "yalınayaqlar" üsyanı qəddarlıqla yatırıldı. 
IV  Henrixdən  fərqli  olaraq  Rişelye  mədəniyyət  və 
incəsənət məsələlərinə də ayrıca diqqət yetirir. Özü yazıçılıq 
iddiasında  olan  Rişelye  şair  və  tənqidçilərə  qayğı  göstərir, 
onlara  təqaüd  və  vəzifələr  verir,  ədəbiyyat  və  incəsənəti 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
131 
özünün  dövlət  siyasətinin  xidmətçisinə  və  köməkçisinə 
çevirməyə  çalışır.  Bu  məqsədlə  1634-cü  ildə  Fransız 
Akademiyası  təşkil  edilir  və  onun  fəaliyyəti  dövlətin 
qarşısında  duran  tələblər  baxımından  müəyyənləşdirilir. 
Rişelye  ümumdövlət  ədəbi  üslubu  kimi  klassisizmin 
formalaşmasına  təkan  verməklə  bərabər  onun  tələblərinə 
ciddi əməl olunmasına şəxsən nəzarət edir. 
1643-cü ildə Arman de Rişelye ölür, eyni ildə ondan 
yarım  il  sonra  XIII  Lüdovik  də  vəfat  edir.  Beş  yaşlı  XIV 
Lüdovik  kral,  onun  anası  Anna  Avstriyalı  naib  –  qəyyum, 
italiyalı Mazarini isə kardinal və ölkənin faktiki hakimi olur. 
Feodallar  yenidən  itirilmiş  hüquqlarını  geri  qaytarmaq  üçün 
ayağa  qalxırlar,  1648-53-cü  illər  arasında  mütləqiyyət 
hakimiyyətinə  qarşı  Fronda  hərəkatı  adı  ilə  tanınan  axırıncı 
feodal  qiyamı  baş  verir.  Feodallar  xalq  kütlələrini  də  bu 
qiyama  qoşa  bilmişdirlər.  Xalq  bu  hərəkatın  xalqa  zidd  bir 
hərəkat  olduğunu,  ayrı-ayrı  feodalların  satqınlığını  görüb 
ondan uzaqlaşdı. 
Mazarininin  ölümündən  /1661/  sonra  23  yaşlı  XIV 
Lüdovik "Mən özüm özümün birinci naziri olacağam" deyib 
müstəqil  şəkildə  hakimiyyətə  başladı  və  yarım  əsrdən  çox 
dövlət başında qaldı. 
Hakimiyyətinin  birinci  dövründə,  yəni  özünün  baş 
maliyyə  naziri  Kolberin  ölümünə  qədərki  /1683/  mərhələdə 
XIV  Lüdovik  kral  hakimiyyətini  möhkəmləndirir,  burjua 
siyasətini  yeridir,  huqenotların  dini  ibadət  azadlığına 
toxunmur.  Əsl  zadəgan  dövləti  olan  fransız  mütləqiyyəti  bu 
mərhələdə ticarət və sənayenin inkişafına güclü təkan verir. 
Hakimiyyətin  ikinci  dövründə  isə  XIV  Lüdovikin 
apardığı 
müharibələr, 
huqenotlara 
qarşı 
siyasətini 
dəyişdirməsi mütləqiyyətin tənəzzülünə gətirib çıxarır. 1685-
ci ildə Nant edikti ləğv edildikdən sonra huqenot tacirləri və 
peşəkarları  köçüb  başqa  ölkələrə  gedir  və  bu  Fransanın 

Afaq Yusifli İshaqlı 
 
 
132 
təsərrüfat həyatına böyük ziyan vurur. 
Dövrün  qabaqcıl  ziyalıları  xalqın  ağır  vəziyyətini 
ürək  ağrısı  ilə  müşahidə  edirlər.  Rasin  "Xalq  yoxsulluğu 
haqqında qeydlər"ini yazır və kralın qəzəbinə düçar olur. 
XIV  Lüdovikin  hakimiyyətinin  son  illərində  fransız 
mütləqiyyəti  artıq  mütərəqqi  yox,  mürtəce  mahiyyət  daşıyır 
və  inkişafa  mane  olur.  XIX  əsrin  görkəmli  tarixçisi  Kizo 
yazırdı: "Təkcə XIV Lüdovik qocalmamışdı, hakimiyyətinin 
sonuna  yaxın  təkcə  o,  zəifləməmişdi;  bütün  mütləqiyyət 
hakimiyyəti qocalmış, zəifləmişdir." 
 
Klassisizm  XVII  əsr  Fransa  ədəbiyyatının  əsas 
ədəbi  cərəyanı  kimi.  XVII  əsr  Qərbi  Avropa  ölkələrinin 
ədəbiyyatında  geniş  yayılan  barokko,  İntibah  realizmi  və 
klassisizm  kimi  üç  əsas  üslubi  cərəyandan  Fransada 
klassisizm  daha  aparıcı  yer  tutmuş  və  mütləqiyyət  idarə 
üsulunun üslubu, cərəyanı kimi formalaşmışdır. 
Klassisizmin  əsas  nəzəri  prinsipləri  burada  sabit-
ləşmiş, onun ən  yaxşı bədii nümunələri burada  yaranmışdır. 
Antik  ədəbiyyatın  təcrübəsi  ilə  öz  xalqının  milli  ənənələrini 
məharətlə birləşdirən fransız klassisistləri Fransanın siyasi və 
iqtisadi  səviyyəsi  və  xüsusiyyətlərinə  uyğun  zəngin  bir  irs 
yaratmışlar.  Tarixliliklə  müasirlik,  nəzəri  tələblərə  əməl 
edilməklə 
həyata 
və 
həqiqətə 
uyğunluq 
onların 
yaradıcılığında bir vəhdət şəklində özünü göstərmişdir. 
XVI əsr  İntibah realizminin ənənələri daha çox bədii 
nəsrdə,  xüsusən  roman  janrında  özünü  göstərmiş,  barokko 
isə  bir  tərəfdən  zadəgan  presiyoz  ədəbiyyatında,  o  biri 
tərəfdən  Aleksandr  Ardi  və  onun  davamçıları  olan 
dramaturqların  irsində,  Kornel  yaradıcılığının  ilk  dövrü 
əsərlərində  və  Rasin  irsinin  son  nümunələrində  özünü 
göstərmişdir.  Lakin  klassisizmlə  müqayisədə  bu  cərəyanlar 
Fransanın  ədəbi  həyatında  o  qədər  də  mühüm  rol  oynaya 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
133 
bilməmiş, klassisizm qədər şüurlara hakim kəsilməmişlər. 
Klassisizm  əvvəlcə  İtaliyada  meydana  çıxmış,  antik 
teatrın  dirçəldilməsi  və  onun  barbar  orta  əsrlər 
dramaturgiyasına  qarşı  qoyulması  kimi  meydana  çıxmışdır. 
Ona  görə  də  klassisizm  özünün  ən  parlaq  təcəssümünü 
dramaturgiyada  tapmışdır.  İntibah  dövrünün  humanistləri 
orta  əsrlər  dramaturgiyasını  rədd  edir,  onun  inkişafı, 
nailiyyətləri,  xalqın  bədii  zövq  və  tələbləri  ilə 
uyğunlaşmasına  göz  yumur,  xalqın  tarixi  inkişaf 
xüsusiyyətlərini  və  zamanın  tələblərini  nəzərə  almadan 
Evripid,  Seneka,  Plavt,  Terensi  kimi  dramaturqların 
ənənələrini  dirçəltməyə  can  atırdılar.  Onlar  məntiq, 
mühakimə  yolu  ilə  antik  teatrda  gördükləri  qanu-
nauyğunluqlar əsasında teatrın əbədi və qaçılmaz qanunlarını 
müəyyənləşdirdilər. 
Hələ XVI əsrə qədər İtaliyada dini tamaşalar mühüm 
yer  tuturdu.  İntibah  dövrünün  humanistləri  isə  Senekanın 
faciələrini  tamaşaya  qoyurdular.  1515-ci  ildə  Trissino 
"Sofonizba"  faciəsini  yazır.  Evripid  və  Senekanı  özü  üçün 
örnək  götürən  müəllif  əsərin  mövzusunu  Tit  Livinin 
əsərindən  götürmüşdür.  Süjetin  inkişafındakı  rasionalist 
ciddilik, düzgünlük, məntiqə uyğunluq, səhnə təcəssümünün 
yoxsulluğu,  bədii  surətlərinin  mücərrədliyi,  uzun-uzadı 
dialoq  və  monoloqlar,  nitqdəki  əzəmətli  pafos,  əzəmətli 
vəziyyətlər və hərəkətlər, on bir hecalı qafiyəsiz şeir bu pyesi 
səciyyələndirən  əsas  xüsusiyyətlər  idi.  Həm  də  bütün  bu 
xüsusiyyətlər  sonrakı  dövrlərin  klassisist  faciəsi  üçün  bir 
qanuna  çevrildi.  Tədqiqatçılar  Trissinonun  "Sofonizba" 
əsərini  haqlı  olaraq  Avropa  klassisizminin  ilk  nümunəsi 
sayırlar. Bundan sonra klassisizm İtaliyadan Avropanın başqa 
ölkələrinə  də  yayılır.  Fransanın,  İngiltərənin,  İspaniyanın, 
Almaniyanın universitetlərində geniş təbliğ edilir. 
Klassisizm  əvvəlcə  təcrübə  və  nəzəriyyə  sahəsində 

Afaq Yusifli İshaqlı 
 
 
134 
antik  mədəniyyətə  təqlid  kimi  meydana  çıxmışdır.  Antik 
sənətkarların  əsərlərinin  və  bədii  yaradıcılıq  təcrübələrinin 
öyrənilməsi  özlüyündə  zəruri  və  faydalı  idi.  Məhz  antik 
mədəniyyəti  öyrənmək  nəticəsində  İntibah  dövrünün 
sənətkarları öz istedadlarını bütün zənginliyi və dərinliyi ilə 
nümayiş  etdirmiş  və  dünya  mədəniyyətinin  ölməz  incilərini 
yaratmışlar.  Klassisistlərlə  İntibah  dövrü  humanistlərinin 
antik  mədəniyyətə  müraciəti  eyni  səciyyə  daşımırdı. 
Klassisistlər  müxtəlif  tarixi  dövrlərin  özünəməxsusluğunu 
nəzərə  almır,  antik  dövrün  təcrübəsini  qanun  şəklinə  salır, 
bununla  da  incəsənət  ehkamçılıq  bataqlığına,  durğunluğa, 
nüfuzlara  səcdə  etməyə  gətirib  çıxarırdı.  Buna  görə  də 
Fransa  müstəsna  olmaqla  heç  bir  ölkədə  klassisizm  dünya 
miqyaslı  yüksək  sənət  əsərlərinin  yaradılmasına  gətirib 
çıxarmamışdır. 
Bəs  necə  olmuşdur  ki,  Fransada  klassisizm  uzun 
müddət hegemon mövqe tutmuş, iki əsr ərzində ölkənin bədii 
fikrini təmsil etmişdir? Bunun əsas səbəblərindən biri bu idi 
ki,  klassisizm  XVII  əsrdə  Fransanın  dövlət  tərəfindən  etiraf 
edilən  rəsmi  bədii  üslubu  idi.  Kral  və  hakim  dairələr 
klassisist  sənətkarları  himayə  edir,  onlara  təqaüdlər 
verirdilər. 
Mütləqiyyətçi 
dövlətin 
siyasəti 
feodal 
məhəlləçiliyindən  və  əyalətçiliyindən  ümummilli  birliyə 
keçid  dövründə  mütərəqqi  bir  hadisə  idi.  IV  Henrixin, 
kardinal  Rişelyenin  və  XIV  Lüdovikin  köhnə  feodal 
qaydalarını  dağıdıb  yeni  dövlət  və  vətəndaşlıq  intizamı 
prinsipini  yeritdiyi  bir  dövrdə  incəsənətdən  də  ciddi  forma 
intizamı  tələb  olunurdu.  Siyasi  həyatda  Rişelye  dövlət 
əleyhinə  olan  hər  cür  özbaşınalığa  qarşı  amansız  olduğu 
kimi,  klassisist  incəsənət  nəzəriyyəsində  də  fərdiyyətçilik, 
bədii ilham prinsipi rədd olunurdu. Sənətkarın azad yaradıcı 
ilham  və  dühası  məcburi  qaydalarla  əvəz  edilirdi.  Rişelye 
özü  müəyyən  edilmiş  qaydalara  əməl  olunmasına  ciddi  göz 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
135 
yetirirdi. Bu qaydalara əməl edilməsinə nəzarət başqa işlərlə 
yanaşı  Akademiyaya  tapşırılmışdı.  Kornelin  "Sid"  faciəsi 
üzərində  qurulan  mühakimə,  qaydalara  əməl  etmək 
baxımından  onun  ən  xırda  təfərrüatlarına  qədər  təhlil 
edilməsi buna ən yaxşı sübutdur. 
Rişelye  dili  də  dövlətə  tabe  etməyə  cəhd  etmiş  və 
Akademiyaya  dilin  vahid  lüğətini  hazırlamağı,  sintaktik 
qaydalarını  müəyyənləşdirməyi  tapşırmışdı.  Bu  iş  nə  qədər 
çətin, hətta qeyri-mümkün olsa da, Akademiya ölkənin ədəbi 
ictimaiyyətini bu işə cəlb etməklə danışıq dilində işlənən söz 
və  istilahların  qaydaya  salınmasına  müəyyən  dərəcədə  nail 
ola bildi. XVI əsr yazıçılarının azad, zəngin, həm də məhəlli 
ziddiyyətlərlə  dolu  olan  dili  ümumişlək  sözlərin  ciddi 
qanunları və ölçüləri çərçivəsinə salındı. Dil müəyyən qədər 
solğunlaşdı,  əlvan  rənglərin,  orijinal,  özünəməxsus  cizgilə-
rini  azaltdı,  lakin  ümumişlək  bir  səslənmə  gücü,  qüdrəti 
qazandı. Onun leksika və sintaksisinin əsasını ciddi aydınlıq, 
dəqiqlik,  məntiqə  uyğunluq  təşkil  etdi.  Dildə  belə  bir  sərt 
səliqə və sahman  yaradan Akademiya  ədəbiyyatdan da belə 
bir səliqə və sahman tələb edirdi. 
Fransada  klassisizmin  çiçəklənməsinin  şərtlərindən, 
mühüm  səbəblərindən  biri  də  onun  yaradıcılıq  metodunun 
fəlsəfi  əsasının  Dekart  fəlsəfəsində  öz  təsdiqini  tapması 
olmuşdu. XVII əsr fransız fəlsəfi fikrinin zirvəsi olan Dekart 
fəlsəfəsinin 
materialist 
tendensiyası 
klassisistlərin 
dünyagörüşünə  bir  aydınlıq  möhürü  vurmuşdu.  Fransız 
klassisizmi  həmçinin  Fransanın  başqa  bir  görkəmli  filosofu 
olan  Pyer  Qassendinin  /1592-1655/  əsərlərindən  və 
materialist fikirlərindən qidalanmışdır. 
Pyer  Qassendi  "Fəlsəfə  məcmuəsi"  və  "Aristotelçilər 
əleyhinə  paradoksal  məşqlər"  əsərlərində  orta  əsrlər 
sxolastikası  və  dini  asketizminə  qarşı  çıxmışdır.  Ancaq 
Dekartdan  fərqli  olaraq  Qassendi  sxolastika  əleyhinə  ağıl 

Afaq Yusifli İshaqlı 
 
 
136 
naminə  çıxmır,  onunla  təcrübi  biliklər  əsasında  vuruşurdu. 
Ən  mühüm  fəlsəfi  probleminin  izahında  o,  Dekartdan 
ayrılırdı:  "Mən  düşünürəm,  deməli  mövcudam"  deyən 
Dekartdan  fərqli  olaraq  Qassendi  hiss  və  duyğuları  biliyin 
əsası  sayırdı.  Qassendi  belə  hesab  edirdi,  "hisslər  heç  vaxt 
aldatmır".  Ağlın  yürütdüyü  hər  mülahizə  hissi  dəlillərə 
istinad  edilməlidir.  Dekartın  şübhə  metodunu  rədd  edən 
filosof belə hesab edirdi ki, hissi verdiyi dəlillərdən kənar ol-
maq  mümkün  deyildir  və  "Mən"in  gerçəkliyi  düşüncə 
əməliyyatından  deyil,  insanın  hər  hansı  hərəkətindən 
meydana çıxır. 
Dualist  Dekartdan  fərqli  olaraq  Qassendi  aydın 
materialist  mövqedə  dururdu.  Epikur  və  Lukretsinin 
arxasınca  o  da  belə  hesab  edirdi  ki,  mövcud  olan  hər  şeyin 
əsasını bölünməz atomlardan ibarət olan materiya təşkil edir. 
Onların  vəziyyəti,  hərəkəti  və  düzülüş  qayda-qanunu  isə 
əşyaların rəngarəngliyinə səbəb olur. Ancaq kilsə təqibindən 
qorxan  Qassendi  dini  görüşlərə  də  güzəştə  getmiş,  allahı 
atomların  ilkin  səbəbi  kimi  göstərmişdir.  Yaradılışın  ilk 
günlərində  atomu  yaradan  allah  sonra  kainatın  işlərinə 
qarışmır,  həm  də  zaman  və  məkanı  məhv  etməyə  qadir 
deyildir.  Qassendi  etik  görüşlərində  də  Epikurun  davamçısı 
idi.  Həzzi  insan  üçün  böyük  nemət  sayır  və  ondan  qaçmağı 
məsləhət  görmürdü.  Özünün  sensualist  təliminə  uyğun 
olaraq  etik  görüşlərində  insanın təbiətindən,  təbii  meyllərin-
dən çıxış etmiş və insanların hərəkətlərini büsbütün dünyəvi 
şəkildə izah etmişdir. Onun əxlaqi fikirləri XVII əsrin ikinci 
yarısında  Fransanın  qabaqcıl  yazıçılarına  güclü  təsir 
göstərmişdir,  Molyer  və  Lafonten  kimi  sənətkarlar  onun 
davamçıları idilər. 
Əsrin  birinci  yarısının  ən  böyük  ideya  nailiyyəti  isə 
Dekartın  rasionalist  fəlsəfəsi  idi.  Rene  Dekart  /1596-1650/ 
həyatının  çox  hissəsini  Hollandiya  və  İsveçdə  yaşasa  da, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
137 
XVII  əsrin  fransız  cəmiyyətinin  qabaqcıl  hakimi  idi.  İngilis 
alimi Bekonla birlikdə o,  yeni dövrün elmi dünyagörüşünün 
yaradıcılarından  idi.  O,  feodal  cəmiyyətinin  ideologiyası  ilə 
cəsarətlə  vuruşan  inqilabçı  mütəfəkkir  idi.  Təbiətin  insan 
tərəfindən  fəth  olunması  şüarını  irəli  sürən  Dekart  dəqiq 
elmlərin inkişaf etdirilməsi zərurətini başa düşmüşdür. 
Hələ  İntibah  dövrünün  humanistləri  belə  düşünür-
dülər  ki,  ağlın  ən  elementar  tələbləri  incəsənətin  aydın, 
dəqiq,  məntiqə  uyğun,  bütün  hissələrinin  mütənasib  olması 
zərurətini  irəli  sürür.  Onlar  bu  prinsipi  antik  dövrün  bədii 
qanunlarını gözləmək baxımından da doğru sayırdılar. Buna 
görə  də  rasionalizm  klassisizmin  də  əsas  keyfiyyətinə 
çevrildi.  Dekart  isə  Fransada  rasionalist  fəlsəfəsinin  banisi 
oldu. 
Dekartın  fəlsəfi  sistemi  bütünlüklə  materialist  və 
idealist ünsürlərin vəhdətindən ibarətdir, həm də bu sistemin 
ayrı-ayrı  hissələrində  gah  materializm,  gah  da  idealizm 
üstünlük təşkil edir. Dekart dualist idi, bir-birinə əks olan iki 
substansiyanı  –  materiya  və  ruhu  eyni  vaxtda  qəbul  edirdi. 
Onun  cismani  substansiya  haqqındakı  təlimi  aydın  şəkildə 
materialist  idi,  hadisələrin  dəqiq  elmi  izahına  meyl  edirdi. 
Düşüncə /ruh/ haqqındakı təlimində isə o, idealist mövqedə 
dururdu.  Orta  əsrlərin  sxolastik  görüşlərindən  yaxa  qurtara 
bilməyən  Dekart  yazırdı:  "Mən  düşünürəmsə,  deməli, 
varam." Qobbsun dediyi kimi, burada materiyanın xassəsi ilə 
materiyanın  özünü  eyniləşdirən  Dekart  idealist  mövqedə 
dayanır. 
Dekartın xidməti birinci növbədə orta əsrlər elmini və 
onun  metodunu  tənqid  etməsində,  onun  əsassızlığını 
göstərməsindədir. Ancaq orta əsrlər ehkamçılığını rədd edən 
filosof  öz  nəzəriyyəsində  ehkamçılıqdan  yaxa  qurtara 
bilməmişdir. 
Dekart  rasionalizmin  –  həqiqəti  təcrübədə,  maddi 

Afaq Yusifli İshaqlı 
 
 
138 
aləmdə  deyil,  ağılda,  əqli  düsturlarda  axtaran  fəlsəfi 
istiqamətin  banisidir.  Dekarta  görə,  ağıl  həqiqətin  yeganə 
mənbəyidir.  Klassisistlər  də  ağlın  gücünə  inandıqlarından, 
hiss  və  duyğuları  deyil,  ağlı  sənətin  əsas  tərkib  hissəsi  kimi 
götürürdülər.  Bu  rasionalist  fəlsəfənin  özünəməxsus  bədii 
ekvivalenti olan fransız klassisizmi də idealist və materialist 
meyllərin  bir  araya  sığışmasına  imkan  vermişdir.  Bir 
tərəfdən,  onlar  ədəbiyyatda  universal  ağlın  qanunlarının 
hakimiyyətini  təsdiq  edir,  fikri  materiyadan  ayırırlar.  Digər 
tərəfdən,  ancaq  doğru  olanı  gözəl  elan  edib  təbiəti  təqlid 
etməyə çağırırdılar. 
Klassisist  yazıçılar  dövrün  real  həyatının  tipik 
qanunauyğunluqlarını  öyrənməyə  və  əks  etdirməyə 
çalışmışlar. Ancaq onların real gerçəkliyə olan marağı əsasən 
insanın  daxili  aləmi  ilə,  insan  ehtirasları  və  iztirab  dünyası 
ilə məhdudlaşırdı. 
 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin